Dörd il tarix üçün böyük müddət deyil. Dövlətə, dövlətçiliyə aid olan hadisələr (tarixi hadisələr!) üçün müddət amili olmur. Belə hadisələr xalqın tarixi kimi yaşadılır, zaman keçdikcə onu dünyəvi dövlətlər də tarixə görk kimi dəyərləndirir. Belə tarixlər vətənsevərliyin yolgöstərəninə dönür. İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi kimi...
Anam deyərdi: 1941-ci il iyunun 22-nin səhərində dili kəlmə tutanların hamısı göynəyə-göynəyə, kəlmələri dodaqlarında köz ola-ola üzü naməlumluğa haraylayıb: Müharibə başladı!.. Qəhər harayları olub bu haraylar...
Dünyada heç bir xalq öz dövləti üçün müharibə arzulamayıb. Azərbaycanımızda belə deyildi, xalq işğaldan qurtuluş döyüşləri üçün müharibə istəyirdi, Ali Baş Komandanın döyüş əmri ilə ədalətli müharibənin başlamasını arzulayırdı. 2020-ci il sentyabrın 27-si səhərində dili kəlmə kəsənlərin harayları yerləri göylərə dikəltdi: Müharibə başladı! Bu haraylar işğaldan qurtuluşa haray çağırışıydı, heysiyyətiydi, tarixi öz axarına qaytarmaq qətiyyətiydi...
İkinci Qarabağ müharibəsi ərəfəsində ordu quruculuğuna müharibəaparma baxımından ən yeni hərbi biliklər, hərbi texnoloji yeniliklər yüksək səviyyədə tətbiq edilirdi. Ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlar, ordunun ən müasir silahlarla, texnoloji baxımdan yeni döyüş texnikaları və pilotsuz uçuş aparatları ilə təchiz edilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığını milli-mənəvi dəyərlər əsasında daha yüksək səviyyədə formalaşdırmışdı.
Bu müharibə azərbaycançılığın erməniliklə müharibəsiydi, bu müharibə xalqın müharibəsiydi; İkinci Qarabağ müharibəsi sülh danışıqlarından yayınan Ermənistanın yeni ərazilər işğal etməyə niyyətli olduğuna görə, bu niyyəti üçün müxtəlif miqyaslı təxribatlar törətmək istədiyinə görə 2020-ci il sentyabrın 27-də başladı - Ali Baş Komandan düşmənin təxribatının qarşısını alan ordu hissələrimizə, ümumən ordumuza əks-hücum əmri verdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıc əmri oldu. Tarixi və hərbi şərait bu əməliyyatın strateji davamını, mahiyyətinin dövlətçiliyin tələblərinə uyğun dəyişdirilməsini, davam etdiriləcək əməliyyata daha çox hərbi qüvvələrin cəlb olunmasını zəruriləşdirmişdi. Bu amillər hərbi strategiyanın tələbləri səviyyəsində tətbiq edilməklə əks-hücum əməliyyatının müharibə (ədalətli müharibə) kimi davam etdirməyi tarixi (və bəşəri!) missiyaya çevirdi. Sentyabrın 30-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əks-hücum əmrinin döyüşlərini "Vətən uğrunda gedən döyüşlər" kimi səciyyələndirdi, oktyabrın 26-da xalqa müraciətində bu müharibəni "Vətən müharibəsi" adlandırdı - İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı. Bu adlandırma ordu quruculuğunun yeni mərhələsini müəyyənləşdirdi. Vətən müharibəsi ordunun döyüşə-döyüşə davam edən yeni inkişaf mərhələsi oldu...
Minlərlə tələbə, çağırışçı, Birinci Qarabağ müharibəsinin iştirakçısı döyüşlərə getmək istədi. Ehtiyac olmadığına görə aparmadılar. Hamısının döyüş əzmi, qələbə ruhu döyüşçü oldu...
Əli silah tutanlar döyüşlərə can atırdı, döyüşlərə can atanların ruhu döyüşənlərin sırasındaydı. Anaların dolaşıq yuxularını güllələr qanadırdı. Yeniyetmələrin yollar yoran xəyallarında güllələr didişirdi, ataların düşüncələrində mərmilər partlayırdı. Şəhidlərin sinəsi yaralanan torpaqların sarğısı olurdu. Ot basmış yollara iz düşürdü, iz cığıra dönürdü, cığırlar döyüşə aparırdı, döyüşlər - qələbəyə.
Müharibənin ilk günündə Azərbaycan Ordusunun hissələri düşmənin mühəndis-istehkam qurğularını, sədlərini darmadağın etdi, döyüşürdü - irəliləyirdi, irəliləyirdi - döyüşürdü. İlkin qələbələr qazanırdı. Füzulinin Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nizgar kəndləri, Ağdərə və Murovdağ istiqamətində strateji yüksəkliklər işğaldan azad edildi. Bu qələbələr Böyük Qələbənin başlanğıcı oldu. Azərbaycan əsgəri Vətənin adından döyüşürdü, şəhidləri də sıralarında bilib döyüşürdü. Ruhu döyüşənlərin sırasında olanlar da mahiyyətinə görə səngərlərdəydilər, döyüşənlərin döyüşçü yoldaşlarıydılar. Azərbaycan əsgəri hər döyüşü son döyüş bilib döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində demişdi: "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".
Azərbaycan əsgərinin döyüşləri şəhidlikdən keçirdi...
