Bu gün uğurla davam etdirilən genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına, xalqımızın milli-mədəni irsinin, mənəvi dəyərlərinin qorunmasına və ümumilikdə Azərbaycanın yüksəlişinə xidmət edir. Yeni mərhələdə islahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, inkişafın yeni hərəkətverici qüvvələrinin təşəkkül tapmasına və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında, başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir. Ordumuzun döyüş hazırlığının daha da artırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək səviyyədə icra olunur.
Şübhəsizdir ki, insan üçün ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri dururlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışından dərhal sonra həyata keçirməyə başladığı uğurlu islahatlar tibb sahəsindən də yan keçməyib. Səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün maddi-texniki baza yaradılıb, beynəlxalq əlaqələr genişləndirilib. Görülən işlərin, aparılan islahatların nəticəsində bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Azərbaycan Ordusunda da səhiyyə sahəsinə xüsusi diqqət göstərilir. Hərbi tibb elminin inkişafı üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ciddi işlər görülür. Son zamanlar bu imkanlar daha da genişlənib. Azərbaycan Ordusunun inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər, şübhəsiz ki, hərbi təbabətin inkişafına da təsirsiz ötüşmür. Ötən illər ərzində hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış, Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilmişdir. Baş Klinik Hospitalın müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının nümunəsidir. Onlarla hərbçi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə mübadiləsi aparırlar.
Hərbi qulluqçuların sağlamlığının keşiyində duran hərbi tibb personalımız daima öz üzərində çalışır və yeni-yeni nailiyyətlər əldə edirlər. Peşəsini layiqincə davam etdirən tibb işçilərimizin nə qədər müqəddəs və məsuliyyətli işi öz öhdələrinə götürmələri hər kəsə bəllidir. Hərbi tibb sahəsi yalnız döyüş meydanında deyil, həm də dinc dövrdə hərbi personalın sağlamlığının qorunmasında vacib rol oynayan bir sahədir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında fəaliyyət göstərən oftalmologiya şöbəsinin koordinator həkimi, tibb xidməti kapitanı Təbriz Məmmədov ilə söhbətimiz zamanı bunu bir daha aydın şəkildə başa düşdük. 2010-2018-ci illərdə Gülhanə Hərbi Tibb Akademiyasında bakalavr həkim təhsili alan Təbriz Məmmədov 2018-2023-cü illərdə də oftalmologiya üzrə uzmanlıq ixtisas təhsili alıb. Həmsöhbətimiz peşəkar və savadlı həkim olmaq üçün, ilk növbədə, təhsilin önəminə diqqət çəkdi. O, savadlı kadr kimi formalaşmağın təkcə həkimlik peşəsində deyil, həmçinin bütün peşələrdə önəmli olduğunu vurğuladı. Tibb xidməti kapitanı əlavə etdi ki, məhz xidmət etdiyi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kifayət qədər peşəkər həkim və bacarıqlı tibb xidməti işçiləri var. Təbriz Məmmədov bildirdi ki, hospitalda istər müayinə və müalicə, istərsə də cərrahiyə əməliyyatları aparmaq üçün yetərli sayda texniki avadanlıqlar var. O, müalicə və müayinə prosesinin hansı ardıcıllıqla aparıldığını bizimlə bölüşdü: "İlk öncə hospitala müraciət edən xəstənin qeydiyyatı aparılır. Sonra müayinəmiz xəstənin görmə qabiliyyətinin yüksək keyfiyyətli texniki avadanlıqlarla analiz edilərək müəyyənləşdirilməsi ilə başlayır. Analizin nəticəsinə uyğun olaraq xəstənin görmə qabiliyyətində problem varsa, bunun nə ilə bağlı olduğunu araşdırırıq. Məsələn, refraksiya qüsuru, eynək problemi, yaxud gözün ön seqmentində, həmçinin gözdaxili və ya gözün torlu qişasında bir problem varsa, onu müəyyənləşdiririk. Əlavə olaraq ümumi xroniki xəstəliklə bağlı şəkər, təzyiq, travmotoloji problemləri analiz edirik. Daha sonra müalicə prosesi təyin olunur. Ehtiyac olduğu təqdirdə xəstəyə cərrahi müdaxilə edilir. Qeyd edim ki, istənilən cərrahiyyə əməliyyatlarının aparılması üçün şöbəmizdə şəraitimiz və texniki avadanlıqlarımız mövcuddur".
Təbriz Məmmədov son vaxtlar ən çox yayılan xəstəliklərdən də danışdı: "Ən sıx qarşılaşdığımız xəstəlik, adətən, refraksiya qüsurudur. Yəni, eynək problemi. Onunla yanaşı olaraq, quru göz sindromu çox görüləndir. Əsgərlərdə yaş etibarilə keratokonus xəstəliyi çox sıxdır. 55-60 yaşdan etibarən ən çox qarşılaşdığımız göz kataraktası və digər xroniki xəstəliklərdir. Şəkərə, təzyiqə bağlı göz patologiyaları da vardır ki, bunlar damarsal patologiyalardır".
Oftalmoloq-həkim oxucularımıza göz sağlamlığını qorumaq üçün bir sıra profilaktik tədbirlər haqqında tövsiyələr də etdi: "Çox uzun müddət yaxına baxmaq göz yorğunluğuna, gözdə quruluğa səbəb olur. Quru göz probleminə bağlı olaraq həm bulanıq görmə olur, diskamfort, batma, göynəmə kimi şikayətlər ortaya çıxır. Mümkün olduqca hər bir şəxs yaxına baxdığı müddətdə 20 dəqiqədən sonra otuz saniyə uzağa baxmalı, gözü dincəltməlidir. Xüsusilə uşaqlıqdan başlayaraq görmə və gözdəki hər hansı qüsurun olub-olmamasını aydınlaşdırmaq üçün oftalmoloq müayinəsi mütləqdir. Ümumiyyətlə, bir patologiya şikayəti olmasa belə, ildə bir dəfə göz müayinəsi məsləhətdir ki, xəstəlikləri vaxtında ortaya çıxarıb, gecikmədən həllini tapa bilək. Göz elədir ki, gecikdikdən sonra görmə sinrində olan incəlmələr, patologiyalar geri dönüşsüzdür. Nə qədər tez müalicə almağa başlasaq, nə qədər tez əməliyyat olunsa, nəticələr də o qədər uğurlu olar".
Sonda qeyd edim ki, hərbi tibbin əhəmiyyəti yalnız müharibə zamanı deyil, həm də sülh dövründə böyükdür. Bu sahədə çalışanlar müharibənin gətirdiyi yaraların sağalmasında, fiziki və psixoloji təsirlərin aradan qaldırılmasında əsas rol oynayır. Hərbi tibb sahəsinin inkişafı ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Ordusunun həyata keçirdiyi bütün döyüş əməliyyatlarına şahid olan tibb sahəsində çalışan həkimlər və tibb işçiləri yalnız bilik və bacarıqları ilə deyil, həm də cəsarət və fədakarlıqları ilə Vətənin müdafiəsinə böyük töhfələr verirlər. Onların əməyinin qiyməti ölçülməzdir və hər zaman dərin hörmətlə yad edilməlidir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"