Mövzu: Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri, inzibati ərazi bölgüsü, iqtisadi inkişafı
Suallar:
1. Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri və inzibati ərazi bölgüsü.
2. Dövlətimizin iqtisadi inkişaf strategiyası.
Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri və inzibati ərazi bölgüsü
Hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Dövlət müstəqilliyi hər şeydən əvvəl onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dövlət quruculuğu prosesi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarının birində dövlət başçısı cənab İlham Əliyev demişdir: "Müstəqilliyi bərpa etdikdə, biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir".
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Unitar dövlət (latın dilində "unus" - "vahid", "tək" deməkdir) - sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi, bir qayda olaraq, inzibati-ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycanın siyasi sistemində yerli özünü idarəetmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm xasdır.
Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Dövlət bayrağı - Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək, Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Dövlət gerbi - Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmış, lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət himni - 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini də qəbul etməyə imkan vermədi. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Ərazi quruluşu və inzibati ərazi bölgüsü - Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin, hüquqi əsaslarını, eləcə də ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir.
Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzi olan - Bakı şəhəridir. Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir.
Dövlətimizin iqtisadi inkişaf strategiyası
Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də təşəbbüskarı olduğumuz digər strateji və transmilli layihələri həyata keçirə bilərdik. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycanın təkcə dövlətçilik deyil, həm də iqtisadi inkişaf tarixinin ən parlaq və şərəfli dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrün siyasi və iqtisadi aspektlərinin öyrənilməsi hər zaman öz aktuallığını saxlayır. Bu, gələcək inkişafımızın əsas istiqamətlərini müəyyən etmək və bir daha dəqiqləşdirmək baxımından zəruridir. Ulu Öndərin "İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir" fikri bir daha təsdiq edir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli iqtisadiyyatımızın inkişafına dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi hər zaman böyük önəm vermişdir.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildən - müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. 1994-cü ildə isə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə yönəldilmişdir.
İqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, onun bu sahədə atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökumətin iqtisadi blokuna ilk tapşırıqlarını vermişdir. Ölkəmizin sosial-iqtisadi həyatının ən aktual problemlərini özündə əks etdirən bu Fərmanı dövlət başçısının iqtisadi komandaya ilk tapşırıqlarının məcmusu kimi qiymətləndirmək olar.
Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan həyata keçirilən hər hansı bir tədbir ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüş yarada bilməz. 2003-2021-ci illər ərzində dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi xüsusi olaraq qeyd edilməlidir.
Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması ilə xarakterizə olunur. Eyni zamanda, erməni işğalından azad edilmiş ərazilərin bərpa edilməsi və bu da iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur. İşğala məruz qalmış ərazilərdə "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyalarının reallaşdırılması, Laçın rayonunda beynəlxalq hava limanının, eyni zamanda, həm iqtisadi, həm siyasi, həm də tarixi baxımdan çox vacib olan "Zəngəzur dəhlizi"nin açılması nəzərdə tutulmuşdur. Dövlət investisiyaları vasitəsilə infrastruktur obyektlərimiz modernləşdirilir. Xidmət, tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı onu ortamüddətli perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi