Maddi-texniki təminat ordunun döyüş qabiliyyətinin ayrılmaz tərkib hissəsidir. Bu təminat ordunun silah-sursat, hərbi texnika, yanacaq-sürtkü materiallarını, tibb ləvazimatları və digər zəruri resurslarla təmin olunmasını özündə ehtiva edən kompleks sistemdir. Müasir zamanda maddi-texniki təminat xidmətinin səmərəli işi döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinin açarına çevrilir. Vətənimizin ərazi bütövlüyü və suverenliyinin əsas təminatçısı olan Azərbaycan Ordusu plana uyğun olaraq öz maddi-texniki bazasını fəal şəkildə inkişaf etdirir və müasirləşdirir. Bu tendensiya təkcə müasir silahlarla deyil, həm də müxtəlif şəraitdə döyüş əməliyyatlarının aparılması üçün bütün zəruri vasitələrə şamil olunur.
Son illər Azərbaycanda hərbi sənaye kompleksinin inkişafına ciddi diqqət yetirilir ki, bu da ordunun təchizatı məsələsində özünütəminetmə səviyyəsinin yüksəlməsinə xidmət edir. Eyni zamanda, yüksək texnologiyalı silah və hərbi texnikanın alınması üzrə beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq da davam etdirilir.
Azərbaycan Ordusunun maddi-texniki təminatı bir çox sahələri əhatə edir: Sülh dövründə qoşunların lazımi təchizatla təmin edilməsindən tutmuş döyüş şəraitində əməliyyatların təchizatına qədər. Bu vəzifələrin uğurla həyata keçirilməsi müxtəlif xidmətlər arasında dəqiq əlaqələndirməni, logistika infrastrukturunun modernləşdirilməsini, eləcə də təchizat proseslərinin optimallaşdırılmasına imkan verən müasir informasiya texnologiyalarının tətbiqini tələb edir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin təmin edilməsində ən mühüm istiqamətlərdən biri də silah və hərbi texnikanın hazırlanması və modernləşdirilməsidir. Son illər arsenalımıza müasir hərbi texnikalar qəbul olunur, ordumuzun potensialı artırılır. Buna misal olaraq, pilotsuz uçuş aparatlarının (PUA) alınmasını göstərmək olar ki, bu da ölkəmizin hərbi strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Yeni texnologiyalardan istifadə döyüş əməliyyatlarının effektivliyini əhəmiyyətli dərəcədə artırmağa, şəxsi heyət arasında itkiləri minimuma, həmçinin düşmənin əsas hədəflərinə məqsədyönlü zərbələr endirməyə imkan verir. Bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində aydın şəkildə gördük.
Müasir silahların alınması ilə yanaşı, maddi-texniki təminatın ən mühüm aspektləri geyim və ərzaq təminatıdır. Şəxsi heyətin əsas həyati ehtiyaclarını normalara uyğun təmin etməklə yanaşı, həm də onların sosial-məişət, əşya-əmlak və ərzaq təminatını yüksək səviyyədə saxlamaq ən önəmli məqsədlərdən biridir. Bu səbəbdən milli ordunun təməli qoyulduqdan sonra rəhbərlik tərəfindən qarşıya qoyulan əsas tapşırıqlardan biri də orduda yüksək keyfiyyət və müasir standartlara cavab verən təminat sistemini yaratmaq idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin davam etdirdiyi uğurlu ordu quruculuğu siyasətinin bir istiqaməti də məhz orduda maddi-texniki təminatın yüksəldilməsinə yönəlib.
Cənab Prezidentin göstərişinə əsasən, şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlak, ərzaq təminatını gücləndirmək məqsədilə görülən işlər sürətlə davam edir. Bu sahədə atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan Ordusunun şəxsi heyəti bütün növ təminatla tam təchiz olunub. Əşya və ərzaqla təminat işinin təşkili ilə daha yaxından tanış olmaq üçün Mərkəzi Ərzaq Anbarı və Mərkəzi Əşya Bazasında yaradılan şəraitlə tanış olduq.
