Ötən əsrin sonlarında regionda cərəyan edən qeyri-sabitlikdən və ölkə hakimiyyətimizin səriştəsizliyindən sui-istifadə edən qonşuluğumuzdakı Ermənistanın silahlı birləşmələri xaincəsinə torpaqlarımızı işğal etməyə başladılar. Elan olunmamış müharibəyə cəlb olunan xalqımız hazırlıqsız olduğu üçün düşmənin məkrli niyyətlə edilmiş hücumları qarşısında tam olaraq tab gətirə bilmirdi. Uzun illər heç bir insanlığa sığmayan, xüsusi amansızlığı özündə əks etdirən əməllərlə xalqımıza divan tutan erməni silahlı birləşmələri öz havadarlarının dəstəyi ilə ölkəmizin ərazilərini zəbt etdi və bu əməlini günahsız soydaşlarımızın qanını tökməklə həyata keçirdi.
Bir sözlə, güclü ordunun və güclü liderin olmaması güclü xalqımızın qəddini əymək üzrə idi. Həmin dövrdə dövlət rəhbərliyində oturanların səriştəsizliyinin nəticəsi idi ki, ordumuz pərakəndə şəkildə və könüllü dəstələrdən ibarət bölmələrlə düşmənə qarşı vuruşurdular. Lakin bu cür ordu ilə lazımi nəticə əldə etməyə inam sadəcə olaraq sadəlövhlük olardı. Vahid komandanlığın və zəruri təminat-təchizat vasitələrinin mövcud olmaması cəbhədə döyüşən şəxsi heyətin də mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərirdi. Bunun nəticəsi idi ki, bölmələrimiz hətta əlverişli yüksəkliklərin belə qorunmasında çətinlik çəkirdilər. Düşmən yaradılan boşluqdan da istifadə edərək ərazilərimizi işğal etməyə davam edirdi. Bir sözlə, gün keçdikcə dövlətimiz uçuruma doğru irəliləyir, süqut isə qaçılmaz idi. Bunu görən xalqımız ayaqlandı. Hakimiyyətə əsl lider və öndər lazım idi. Ömrünü xalqının inkişafına həsr etmiş, millətinin sosial rifahının, mədəni inkişafının əldə olunmasında müstəsna rol oynamış şəxs hakimiyyətə gəlməli idi. Belə olan halda yalnız uzaqgörən dahi şəxsiyyət Heydər Əliyev xalqın və dövlətin imdadına çata bilərdi. Çünki məhz Heydər Əliyev sovet dönəmində dövlət orqanlarında yüksək vəzifələrdə işlədiyi müddətdə rəhbər qüvvələrin etirazlarını, o cümlədən daxili təqibləri uğurla dəf edərək, azərbaycanlıların dirçəlişi və firavanlığı üçün əlindən gələni etməyi bacarmışdı. Məhz Ulu Öndər hakimiyyətə gəldikdən sonra həmin dövr ölkəmizdə hökm sürən bölücülük fəaliyyətinin kökünü qətiyyətlə kəsməklə, siyasi, iqtisadi, sosial dirçəlişin təmin olunmasında müstəsna rol oynadı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ordu quruculuğu işinin də vacibliyinin fərqində idi. Ordu quruculuğu sahəsi çox çətin, eləcə də mühüm iqtisadi potensiala malik olmaqla yanaşı, geniş diplomatik əlaqələrin və əməkdaşlıqların da zəruriliyini özündə birləşdirən məsələlərdən idi. Bunun fərqində olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qısa müddət ərzində təxirəsalınmaz və konkret hədəfə yönəlik işlər görüldü. Təsadüfi deyildi ki, cəbhədə ilk uğurumuz da məhz Əbədiyaşar Komandan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əldə olundu. Belə ki, Horadiz əməliyyatı Birinci Qarabağ müharibəsi dövründə ən uğurlu döyüş əməliyyatı olaraq, tarixə həkk olundu. Bir sözlə, Ulu Öndər tərəfindən həyata keçirilən vacib islahatlar ordumuzun formalaşması və nizami ordu kimi təşəkkül tapması ilə nəticələndi. Uzun, keşməkeşli yol keçmiş, müqayisəolunmaz qərarlarla, sözün həqiqi mənasında, yenidən qurulan müasir ordumuz illər keçdikcə regionun şəksiz lideri olmaqla yanaşı, dünyanın da aparıcı orduları sırasında yer almağı bacardı.
Məhz bu ordu Əbədiyaşar Komandan Heydər Əliyev kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşməni tarixi torpaqlarımızda məğlubiyyətə uğratmaqla tarixi ədaləti bərpa etdi. Düşmənin 30 ilə yaxın "möhkəmləndiyi" mövqeləri darmadağın etmək və orada şanlı bayrağımızın dalğalandırılması üçün ordumuza cəmi 44 gün Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı zamanı isə bir gündən də az müddət lazım oldu. Sonuncu fəaliyyətin uğurlu icrası ilə tarixi torpaqlarımızda Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi və separatizmin yuvaları darmadağın olundu. Bir sözlə, ordumuz bu gün dövrünün dinamik inkişaf mərhələsinə uyğun olaraq və humanizm dəyərlərinə sadiq qalaraq qazandığı şanlı qələbələrlə dünyada misli görünməmiş tarix yazdı.
