Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2024 18:41

Azərbaycan və Özbəkistan arasında kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirildi

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli komanda-qərargah təlimi keçirildi. Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində sentyabrın 30-dan etibarən keçirilən təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olundu.
Təlimin açılış mərasimində hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirildi.
İştirakçıları və qonaqları salamlayan general-mayor Vüqar Əliverdiyev təlimin məqsədi haqqında danışaraq bildirdi ki, "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyaraq, qarşımızda duran əsas vəzifələrə hazırlığımızı artırır.
Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə piyada, artilleriya və Hərbi Hava Qüvvələrinin iştirakı ilə çoxfaktorlu hərbi əməliyyatları simulyasiya edən mürəkkəb ssenari nümayiş etdirildi. Bu ssenaridə Azərbaycan və Özbəkistan ordularının şəxsi heyəti heyəti iştirak edərək, təhlükələr qarşısında birgə təlimin strateji əhəmiyyətini nümayiş etdirdi.
Təlimin hazırlıq mərhələsində hər iki ölkənin qərargah zabitləri əməliyyat planları, birgə əməliyyatların aparılmasının xüsusiyyətləri ilə ətraflı tanış oldu, JCATS-dən istifadəyə dair göstərişlər aldılar. İştirakçılara məqsədlər, rollar və resursların müzakirəsi üçün brifinqlər də keçirildi.
Təlimin hərbi qərar qəbuletmə prosesi başa çatdıqdan sonra 3 əsas mərhələnin icrasına başlanıldı. Birinci mərhələdə hərbi qulluqçular JCATS (Birgə Münaqişə və Taktik Simulyasiya) proqramından istifadə etməklə əməliyyat təyinatlı rayonlarına yerdəyişmə və başlanğıc vəziyyətinin tutulması tapşırıqlarını icra etdilər. İkinci mərhələdə yerinə yetirilən tapşırıqlar şərti düşmənin təxribatlarının qarşısının alınması və onun məğlub edilməsinə yönəldildi. Üçüncü yekun mərhələdə əməliyyat rayonlarının düşməndən təmizlənməsi, ərazinin nəzarətə götürülərək təhlükəsizliyin təmin edilməsi prosesi uğurla başa çatdı.
Qeyd olundu ki, istifadə olunan JCATS (Joint Conflict and Tactical Simulation) proqramı müxtəlif ssenarilərin yaradılmasına, o cümlədən müdafiə və hücum əməliyyatları, şəhər döyüşləri və digər hərbi qarşıdurmaların simulyasiyasına imkan verir.
Döyüş əməliyyatlarının simulyasiyası virtual mühitdə döyüş şəraitinin yaradılmasından ibarət olub. Komandirlər əmrləri ötürmək, mövqeləri izləmək və düşmənin hərəkətlərini təhlil etmək üçün kompüter sistemlərindən istifadə edərək bölmələrini idarə etdilər. Bu prosesdə kritik bacarıqlar inkişaf etdirildi - məsələn, sürətli qərar qəbul etmək, bölmələr arasında qarşılıqlı fəaliyyət və döyüş mühitində effektivliyin artırılması.
Simulyasiya başa çatdıqdan sonra təlimin hər bir mərhələsi diqqətlə təhlil edildi. Bildirildi ki, JCATS-dən istifadə təkcə real vaxt rejimində prosesi izləməyə deyil, həm də sonrakı təfərrüatlı təhlil üçün məlumatları qeyd etməyə imkan verdi.
Mayor Qəzənfər İsmayılov hərbi təlimlərin simulyasiyası barədə daha ətraflı məlumat verərək, qeyd etdi ki, Hərb Oyunları Mərkəzində müxtəlif simulyasiya proqramları tətbiq olunur. "Bu proqramlar istənilən hava, dəniz, quru texnikalarının, piyada bölmələrinin, hərəkətlərinin və qarşılıqlı təsirini real vaxtda simulyasiya edən, istənilən iqlim və coğrafi şəraitin modelləşdirilməsi imkanı olan, ümumilikdə reallığa tam yaxın, dünya ordularının da istifadə etdiyi yüksək səviyyəli simulyasiya proqramlarıdır. Əsasən taktiki, əməliyyat və strateji səviyyədə hərbi əməliyyatların simulyasiya olunması üçün istifadə olunur. Bu proqramların müxtəlif bölmələrin və fərqli qoşun növlərinin eyni vaxtda döyüş əməliyyatlarında iştirakını simulyasiya edərək onlar arasında qarşılıqlı əlaqə yaratma, dost və düşmən bölmələrini avtomatik ayırdetmə