Azərbaycanın dövlət sərhədləri daxilində hər qarış torpaq Vətən kimi sevilir. Başlanğıcı bəlli olmayan bu sevginin sonu da olmayacaq. Neçə-neçə yüz illərin o üzündə qalan tarix deyir ki, illərini ömür kimi yaşayanların düşüncələrində Vətən olub, Vətənin müqəddəsliyi olub, dövlət olub, dövlətçilik olub. Tarixin müxtəlif dönəmlərində dövlətçiliyimizə daşlar atılıb, sərhədlərimizdə yad atları kişnəyib, torpaqlarımızda düşmən qılıncları qınından sıyrılıb. O çağlarda da torpaq ululuq mərtəbəsində qorunub, indi də belə qorunur. Onda da əli silah tutanlar "Vətən gözdü, biz kirpik, Gözümüzün keşiyini çəkirik!" deyib, indi də belə deyirlər. Vətən müharibəsindən sonra - Azərbaycanımızın ərazi bütövlüyü tam bərpa edildikdən sonra Azərbaycan əsgərinin döyüş əzmi də, qələbə ruhu da, qətiyyəti də milli-mənəvi dəyərlərimizin tərkib hissələrindən biri kimi formalaşdı. Bu tarixi Zəfər Cənubi Qafqazda dünya nizamını sahmana saldı. İndi Azərbaycan əsgərinin Hərbi Andının davamı olan döyüş və mənəvi-psixoloji hazırlığı tarixi Zəfərin qüdrətinə söykənib. İşğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlər üçün də bu and sözlə ifadə edilməsi mümkün olmayan sədaqətdi. Bu sədaqət Vətən borcunun fövqündə dayanır...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordumuzun qazandığı tarixi Zəfərə ehtiramının ifadəsi olan "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi..." fikri Vətən müharibəsinə də, qazanılan tarixi Zəfərə də, tarixi Zəfəri qazananlara da ehtiramın ifadəsidi. Bu kəlamlar işğaldan azad edilmiş ərazilərdə daha böyük qürurla xatırlanır.
* * *
Hümbət Cəfərov Qazaxın Aşağı Əskipara kəndində dünyaya göz açıb. Atası Birinci Qarabağ müharibəsində taqım komandiri olub. Kəndin işğal edilməsi, atasının döyüş xatirələriylə böyüyüb, düşüncələri bu xatirələrin, təəssüratların ağrı-acılarıyla, könüllülərin döyüş ruhunun qüruru ilə formalaşan Hümbətin də heysiyyətini silkələyib.
Hümbət orta məktəbi bitirib, Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq fakültəsinə daxil olub. Təhsil illərində də düşüncələrində Vətən harayı səslənib. Bu kəsilməz haray o illərdə Azərbaycan gəncliyinin ruhunun döyüş əzmi olub.
Hərbi xidməti başa çatanda Hümbət hərbi hissənin komandirinə müraciət edib: "Zabit olmaq istəyirəm, komandir. Ali Baş Komandanın verəcəyi döyüş əmri ilə başlayacaq müharibədə zabit kimi iştirak etmək niyyətindəyəm...". Beləcə Hümbət öz istəyinin arxasıyca gedərək "Ehtiyat zabit hazırlığı kursu"na qəbul olub...
O günlərdən illər ötüb. Bir vaxtlar sıravi əsgər olan Hümbət, indi kapitan hərbi rütbəsini daşıyır. Vətən müharibəsi iştirakçısıdı. İşğaldan azad olunmuş ərazilərdə dislokasiya edilən hərbi hissələrdən birində xidmət edir...
- Hərbi qulluqçu üçün harada xidmət etmək o qədər də ciddi əhəmiyyətə malik deyil. Əhəmiyyətli məqam üçrəngli bayrağımızın dalğalandığı torpaqlarımızda layiqincə hərbi xidmət etməkdir. Ancaq bir vaxtlar biz də, bizdən beş-on yaş böyük olanlar da bu ərazilər haqqında düşünüb, bu ərazilərin işğaldan azad olunması gününü arzulayıblar. Ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə bu arzunu, bu niyyəti gerçəkləşdirdi. Qürurlanıram ki, işğaldan azad edilmiş ərazidə xidmət edirəm, Vətəni bu ərazilərdə qoruyanların sırasındayam.