Mərkəzi Ərzaq Anbarının rəisi polkovnik Camal Kərimov ilə söhbətimiz zamanı öyrəndik ki, Azərbaycan Ordusunda bütün ərzaq normativləri hərbi qulluqçuların təyinatına görə müəyyən olunur. "Müdafiə nazirinin müvafiq qərarına əsasən, mövcud yeddi ərzaq norması vardır. Bu da qoşun növünün gündəlik fəaliyyətinə görə hesablanır. Misal olaraq qeyd etmək olar ki, orduda ən yüksək kalorili yeməklərdən istifadə olunan ərzaq norması məhz xüsusi təyinatlı qoşun növlərinə məxsusdur. Buraya Xüsusi Təyinatlı Qüvvələr, Əməliyyat (Komando) hərbi hissələri, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və s. daxildir.
Onu da vurğulamaq istərdim ki, ordumuzun ərzaq təminatının ən qabaqcıl ordularla müqayisəediləcək səviyyədə olmasına baxmayaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğının nəticəsində bu tendensiya ildən-ilə yüksəlməkdədir. Azərbaycan Ordusunda istifadə olunan bütün ərzaq məhsulları Mərkəzi Ərzaq Anbarına gətirildikdə ilk olaraq ciddi keyfiyyət yoxlamasından keçir. Burada bu məqsədlə laboratoriya və Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası fəaliyyət göstərir. Ərzaq məhsullarının istifadəyə yararlı və ya yararsız olduğu müəyyənləşdirilir, dövlət standartlarına cavab verilməsinə xüsusi diqqət yetirilir və ekspertiza rəyi verilir. Bu prosedurdan keçən məhsullar məhsul növündən asılı olaraq çeşidlənir, anbarlara yerləşdirilir. Hər anbarın məhsula uyğun saxlama şəraiti mövcuddur ki, bu da ərzaqların uzun müddət saxlanılmasına imkan verir.
Anbarların girişində hər bir qidanın nümunəsi qoyulur - konservləşdirilmiş qidalar, yarmalar, soyuq qəlyanaltılar, ləpə və müxtəlif növ ərzaq məhsulları çeşidləri. Hal-hazırda geniş ərzaq çeşidimiz mövcuddur. Sezona uyğun meyvə-tərəvəz, milli mətbəximizə məxsus yeməklər və konservləşdirilmiş ərzaq məhsullarından ibarət qida rasionu təyin edilir. Əlavə olaraq qeyd etmək lazımdır ki, çətin relyefli ərazilərə uzunmüddətli ərzaq təminatının həyata keçirilməsi prosesi də hər zaman aktual məsələlərdən biridir. Bu təminat növünün yerinə yetirilməsi üçün də ilin əvvəlindən lazımi sifarişlər verilir və ərzaq təminatı planına uyğun olaraq həyata keçirilir. Mərkəzi Ərzaq Anbarından Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrə, o cümlədən Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə ərzaqlar göndərilir. Bunun üçün avtomobil və dəmir yolundan istifadə olunur", - polkovnik Camal Kərimov dedi.
Daha sonra Mərkəzi Ərzaq Anbarının laboratoriyasında ərzaq məhsullarının yoxlama prosesinin şahidi olduq. Daxil olan ərzaq nümunələri diqqətlə yoxlanılır, standartlara uyğun olmasına nəzarət edilir. Məhsullar burada fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinələrdən keçir. Yüksək keyfiyyət tələblərinə cavab verən məhsullar qəbul edilərək, ərzaq rasionuna daxil olunur.
Mərkəzi Ərzaq Anbarı ilə tanışlığımız yekunlaşdıqdan sonra Mərkəzi Əşya Bazasına yollandıq.