İki qardaş vardı: Nazir və Tacir Allahverdiyevlər. Əkiz qardaşıydılar. 19 yaşları vardı. Hərbi xidmətə eyni gündə getmişdilər. Əsgəriydilər. Eyni hərbi hissədə xidmət edirdilər. Onlar da torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə arzulayırdılar. Onlar da döyüşmək, işğalı sonlandıracaq döyüşçülərin sırasında olmaq istəyirdilər.
İkinci Qarabağ müharibəsində Nazir də döyüşürdü, Tacir də. Nazirin də, Tacirin də düşüncələrində ancaq döyüş vardı, qələbə vardı. Oktyabrın sonlarında Füzuli istiqamətində döyüşürdülər. Son döyüşdə Nazir ayağından, Tacir qolundan yaralanmışdı. Birinin yaralanmasından o birinin xəbəri olmamışdı...
Döyüş öyrədəcəkdi
Çovurtma güllələrə
Sevinc xeyli yaxındı,
Yoxsa ki, kədər yaxın?!.
Nazir Tacirə, Tacir Nazirə
Bir döyüş qədər uzaq,
Şəhidlik qədər yaxın...
Hərdən əsən, hərdən kəsən yellər ağacların budaqlarında duruş gətirə bilmirdi. Nazir sağ cinahda döyüşürdü, Tacir sol cinahda. Sağda döyüş gərginləşəndə Tacirin ürəyi qanayırdı, solda döyüş gərginləşəndə Nazirin. Döyüşə-döyüşə düşməni sıxışdırırdılar. Qələbə üçün döyüşürdülər. Döyüş bitincə yenə qolları bir-birinin kürəyində çarpazlaşacaqdı...
Nazirin də, Tacirin də düşüncələrində ancaq döyüş vardı, qələbə vardı. Snayper gülləsi Nazirin ürəyinin yaxınlığına dəymişdi. Qanı dayandırmaq mümkün olmurdu...
Nazir son nəfəsində döyüşçü yoldaşlarına "Tacirə bildirməyin..." demişdi...
Tacir döyüşürdü... Bir nəfəs dərimi vaxt ötüşməmiş qarşıdan bir erməni dikəldi. Sonra biri, daha sonra biri. Dikələnlər sağa-sola daraşmağa macal tapmamış Tacirin barmağı avtomatın tətiyini sıxdı. Ermənilərin üçünü də öldürdü. Yerini dəyişmək istədi. Bu an sinəsinə snayper gülləsi dəydi...
Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Bu Qələbə müharibənin sonu oldu, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanı dünyaya qalib dövlət kimi tanıtdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamı ilə 27 sentyabr İkinci Qarabağ müharibəsində şəhid olanların Anım günüdür.
Yol dünənlərdən gəlib sabahlara gedir. Yeni salınan yollar bu gündən başlayır. Yollar genişləndirilir. Əhmədbəyli kəndindən başlayan, Füzuli şəhərindən, Topxana meşəsindən, Daşaltı kəndindən keçən təzə yol müharibə ərəfəsində iz olub, iz cığıra dönüb - cığır olub, İkinci Qarabağ müharibəsində cığır zərurətə - hərbi əməliyyatlara görə genişləndirilib, yol olub. İndi Zəfər yoludu, Azərbaycan əsgərinin Zəfərinin yolu olub bu yol...
Yolun ortasında iri daş vardı. Nə sağda, nə də solda yüksəklik yox idi ki, daşın ordan düşdüyünü güman edəsən. "Daşı yola ermənilər atıblar!" - düşünüblər. Dayanıblar. Qrupun rəhbəri üç-dörd addım geri çəkilib, daşın ətraflarını nəzərdən keçirib. Daşın sağında bir-birinə çataqlı iki mina görüb. Minaları zərərsizləşdiriblər, yolun davamını döyüşçü kimi qət ediblər...
Daşaltıda yolu addım-addım yoxlayır, yoxlaya-yoxlaya irəliləyirdilər. Yol tamam təmizlənəndən sonra döyüşçülərimiz dağları nərdivan bilib Şuşaya çatacaqdılar. On-on beş addım getmişdilər. Çayın içindən sahillərə uzanan məftil görüb dayandılar. Minalara bağlanmış məftillər sahildə ağaclara bərkidilmişdi. Bircə toxunuşla çayın sağında-solunda düşmənin gizlədilmiş piyada əleyhinə qəlpəli minası partlayardı. Təhlükəli yerdə, gərginlik içində, minaları zərərsizləşdirdilər. Xüsusi təyinatlıların bir hissəsi Şuşaya buradan getdi. Anım günündə Zəfər yolunu açanda şəhid olanlarımızı da xatırlayırıq...
2020-ci ilin oktyabrında Gəncə şəhəri beş dəfə düşmənin raket hücumuna məruz qaldı. 27 sentyabr Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırımı aktı" adlandırdığı bu hücumlarda şəhid olanların da anım günüdür...
2020-ci il dekabrın 10-da Bakıda Qələbə paradı, Zəfər paradı keçirildi. Anım günündə şəhidlərimizi bu ehtiramla anmışdıq...
Paradda fəxri qonaq kimi iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi: "Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. "Qarabağ şikəstəsi"ni oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Vətən müharibəsindən sonra həyata keçirilən digər döyüş əməliyyatlarında, o cümlədən antiterror əməliyyatında şəhid olanlarımızı da bu ovqatla anırıq...
2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad ordumuzun gücü, qüdrəti kimi, İkinci Qarabağ müharibəsində şəhid olanlarımızın ruhuna gözaydınlığı kimi izlənildi...
Anım günü ehtiram günüdü, tarixi Zəfər qazananlara, bu Zəfəri Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə tamamlayanlara mənəvi borcödəmə günüdü...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"