Ermənilər Qazaxın Aşağı Əskipara kəndindən də çəkildi. Hərbçi harada xidmət etməsindən asılı olmayaraq elə bilir ki, öz elini qoruyur. Atam deyərdi ki, Vətən torpaq deməkdi, torpaq - ömür, ömür od-ocağa sevgidi. Biz də közümüzün, torpağımızın - Vətənimizin - gözümüzün keşiyini çəkirik...".
Füzulinin, Ağdamın, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının kəndləri də mənə Aşağı Əskipara qədər doğmadı. O kəndlər işğaldan azad ediləndə elə bilirdim kəndimiz azad edilib. İndi işğaldan azad edilmiş ərazidə xidmət edirəm, elə bilirəm kəndimizi qoruyuram. Hər kənd hər birimizə Vətəndi, Vətənimizi qoruyuruq...
Hərdən könlümdə özümlə şeirləşirəm də:
Vətənin o başı, bu başı olmur
A dağlar, duyğular beşiyindəyik.
Torpaq da Vətəndi, Vətəndi torpaq,
Biz də torpaqların keşiyindəyik...
Əsgər Hüseyn Şirəliyev hərbi xidmətə Masallı rayonunun Ərkivan kəndindən çağırılıb. Uşaqlığında, yeniyetməliyində o da digər həmyaşıdları kimi müəllimlərinin Vətənə bağlı söhbətlərini, Birinci Qarabağ müharibəsi haqqında hekayətlərini maraqla dinləyib. O da müharibənin, işğalın nə olduğunu döyüşlərdə şəhid olmuş ərkivanlıların döyüş yolunu öyrənə-öyrənə, müharibə şəraitində yaşantılarını görə-görə dərk edib.
Səkkizinci sinifdə oxuyurdu. Tarix müəllimlərindən Başlıbel, Meşəli, Qaradağlı,... Xocalı faciələri haqqında da eşitmişdi. O da inanırdı ki, torpaqlarımız işğaldan azad ediləcək. İşğaldan qurtuluş döyüşlərində iştirak edən əsgərlərin davamçıları onlar olacaqlar. O ərazilərdə xidmət etmək istəyirdilər. Onda döyüşlər başlayanda yaşlarının azlığına görə yaşadıqları təəssüf azalacaqdı. Hərbi hazırlıq müəllimlərindən sıra hazırlığını, avtomatın sökülüb-yığılmasını öyrəndikcə, Hərbi And içəcəkləri günə yaxınlaşdıqlarını hiss edirdilər...
Vətən müharibəsi başladı. Torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Hüseyn də qürurla deyirdi ki, mən işğaldan azad olunmuş ərazilərimizdə xidmət edəcəm.
Gənc əsgər hazırlığı başa çatdı. O da Hərbi And içib, o da ilkin hərbi bilikləri mənimsəyib, qoşunlarda xidmətə göndərilib. Xidmətini harada davam etdirəcəyini biləndə əsgər yoldaşlarına baxıb: "Niyyətimizə çatdıq"... - deyib.
İşğaldan azad edilmiş ərazidə xidmət edirdi. "Torpaqlarımızın keşiyini çəkirik..." qüruru onun da ürəyinin döyüntülərinə qarışırdı...
Hərbi xidmətin ilk günü də, Hərbi andiçmə günü də əsgərlərin yaddaşında qalır, bu iki günün ovqatını heç biri heç zaman unutmur.
İşğaldan azad edilmiş ərazidə xidmət əsgərin Vətənə sevgisinin göyqurşağına dönür. Burada xidmət edən əsgərlərin düşüncələri torpaq kəlməsinin mahiyyətini o qədər səmimiliklə, o qədər böyük sevgilərlə əsgərləşdirir ki, Vətən müharibəsində qalib gələn xalqı əsgər bilirsən; torpağın nə olduğunu, müharibənin nə olduğunu bilənlərin hamısı 2020-ci ilə kimi Ali Baş Komandanın əmri ilə başlayacaq müharibəni arzulayırdı. Bu döyüşlər işğaldan qurtuluş olacaqdı. O vaxtlar məktəbli olan əsgər Hüseyn Şirəliyev deyir ki, Vətənin nə olduğunu yuxarı sinif şagirdləri döyüşlərə getmək istəyəndə daha dərindən dərk etdik. Hərbi xidmətə də bu düşüncələrlə gəlmişik. İşğaldan azad edilmiş ərazidə xidmət düşüncələrimizi də əsgərləşdirib. Vətənimizin bu tərəflərini, komandirimizin dediyi kimi, ocağımız, közümüz, gözümüz kimi qoruyuruq.
