Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak birləşmələrindən azad etdi. Xilaskar ordu Azərbaycan xalqına qarşı daşnak ideologiyası ilə silahlanmış Şaumyanın başçılıq etdiyi hərbi birləşmələrin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində mühüm rol oynadı. Bakı azad edildikdən sonra Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər paşa Şərq Orduları qrupu komandanı Xəlil paşaya göndərdiyi şəxsi təbrik teleqramında yazırdı: "Bakı uğuru münasibətilə gözlərindən öpərək təbrik edirəm. Bakını xilas edən birliklər bir az dincəldikdən sonra Azərbaycanda hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm...".
Bakı artıq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının nəzarətində idi və burada qayda-qanun yaratmaq üçün bütün vasitələrdən istifadə olunurdu. Nazirlər Şurası Bakıya köçdükdən dərhal sonra baş nazir Fətəli xan Xoyski 20 sentyabr 1918-ci ildə əhaliyə müraciət edərək bildirirdi: "Artıq Bakıda yerləşən Azərbaycan hökuməti bununla şəhər və ətrafında yaşayan bütün əhaliyə, din və milliyyət fərqi qoyulmadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altında yaşayan heç bir millətə fərq qoyulmadan qarətçilikləri, qatilləri və asayişi pozanları, edam cəzası da daxil olmaqla, böyük cəzalar gözləyir. Bütün xalq bunu bilməlidir ki, Türk millətinin qəhrəman və fateh əsgərlərinə əmr verilmişdir ki, cinayətlə, qarət və soyğunluqla məşğul olanları harada görsələr, güllələsinlər. Azərbaycan hökumətinin paytaxtında günahsız insanların haqq və hüquqlarına təcavüz edilməsi onun şan və şərəfinə yaraşmaz".
Şərq Orduları Qrupu komandanlığının 7 iyul 1918-ci ildə İstanbula göndərdiyi raportda 4-cü korpusun Təbrizi ələ keçirdiyi, ardınca Urmiya və Culfa-Naxçıvan bölgəsindəki ermənilərə qarşı daxili xətt manevri tətbiq ediləcəyi bildirilirdi. Həmişə olduğu kimi, o dövrdə də həm Cənubi, həm də Şimali Azərbaycanın bir erməni problemi vardı. Türk ordusundan qaçaraq ermənilərin hərbi lideri kimi çıxış edən Andranik qarşısına çıxan türkləri amansızcasına qətlə yetirirdi. Şərqi Anadoluda Cənubi və Şimali Azərbaycanda qətliamların arası kəsilmirdi. Belə bir vaxtda Cənubi Azərbaycandakı Xoy şəhəri ətrafında qərar tutan Andranik 6 minlik qoşunla türklərin 12-ci piyada diviziyasına qarşı hücuma keçdi. Lakin ağır bir məğlubiyyətlə geri çəkilərək, 22 iyun 1918-ci ildə Culfa və Naxçıvanda Ordubad ətrafındakı qəsəbə və kəndləri qarət edərək, əhalisini qətlə yetirdi. Vəziyyəti belə görən türk hərbi hissələri 20 iyul 1918-ci ildə xilaskar ordunu Naxçıvana yeritdi. Andranikin qüvvələri bu dəfə Qarabağa doğru qaçmağa başladı. Qarabağda vəziyyət daha mürəkkəb idi. Əvvəlcə Qarabağdakı azərbaycanlılar və ermənilər ortaq bir komitə yaradaraq, hakimiyyəti əllərinə alsalar da, tezliklə erməni xisləti özünü göstərdi. Ermənilərdən ibarət Milli Komitə Şuşada qurultay çağıraraq bu qurumun ləğv edildiyini, 7 nəfərlik bir icra heyətinin seçildiyini və Qarabağ hökumətinin qurulduğunu elan etdi. Onlar təzyiq və hədə-qorxu ilə türklərin bu erməni hökumətini tanımasını təmin etməyə çalışsalar da, Qarabağ azərbaycanlıları bunu qəbul etmədilər. Şuşanın yerli əhalisi silahlanaraq, ermənilərə qarşı əks tədbirlər görməyə başladılar. Elə bu vaxt Naxçıvandan qaçmaq məcburiyyətində qalan Andranik Qarabağa doğru irəliləməkdə idi. Onun əsas məqsədi Qarabağı azərbaycanlılardan tamamilə təmizləmək olub. Hadisələri diqqətlə izləyən Nuru paşa Bakı azad edildikdən sonra dərhal Qarabağ bölgəsində əməliyyatlara başladı. Bu məqsədlə Bakı Qarnizonunun komandanı polkovnik Cəmil Cahid bəy yeni yaradılan 1-ci Azərbaycan diviziyasına rəhbər təyin olundu. Bu diviziyanın əsasını 106-cı piyada alayı ilə 9-cu Qafqaz alayı təşkil edirdi. Azərbaycanlılardan ibarət 1700 nəfərlik 1-ci və 2-ci Azərbaycan alayları və 280 nəfərlik Azərbaycan süvari alayı da yeni diviziyanın sərəncamında idi. Ağdama gələn Cəmil Cahid bəyin qarşısında Şuşa və Gorusun azad olunması və Qarabağ bölgəsində asayişin təmin olunması vəzifəsi dururdu.
