Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:23

Vətən müharibəsinin igidlərindən biri - kapitan Şamil Babayev

Şəhidlik Vətən naminə müqəddəs bir amal üçün canını fəda etməkdir. Din, Vətən, torpaq, namus kimi məfhumların ümdəliyi bizim mentalitetimizdir və onları qorumaq bizim borcumuzdur.
Ömrü Vətən üçün, torpaq üçün, millət üçün yaşayanlar bu dəyərlər uğrunda qorxmadan mübarizə aparmışlar.
Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Bu adla ölümsüzləşən igid oğullarımızın göstərdikləri şücaət, qəhrəmanlıq bir anda baş verir, əbədiyyən yaşayır. Qəhrəmanlıq xarakterin, tərbiyənin, ruhun, mənəvi zənginliyin gücü ilə yerinə yetirilən qeyri-adilikdir. Azərbaycan xalqının oğul və qızları hər zaman bu keyfiyyətlə yaşayıblar. Tarix boyu qüdrətli xalq olaraq şəhidliklə - şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçündür ki, bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, var olub. Bu qətiyyət və cəsarət Vətənə sonsuz sevginin təzahürü olub.

Bu Vətən deyilən torpaq deyil ki,
İnsanın ürəyi, canı Vətəndir.

26 yanvar 1988-ci ildə anadan olmuş Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kənd sakini Şamil Babayevi uşaqlıqdan tanıyırdım. Bir məktəbdə oxumuşduq. Hələ uşaqlıqdan vətənpərvərliyi ilə sinif yoldaşlarından seçilirdi. Hamının sevimlisi idi. Orta məktəbi bitirdikdən sonra onunla yollarımız ayrıldı. Universitet illəri, ardınca hərbi xidmət. Kəndimizə qayıtdıqdan sonra öyrəndim ki, Şamil hərbçi olub. Onunla ancaq telefonla danışırdıq. Hərdən soruşurdum ki, hərbçi olmaq necə hissdir? O isə cavabında belə deyirdi: "İllərlə birgə yaşadığın ailəndən, evindən, yaxınlarından uzaqlaşıb, Vətənin hər hansı bölgəsində xidmət etmək çətin ola bilər. Biləndə ki, nəyi qoruyursan, çətinlik sovuşur. Vətənə xidmət məsuliyyətli, bir o qədər də şərəflidir. Hərbçi olmaq, bax, budur".
Sonuncu dəfə onunla məzuniyyət vaxtı kəndimizdə görüşdük. Söhbətimiz zamanı dediyi bir cümlə hələ də yadımdadır: "Hərbi xidmət bizim Vətən sevgimizi daha da artırıb. Mülki həyatdan fərqli olaraq, hərbi xidmətdə bu və ya digər hadisəyə, “Vətənə bir köynək yaxınlar" kimi baxırıq". O vaxt o qədər də fikir vermədiyim bu sözləri indi başa düşürəm. Düşünürəm ki, Şamil ölmədi, igidliklə şəhid oldu. Heç Cavanşirlər, Babəklər, Fəridlər, Mübarizlər, Poladlar ölərmi?!
Sanki dostum yanımdadır. Onunla bir anlığa söhbətləşirəm... Qəribədir, soyuq havadan əsər-əlamət qalmayıb... Sənin qəlbinin hərarətidir bu soyuğu yox edən, başıqarlı uca dağlardan üz tutan soyuq küləyi mülayimləşdirən...
Şamil Vətən müharibəsinin ilk günlərindən Füzulinin düşməndən azad olunmasında fəal iştirak edib. Kapitan Şamil Babayev Füzuli ətrafında gedən döyüşlərin birində döyüşçüləri ilə mühasirəyə düşür. Say baxımından düşməndən xeyli az olsalar da, 40-dan çox erməni əsgərinə üç saatdan artıq müqavimət göstərərək mühasirəni yara biliblər.
Son nəfəsinə kimi əsgərləri ilə maraqlanan, döyüş yoldaşlarını qardaş bilən Şamilin ən böyük arzusu Şuşanı azad görmək idi. Şuşa qalası uğrunda gedən döyüşlərdə Şamilin rəhbərlik etdiyi qrup düşmənin əks-hücumunun qarşısını qətiyyətlə alır, ona ağır zərbələr vururlar. Düşmən geri çəkilməyə məcbur edilir.
Noyabrın 7-də Şuşa şəhəri uğrunda gedən döyüşdə ağır yaralanır.
8 noyabr. Şuşa şəhərində şanlı Azərbaycan bayrağı dalğalanır. Ağır yaralı olan kapitan Babayev sonuncu dəfə ay-ulduzlu bayrağa baxır. Tabeliyində olan əsgərləri “Komandir, arzunuza çatdınız, Şuşa bizimdir”, - deyirlər...
Şamil şəhid olur...
Camaldın kənd qəbiristanlığında torpağa tapşırılan igid Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin oğlu Yusif atasının şücaətləri ilə qürurlanır...
Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərimizin ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar. Həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial qayğılarının həll olmasına, onlara tibbi-psixoloji dəstəyin göstərilməsinə dövlət səviyyəsində nəzarət edilir.
Şəhid Ş.Babayevin də ailəsi 2021-ci il noyabrın 5-də tarixi Zəfərin birinci ildönümü ərəfəsində mənzillə təmin olunub.

Nuray NƏZƏROVA
Bakı şəhəri