Avqust ayının ikinci ongünlüyüdür. Günortadır. Seyrək buludların arasından boylanan Günəşin parlaq şüaları yer üzünü isidir. Hava olduqca xoşdur. Belə günəşli bir gündə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş İbrahimli Cavidan Nizami oğlunun əvvəllər yaşadığı ünvanını axtarırdıq. Gəlməzdən əvvəl zəng vurub anası Gülnaz xanımdan ünvanlarını soruşmuşduq. Onun nişan verdiyi ünvandakı binaların qarşısındakı geniş meydanda dayanmışdıq. Sadəcə olaraq, hansı giriş qapısından içəri girəcəyimizi bilmirdik. Bunu dəqiqləşdirmək üçün yenə də şəhid anası ilə danışdıq. Gülnaz xanım dedi ki, evimizə giriş həyətdəki "Xatirə bulağı"nın yanındandır. Əgər bulağı görürsünüzsə, o səmtə gəlin, indi uşağı qabağınıza göndərirəm. Telefon danışığımızı bitirib ətrafa boylandıq. Bir az irəlidə hündür ağacın altında "Xatirə bulağ"ını gördük. Həmin səmtə addımladıq. Bulağın yanına çatmağa az qalmış binadan bir oğlanın qarşımıza çıxdığını gördük. O yaxınlaşıb salamlaşandan sonra zəng vuranların biz olduğumuzu dəqiqləşdirdi. Tanışlıq verərək şəhidin böyük qardaşı Kənan olduğunu dedi.
“Şəhid olmasaydı indi ömrünün 25-ci ilini yaşayacaqdı”
Şəhidin evi birinci mərtəbədə idi. Şəhidin anası ilə kəndarda görüşdük. Sakitlik idi. Bu sakitliyi həyətdə oynayan uşaqların səsi pozurdu. Diqqətimizi Cavidanın xatirəsinə düzəldilmiş guşə cəlb etdi. Guşəyə Cavidanın müxtəlif illərdə çəkdirdiyi şəkilləri, sənədləri qoyulmuşdu. Döyüşlərdə böyük şücaət göstərərək şəhid olmuş oğlunun xatirə guşəsinə baxdığımızı görən Gülnaz xanım sözə başladı. Xatirələrin qanadında ötən illərə qayıdaraq Cavidanlı günlərindən danışdı. Dedi ki, illər yaman tez gəlib keçdi. Sanki bütün bunlar dünən, srağagün olmuşdu. Cavidan bir yaz günündə dünyaya göz açmışdı. Evimizin sonbeşiyi idi. Gəlişi ailəmizin sevincini daha da artırmışdı. Bir-birinə bənzəməyən günlər sanki onu tez böyütdü. Şən uşaq idi, qaraqabaq deyildi. Kədəri heç vaxt özünə yaxın buraxmazdı. Təbiətən çox sakit uşaq idi. Müəllimləri də həmişə ondan razılıqla danışardı. Sinif yoldaşları ilə də, qonşu uşaqlarla da çox mehriban davranırdı. Mehribanlığı ilə hamının sevgisini qazanmışdı. Onun kimləsə mübahisə etdiyini, dava-dalaş saldığını xatırlamıram. Cavidan həm də xeyirxah uşaq idi. Həmişə özündən balacalara kömək edərdi. Özündən böyüklərə isə hörmətlə yanaşardı. Şəhid olmasaydı, indi ömrünün 25-ci ilini yaşayacaqdı...
“Komandirləri ona “xilaskar mələk” deyirmişlər”
Ananı qəhər boğdu, gözləri yaşardı, danışa bilmədi. Cavidanın otaqdakı guşəsinə boylanıb yaşadığı qısa, lakin şərəfli ömür yolu ilə tanış olduq. Öyrəndik ki, o, 24 mart 2000-ci ildə Bakı şəhəri Badamdar qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə 236 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Ordusunun sıralarında Vətənə övladlıq borcunu yerinə yetirib. O vaxt cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmət edib. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına görə 2020-ci il sentyabrın 27 də Vətən müharibəsi başlayanda Cavidan İbrahimli könüllü olaraq döyüşlərə getdi. O, Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəsarətlə vuruşub, böyük hünər göstərib. Cavidan döyüşlər zamanı bir çiynində silah, bir çiynində tibb çantası gəzdirib. Yaralanan zabit və əsgərlərə ilkin tibbi yardım göstərib, həyatlarını xilas edib. Buna görə də komandirləri də, əsgər yoldaşları onu "xilaskar mələk" adlandırıblar. C.İbrahimli oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü kəndi uğrunda gedən döyüşdə şəhid olub. Oktyabrın 24-də Badamdar qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə İbrahimli Cavidan Nizami oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Xocavəndin azad olmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
