Beynəlxalq Müdafiə Sərgisi təkcə silah və texnologiya sahəsində ən son nailiyyətlərin nümayişi deyil, həm də ölkələr arasında uzunmüddətli əməkdaşlığın əsaslarının qoyulduğu platformadır. Artan qlobal təhdidlər və qeyri-sabitlik kontekstində belə tədbirlər qlobal təhlükəsizliyin və dövlətlər arasında davamlı dialoqun təmin edilməsində əsas rol oynayır. "ADEX" və buna bənzər digər sərgilərdə ölkələr təkcə müdafiə sənayesi sahəsində öz qabaqcıl inkişaflarını təqdim etmir, həm də fəal şəkildə təcrübə mübadiləsi aparır, birgə strategiya və yanaşmaları müzakirə edirlər. Bu da öz növbəsində, tərəfdaşlığı gücləndirmək və beynəlxalq sabitliyə şərait yaratmaq üçün unikal imkanlar yaradır. Belə sərgilərin əhəmiyyətini anlamaq çətin deyil: iştirakçılar texnologiyanın inkişafına töhfə verir, gələcək üçün ümumi fəaliyyət planlarını formalaşdırır ki, bu da onları qlobal təhlükəsizlik sisteminin ayrılmaz elementinə çevirir.
Beynəlxalq müdafiə sərgilərinin kibertəhlükəsizlik, terrorizm və regional münaqişələr kimi müasir dövrün çağırışlarının kontekstində xüsusi əhəmiyyət kəsb etdiyi də göz önündədir. Texnologiyalar sürətlə inkişaf edərkən, ən mühüm problem onların ümumi müdafiə və təhlükəsizlik sistemlərinə inteqrasiyasıdır. Belə tədbirlərdə iştirakçılar nəinki nailiyyətlərini nümayiş etdirə, həm də birgə fəaliyyətin effektivliyini artırmaq yolları barədə fikir mübadiləsi apara bilirlər. Bu, xüsusilə müdafiə qabiliyyətini gücləndirmək və tərəfdaşlarla əlaqə qurmaq istəyən ölkələr üçün doğru seçimdir. Təbii ki, sərginin əsas məqsədlərindən biri də bilik və texnologiyaların mübadiləsinə şərait yaratmaqdır. Bəzi ölkələr qabaqcıl müdafiə sistemlərinin hazırlanmasında daha çox ixtisaslaşsa da, bəzi ölkələr də onların tətbiqi və istismarı üzrə təcrübə təklif edə bilərlər. Bu cür mübadilə ölkələrə öz resurslarını optimallaşdırmağa və beynəlxalq arenada daha böyük uğurlar əldə etməyə imkan verir. Bu görüşlərdən irəli gələn birgə layihələr və tədqiqatlar qlobal təhlükəsizliyə daha da töhfə verəcək texnoloji nailiyyətlər üçün əsasdır. Bundan əlavə, sərgi özəl şirkətlər və dövlət səviyyəsində müdafiə sistemində fəaliyyət göstərən idarələr arasında da dialoq platformasına çevrilir. Dövlət liderləri, ordu rəhbərlikləri, hərbi ekspertlər və müdafiə şirkətlərinin nümayəndələri bir-birilərinin ehtiyaclarını və prioritetləri müzakirə edirlər. Bu, beynəlxalq birliyin üzvləri arasında daha dərin anlaşma yaratmaqla yeni ittifaqlar qurmağa, mövcud olanları isə gücləndirməyə kömək edir. Bir sözlə, Beynəlxalq Müdafiə Sərgisi müxtəlif region və dövlətləri birləşdirən körpü rolunu oynayır, təhlükəsizliyin təkcə texniki aspektlərini deyil, həm də sabitliyə təsir edən siyasi, iqtisadi və sosial amilləri müzakirə etmək imkanı verir.
Bu tipli sərgilərin əsas nəticələrindən biri təkcə bağlanmış müqavilə və sazişlər deyil, həm də qlobal tendensiyaların daha dərindən dərk edilməsidir. Dünyanın müxtəlif yerlərindən olan nümayəndələrin iştirakı innovativ ideya və yanaşmaların mübadiləsinə şərait yaradır ki, bu da süni intellekt, pilotsuz uçuş aparatları və avtonom idarəetmə sistemləri kimi sahələrin ön plana çıxdığı bir dövrdə xüsusilə vacibdir.
Beləliklə, beynəlxalq müdafiə sərgisi təkcə müasir texnologiyaların nümayişi deyil, həm də ölkələr arasında dialoq, etimad və əməkdaşlığın qurulması üçün mühüm vasitədir. Qarşılıqlı anlaşmanın gücləndirilməsinə, innovativ həllərin hazırlanmasına və uzunmüddətli strateji əməkdaşlıq üçün platformaların yaradılmasına kömək edir ki, bu da son nəticədə qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfə verir.
Bu baxımdan, cari ilin sentyabr ayının 24-26 tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi regionda müdafiə və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün aparıcı platformalardan biri kimi mövqeyini möhkəmləndirdi. Son illər sərgi təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa dövlətləri üçün mühüm tədbir kimi qabaqcıl texnologiyalar, təcrübə və strategiyaların mübadiləsi mərkəzinə çevrilib. "ADEX-2024" qlobal səviyyədə ölkələr arasında qarşılıqlı fəaliyyət üçün unikal imkanlar təklif edərək, xüsusilə müasir geosiyasi dəyişikliklər fonunda əhəmiyyətli oldu.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgi dünyanın müxtəlif ölkələrindən aparıcı müdafiə şirkətlərini, hökumət nümayəndə heyətlərini və ekspertlərini yenidən bir araya gətirdi. Bu il kibertəhlükəsizlik, pilotsuz sistemlər sahəsində innovasiyalara, eləcə də mövcud müdafiə texnologiyalarının modernləşdirilməsinə xüsusi diqqət yetirildi. Sərgi iştirakçıları həm dünyanın aparıcı istehsalçıları, həm də Azərbaycanın müdafiə sənayesi müəssisələri tərəfindən istehsalın lokallaşdırılmasında və öz həllərinin işlənib hazırlanmasında heyranedici uğurlar nümayiş etdirən ən son silah və hərbi texnika nümunələrini görə bildilər.
Sentyabrın 24-dən 26-dək keçirilən "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimi yüksək səviyyəli qonaqları bir araya topladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış oldu.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına sərgilər haqqında məlumat verdilər.
Tədbirdə hər kəs "ADEX"-in təhlükəsizlik sahəsində dialoq və əməkdaşlıq platforması kimi əhəmiyyətini vurğuladı. Bu gün yeni çağırışlar qarşısında regionumuzda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin edilməsi üçün ölkələr birgə işləməli, təcrübə və innovasiyalar mübadiləsi aparmalıdırlar. Bunun üçün isə "ADEX"-in və buna bənzər digər tədbirlərin müstəsna rol oynadığı xüsusi qeyd olundu.
Rəsmi hissədən sonra sərginin qonaqları stendlərlə tanış olmaq imkanı əldə etdilər. Bu il sərginin keçirilmə ərazisi daha da genişlənmişdi ki, bu da yeni məhsulların tanıtımına imkan yaratdı. Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla, qapalı sahəsi və açıq havada stendlər quruldu. Sərgidə nümayiş olunan ekspozisiyalar ilə tanışlıq zamanı öyrəndik ki, “ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 40 ölkədən 218-dək şirkətin iştirakı ilə keçirildi. Bu ölkələr arasında Azərbaycan, Türkiyə, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Ukrayna və digər ölkələr iştirak etdilər. Bundan başqa, Beynəlxalq sərgi Macarıstan, Qətər, Sinqapur və Slovakiya simasında yeni iştirakçı ölkələri də qarşıladı.
Bundan öncə keçirilən "ADEX" sərgiləri kimi, yubiley sərgisinə də dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli və 300-dən çox rəsmi nümayəndə heyəti qatıldı.
Regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan "ADEX-2024"-də ilk dəfə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin stendi təqdim olundu. Burada Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah sistemləri, habelə Xüsusi Təyinatlı Qüvvələrin təchizat vasitələri nümayiş olundu. Eyni zamanda, sərgidə Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edildi. Həmçinin iştirakçılara Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verildi.
Vətənimizin müdafiəsinin təmin edilməsində mühüm rol oynayan müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnika və digər vasitələrin istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxal-ixracına və xarici bazarlarda satışına cavabdeh olan Müdafiə Sənayesi Nazirliyinin pavilyonları da hər kəsin diqqətini özünə çəkməyi bacardı. Son illərdə ölkəmiz tərəfindən istehsal edilən yüngül və ağır hərbi texnikalar nümayişə çıxarıldı. Çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, döyüş kəşfiyyat, mühəndis və digər hərbi təyinatlı texnikalar sərginin maraq doğuran eksponatları sırasında idi.
"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin stendləri də iştirakçıların marağına səbəb oldu. Burada müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, kiçikçaplı patronlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və gödəkçələr, optik nişangah və cihazlar nümayiş olundu. Qonaqlara ilk dəfə bu sərgidə nümayiş olunan snayper tüfəngləri də təqdim olundu. Qeyd edildi ki, çəkisi 3.8 kq və güllə tutumu 10 ədəd olan YST-24 və YST-24M texniki adları altında 7,62x54 mm-lik "BOZQURD R" və 7,62x51 mm-lik "BOZQURD V" silah nümunələri 1200 metr məsafədə düşmənin canlı qüvvəsini yüksək dəqiqliklə məhv etməyə qadirdir.
"ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təhsil müəssisələrinə məxsus stendlər olan ərazidə Milli Müdafiə Universitetinin stendi də nümayiş olundu. Burada 2022-ci ildə Bakıda keçirilən "Teknofest Azərbaycan" Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı "Xilaskar" pilotsuz uçuş aparatı da təqdim olundu. Bundan başqa, minaaşkarlayan çəkmələr də qonaqlar tərəfindən maraqla qarşılandı. Qeyd edildi ki, gələcək üçün bu çəkmələr daha da inkişaf etdirilərək hərbi qulluqçuların mina təhlükəsindən qorunmasına böyük fayda verəcək.
Sərgidə həm də Azərbaycan Hərb Tarixi Muzeyi "Zəfərimiz - Anbaan!" ekspozisiyası ilə iştirak etdi. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan bu ekspozisiya 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmişdi. Vətən müharibəsini və vətənpərvərliyi tərənnüm edən rəsmlərdən ibarət olan əsas bölmə azərbaycanlı rəssamların yağlı boya ilə Zəfərimizə həsr etdikləri əsərlərindən ibarət idi. "Şuşa zəfəri", "Şuşa döyüşündən bir an", "Qarabağ Azərbaycandır!", "Zəfər paradı" adlı kətan üzərində rəsmlər də sərgi iştirakçılarının diqqətini cəlb etdi.
Sərgidə, həmçinin Azərbaycan Ordusunun tarixən istifadə etdiyi hərbi geyim nümunələri nümayiş olunaraq, ekspozisiyanın əməkdaşları tərəfindən "Azərbaycanda 1918-2024-cü illərdə hərbi geyimlərin təkamülü" adı altında təqdimat keçirildi.
Builki sərgidə ordumuzun geyim formaları, qida təminatı və müasir döyüş texnologiyaları mövzusunda təqdim olunan stendlər xüsusi diqqət cəlb etdi. Fürsətdən istifadə edib nümayiş olunan məhsullar ilə yaxından tanış olduq.
Sərgidə "Q-STP MMC"-nin stendində hərbi geyimlər barəsində şirkətin nümayəndəsi Sərvan Əmirov məlumat verdi. O, təqdim edilən geyim formalarının hərbçilərimizin rahatlığının nəzərə alınaraq, müasir dövrün tələblərinə uyğun hazırlandığını qeyd etdi.
Sərgidəki digər diqqət çəkən stend isə Azərsun Holdinqin təqdim etdiyi, hazırda Azərbaycan Ordusunun hərbi qulluqçularının təmin olunduğu quru qida məhsulları idi. Şirkətin nümayəndəsi Seymur Cəfərov təqdim edilən "Əsgər payı" quru qida qutusunda olan qidalar barədə geniş məlumat verdi.
"Gördüyünüz "Əsgər payı" qutuları döyüş və təlimlər zamanı istifadə olunmaq üçün yüksək enerji dəyərinə malik qidalardan ibarətdir. Burada müxtəlif konservləşdirilmiş yeməklər var. Bu yeməklər uzun müddət saxlanıla bilən məhsullardır. Məsələn, mal, toyuq, balıq əti, tərəvəz və digər qida məhsullarının konservləşdirilməsi ilə hazırlanmış yeməklər həm dadlı, həm də qidalandırıcıdır. Qida təminatı yalnız enerji ilə deyil, eyni zamanda, sağlamlıqla bağlıdır. Biz keyfiyyətli ərzaqlardan istifadə edərək, hərbçilərimizin qidalanma ehtiyaclarını qarşılayırıq", - deyə nümayəndə bildirdi.
Digər stentdə yerli istehsal olan aviasiya bombalarının gövdələrinin, həmçinin top mərmilərinin istehsalının planlaşdırıldığı da bildirildi. Bu təşəbbüs Azərbaycanın müdafiə sənayesinin inkişafına və yerli istehsalın artırılmasına yönəldilmiş müsbət bir addımdır. Stend barədə məlumat verərkən bu istehsalın hərbi aviasiyanın effektivliyini artırmağa və müstəqil istehsal qabiliyyətini gücləndirməyə xidmət etdiyini qeyd etdilər.
Müasir döyüş texnologiyalarının nümayiş etdirildiyi “MİRAS” stendinə yaxınlaşdıq. Bu stenddə təqdim olunan yerli istehsal məsafədən idarəolunan modul müasir döyüş şəraitində mühüm bir innovasiyadır. Modul döyüş bölgəsində təhlükəsizliyi artırmaq və əməliyyatların səmərəliliyini yüksəltmək məqsədi güdür. Nümayəndələr bu modulun operativ məlumatların toplanması, döyüş sahəsinin izlənməsi və düşmən mövqelərinin dəqiq analizinə imkan verdiyini vurğuladılar. Həmçinin modulun müasir sensorlar və kameralarla təchiz olunduğu, real vaxt rejimində görüntü təqdim etdiyi qeyd edildi. MİRAS stendinin nümayəndəsi bu texnologiyanın həm müdafiə, həm də hücum əməliyyatlarında istifadə oluna biləcəyini vurğuladı. Stenddə, eyni zamanda, təlim poliqonlarında atış çalışmaları zamanı istifadə olunan hədəflərin nümayişi də diqqət çəkdi. Qeyd olundu ki, bu hədəflər Əlahiddə Ümumqoşun Ordunun bəzi hərbi hissələrinin təlim poliqonlarında istifadə olunur. Bu hədəflər hərbi qulluqçuların atəş bacarıqlarını artırmaq, real döyüş şəraitində özlərini sınamağa imkan tanımaq məqsədi güdür.
Bundan başqa, sərgidə aviatəmir zavodlarımız da önəmli nümayişlər təşkil etdilər. Burada aviasiya vasitəsinin müxtəlif hissələrinin təmir olunması barədə məlumat verildi. Zavodların nümayəndələri helikopter və təyyarələrin müasir döyüş şəraitində istifadə olunduğunu, eyni zamanda, onların mütəmadi olaraq texniki baxışdan keçdiyini qeyd etdilər. Hərbi aviasiya vasitələri müxtəlif döyüş və nəqliyyat missiyalarında istifadə olunur, bu səbəbdən onların etibarlılığı və performansı ordumuzun döyüş hazırlığı üçün mühüm əhəmiyyət daşıyır.
Təbii ki, ölkəmiz üçün bu cür önəmli beynəlxalq tədbirdə qardaş Türkiyə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biri oldu. Diqqətimizi cəlb edən ilk şirkətlərdən biri də məhz "Baykar" şirkəti idi.
1986-cı ildən fəaliyyət göstərən bu şirkət Azərbaycanda da geniş şöhrət qazanıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun arsenalında olan "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) hava şəraitindən asılı olmayaraq düşmənin döyüş texnikalarını, canlı qüvvəsini yüksək dəqiqliklə məhv etdi, əməliyyat şəraitində üstünlüyə sahib olmağımız üçün şərait yaratdı. Vətən müharibəsində olduqca mükəmməl, dəqiq, müasir pilotsuz uçuş aparatı olan "Bayraktar"ın da, onu idarə edən qəhrəman Azərbaycan hərbçilərinin də nəyə qadir olduğunu bütün dünya gördü. Sərgidə nümayiş etdirilən foto və video kadrlar, kataloqlar və açıq havada təqdim olunan "Baykar" şirkətinin "Akıncı", "Bayraktar TB2" və "Bayraktar KALKAN" PUA-ları hamının marağına səbəb oldu.
"ADEX-2024" sərgisində dünyaca məşhur daha bir türk şirkəti "Roketsan" oldu. Qeyd edək ki, bu şirkət 1988-ci ildə qurulduğu üçün uzun illərdir ki, bu sahəyə marağı olan insanlar tərəfindən sevilərək tanınır. “Roketsan” şirkətinin stendində müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, habelə istiqamətləndirmə-idarəetmə sistemləri təqdim edilirdi.
İndiyədək keçirilən bütün "ADEX" sərgilərinin iştirakçısı olan Türkiyənin "Aselsan" şirkəti "ADEX-2024"-də də iştirak etdi. Artıq beşinci dəfədir ki, Azərbaycanda keçirilən Beynəlxalq Müdafiə Sərgisində iştirak etməsinə baxmayaraq, hələ də qonaqları yeni texnologiyalar ilə xoş mənada təəccübləndirən "Aselsan" əsasən elektronika, aviasiya, silah, radar və optik, telekommunikasiya sistemləri, informasiya texnologiyaları və müdafiə sənayesi ilə əlaqədar digər texnoloji məhsullar istehsal edir.
Sözsüz ki, Rusiya Federasiyası da "ADEX-2024" sərgisində ən çox şirkətlə təmsil olunan ölkələrdən biri oldu. Rusiya tərəfindən sərgidə müdafiə sahəsi ilə bağlı məhsulların, xidmətlərin və texnologiyaların tam çeşidinin ixracı üzrə fəaliyyət göstərən yeganə dövlət agentliyi "Rosoboronexport" oldu. Sirr deyil ki, qlobal silah bazarında liderlərdən biri sayılan "Rosoboronexport" Rusiyanın bu sahədə məhsul ixracının 85 faizdən çoxunu öz üzərinə götürür. Stenddə şirkətin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsullar təqdim olunurdu.
Bundan başqa, sərgidə bütün dünyaya tanınan Rusiyanın "Kalaşnikov" şirkətinin stendi ilə də qarşılaşdıq. Hər birimiz tərəfindən adı duyulan şirkət yeni və müasir dövrə uyğun modifikasiya olunmuş silahlarını nümayiş etdirdi.
Sərgidə Qardaş Türkiyənin "Dearsan Shipyard", "Turkish Aerospace", "REPKON", "Meteksan", İsrailin "Uvision", "Aeronautics Defense Systems", "RAFAEL", Belarusun "Belspetsvneştexnika", Ukraynanın "Müdafiə Sənayesi Müəssisələrinin Milli Assosiasiyası" ("NAUDI"), Serbiyanın "Yugoimport-SDPR", Çinin "Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası" ("CPMIEC"), Birləşmiş Ərəb Əmirliklərinin "EDGE Group", Qətərin "Barzan Holdings" və digər ölkələrdə bir çox şirkətlər təqdim olundu.
Şirkətlərin nümayəndələri potensial müştərilərə dövrün çağırışları, yaratdığı problemlərə öz həlli yollarının imkanlarını nümayiş etdirərək fəal şəkildə təqdimatlar etdilər. İnteraktiv nümayişlər isə xüsusi diqqət çəkdi. Ziyarətçilər fəaliyyətdə olan taktiki sistemlərlə tanış ola, hətta nümayiş etdirilən nümunələrdən bəzilərini idarə və ya istifadə edə bilirdilər. Bu yanaşma təkcə texnologiyaları təqdim etməyə deyil, həm də iştirakçılar üçün unikal təcrübə yaratmağa imkan verdi.
"ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi təkcə müdafiə texnologiyaları sahəsində əldə olunan nailiyyətləri deyil, həm də təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nümayiş etdirdi. İştirakçıların həvəsinə nəzər saldıqda əminliklə deyə bilərik ki, "ADEX" gələcəkdə də ölkələr arasında müdafiə sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verən ideya, texnologiya və təcrübə mübadiləsi üçün mühüm platforma olmaqda davam edəcək.
Yekun olaraq qeyd edək ki, "ADEX-2024" sərgisi müdafiə və təhlükəsizlik sahəsində gələcək inkişaf və əməkdaşlıq üçün yeni üfüqlər açır. Bu tədbir Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsində, Vətənimizin dünya dövlətləri və şirkətləri ilə fəal dialoqa və əməkdaşlığa hazır olduğunu nümayiş etdirməkdə mühüm addımdır. Yubiley sərgisi kibertəhlükələr, regional münaqişələr və dünyada dəyişən strateji vəziyyətlər kimi yeni geosiyasi çağırışlar fonunda qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayır. Təhlükəsizlik və sabitliyin bütün ölkələr üçün əsas prioritetə çevrildiyi müasir şəraitdə bu kimi tədbirlər təkcə müdafiənin texniki aspektlərinin deyil, həm də beynəlxalq münasibətlərə təsir edən siyasi, iqtisadi və sosial amillərin müzakirəsi üçün mühüm platforma yaradır.
Oruc MUSTAFAYEV,
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"