2016-cı ilin Aprel döyüşləri də müharibə tariximizdi, Tovuz döyüşləri də, Vətən müharibəsi də, 2022-ci ilin, 2023-cü ilin sentyabr döyüşləri də. Bu döyüşlərin hər biri istər ayrılıqda, istərsə də vəhdətdə Azərbaycan Ordusunun qüdrət salnaməsi kimi tarixləşib, belə öyrənilir, belə də xatırlanacaq...
2022-ci ilin sentyabr döyüşlərindən az sonra Kəlbəcərdə ezamiyyətdəydim. Zabitlərdən biri Azərbaycan ordu hissələrinin son döyüşlərindən danışmışdı. Demişdi ki, bu döyüşlər də Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun qüdrəti kimi tarixləşdi. Əsgərlərimiz yeni mövqelərdə möhkəmlənir. Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunacaq...
Zabitin nişan verdiyi mövqelərdə əsgərlərimizlə kəlmələşməyə tələsmişdik...
Yüksəkliklərə qalxdıqca ruhumuzda bir tərpəniş hiss etmişdik. Bu ucalıqda hərbçilərlə görüş ruhumuzun göyqurşağına dönmüşdü. Onda bu ucalıq bizə gözəl duyğular yaşatmışdı. Göy üzünün göylüyünə yayılmış bayrağımızı görüncə köksümüz ürəyimizə darlıq etmişdi. Bir qədər aralıda dalğalanan bayrağımız buradan o yana aparacaq mənzilimizi nurlandırmışdı. Baxışlarımız bayrağımıza sarılmışdı, Bayrağımız göy üzünə. Var səsimizlə "Ucal, bayrağım!" demişdik. "Sən qüdrətsən, qüdrətini yaşadan bu əsgərlərdən də güc al, bayrağım!" kəlmələrinin ülviyyətini göy üzünə bir ömür qədər yaxın olan ucalıqda əsgərlərlə nəfəs-nəfəsə yaşamışdıq. Kəlmələr dağların o üzündə də eşidilmişdi...
Dağlarda tala-tala qar görünürdü. Payızın ilk ayında ağ talalar ağ yola bənzəyirdi. Ağ talalar dağların çiyinlərində ağ xurcun idi elə bil. Bir az əvvəl yağış yağmışdı. Belə yağışa Günlü yağış deyirlər - yağdığıyla kəsdiyi bir olur, həm də damlalar Günəşin nuruna bürünüb düşür. Belə yağışlara qoşa ovuc açmağa meyillənirsən. Yağış kəsincə göyqurşağı görünür. Uşaqlığımızda deyərdilər ki, kim göyqurşağının altından keçsə, niyyətləri yerinə yetir. Bu dağlar göyqurşağının altından keçməsə də, niyyətinə çatıb. İndi yolunu gözlədiklərinin əhatəsindədi, indi həsrətlilərinin nəfəsiylə isinir, indi qartallarının kölgələndirdiyi torpaqda yad izi qalmayıb. Bundan sonra heç zaman yad izi olmayacaq!
Əsgərlər bir qədər aralıdan uçan qartalın uçuşunu maraqla izləmişdi. Komandirləri "Gəlişinizə görədi, doğmalığı qartal da duyur..." demişdi. Hamı bu ecazkar uçuşu təbiətin insanı bunca həssaslıqla duyması bilmişdi, buna tarixi Zəfərə görə tarixi uçuşların başlanğıcı demişdi. Onu da demişdi ki, Azərbaycan əsgərinin nəfəsiylə isinən dağlarda göy üzünü qartal qanadları sığallayır...
Diqqətimizi bir yazı çəkmişdi: Nail postu. İkinci Qarabağ müharibəsinə kimi "Mübariz" postu vardı, "Çingiz postu" vardı. Bu postlarda əsgərlərlə söhbətləşəndə soruşmuşdum ki, belə postlar yenə olacaqmı? Əsgərlər qətiyyətlə, inamla demişdilər ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan qurtuluş döyüşlərindən sonra da belə adlanmalar ola bilər...