Əsgərlərimiz gözəl düşünürlər. Gözəl düşüncələr nümunəvi xidmətin göstəricisidir.
Hüseyn Şirəliyev nümunəvi əsgərdir. O da yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. O da işğaldan azad olunmuş ərazidə xidməti ilə qürurlanır, tərxis edildikdən sonra bu ərazilərdə döyüşmüş əsgərlərlə söhbətləşəndə onlara deyəcək ki, sizin döyüş yolunuzun davamçıları olmuşuq...
Elmar Şirinov hərbi xidmətə İsmayıllı rayonundan çağırılıb. Qalacıq kəndində yaşayıb, təhsil alıb.
Vətən müharibəsi başlayanda səkkizinci sinifdə oxuyurdu. Kəndlərindən neçə-neçə cavanın rayon mərkəzinə getdiyini də görmüşdü, niyə getdiklərini də soruşmuşdu. Cavanlardan eşitdikləri müəllimlərindən sorğularına aldıqları cavabları tamamlamışdı: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Azərbaycan Ordusu ədalətli müharibədə tarixi Zəfər qazandı. Sonrakı daha bir hərbi əməliyyatla Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bu, xalqın qələbəsi idi. Bu qələbə məktəblilərin də vətənpərvərlik duyğularını kükrətdi. Onlar işğalı sonlandırmış əsgərlərin davamçıları olacağı günün qüruruna qənşər gedirdilər - onları illərin niyyəti gerçəkləşdirəcəyi gün işıq kimi çəkirdi...
Elmarı da hərbi xidmətə çağırdılar. Müəllimləri ilə görüşmək üçün, onların da xeyir-duasını almaq üçün məktəbə getdi. Ona qürurla baxan müəllimlərinə vəd verdi - "Arzuladığınız kimi xidmət edəcəm!", onu uğurlayan baxışlara inam verdi - "Zəfər qazanmışlarımızın layiqli davamçılarından olacam!"...
Elmar işğaldan azad olunmuş ərazidə xidmət edir. Buralarda necə döyüşlər getdiyini də bilir, buraların igidliklə işğaldan necə azad edildiyini də. Onu da bilir ki, Azərbaycan əsgəri 32 il əvvəl o qarlı qış günü burada - qarşıdakı meşəliyin ətəyində də, suyu donmaqda olan çayın yan-yörəsində də, yolun sağında-solunda da cəsarətlə döyüşüb, camaat uzaqlaşana kimi düşmənin hücumunun qarşısını saxlayıb. Ölümdən yaxa qurtaranlar xeyli aralıda pusquya düşüblər.
Əsgərlər bu əraziləri işğaldan azad edənləri tanımırlar. Tanımadıqları həmin döyüşçüləri özlərinə qardaş, xalqa oğul, tarixə qəhrəman bilirlər. Hamısı işğaldan azad edilmiş ərazidə xidməti Vətən müharibəsi başlayanda yaşının azlığına görə yaşadığı təəssüfə təsəlli bilir. Bu, qürurdur! Bu, sevgidir!
"Hər səhər üzü meşəliyə tərəf baxanda 32 il əvvəlin dəhşətlərini xatırlayırıq. Bu xatırlamalar Vətənə sevgimizi daha da artırır. İşğaldan azad edilmiş ərazidə xidmət etməyin qürurunu yaşamağı səadət bilirik. Bu, əsgəri səadətdi..." - Elmar belə deyir. Elmar həm də deyir ki, qonşumuz da işğaldan azad edilmiş ərazidə xidmət etmişdi. Deyirdi ki, komandirimiz də Vətən müharibəsinin iştirakçısı olmuşdu. Bu ərazilər uğrunda döyüşlərdə o da iştirak etmişdi. Onu vaxtaşırı yaxınlıqdakı yamacın ətəyində görərdik. Komandirimiz burada şəhid olmuş əsgərlərini unutmamışdı. Biz onun da döyüş təəssüratlarını maraqla dinləyirdik. Hərbi xidmətimizi burada keçirməyimizin qürurunu hər dəfə könül xoşluğu ilə yaşayırıq...
İşğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlər özünü tarixi Zəfər qazanmış əsgərlərin davamçısı bilir, onlara elə gəlir ki, ruhən sabah xidmət edəcək əsgərlərin də sıralarında olacaqlar...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"