Şübhəsiz ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin miqyası çox böyükdür və bu mövzuda yazmaq üçün səhifələr belə kifayətsizdir. Bu məqalədə yalnız Hərbi Hava Qüvvələrimizin dünəni və bu günü arasında bir növ müqayisə aparacaq və bu işdə peşəkar HHQ zabitlərimizin bugünkü davamçılarının fikrini də öyrənib, siz oxucularımıza təqdim edəcəyik.
Hərbi Hava Qüvvələrinin zabiti Elmir Məmmədov bu mövzuda ilk müsahibimiz oldu. "Müstəqilliyimiz bərpa olunduqdan sonra ordu sisteminin vacib subyektlərindən olan Hərbi Hava Qüvvələrimizin yaradılması, mövcud bazanın dövrün tələbləri çərçivəsində qurulması və ixtisas üzrə təcrübəli zabitlərin hazırlanması məqsədi ilə təxirəsalınmaz işlərə başlanıldı. Məlumdur ki, müstəqilliyimizin ilk illərində ordumuzun inventarında olan döyüş təyyarələrini və helikopterlərini idarə etməyə qadir kifayət qədər kadr potensialına malik deyildik. Zaman keçdikcə, HHQ-nin şəxsi heyətinin komplektləşdirilməsi üçün zabit kadrların hazırlanması artıq ölkəmizdə təşkil olunmağa başladı. 1997-ci ildən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin başlatdığı kadr hazırlığı işi bu gün Heydər Əliyev adına Hərbi İnstitut tərəfindən uğurla həyata keçirilir. İldən-ilə qazanılan təcrübələri mənimsəyən şəxsi heyət dövrün tələbləri çərçivəsində öz ixtisasının incəliklərini mənimsəyir və sıralarımıza peşəkar hərbi qulluqçular kimi qoşulurlar. Hərbi hissəmizdə həm İkinci Qarabağ müharibəsi, həm də ondan əvvəlki əməliyyatlarda uğurla iştirak etmiş, həmçinin xarici ölkələrdə təşkil olunan kurs və təlimlərdə öz peşəkarlığını artırmış təcrübəli zabitlər xidmət edirlər ki, onlar da öz təcrübələrini günümüzün gənc hərbçiləri ilə bölüşürlər. Bundan əlavə, dünyanın güclü ordularından birinə malik olan qardaş Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq miqyaslı təlimlərdə iştirak edən gənc hərbi qulluqçularımız müasir döyüş üsulları və vəsitələrini öyrənərək öz ixtisasının nəzəri və praktiki incəliklərinə dərindən yiyələnirlər. Onu da xüsusi qeyd etmək lazımdır ki, pilot olmaq insandan yüksək savadla yanaşı, xüsusi diqqət və ayıq-sayıqlıq, fiziki dözüm tələb edir. Bunun üçün də hərbi hissənin rəhbərliyi tərəfindən bu sahədə günün nizam qaydalarına uyğun olaraq fəaliyyətlər planı icra olunur. HHQ mənsubları döyüş vərdişlərinin günün istənilən vaxtına uyğun uğurla tətbiq etmə bacarığını yüksəltməsi üçün günün işıqlı və qaranlıq vaxtlarında uçuşlar həyata keçirilir", - deyə zabit bildirdi.
Sonra hərbi hissədə xidmət edən gənc zabitlərlə tanış olub, onların fikirlərini qələmə aldıq. İzzət Kərimli Hərbi Hava Qüvvələrimizin gənc və önəmli perspektiv vəd edən zabitlərindəndir. Günümüzdə dünya ölkələrində hərbi aviasiyanın önəmli rolunu qeyd edən zabit ölkəmizdə də bu sahəyə göstərilən xüsusi diqqətdən danışdı: "Son zamanlar dünya ölkələrində Hərbi Hava Qüvvələrinin rolu və çəkisi mühüm dərəcədə artıb ki, Azərbaycan Ordusunda da bu sahənin önəmi xüsusi qeyd olunmalıdır. Arsenalımızda olan aviasiya vasitələrinin müasir rəqəmsal texnologiyalarla təmin olunması və təchizat vasitələrinin müasir standartlara uyğun formalaşdırılması ilə uzaq məsafədən yüksək dəqiqliyə malik silahların tətbiqi və kəşfiyyat işlərinin aparılması imkanları artıb. İldən-ilə Hərbi Hava Qüvvələrimizin döyüş potensialının artırılması yuxarı komandanlığın qarşıya qoyduğu ən vacib tapşırıqlardandır. Biz də öz növbəmizdə təcrübəli komandirlərimizin bizimlə bölüşdüyü bilik və bacarıqları mənimsəyir, öz ixtisasımızın incəliklərinə dərindən yiyələnirik".
