Üstündən nə qədər zaman keçirsə-keçsin tarixi hadisələr, tarixi döyüşlər heç vaxt unudulmur. Həmişə yazılır və xatırlanır. Xatırlandıqca da onun yeni çalarları üzə çıxır. Bu hadisələr və döyüşlər həm də tarix kitablarına salınır. Zaman-zaman mütəxəssislər tərəfindən öyrənilir və öyrədilir. Şuşa uğrunda gedən döyüşlər də tarixi döyüşlərdir. Ona görə də onu öyrənmək və öyrətmək lazımdır.
Qürurverici məqamlardan biri də odur ki, Şuşa uğrunda gedən döyüşlər ölkəmizdən kənarda da mütəxəssislər tərəfindən öyrənilir və geniş şərh olunur. Ən əsası isə xalqımıza başucalığı gətirən bu tarixi döyüşlərə yüksək qiymət verilir. Amerikalı mütəxəssislər Müasir Müharibə İnstitutunun saytında institutun Şəhər Müharibəsi araşdırmalarının rəhbəri, bu layihənin həmmüəllifi Con Spenser və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində beynəlxalq əlaqələr üzrə bakalavr təhsili alan Harşana Qurhunun müəllifləri olduğu "Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ Müharibəsinin qaçırılan dərsləri" adlı məqalə yazıblar. Şuşa uğrunda gedən döyüşlər, bu döyüşlərdə böyük hünər göstərmiş zabit və əsgərlərimizin qəhrəmanlığı xarici ölkə mütəxəssislərinin də diqqətini cəlb edib. Hazırlanan məqaləni nəzərdən keçirdikcə aydın görünür ki, təhlillər daha çox Azərbaycan Ordusunun üstünlüyü üzərində qurulub.
Amerikalı mütəxəssilər Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı uğurlardan bəhs edərək yazırlar: "2020-ci il İkinci Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olub. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüşün gələcəyi üçün bir sıra iddialar ortaya qoydu: hərbi kampaniyalarda müharibənin şəhər xarakteri barədə açıq xatırlatmalar təklif etməsi bu müzakirələrdən tamamilə kənarda qalan bir məqamdır. 1988-1994 və 2016-cı illərdə Azərbaycan və Ermənistan arasında müasir dövrdə bölgədə bir neçə böyük döyüş əməliyyatları baş verib. 2020-ci ilin sentyabrında Azərbaycanın torpaqların azad edilməsi üçün həyata keçirdiyi əks-həmlə əməliyyatını isə dünya diqqətlə izlədi".
Mütəxəssislər hazırladıqları məqalədə daha çox diqqəti Şuşa uğrunda gedən döyüşlər yönəldiblər. "Müharibənin ən vacib döyüşü Şuşa şəhərində baş verdi. Şuşa azad olunduqdan sonra Ermənistan təslim oldu və işğal etdikləri ərazilərdən çıxaraq, məğlub tərəf kimi müqavilə bağladı. Tez-tez "Azərbaycanın mədəniyyətinin beşiyi" kimi xarakterizə olunan Şuşada Azərbaycan ziyalıları, şairləri və yazıçıları doğulublar. Şuşada məscid və məqbərələr kimi bir çox mühüm mədəni abidələr yerləşir... Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olundu. O zaman ərazidə 23 mindən çox azərbaycanlı olduğu təxmin edilir. Döyüş zamanı və sonra şəhərin çox hissəsi dağıdıldı və Azərbaycan əhalisinin çoxu öldürüldü, qovuldu və ya didərgin salındı".
Məqalə müəllifləri uğrunda gərgin döyüşlər getmiş Şuşanın gözəlliyini də təsvir edirlər: "Şuşa bölgədəki digər şəhər və rayonların zirvəsində dayanır. Gözəl görünüşü və dağlıq ərazisi işğal olunmuş bütün rayonun nəzarət altında saxlanılması üçün strateji üstünlük verir. Şəhər, həmçinin nəhəng təbii qaladır. Üç tərəfdən, şəhərin kənarlarından hündür qayalar ucalır və şəhərin qərb kənarı boyu şimaldan cənuba yalnız böyük bir yol keçir. 2020-ci il müharibəsi zamanı həm Azərbaycan, həm də Ermənistan üçün, mübaliğəsiz, mədəni əhəmiyyətini və əsas coğrafi üstünlüyünü nəzərə alaraq, Şuşaya nəzarət etmək hər iki tərəfin ən əsas məqsədi idi".
