Vətən müharibəsi başa çatdı. Müharibənin davamı olan son əməliyyatlarda Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bir vaxtlar ərazilərimizdə, ön xətdə, səngərlərin o üzü olan torpaqlarda qalib əsgərlərimizin davamçıları təlim keçirlər. Özləri də qürurludu, biz də. Arada həzin-həzin meh əsir. Bu gözəl mehi duruluq mehi bilirəm. Yaxınlıqdakı meşə zolağından əsə-əsə üzü bu yana yaxınlaşan meh ağacların budaqlarından sürüşür; görünməzlərin duyulması daha gözəl olurmuş.
Neçə illər əvvəl ön xətt vardı, səngər vardı. Onda da keçirilən təlimlər döyüş hazırlığını yüksəldirdi. O təlimlər torpaqlarımızın işğaldan qurtuluş döyüşləri ərəfəsində keçirilirdi. Bu təlim də (təlimlər də) döyüş hazırlığının yüksəldilməsi üçündü, Azərbaycanın tam bərpa olunmuş ərazi bütövlüyünü müdafiə etmək qorumaq üçündü. Onda zabit təlimin mərhələləri başa çatdıqca qürurla əsgərlərə baxırdı, az sonra tündləşən baxışları uzaqlara yönəlirdi. O vaxtlar zabitin baxışlarını tündləşdirən həmin ərazidə təlim keçirilir. Tarixi Zəfər qazanmış əsgərlərin döyüş hazırlığını artıran təlim keçiriləcək. O vaxt keçirilən təlimi xatırladıram. "Onlar döyüşdülər. Zəfər qazandılar, siz qaliblərin davamçılarısınız...", - deyirəm. Xoş bir ovqat yaranır.
Vəzifə borcu kimi (həm də vətəndaşlıq borcu kimi) xatırlayıram ki, ordu quruculuğunun Zəfərdən sonrakı mərhələsi dövlətə, dövlətçiliyə sədaqətlə davam etdirilir. Bu prosesə təbiətin yaratdığı maneələr (isti-bürkü) mane olmaq qüdrətində deyil - təlimlər təlimata, təsdiq olunmuş plana müvafiq keçirilir...
Baş gizir Əli Mustafayev əsgərlərin tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİR) təyinatından, döyüş xarakteristikasından, istismar xüsusiyyətlərindən danışır. Bu, həm xatırlatmadı, həm də cari təlimatdı. Əsgərlər bildikləri nəzəri məlumatları, təlimatda nəzərdə tutulan müddəaları bilirlər. Yenə diqqətlə dinləyirlər. Bu, sevgidi. Hərbi xidmətə sevgidi, hərbi peşəyə sevgidi. Sevgilərlə əhatələnmiş təlimi sevgilərlə izləyirik...
- Vətən müharibəsində bütün istiqamətlərdə TƏİR-lərlə döyüşlər də ümumi döyüşün gedişinə güclü təsir göstərirdi, həmin döyüşün də, Böyük Qələbəyə aparan döyüşlərin də qələbə ilə tamamlanmasında vasitə olurdu. İkinci Qarabağ müharibəsində TƏİR-lər sanki düşmənin zirehli texnikalarının "snayperi" idi. TƏİR-lər düşmənin koordinatı verilən, istiqaməti bildirilən zirehli texnikalarını sıradan çıxardırdı, müqavimət sistemini gücsüzləşdirirdi, ordu hissələrimizin hücumunun sürətliyini, davamlılığını yüksəldirdi...
Baş gizir Ə.Mustafayevin xatırlatmalarını bugünkü təlimə mənəvi başlanğıc bilirik. Operator əsgər Mətləb Paşayev TƏİR-in döyüş xarakteristikası haqqında danışır, bildiklərini həvəslə çatdırmağa çalışır. Bu da sevginin çalarıdı, şübhəsiz; bildiklərini ardıcıllıqla "Mən bilirəm" kimi çatdırmır, "Mən də mükəmməl bilirəm" kimi çatdırır. Həm də TƏİR-ə sevgi ilə:
- TƏİR gözəl silahdı. Mən onun istismar xüsusiyyətlərini gənc əsgər hazırlığı kursunda öyrənmişdim. Bütün hərbi ixtisaslar gərəklidir. Mən TƏİR-çi olmağımla qürur duyuram. Hər təlimdən sonra TƏİR-i daha çox sevirəm. Baş gizirdən eşitdiyimiz Vətən müharibəsinin bir döyüşünü heç birimiz heç zaman unutmayacağıq: Füzuli yaxınlığında düşmənin bir tankı hücum edən döyüşçülərimizə yaxınlaşanda TƏİR mərmisi onu sıradan çıxardıb. Az sonra, bir nəfəs dərimi qədər vaxt keçməmiş düşmənin daha iki tankı da görünüb. Diqqət, həssaslıq, cəsarət onları döyüşə başlamamış sıradan çıxardıb. TƏİR Vətən müharibəsində bacarıqlı Azərbaycan əsgərinin əlində güclü silah olub. O silahı indi biz öyrənirik. Hər təlimdən-təlimə təkmilləşirik, - əsgər Mətləb Paşayev belə dedi.
Əsgər Elşad Cəlilov dedi ki, TƏİR-lə düşmənin 100 metrdən 5500 metrə qədər məsafədə olan zirehli texnikalarını sıradan çıxarmaq olur. Silahın döyüş təyinatı belədir. Həm də TƏİR-lə düşmənin hərəkətdə olan döyüş texnikaları məhv edilir.
Hərbi xidmətə Cəlilabad rayonundan çağırılan əsgər Elşad Şəfiyev dedi ki, TƏİR daşınan silahdır, heyəti 3 nəfərdir. Verilən döyüş əmrini yerinə yetirmək üçün heyət döyüş mövqeyi seçməkdə sərbəst olur. Bu da döyüş aparma vərdişlərindəndir. Komandirlərimiz bizə təkcə TƏİR-in istismar xüsusiyyətlərini deyil, ondan hansı şəraitdə, necə, hansı coğrafi mövqedə daha səmərəli istifadə edilməsini də aşılayıb.
Əsgərin fikrini əsgər yoldaşı davam etdirərək dedi ki, heyət üzvlərinin ayrıca vəzifə borcu var. Heyətə döyüş əmri verilir, TƏİR üçün qısa müddətdə döyüş mövqeyi seçilir, TƏİR atışa hazırlanır. Operatorlardan biri atıcıya kömək edir, digəri onların mühafizəsində dayanır. Bu, TƏİR heyətinin düşmənə hansı məsafəyə kimi yaxınlaşmasından asılıdır. Yəni, düşmənin zirehli texnikaları döyüş ərəfəsində piyadaların yaxınlığında olur. Onlar bizim TƏİR-ləri müşahidə edə bilərlər. TƏİR atışa hazırlananda, atış aparanda düşmənin piyadaları onun heyətini atəşə də tuta bilər. Onlara həmlə ehtimalı da olur. Heyətin himayəedici üzvü bu təhlükələri qabaqlayır, döyüş əmri yerinə yetirilənə kimi himayəni davam etdirir.
Baş gizir Ə.Mustafayev Vətən müharibəsindən bir döyüşü xatırladır:
- TƏİR düşmənin tankını vurmağa hazırlaşdığı anlarda heyət iki düşmən əsgərinin həmləsinə məruz qalıb. Heyətimizi himayə edən əsgər düşmənin həmləsini təntimədən, soyuqqanlıqla qarşılayıb. Qolundan yaralansa da, TƏİR düşmənin tankını sıradan çıxarana kimi atışıb. Döyüşdən çıxan heyətə başqa döyüş əmri verilib. Sonrakı əmrlər də yerinə yetirilib...
Leytenant Rəhim Namazlı bu kompleksin yüksək dəqiqlikli silah olduğunu da xatırlatdı. "Operator silahın istismar xüsusiyyətlərini mükəmməl mənimsəyibsə, onun atışları dəqiq olur. Nəzəri biliklər müxtəlif təlimlərdə möhkəmlənir, gərəkli yüksək döyüş hazırlığına çevrilir. Bu, ordunun güc amilinin yüksəlişi deməkdir. Taqımın əsgərləri TƏİR-in atış xüsusiyyətlərini mükəmməl mənimsəyiblər. Onlar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamını hərbi xidmətin mənəvi stimulu bilirlər"...
Təlim davam edir. Eyni təmrinlər - hərəkətlər təkrarlanır. Heyət üzvlərinin hərəkətlərində bir əminlik hiss olunur. Bu əminliyi komandirin xırda məsləhətləri tamamlayır - heyət üzvləri hərəkəti yerinə yetirəndə nə tələsməlidi, nə də ləngiməlidi. Təlim, əslində, əmrdən icraya qədər çəkən müddətin müəyyənləşdirmə peşəkarlığını tənzimləməyə də yönəldilib...
Leytenant R.Namazlı əminliklə TƏİR heyətinə baxır - təlim təlimata müvafiq səviyyədə yerinə yetirilib...
Bayaqdan əsən mehdə bir mülayimlik duyulur...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"