Cəmil Cahid bəyin silahları yerə qoyaraq Azərbaycan dövlətinə tabe olmaq tələbinə görə "erməni milli şurası" beş nəfərlik heyəti oktyabrın 1-də Ağdama göndərdi. Həmin heyət təmsil etdikləri erməni əhalisinin Azərbaycanın tərkibində qalmaq istəmədiklərini bildirdi. Türk hərbi qüvvələri oktyabrın 7-də əməliyyatlara başladı. Əsgəran azad olunduqdan sonra hərbi birləşmələrimiz sürətlə Şuşaya yaxınlaşdılar. Türk ordusu ilə qarşılaşmağa cürət etməyən Andranik Cənuba doğru geri çəkilməyə məcbur edildi. Cəmil Cahid bəy Qarabağın tanınmış bəylərindən olan Sultan bəyin komandanlığı altında mühafizə dəstəsini Andranikin hərbi qüvvələrinə qarşı göndərdi. Həmin dəstələr Andranikin qüvvələrinə qarşı Qaladərə deyilən ərazidən hücuma keçdilər və onları darmadağın edərək, Gorus istiqamətində qovdular. Şuşa qalasının camaatı türk ordusunu hərarətlə qarşıladı. Şəhərin strateji əhəmiyyətli ərazilərinə və məhəllələrinə türk əsgərləri yerləşdirilərək asayiş təmin edildi.
Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa və başqaları mesenat Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində yerləşdilər. Tağıyev şəxsən öz evini vəd etdiyi kimi türk qoşunları komandanlığının istifadəsinə verdi. Bu da əbədi qardaşlığın və dostluğun bariz nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən böyük qələbəsi Bakının erməni bolşevik-daşnak qüvvələrindən azad edilməsidir.
Bu qələbənin böyüklüyünü və əhəmiyyətini isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski çox gözəl ifadə etmişdir: "Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
Sovet dövründə ağır şərtlər altında yaşamasına baxmayaraq, xalqımız türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətrafına çiçəklər, ağaclar əkdi, yaşıllığa qərq edib onları ziyarətgaha çevirdi. Xalqımız Bakıda, Şamaxıda, Neftçalada, Salyanda və digər rayonlarımızda olan türk şəhid məzarlarını özününkü kimi qorudu. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra isə Qafqaz İslam Ordusu haqqında çoxlu sayda elmi əsərlər yazıldı. Nəhayət, Ulu Öndər Heydər Əliyevin böyük təşəbbüsü və tarixi qərarı ilə bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin martında soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar və Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizələrdə, savaşlarda canından keçən şəhidlərimizin ruhu dolaşdığı məkanda - müqəddəs Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə - Bakı Türk Şəhidliyi abidəsi ucaldıldı. Bu insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qovuşmuş Azərbaycan və Türkiyə qardaşlığının və əbədi birliyinin rəmzidir.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"