Bu ətraflarda heç bir yüksəkliyin adı yoxuydu. Hələ yoxuydu. Bu yüksəkliklər torpaqlarımızı işğaldan azad etmiş əsgərlərin davamçılarının nəfəsiylə isinirdi. “Bu yüksəkliklərə burada xidmət edəcək əsgərlərimiz ad verəcəklər”, - düşünmüşdüm...
Öyrənmişdik ki, 2022-ci il sentyabrın 12-də döyüşçülərimiz nəzərdə tutulan mövqeyə düşmənin mövqeləri arasından dərinləyə sızmaqla yaxınlaşıblar. Gecənin köynəyi sökülər-sökülməz hücum əmri verilib.
Döyüşçülərimizin döyüş əmri veriləcəyi anı gözlədikləri mövqe ilə bu yüksəkliyin arası xeyli yoldu, həm də enişli, yoxuşlu. Döyüş başlayandan dörd saat sonra döyüşçülərimiz burada olublar. Ermənilər zəif də olsa, müqavimət göstərə-göstərə uzaqlaşırdılar. Düşmənin sonuncu güllələrindən biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nail Abbaslının böyründən dəyib. Şəhid oldu Nail. Döyüş yoldaşları açılan sabahı Nailsiz qarşılayıblar. Dan yeri söküləndə bir lövhə hazırlayıblar: Nail postu. Bu lövhə döyüşçülərin şəhid döyüşçüyə, şəhid döyüşçünün timsalında Vətən müharibəsində qazanılan tarixi Zəfərə ehtiramıdı...
Baş leytenant Nicat Həsənovdan eşitdiklərim mənə də, o döyüşün iştirakçıları olmuş döyüşçülərə də bir gerçəkliyi yenidən yaşatmışdı: Ömür Vətən üçündü. Aylar, illər Vətənin adına ad olmayıbsa, ömür deyil. Ömür olmayan illərə görə yaşanılan acı təəssüf heç zaman sovuşmur. Vətən üçün yaşanılan illər gerçək tarix olur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nail Abbaslının 25 illik ömrü tarixin yaddaşında da yaşayacaq, yaddaşlarda da. Şəhidlərin ömrü ölməzlik işığıdı...
Baş leytenant demişdi ki, sentyabr döyüşlərinin başlamasına ermənilik səbəb olmuşdu, azərbaycançılıq qətiyyətiylə başa çatdırmışdı. Sonra əsgərlərə xitabən demişdi ki, siz başa çatdırdınız. Azərbaycanın ərazi bütövlüyünü də siz bərpa edəcəksiniz. Bu ucalıqda bu niyyətlə xidmət sizi tarixi bir günə yaxınlaşdıracaq. Sizi o müqəddəs döyüşlərə bu bayraq uğurlayacaq!". Əsgərlər zabitin kəlmələrini döyüş andı bilmişdilər...
Polkovnik-leytenant Azər Rzayev İkinci Qarabağ müharibəsini Azərbaycanın qürur dövrü adlandırmışdı. Bu adlanmada tarixi bir gerçəklik vardı. Bu gerçəklik dövlətçiliyin əsgəri olan ordunun gücünü ifadə edirdi, ordu ilə xalqın birliyinin fəlsəfəsini ifadə edirdi, azərbaycançılığın mahiyyətini ifadə edirdi. Bu adlanma həm də dünyanın nizamını qaytaran ədalətli müharibədə qazanılan tarixi Zəfərin həmayili olan adlanma idi. "Bu adlanma əsən yellərin qanadlarında çox uzaqlara çatacaq", - demişdim. Əsgərlərin baxışlarında bir qürur dikəlmişdi...
- Siz onların döyüş yolunu yeni qələbə ilə tamamladınız. Sizin davamçılarınız da olacaq. Siz torpaqlarımıza yad nəfəsi dəyməsinə imkan verməyəcəksiniz, sizdən sonra xidmət edəcək əsgərlər də imkan verməyəcəklər. Belə xidmət edəcəksiniz. Siz də "Vətən gözdü, biz kirpik, Gözümüzün keşiyini çəkirik!" deyəcəksiniz. Bu, Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətiniz olacaq...
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani əsgərlərə sentyabr döyüşlərindən danışmışdı, qəhrəmanlıqlardan, qəhrəmanlardan danışmışdı. Əsgərlər bu ucalıqda Vətən ucalığını şeirlərin, misraların, bədii fikirlərin işığında yenidən yaşamışdılar.
...ağdı, Vətən,
Buludun yumşaqdı, Vətən.
Bu dağlar da deyir ki,
Hər oğul dağdı, Vətən!
Əsgərlər bu ucalıqda deyilən bayatının ovqatıyla qarşı dağlara, qarşı dağların o üzünə baxmışdılar. Bu niyyət - baxışların doğmalığını gözlərimə, gözlərimdən könlümə köçürmüşdü.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatdı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. İşğal sonlansa da işğalçı Ermənistan niyyətini müxtəlif təxribatlarla davam etdirir, üçtərəfli razılaşmaya məhəl qoymadan, Rusiya sülhməramlılarının "nəzarətindən yayınmaqla" Kəlbəcərdə, Laçında təxribatlar törədirdi, hətta bu ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar da basdırırdı.
Polkovnik-leytenant Ruslan Əbilov demişdi:
- Düşmən sentyabrın 12-dən 13-nə keçən gecə təxribata başladı. Döyüş əmrini 2020-ci il sentyabrın 27-si ovqatıyla qarşıladıq. Təkcə biz yox, döyüşə cəlb olunan bütün bölmələr, bütün hərbi qulluqçular belə qarşıladılar.
Bir anlığa nəfəs dərib əsgərlərə baxmışdı:
- Zəfərin işığına kölgə salmaq istəyənlərin niyyətini sonlandıracaq döyüşlər Azərbaycan əsgərinin həm döyüş əzminin, həm də qələbə ruhunun mənəvi hazırlığının başlanğıcıydı. Ali Baş Komandanın döyüş əmri verdiyini eşidən şəxsi heyətin baxışlarına sarılan sevinci təsəvvür etməyə çətinlik çəkirəm. Hamımız bu sevincin qələbə vəd etdiyini aydınlığıyla duyurduq. Döyüşə də bu ovqatla getdik. Qələbə qazananların sırasında biz də vardıq.
- Dünyanın ədalətli hərbi ekspertləri etiraf edirlər ki, heç yerdə, heç zaman Azərbaycanda başlayan ədalətli müharibə qədər gözlənilən, arzulanan müharibə olmayıb. Belə deyənlərin sırasında mən də varam. Həmin vaxtlarda Azərbaycanda hamı torpaqlarımızın işğaldan azad edilməsini arzulayırdı və hər kəs bu arzunun gerçəkləşməsi naminə döyüşlərə can atırdı. Bu arzu qələbə yolunu göstərən arzu idi. Bu müharibə xalqın arzuladığı müharibə idi, xalqın müharibəsiydi, - demişdim...
Döyüş ruhundan danışan baş çavuş Məhəmməd Şamanidze demişdi ki, mən Axıska türküyəm. Vətənin o başı, bu başı olmur. Babalarım Aspinzada yaşayıb, Fərqanəyə sürgün edilib, atam Fərqanədən qaçıb Azərbaycana sığınıb.
Məhəmməd başqa Axıska türkləri kimi İsgəndər Aznaurovun türkçülüyə, azərbaycançılığa sevgisini yaşada-yaşada əsgərləşib. Məhəmmədin kəlmələri bu ucalıqda hələ yaşanılmamış gözəl bir könül xoşluğuna dönmüşdü. Qınayanım olmasaydı, burada yüksəkliyin sinəsindən boy göstərən daşlara da əsgər deyərdim...
