Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2024 16:52

“Əkinçi” Şərqdə doğan günəş idi

22 iyul 1875-ci ildə xalqımızın görkəmli, maarifpərvər ziyalı oğlu Həsən bəy Zərdabinin rəhbərliyi altında "Əkinçi" qəzetinin nəşrə başlamasından 149 il ötür. Şərqdə Günəş tək doğan "Əkinçi" ilə Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. Əlbəttə, bu, çox böyük tarixi, siyasi və mədəni hadisə idi. "Əkinçi" cəmiyyətin sosial sifarişindən deyil, ziyalı fədakarlığından yarandı. Məlumdur ki, hər bir milli mətbuat nümunəsinin yaranması üçün, ilk növbədə, sosial sifariş olmalıdır. İddia etsən ki, 1875-ci ildə Azərbaycan cəmiyyətinin sosial sifarişinin nəticəsi olaraq "Əkinçi" qəzeti meydana çıxdı. Səhv etmiş olarıq. Çünki belə bir tələbat  sosial sifariş yox idi. O dövrdə Azərbaycanda din adı altında mövhumat hökm sürürdü və müasir dünyaya açılacaq elmi tərəqqinin, sənayeləşmənin, yeni kapitalizmin gətirdiyi yeni ictimai və mədəni münasibətlərdə iştirak edəcək nə ictimai institutlar, nə də ayrı-ayrı fərdlər, yaxud qruplar var idi. Beləliklə, bu mərhələdə yeni şərtlər içərisində cəmiyyətdaxili dinamiklərin dialoqa girməsi üçün mütləq bir vasitə lazım idi. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini yaratmağının bir səbəbi də bundan ibarət idi ki, Azərbaycan cəmiyyətinin fəaliyyətinin cazibə mərkəzi kimi ölkəmizin milli maraqlarını müəyyənləşdirə bilsin və milli gücü bu maraqlar ətrafında səfərbər etsin.
Milli Mətbuatımızın ilkin missiyası dini fanatizm altında boğulan, əziyyət çəkən cəmiyyətimizin maariflənməsi idi. Qəzetin səhifələrində xalqımızın işıqlı insanlarının cəmiyyəti "qaranlıqda" saxlamağa çalışan dini fanatizmi, cəhaləti tənqid edən yazıları dərc olunmaqla, maarifçilik toxumu səpirdilər.
"Əkinçi"nin nəşrə başladığı tarixdə artıq dünyanın bir sıra xalqları müxtəlif illərdə qəzetlər dərc etdirmişdilər. Məsələn, ilk dəfə olaraq Almaniyada mətbəənin yaranmasından sonra 1609-cu ildə müasir mənada qəzetçiliyin  əsası qoyuldu. 1622-ci ildə Londonda, 1640-cı ildə İtaliyada, 1631-ci ildə Fransada, 1666-cı ildə Polşada, 1702-ci ildə Amerikada, 1724-cü ildə Rusiyada qəzet nəşrinə başlanılmışdı. 1875-ci ildə isə Azərbaycan bu prosesə qoşuldu. Avropa ölkələri ilə müqayisədə bu, gec  olsa da, müsəlman Şərqində birincilərdən hesab olundu.
"Le-Qazetta" sözü latın-Roma mənşəli bir sözdür, italyan dili vasitəsilə bizim leksikonumuza daxil olub, mənası isə “bayquş” deməkdir. Bu ad xüsusi olaraq seçilib, çünki bayquş 180 dərəcə sağa və sola dönməklə, qaranlığı çox aydın görmək qabiliyyətinə malikdir. Məhz qəzetin yaradılması, bu adın "qəzetta" kimi formalaşması prosesi də elə bu sözün etimologiyasından başlayır. Yəni, Həsən bəy Zərdabi də bilirdi ki, qəzet məhz cəmiyyətin hər tərəfini görə bilmək qabiliyyətinə malik olmalıdır  və cəmiyyətin qaranlıq yerlərinə işıq tutmağı bacarmalıdır. Ona görə də qəzetin adının "Əkinçi" olmasına baxmayaraq, onun əsas mahiyyəti maarifləndirmə idi.