Növbəti müsahibim Hərbi Hava Qüvvələrinin zabiti Şahbala Şahbalazadə oldu. Ondan ilk sərbəst uçuş zamanı keçirdiyi hissləri öyrəndim. "Təyyarənin yerdən göyə qalxması kənardan rahat görünə bilər. Lakin öncəliklə onu xüsusi qeyd etməliyəm ki, bu işdə pilotla yanaşı, texniki heyətin də əməyini və xidmətini vurğulamaq lazımdır. Çünki pilotun göyə qalxıb, tapşırığı uğurla icra edib geri qayıtması üçün texniki heyət nəfərləri böyük əzmlə çalışır və hər bir işi xüsusi incəliklə görürlər. İlk uçuşum zamanı təcrübəli təlimatçı komandirlərimin göstərdiyi inam və etimad mənə əvəzolunmaz stimul verdi. Həyəcanım yüksək idi, lakin çoxdan bu günün həvəsində olduğum üçün sevincim həyəcanımı üstələdi. O anı sözlərlə ifadə etmək çətin olsa da, bir sözlə belə deyim, hisslərim yerlə göy arasında idi. İllərlə aldığım təhsilin, mənimsədiyim nəzəri və praktiki biliklərin bəhrəsini həmin gün gördüm. Çox sevincli idim. Pilotlarda belə bir ritual var ki, ilk sərbəst uçuşunu edib, yerə uğurla endikdən sonra səni su ilə qarşılayırlar. Həmin gün həyatımdakı ən yaddaqalan günlərdən biri idi. Bu gün də öz üzərimizə düşən məsuliyyəti dərindən dərk edir, Vətən müharibəsi və ondan öncəki əməliyyatlarda iştirak etmiş komandirlərimizin təcrübələrini mənimsəyərək, bu sahədə özümüzü daha da təkmilləşdiririk", - Şahbala Şahbalazadə dedi.
Zabit Razi Hacıyev keçirilən uçuşlarda və ölkəmizdə, o cümlədən ölkə hüdudlarından kənarda təşkil olunan müxtəlifmiqyaslı təlimlərdə iştirak etmək bu sahədə təcrübənin qazanılmasında mühüm tədbirlərdən biri olduğunu qeyd etdi. "Hərbi aviasiya sahəsində qardaş Türkiyə ordusu uzun illərdir ki, ixtisaslaşıb və bizim ordumuzun da onlarla birlikdə müxtəlif təlimlərdə iştirak etməsi qarşılıqlı təcrübə mübadiləsi və müasir döyüşaparma üsullarının öyrənilməsi üçün vacibdir. Qardaş Türkiyə Cümhuriyyəti ilə birlikdə keçirilən "Anadolu Qartalı", "TurAz Qartalı", "TurAz Şahini" və digər təlimlərdə qazanılan təcrübələr bizim xeyrimizədir. Keçirilən təlimlər bizim təcrübəmizi, bizim təcrübəmiz isə ordumuzun gücünü artırır. Həmçinin təsdiq olunmuş əməkdaşlıq planına əsasən təşkil olunan kurslar, treninqlər və ümumi olaraq təhsil proqramlarında iştirak edərək öz bilik və bacarıqlarımızı daha da artırırıq. Bir sözlə, dünyanın aparıcı ordularına malik dövlətlərin və beynəlxalq təşkilatların Hərbi Hava Qüvvələrində tətbiq olunan yeni proqram və mexanizmlərin bizim ordu ilə inteqrasiyası məqsədi ilə keçirilən kurs və təlimlərdə bizlər də iştirak edərək, Hərbi Hava Qüvvələrimizin dövrün tələblərinə uyğun qurulması prosesinə cəlb olunuruq".
Bu gün ordumuzun hər bir sahəsində olduğu kimi, Hərbi Hava Qüvvələrində də beynəlxalq təcrübənin öyrənilməsi və arsenalımıza yeni daxil edilən, müasir döyüş sistemləri ilə təchiz olunan aviasiya vasitələrinin dövrün tələbləri çərçivəsində səmərəli istifadə olunması məsələləri seçilmiş prioritet istiqamətlərdəndir. Uğurla davam etdirilən prosesin bugünkü gənc iştirakçıları ilə həmsöhbət olduqdan sonra bir daha əmin oldum ki, Azərbaycan Ordusunun hər bir qoşun növü kimi, Hərbi Hava Qüvvələri də gənc olmasına baxmayaraq, gələcək üçün böyük ümidlər vəd edir. 44 günlük Vətən müharibəsi zamanı sınaqdan üzüağ çıxmış dəmir qanadlı şahinlərimiz bundan sonra da regionda sülhün və sabitliyin təmin olunması üçün səmalarımızı layiqincə qoruyacaq, şanlı üçrəngli bayrağımızı daim göylərdə ləyaqətlə daşıyacaqlar.
Fuad CƏFƏROV,
fotolar Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"