Xarici mütəxəssislərin Şuşa uğrunda gedən döyüşlərdən hazırladıqları yazını qürur hissləri ilə oxuyuruq. Çünki məqalədə zabit və əsgərlərimizin qəhrəmanlığı da öz əksini tapıb. "Oktyabrın 28-30-da Şuşanı təcrid etmək və şəhərin müdafiəsini pozmaq üçün mövqe tutan Azərbaycan xüsusi təyinatlı qüvvələri meşələr və yarğanlar arasında güclü müdafiə olunan Laçın dəhlizindən və ətraf kəndlərdən keçiblər. Məlumata görə, onlar şəhərə bir çox istiqamətdən daxil olublar və fərqli hədəflərə yaxınlaşmaq üçün qruplara bölünüblər. Ermənilər Azərbaycan qüvvələrinin əsas yollardan hücum edəcəklərini gözləyirdilər. Lakin əsgərlərin çoxu atəş dəstəyi olmadan ermənilərin qorumadığı dik qayalıqlara dırmaşdılar. Qaranlıq, davam edən Laçın hücumları və müdafiəçilərin uğursuz xəyalları Azərbaycan xüsusi təyinatlı qüvvələrinin görünməz meşələr və dağlıq ərazilərlə Şuşa müdafiəsini qırmaq üçün qərarlı hərəkət etmələrini təmin etdi.
Noyabrın 4-də Azərbaycan piyada qoşunlarının Şuşanın cənubundakı Daşaltı kəndi yaxınlığında olan yol uğrunda döyüşdükləri barədə xəbərlər gəldi. Həmin günə qədər Azərbaycan silahlı qüvvələri Şuşanın cənubundakı dağ silsiləsini və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrini də azad etmişdilər. Noyabrın 5-də axşam saatlarında Azərbaycan xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyənləri təcrid etdilər. Bu, şəhərin ən azı üç əsas istiqamətdən açıq şəkildə mühasirəyə alındığı üçün Şuşaya az miqdarda yardım gələcəyi demək idi. Noyabrın 6-da Azərbaycan qoşunları şəhərin kənarına çatdı. Noyabrın 7-də ərazini dumanlı hava bürüdü. Bu, Azərbaycan qüvvələrinin müharibə boyu onlara bu cür üstünlük qazandıran havadan müşahidə və zərbə qurğularının istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əks-hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks hücumunu dəf etdikdən sonra hücumda geri çəkildilər. Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək, erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüş sonda binadan binaya yaxın döyüşə çevrildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşanın işğaldan azad olunduğunu xalqa müjdə verdi. Şuşanın azad edilməsi Azərbaycan üçün böyük bir strateji qələbə idi və nəticədə, müharibənin taleyini həll etdi. Şuşa uğrunda gedən döyüş göstərdi ki, qələbə üçün geniş təsəvvür və müharibə oyunlarını da əhatə edən müdafiə planlarına sahib olmaq lazımdır".
Şuşa uğrunda gedən döyüşləri həmişə iftixar hissi ilə xatırlayacağıq. Çünki Şuşanın azadlığı naminə aparılan döyüşlər tarixi döyüşlərdi. Ona görə də unudulmur, bu gün də öyrənilir, sabah da öyrəniləcək. Çünki bu döyüşlər tariximizin səhifələrini şərəfləndirən döyüşlərdir, daim xatırlanacaq uğurlu döyüşlərdir. Bu döyüşlər hərb tariximizin şərəfli səhifələrindən biridir.
Vahid MƏHƏRRƏMOV Bakı şəhəri