Ümumiyyətlə, ilkin mərhələdə bütün dünya xalqlarının yaratdıqları çap mediasının birinci məqsədi maarifləndirmə olub. Bu, XVIII əsrin əvvəllərinə qədər davam edib və ilk dəfə olaraq Avropa intibahı dövründə, Avropada siyasi azadlıqlar anlayışı yarandıqdan sonra qəzet artıq həm də azadlıqları müdafiə edən bir vasitə kimi çıxış etməyə başlayıb. "Əkinçi" qəzetinin işıq üzü gördüyü dövrdə azadlıqlardan danışmaq olmazdı. Çünki çar Rusiyası daxilində və bu imperiyanın tərkibinə daxil olan digər imperiya subyektlərində "siyasi azadlıqlar" sözü kimi bir anlayış hələ yox idi. Ona görə də ilkin mərhələdə "Əkinçi" qəzetinin əsas məqsədi maarifləndirmə yolu ilə, ilk növbədə, cəmiyyətdə olan dini fanatizmi və mövhumatı, cəhaləti aradan qaldırmaq, xalqı elmə, tərəqqiyə istiqamətləndirmək, səfərbər etmək idi.
"Əkinçi" ilə başlayan Azərbaycan mətbuatı sonrakı mərhələdə milli mətbuatın digər nümunələri sayılan "Ziya", 1879-cu ildə "Kəşkül", 1880-ci ildə "Kaspi" ilə zənginləşməyə başladı. Azərbaycan cəmiyyətinin yetişdirdiyi ən böyük mütəfəkkirlər, işıqlı insanları bu qəzetlər vasitəsilə ölkəmizdə yeni ictimai fikir formalaşdırmaqla, bir növ, xalqların mübarizə tarixindəki müasir təfəkkürlü, mücadilə aparmağı bacaran bir xalq formalaşdırmaq istəyirdilər. Bir qədər sonra isə bu sıraya 1900-cü ildə "Həyat", 1905-ci ildə "Açıq söz", 1915-ci ildə "Azad söz", 1918-ci ildə isə "Azərbaycan" adlı qəzet qoşuldu. Əlbəttə ki, o dövrün siyasi şərtləri altında qəzet nəşr etdirmək çətin məsələ idi və bunun üçün xüsusi fədakarlıq tələb olunurdu. Amma buna baxmayaraq, bu qəzetlər Azərbaycan xalqının millət kimi var olma mücadiləsinin təzahürü olmaqla, millətin özünüifadəsinin bir forması kimi meydana çıxmışdı.
1900-cü illərdən sonra, hətta 1918-ci ilə qədər Azərbaycanda fikir rəngarəngliyi və müxtəlif cərəyanlara qoşulan insanlar var idi. Həmin illəri həm də bir milli kimlik axtarışı dövrü adlandırmaq da olar. Ona görə də Azərbaycan mətbuatının ən böyük imzalarından biri, Azərbaycan milli düşüncəsinin milli mübarizəsinin öndə gedənlərindən olan  Ömər Faiq Nemanzadə yazırdı: "Ey türk, istər darıx, istər karıx, yaxandan əl çəkəcək deyiləm, sən hər şeyi öyrənmək istədiyin halda, bircə zadı, yəni özünü bilmək istəmirsən. Niyə öz soy və nəslindən xəbərin yox? Niyə sənə "kimsən" dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə, sadəcə, deyə bilmirsən ki, mən türkəm? Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin? İndi də türksən, bundan sonra da türk qalacaqsan". Demək, bu fikirlərdən bəlli olur ki, o dövrdə din-məzhəb kimliyi milli kimlikdən üstün idi.
İnsanları birləşdirən aparıcı siyasi-ideoloji amil onların milli yox, din-məzhəb kimliyi idi. Digər bir məqaləsində Ö.F.Nemanzadə yazırdı: "Dil yoxluğu millətin yoxluğudur".
"Əkinçi" ilə başlayan Milli Mətbuatımız zəngin tarixi bir yol keçdi. Cəmiyyətimizin inkişafında, müasirləşməsində böyük rol oynayaraq, demokratik dövlət quruculuğu ənənələrinin təbliğində, ideoloji cəbhədə üstünlük qazandı. Müasir müstəqil Azərbaycanımızın ən güclü təbliğatçısına çevrildi.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"