Dünya hərb tarixində elə hadisələr var ki, illər keçdikcə, əsrlər ötdükcə bütün dövrlərdə öz təsir gücünü saxlayıb və bu gün də saxlamaqdadır. XX əsrdə də elə hadisələr baş vermiş və bu günümüzə gəlib çıxmışdır ki, onlardan bəziləri bəşəriyyətin təkamülünə səbəb olmuş, tarixin gedişatını dəyişdirmişdir. Belə hadisələrdən biri də bütövlükdə türk dünyasının böyük Zəfəri hesab edilən Türkiyənin istiqlaliyyət müharibəsidir. XX yüzilliyin görkəmli hərbi və siyasi xadimlərindən olan Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türk Milli Hərəkatının qələbəsi ilə nəticələnən bu savaş Osmanlı imperiyasının süqutuna, Lozanna müqaviləsinin imzalanmasına və nəhayət, Türkiyə Cümhuriyyətinin bütün dünyada müstəqil dövlət kimi qəbul edilməsinə səbəb olmuşdur. Qurtuluş savaşı, həmçinin bütün dünyada hüquqları istismar olunan dövlətlərə nümunə olmaqla, bəşəriyyətin formalaşmasında böyük rol oynamışdır. Osmanlı imperiyasının xarabalıqları üzərində müasir Türkiyə Respublikasını quran Mustafa Kamal Atatürk öncə Çanaqqala, daha sonra isə Qurtuluş savaşında göstərdiyi şücaəti, ağlı və cəsarəti ilə yüz milyonlarla insanın dərin ehtiramını qazanmış, bütün dünyaya türkün gücünü göstərərək, adını dünya tarixinə əbədi həkk etdirmişdir.
30 Avqust Zəfəri Türkiyənin və qəhrəman Türk Ordusunun tarixində Milli Qurtuluş Savaşının dönüş nöqtəsi hesab olunur. 1919-cu ildə Böyük Öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan mücadilə məhz 1922-ci ilin avqustundan özünün ən parlaq zirvəsinə yüksəlmişdi. Elə bir zirvəyə ki, bütün dünyanı heyrətə salmışdı. Bu Zəfər türk millətinin XX yüzillikdə dünya hərb tarixində yazdığı ən böyük qəhrəmanlıq səhifəsidir. Bu səhifələri vərəqlədikcə qəhrəman türk millətinin vətənpərvərliyi, yurduna və torpağına olan bağlılığı, sevgisi açıq-aydın görünür.
Lakin Zəfərə aparan yol o qədər də hamar olmayıb.
Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi də bütün qüvvələrini səfərbər edərək müharibəyə qoşuldu. Bu qanlı müharibə Türkiyəni zəif saldı. Antanta dövlətləri Osmanlını bu savaşda tam məğlubiyyətə uğratdı. 1918-ci il oktyabrın 30-da Antanta dövlətləri ilə Türkiyə arasında "Mudros" təslimçi barışıq sazişi imzalandı. Bu anlaşmaya əsasən, Türkiyə parçalanırdı. Bununla da işğalçı ölkələr istədiyi şəkildə böyük türk torpaqlarında hökmranlıq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti yaratmaq da bu plana daxil idi. Bu planları həyata keçirmək üçün Yunanıstan istilasından bəhrələnirdilər. 1919-cu il mayın 19-da Türkiyənin Milli Qurtuluş Savaşı başladı.
Mustafa Kamal Paşa Osmanlı ordusunun ən istedadlı döyüş generallarından biri idi. Onun rəhbərliyi altında birləşən müqavimət qüvvələri 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinə toplanırlar. Mustafa Kamal Paşa məclisin sədri seçilir. Bundan sonra parlament Milli Qurtuluş Savaşının başlanmasına qərar verir. Bu ağır və çətin günlərdə ümumi səfərbərlik elan olunur. Qadın, gənc, uşaq, yaşlı demədən hər kəs könüllü olaraq ordu sıralarına yazılır, Vətəninin, torpağının xilasına tələsirdi. Amma içəridən bu hərəkata mane olan düşmənlərin də sayı az deyildi. Belələri xəyanətdən və yunanların tərəfinə keçməkdən çəkinmirdilər. Bütün bunlar da Atatürkün planlarına mane olurdu. Buna baxmayaraq həmin günlərdə Mustafa Kamal Paşa üzünü xalqa tutaraq bəyan etdi. "Efendiler! Dahilde və hariçteki düşmanlarımız ister çok, ister az olsun, faaliyetlerinin genişliyi ne olursa-olsun, kesin başarı, son başarı meşru bir amaç izleyenler olacaktır".
1921-ci ildə Sakarya müharibəsi zamanı "Xətti-müdafiə yoxdur, səthi-müdafiə vardır". O "Səth bütün Vətəndir", - deyir böyük sərkərdə Atatürk və hərb tarixinə yeni bir məfhum gətirir. Mustafa Kamal Paşa 1922-ci il avqustun 6-da orduya məxfi olaraq, döyüşmək üçün hazırlanma tapşırığı verir. Özü isə Akşehirə gələrək komandanları bir araya toplayır. Həmin toplantıda müharibənin başlanacağı günü avqustun 26-na təyin edir. 26 avqust 1922-ci il tarixdə sabah erkəndən, saat 5:30-da topçuların atəşi ilə Kocatəpədən Meydan Savaşı başlayır. Qəhrəman Türk Ordusu güneydən, quzeydən hərəkət edərək qısa zamanda irəliləyir, yunanların müdafiə xətti yarılır. 26-27 avqust gecəsi yunanların silah-sursatı ələ keçirilir. Qısa müddət ərzində Afyon işğaldan azad olunur. Dumlupınara doğru geri çəkilən düşmən və bütün yunan ordusu tamamilə məğlub edilir. Savaşın sonlarına az qalmış yunan Baş Komandanı Trikopis əsir alınır. Bu arada Kutahya da düşməndən təmizlənir. Savaşı Baş Komandan Mustafa Kamal Paşa idarə etdiyi üçün bu savaş "Meydan savaşı" adını alır. Minlərlə türk əsgəri, gənci, qadını, qocası şəhid olur bu savaşda. Amma bir qarış torpaq belə düşmənə güzəştə gedilmir.
Türk Ordusu döyüşlərdə misilsiz şücaətlər göstərərək, avqustun 30-da düşməni tam məğlubiyyətə uğradır. Bundan sonra Böyük Öndər Atatürk döyüşdən qələbə ilə çıxan hərbi birliklərə "Ordular, hədəfimiz Aralıq dənizidir, irəli!" əmrini verir. Türk Ordusu bu əmri də qəhrəmanlıqla yerinə yetirir. Beləliklə, Ulu Türkiyənin Qurtuluş müharibəsi 1922-ci il avqustun 30-da türk xalqının tam qələbəsi ilə başa çatır. 30 avqust Türkiyə tarixində əlamətdar günə çevrilir.
1923-cü il oktyabrın 23-də Ankara Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin rəsmən elan edilməsi haqqında qərar imzalanır.
Dünya tarixindən bəllidir ki, Lozanna sülh konfransında uzun sürən müzakirələrdən sonra Türkiyə Cümhuriyyətinin mövcud sərhədləri böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamal Paşaya rəsmi olaraq "Atatürk" soyadını verir.
Türkiyənin böyük qurbanlar və dağıntılar bahasına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Türk xalqının müstəqillik uğrunda apardığı azadlıq mübarizəsi və imperialist dövlətlər üzərindəki tarixi qələbəsi ilə milli-dünyəvi müstəqil türk dövləti təşəkkül tapdı. Bu hadisə Şərq xalqlarının milli-azadlıq hərəkatına da güclü təkan oldu. 1922-ci ilin yayında Atatürk demişdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".
Onu da qeyd edək ki, Milli Qurtuluş Savaşının qələbə ilə nəticələnməsində "Türk Ordusunun böyük hərbi hücumu" adı ilə tarixə düşmüş hərbi əməliyyatın böyük rolu olmuşdur. Bu əməliyyatdan əvvəl bütün hücum planları dəqiqliklə və məxfiliklə hazırlanmışdı. Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər hesabına döyüş üçün silah-sursat alınmışdı.
O ağır illərdə Azərbaycan maddi və mənəvi yardımını qardaş Türkiyədən əsirgəməmişdi. O dövrün tədqiqatçıları yazırlar ki, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni, 2-ci İnönü savaşından öncə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub yazaraq, dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. Nəriman Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya və çoxlu sayda silah-sursatı da Anadoluya göndərir.
Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanovun bu barədə 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubunda izahı daha gözəl əks olunur: "Paşam, türk millətinin bir ənənəsi vardı: qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil".
Çətin zamanlarda bir-birinə dayaq olan bir millət iki dövlət arasında qardaşlıq münasibətləri bu gün də davam edir, sabah da davam edəcək. Dar gündə qardaşın qardaşa vəfa borcunu yerinə yetirən Türkiyə 44 günlük Vətən savaşında da Azərbaycanın haqq mübarizəsini dəstəklədi, onun yanında oldu, xalqımızdan mənəvi köməyini əsirgəmədi.
Qeyd: Məqalənin hazırlanmasında tarixi mənbələrdən istifadə olunub.
Hazırladı:
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"