imkanları var. İstənilən ərazinin elektron xəritələrindən istifadə etməklə təhlükəsiz döyüş şəraiti mühiti yaradaraq itkilərsiz təcrübə qazanmaq imkanı yaradır. Bu isə bölmələrin döyüş hazırlığını təkmilləşdirməklə yanaşı, döyüşdə baş verə biləcək gözlənilməz vəziyyətləri realistik şəkildə canlandıraraq əməliyyat qərarlarını simulyasiya edərək, komandirlərin taktiki düşüncə bacarıqlarını da artırır. Burada düşmən qüvvələrinin müxtəlif taktikalarının simulyasiya olunmasına, bu taktikaların qarşısını almaq üçün optimal qərarların sınaqdan keçirilməsinə və döyüş əməliyyatlarının dinamikasının canlı izlənməsinə şərait yaranır. Bu proqramlar vasitəsilə əməliyyatlar sonrası analiz aparılaraq, döyüşün gedişində baş vermiş səhvlər öyrənilir və gələcəkdə daha yaxşı hazırlıq üçün tədbirlər görülür. Bu xüsusiyyətlər sayəsində simulyasiya proqramları müasir döyüş əməliyyatlarının planlaşdırılmasında əvəzolunmaz bir vasitə hesab olunur. Ordumuzun 44 günlük Vətən müharibəsində və son illərdə keçirdiyi uğurlu əməliyyatlarda düşmən üzərində inamlı zəfər qazanmasında simulyasiya təlimlərində qazanılmış təcrübələrin də danılmaz rolu var.
Mayor Orxan Həsənov isə müasir zəmanədə təlimlərin kompüter dəstəyi ilə keçməsinin böyük əhəmiyyət daşıdığını bildirdi. "Kompüter dəstəkli təlim müasir hərbi hazırlıqda mühüm rol oynayır. Ənənəvi metodlarla yanaşı, simulyasiya sistemləri vasitəsilə real döyüş şəraitinə daha yaxın təlim mühiti yaratmaq mümkündür. Simulyasiya sistemlərindən istifadə etməklə, şəxsi heyət müxtəlif ssenarilər və risklər üzrə praktiki təcrübə qazanır, bununla da real döyüş şəraitində qarşılaşa biləcəkləri vəziyyətə hazır ola bilirlər. Bu metod həm də döyüş meydanında komandirlərin hərbi qərar qəbuletmə qabiliyyətini inkişaf etdirməklə yanaşı, bölmələri fasiləsiz, inamla, qətiyyətlə idarəetmə üzrə bilik və bacarıqlarını təkmilləşdirir. Bununla yanaşı, kompüter dəstəkli təlimlərin keçirilməsi şəxsi heyətin fəaliyyətini qiymətləndirmək və analiz etmək üçün geniş imkan yaradır. Təlimdən sonra təhlil zamanı əldə olunmuş məlumatların analizi aparılır, növbəti təlimlər və gələcək əməliyyatların planlaşdırılması zamanı qazanılmış təcrübələrdən istifadə olunur. Nəticədə, kompüter dəstəkli təlimlərin keçirilməsi vaxt və resurs israfının qarşısını almaqla yanaşı, ordumuzun bölmələrinin döyüş hazırlığının yüksək səviyyəyə qaldırılmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsindən əvvəl planlaşdırılan hərbi əməliyyatların hazırlığı zamanı korpus və briqadalar praktiki olaraq mərkəzimizdə tətbiq olunan simulyasiya sistemlərindən istifadə edərək, real döyüş tapşırıqlarının icrasına uyğun təlimlər keçirmiş, səhvlər təhlil olunmuş, bilik və bacarıqlarını təkmilləşdirmişlər.
Təlim uğurla başa çatdıqdan sonra Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təlimin bağlanış mərasimi keçirildi.
Çıxış edənlər ümumilikdə təlimin gedişatını, müasir kompüter texnologiyalarının istifadəsini,  təlim iştirakçılarının qərar qəbuletmə bacarığını və hərbi qulluqçuların peşəkarlığını müsbət qiymətləndirdilər. "Məharət-2024" təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildirərək vurğuladılar ki, qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirildi, təlim məqsədlərinə nail olundu.
Onu da qeyd etdilər ki, ssenariyə əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin hücumlarının qarşısının alınması, onların zərərsizləşdirilməsi və məhv edilməsi, eləcə də ərazinin nəzarətə alınması və təhlükəsizliyin təmin olunması hərbi qulluqçular tərəfindən məharətlə yerinə yetirildi.
Təlim iştirakçılarına sertifikat, fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim edildi.
Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.

 

 

Baş leytenant

İbrahim MƏMMƏDBƏYOV

"Azərbaycan Ordusu"