Göy üzündə qanad çalan qartallar görünmüşdü. "Görəsən, neçə on günlər əvvəllərə kimi qartallar bu ucalığın göylərinə bu həvəslə qanad sərilmişmi? Gümanlarım demişdi ki, yox, ağı qaradan göylərin sultanı da ayırd edir. Həm də göy üzündən. Qartalların bu uçuşunu yüksəkliyi nəfəsiylə isidənlərə ehtiram uçuşuna yozmuşdum. Yozumum əsgərlərə xoş gəlmişdi...
Nicat Quliyev demişdi:
- İndi xatırlayıram ki, o qartalları ayın 15-də gördük. Bir qartal göründü, az sonra biri, bir az sonra daha biri. Aşağıdan uçuşurdular. Elə bil gələnləri yaxından görmək istəyirdilər.
- Qartalların o uçuşu göylərin sizə salamı olub, - demişdim.
Əsgərlərə göstərərək sözümü davam etdirmişdim:
- Niyəsi uca ruhların ruh qardaşı kimi bu ucalıqda döyüş növbətçiliyi aparan o əsgərin baxışındadı, o əsgərin duruşundadı, o əsgərin yerişindədi.
Sözümü bitirər-bitirməz uzaqlaşan qartallardan biri geri dönmüşdü. Elə bil dəniz səviyyəsindən 3000 metr yüksəklikdə göylərin duruluğu dolmuşdu ürəyimə...
- Bu ucalığa çatınca xeyli yol gəldik. Sizin döyüşə-döyüşə gəldiyiniz yol xeyli uzaqmış, - demişdim.
Əsgərlərin baxışları ucalığın sağından asılı qalmış cığırlara dikəlmişdi. Onları bu ucalığa bu cığırlar, bəzən ayaqlarının, bəzən dizlərinin açdığı izlər gətirmişdi. Payız sovuşacaq, yaz gələcək, o izlərdə də, o cığırlarda da otlar cücərəcək. Bizi gətirən yola bu mövqenin bel kəməri deyiləcək...
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani mənim "Əsgər nəfəsi" kitabımdan söz açmışdı, əsgərlərə xitabən "Sizin kitabınızdı", - demişdi. "Bu ucalıq sizin nəfəsinizlə isinəcək, siz də "Əsgər nəfəsi"ylə isinin". Üzümə dikilən baxışların tünlüyündən minnətdarlıqla dəniz səviyyəsindən bunca ucalıqda belə təqdimə görə şair-publisist dostum Abdulla Qurbaniyə baxmışdım...
Yüksəkliyə çıxanda yol belə deyildimi? - həmin yoluydu. Gəlmişdik görüşmüşdük. Bu ucalıqda dalğalanan bayrağı görüncə sevincimiz kükrəmişdi. O kükrəyiş indi gözümüzün nurundaydı...
Mənə elə gəlmişdi ki, bu ucalıq bizə "Bu yerlərə bir də gəlin" deyir...
Yüksəklikdən enmişdik. Bir nəfəs dərimi vaxt ötüşməmiş eşitmişdik ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəşad Əmənullayev, Ruhid Rəhimzadə və Rəvan Cavadov yaralanmışdı. Hospitalda onlara baş çəkəndə bir daha əmin olmuşduq ki, bu yerlərdə bir də yad nəfəsi dolaşmayacaq...
Bu səhər Bayraq meydanında iki il əvvəlin gününü xatırlayıb, göyləri süsləyən bayrağımıza dedim ki,
Ruhumuzu bu ucalıq salamlayır,
Ucalığın əsgərindən güc al, bayrağım!
Uca ruhlar uğurlayır igidlərini,
Ucalığın əsgərindən güc al, bayrağım!
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"