Mərkəzi Əşya Bazasının rəisi polkovnik-leytenant Emin Məcidov bildirdi ki, baza öz işini müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin və müdafiə nazirinin müavini - Baş Direktorun əmr, sərəncam və göstərişlərinə əsasən təşkil edir. "Bizim əsas vəzifəmiz Azərbaycan Ordusunun şəxsi heyətinin əşya və əmlak ilə vaxtında təmin olunmasına, toxunulmaz ehtiyatlarının saxlanılmasına, əşya və əmlakın müəssisələr tərəfindən qəbul edilərək anbarlarda çeşidlər üzrə yerləşdirilməsinə nəzarət etməkdən ibarətdir", - zabit dedi.
Polkovnik-leytenant E.Məcidov onu da bildirdi ki, əşya və əmlak təminatı şəxsi heyətin istənilən iqlim şəraitində döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin edən zəruri geyim, ayaqqabı və avadanlıqla təmin edilməsinin təşkilidir. "Burada əşya təminatı, texniki və texniki-təbliğat vasitələri mövcuddur. Əşya təminatına gəldikdə, Azərbaycan Ordusunun geyim təchizatının müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. Ordumuz aşınmaya davamlılıq və funksionallıq baxımından beynəlxalq tələblərə cavab verən hərbi geyim formalarının yeni standartlarına artıq keçməkdədir. Müdafiə nazirinin müvafiq qərarına əsasən, müəyyən edilmiş əşya təminat norması vardır ki, buna uyğun olaraq şəxsi heyət geyimlə yanaşı, zəruri ləvazimatlarla, o cümlədən zirehli dəbilqə, səhra çantaları, yataq dəstləri, şəxsi mühafizə və gigiyena vasitələri ilə də təmin olunur".
Bundan başqa, maddi-texniki təminat ilə şəxsi heyətin döyüş ruhunun yüksəldilməsində sıx əlaqə bağlarının varlığı haqqında danışan polkovnik-leytenant Emin Məcidov dedi ki, təminat Mərkəzi Əşya Bazasından birbaşa təyin olunan yerlərə qatar və böyük yük maşınları ilə, zərurət olduğu halda hava yolu ilə təyyarələrlə də çatdırılır. Hərbi qulluqçuların əşya-əmlak təminatı (geyim, ayaqqabı, zəruri avadanlıq və digər əşyalar) ilə təmin edilməsi yüksək əhval-ruhiyyəni, habelə döyüş ruhunu qorumağa kömək edən vacib komponentdir.
Yüksək keyfiyyətli geyim, düzgün hərbi avadanlıq - bütün bunlar döyüşçünün fiziki rahatlığına birbaşa təsir göstərir. Etibarlı və keyfiyyətli hərbi geyim və avadanlıq hava şəraitindən, mexaniki zədələrdən lazımi qorunmanı təmin edir. Sözsüz ki, hərbi geyim orduya mənsubluğu, vahid komandanlıq prinsipini və bölmələrin birliyini simvollaşdırır. Bir sözlə, əşya-əmlak təminatı təkcə maddi-texniki bir iş deyil, həm də ordunun döyüş effektivliyini və mənəvi-psixoloji vəziyyətini yüksəltmək üçün vacib elementdir", - deyən polkovnik-leytenant E.Məcidov sözünü bitirdi.
Onu da vurğulamaq lazımdır ki, Mərkəzi Əşya Bazasında maddi vəsaitlərin keyfiyyətli saxlanması və qoşunlara verilməsi məqsədilə yeni saxlanclar inşa edilib, bəzi saxlanclarda isə əsaslı təmir işləri görülərək müasir standartlara uyğunlaşdırılıb. Hal-hazırda bazanın ərazisində 20-dən çox saxlanc binası fəaliyyət göstərməkdədir.
Gördüklərimiz onu deməyə əsas verir ki, ordumuzun ərzaq təminatı sistemində onların saxlanılması üzrə müasir texnologiyalar tətbiq edilir. Bundan başqa, şəxsi heyətimizin istənilən iqlim şəraitində xidmət aparması, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməsi üçün əşya və əmlak təminatı da yerindədir. Bu da onun sübutudur ki, Azərbaycan Ordusu respublikamızın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü əzmlə qorumaq qüdrətindədir.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"