“Oğul itirmək ağır dərddir”
Gülnaz xanım yenə də Cavidanlı günlərindən danışdı. Dedi ki, İkinci Qarabağ müharibəsi başlayanda Cavidan cəbhəyə yollanmaq üçün könüllü olaraq müraciət etdi. İmkan olduqca zəng vurub iştirak etdiyi döyüşlərdən danışırdı. Səsində böyük sevinc duyulurdu. Sevinə-sevinə deyirdi ki, ermənilər qarşımızda dayana bilməyib geri çəkilir. Bu gedişlə qısa müddətdə sənin doğma yurdun Ağdamı da erməni işğalçılarından azad edəcəyik. Günlərin birində mən sizə Şuşadan zəng vuracam. Bu şad xəbərləri eşidəndə sevincimiz aşıb-daşırdı. Mən Ağdam rayonunun Ətyeməzli kəndində dünyaya göz açmışam. Təəssüflər olsun ki, erməni işğalçıları 1993-cü ilin iyul ayında o gözəl yerləri də ələ keçirdilər. Cavidanın söylədiyi xoş xəbərlər ümid verirdi ki, yaxın zamanlarda Azərbaycan Ordusu Ağdamı da işğaldan azad edəcək. Hər gün sabahlarımız şad xəbərlərlə açılırdı. Ordumuz addım-addım Böyük Qələbəyə doğru irəliləyirdi. Oktyabrın 21-dən sonra Cavidandan zəng gəlmədi. Çox nigaran qaldıq. Sonra acı xəbər aldıq: komandiri zəng vurub Cavidanın şəhid olduğunu bildirdi. Dünya başıma fırlandı. Axı onun heç 20 yaşı da tamam olmamışdı.
Acı göz yaşları içində Cavidanı Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırdıq. Dəfnində iştirak edən hərbçi yoldaşları onun döyüşlərdə göstərdiyi igidliklərdən ürəkdolusu danışırdılar. Övladım haqqında eşitdiyim bu sözlər sanki yarama məlhəm olurdu. Övlad itirmək ağır dərddir. Təskinliyi yalnız onda tapıram ki, Cavidan torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Onun qırxı çıxar-çıxmaz atası Nizami oğul itkisinə dözə bilməyib dünyasını dəyişdi. Ölümü ilə dərdimizin üstünə dərd gətirdi.
Cavidan yaddaşlarda igid bir əsgər kimi qalacaq
Gülnaz xanım dedi ki, şəhid ailəsi kimi dövlət ona iki otaqlı mənzil verib. Şəhid anası bu qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi. Cavidanın adı əbədiləşdirilib. Yaşadıqları küçə indi onun adını daşıyır. Oğlunun dostları onun adına həyətdə "Xatirə bulağı" tikib. Hər gün binada yaşayanlar, Cavidanın adını daşıyan bulaqdan su içənlər xatirəsini hörmətlə yad edirlər. Şəhid anası dedi ki, övladımın adını daşıyan küçə ilə addımlayanda qürur hissləri keçirirəm.
Cavidanın qardaşı Kənandan öyrəndik ki, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə onu da ordu sıralarına çağırıblar. "Bizi birbaşa hərbi hissəyə gətirdilər. Həmin gün hamıya hərbi forma verdilər, silah payladılar. Ertəsi gün təlimlərə başladıq. Bir neçə gündən sonra bizi də müharibəyə aparacaqdılar. Məşğələlər zamanı silahları həvəslə öyrənirdik. Təəssüf ki, bu arzuma çata bilmədim. Qardaşım şəhid olduğuna görə məni ordu sıralarından tərxis etdilər. Qardaşım Şamxal da, mən də kiçik qardaşımız Cavidanla, onun şücaətləri ilə fəxr edirik".
Gülnaz xanım övladı ilə bağlı başqa bir maraqlı məlumatı da dedi: "Oğlumun ili ərəfəsində Türkiyədə yaşayan dostu zəng vurub dedi ki, Şəfiqə adlı bir qadın "Tvitter" səhifəsində Cavidanla bağlı paylaşım edib. Cavidan nə vaxtsa beş manatlıq pulun üstünə: "Şəhidləri unutmayın! İbrahimli Cavidan. Bakı - Badamdar" sözlərini yazıbmış. Hansı yollasa pul Şəfiqənin əlinə düşüb. O da pulun şəklini çəkərək paylaşım edib. Sonra həmin beş manatlıq əskinası bizə göndərdilər. Gülnaz xanım həmin pulu da, pulun şəklini də bizə göstərdi. Cavidanın bir vaxtlar üstünə öz xətti ilə yazdığı pul indi evlərində bərəkət rəmzinə çevrilib.
Şəhid anasının övladı ilə bağlı xatirələri qurtarmır. Sözünün əvvəli də Cavidandı, axırı da. Gülnaz xanımın oğul sevgisi heç vaxt da tükənməyəcək. Bu sevgi onu deyir ki, Cavidan yaddaşlarda igid bir əsgər, cəsur bir döyüşçü kimi əbədi olaraq qalacaq.
Vahid MƏHƏRRƏMOV,
Bakı şəhəri