Hidayət doğulanda ata yurdu Xocavənd işğalda idi. Ailənin tək oğul övladı olan Hidayətə babasının adı verilmişdi. Babasının yurdu isə viranə qalmışdı. Düşmən işğalı altında inləyirdi. Hidayət kişi ailəsi ilə birgə Beyləqanda məskunlaşmış, lakin ürəyini orada qoyub gəlmişdi, o torpaqlarda - gözünü açdığı, könül bağladığı, əmək verdiyi torpaqlarda. Torpaq həsrəti ilə dünyasını dəyişənlər oldu. Hidayət kişiyə də yenidən torpağına qayıtmaq, öz əlləri ilə tikdiyi ocağını görmək qismət olmadı. Lakin ümidlər ölməmişdi, inam yaşayırdı. Gec-tez yurda qayıdışa böyük inamı oğullar yaşatdı, ailələrdə doğulan uşaqlar vətənpərvərlik ruhunda tərbiyə olundu, tarix unudulmadı. Baba yurdunu işğaldan azad etmək eşqi ilə böyüyənlərdən biri oldu Hidayət. Beyləqanda yerləşən Xocavənd rayon 4 saylı məktəbdən sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verən Hidayət arzusuna nail olur. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirir.
"Özüm Xocavəndi görməsəm də, atam Aydın Quliyev o torpaqlar haqqında sevgi ilə danışar, başımıza gətirilən tarixi faciələrdən bəhs edəndə qaşları düyünlənərdi. Qaradağlı faciəsindən ürəkağrısı ilə bəhs edərdi. Xocavənd-Xankəndi avtomobil yolu üzərində yerləşən kəndin sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Lakin o dövrün məlum çətinliklərindən dolayı 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüş, 68 nəfər öldürülmüşdü. Bu hadisələr tarixdə də təfsilatı ilə var. Bir kənd üçün böyük faciə idi. Baş verən faciələrin qisasını almaq, bizim olanı özümüzə qaytarmaq və nəhayət, babam Hidayətin yarımçıq qalmış arzularını gerçəkləşdirmək həyat amalıma çevrildi. 2020-ci ildə müharibə başlayanda 4-cü kursda oxuyurdum. Böyük vətənpərvərlik duyğusu ilə haqq savaşına qatıldım. Bu yoldan geri dönməmək də vardı. Amma o torpaqlar daha işğalda qala bilməzdi...”.
Beləliklə, Hidayət Quliyevin döyüş yolu Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan keçir. Motoatıcı bölmənin tərkibində döyüşən gənc müharibə bitdikdən sonra Cəbrayıl-Qubadlı istiqamətində dekabrın sonunadək aktiv müdafiənin təşkilində iştirak edir. "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla qayıdan Hidayət Quliyev yarımçıq qalmış təhsilini başa vurur. Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində növbəti kursu bitirdikdən sonra təyinat üzrə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin birində xidmətə başlayır. Bütün qüvvəsini şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, döyüş hazırlığının daha da yüksəldilməsinə həsr edən baş leytenant Hidayət Quliyev Vətən müharibəsində qazandığı təcrübəni tabeliyində olan şəxsi heyətə də aşılayır. Xidmət etdiyi hərbi hissədə nümunəvi zabitlərdən olur.
"Atamla Xocavəndə - yurdumuza getdik. Atam uşaq kimi sevinirdi. Mən isə həm sevincli, həm də qürurlu idim. Atama bu sevinci bəxş edənlərdən biri olduğum üçün, adını daşıdığım babamın arzusunu gerçəkləşdirdiyim üçün. Haqq nazilər, amma üzülməz. Biz haqqımız olanı aldıq. Qarabağda quruculuq işləri davam edir. Geriyə qayıdan insanlar da öz sevgi və zəhmətləri ilə şəhid qanı ilə suvarılan torpaqlarda gül-çiçək bitirəcək, yurdu daha da abad edəcəklər. Allah şəhidlərimizə rəhmət eləsin, babalarımızın ruhu şad olsun", - baş leytenant Hidayət Quliyev dedi.
Biz də hərb peşəsinə könül verən, tarixə sayğı duyan, vətənpərvərlik nümunəsi olan gənclərimizlə fəxr edir, xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru