Həkim peşəsi çox nəcib və məsuliyyətli peşələrdəndir. Məxsusi xarakterə, səbrə, diqqətliliyə, sakitliyə, ən əsası xeyirxahlığa malik olan həkimlərin vəzifə borcu insanların sağlamlığının keşiyində dayanmaqdır. Vətənimizi qoruyanlara xidmət isə müqəddəsdir. Hərbi həkim olmaq ikiqat şərəfli və məsuliyyətlidir.
Bu günlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Hematologiya bölməsində mövcud müalicə şəraiti ilə yaxından tanış olduq.
Bölmə rəisi tibb xidməti polkovnik-leytenantı Elvin Rüstəmov bizimlə söhbətində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin orduya diqqətindən, qayğısından, həmçinin onun rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatlardan, hərbi səhiyyənin ən müasir tələblər səviyyəsində qurulmasından, sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan, tarixi torpaqlarımızın azad olunması ilə başa çatan Vətən müharibəsindəki fəaliyyətlərindən danışdı. Bildirdi ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Tibb xidməti polkovnik-leytenantı qeyd etdi ki, bölmə 2020-ci il sentyabrın 1-də yaranıb. Hematologiya bölməsi yaranmamışdan əvvəl ciddi hematoloji xəstələr Elmi-Tədqiqat Hematoloji İnstitutuna təxliyə olunurdular. Bölmə yarandıqdan sonra ən müasir tibbi avadanlıqlarla təmin olunub və peşəkar tibb heyəti ilə komplektləşdirilib. Həkimlərin hamısı ixtisasca hematoloqdur, Gülhanə Tibb Akademiyasında təkmilləşmə kursu keçiblər.
- Hematologiya qan xəstəliklərini təsvir edən elmdir. Hematologiya - qanı, qanın istehsal olunduğu sümük iliyini və hemostaz (laxtalanma) sistemini, limfa düyünlərini, dalaq və digər limfoid orqanlarının xəstəliklərini öyrənir.
Qan orqanizmdə oksigeni, qidaları, hormonları, vitaminləri, antikorları toxumalara daşıyan, karbon qazını və tullantıları bədəndən çıxaran həyati mayedir. Qadın, kişi və uşaqlarda, eləcə də yaşlı şəxslərdə hematoloji xəstəliklər özünəməxsus gedişə malikdir. Bizə qanazlığı problemi ilə üz tutan xəstələrin sayı son zamanlar daha da çoxalıb. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qanazlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yaranan problemlərə də çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz "hemolitik" anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər. Belə xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur ki, buna da anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Qanazlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətlər də yoxlanılır. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsini aparırıq. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır...
Bölməmizdə hematoonkoloji xəstəliklərlə də məşğul olur, polikimyəvi müalicəni həyata keçiririk. Müalicələrimiz müasir beynəlxalq protokollara dayanır. Şübhəsiz, sivil ölkələrin qabaqcıl təcrübələrindən də bəhrələnirik. Uğurlarımız çoxdur. Hərbçilərin və onların ailə üzvlərinin xidmətlərində daim hazırıq.
Həkimlə söhbətdən öyrənirəm ki, atasının arzusu ilə həkim sənətini seçən tibb xidməti polkovnik-leytenantı Elvin Rüstəmov 1999-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. Uşaqlıq illəri Vətənimizin ağır günlərinə təsadüf edən Elvin həkim daxilindəki qisas hissi ilə iki sənəti özündə birləşdirərək, 2003-cü ildən təhsilini Hərbi Tibb fakültəsində davam etdirib. Beləliklə, elə o gündən başlayaraq tibb xidməti polkovnik-leytenantı Elvin Rüstəmov hərbi həkim olaraq Vətənin keşiyində dayananların sağlamlığının qayğısına qalmağı özünə həyat amalı bilib. 2005-ci ildə tibb xidməti leytenantı rütbəsi ilə "N" hərbi hissəsində tibb məntəqəsi həkimi kimi xidmətə başlayıb. 2007-2008-ci illərdə ümumi terapiya ixtisası üzrə internatura keçib. 2012-2014-cü illərdə Türkiyə Respublikasında Gülhanə Hərbi Tibb Akademiyasında hematologiya ixtisası üzrə təkmilləşmə kursunu bitirib. 2016-cı ilə kimi ön xətt hərbi hissələrində xidmət edib.
2016-cı ildən Baş Klinik Hospitalda, 2017-2020-ci illərdə Qan bankı bölməsinin rəisi, 2020-ci ildən Hematologiya bölməsinin rəisi vəzifəsində xidmət edir.
Otağındakı diplomlar, Fəxri fərmanlar, Gülhanə Tibb Akademiyasında uğurla başa vurduğu kursların sertifikatları da diqqətimi cəlb etdi. Elvin həkim həm də on ildən çoxdur ki, Türkiyə Hematoloji Dərnəyinin üzvüdür.
Bölmənin həkimlərinin ölkə daxilində və xaricində keçirilən beynəlxalq konfranslarda, sinpoziumlarda davamlı olaraq iştirakından söhbət açan Elvin həkim bu ilin aprel ayında Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən "Avrasiya Beynəlxalq Konfransı"nda bölmənin üç həkiminin iştirakından, məqalələrlə çıxış etdiklərini vurğuladı. Milli Hematologiya Mərkəzi və Gülhanə Hərbi Tibb Akademiyası ilə daimi əlaqədə olduqlarını və əməkdaşlıq etdiklərini bildirdi.
Vətən müharibəsində hematologiya bölməsinin həkimləri də 24 saat fəaliyyətdə olublar. Elvin həkim hospitala çatdırılan yaralıların təxliyə və çeşidlənməsində tam məsuliyyəti ilə iştirak edib.
Elvin həkim dedi ki, Vətən müharibəsində Tibb İdarəsinin rəhbərliyi idarənin fəaliyyətini tibbi təminatın, tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiqi üsullarını hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən təşkil etmişdi. "Həmçinin Baş Klinik Hospitala çatdırılan yaralıların sağalmalarında, uğurun əldə olunmasında başlıca rolu təchizat oynayırdı. Buna görə uzaqgörən dövlət başçımıza, ordu və tibb xidməti rəhbərliyinə minnətdarıq. Biz ən müasir avadanlıqlarla hərtərəfli təmin olunmuşuq".
İnsanların sağlamlığının keşiyində dayanmağı özünə məqsəd bilən Elvin həkim dedi ki, son ümidini itirmək üzrə olan xəstənin gözlərindəki yaşam sevincinin sənə yaşatdığı hissi, xoşbəxtliyi heç nə ilə əvəz etmək mümkün deyil.
Tanrıya ən yaxın insanlardı həkimlər. Bir insanı səbirlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək həkimdən xüsusi istedad tələb edir.
Hematologiya bölməsinin baş ordinatoru tibb xidməti mayoru Elmir Quluyevlə söhbətləşərkən öyrənirəm ki, yaxınlarının bir çoxu ömürlərini bu xeyirxah peşəyə həsr ediblər. O, 2009-cu ildə Hərbi Tibb fakültəsini bitirdikdən sonra tibb xidməti leytenantı kimi ön xətt hərbi hissələrindən birində xidmətə başlayıb. 2015-ci ildə hematologiya ixtisası üzrə rezidenturanı bitirib. 2017-2018-ci illərdə Gülhanədə hematologiya üzrə təkmilləşmə kursu keçib. Tibb xidməti mayoru Vətən müharibəsində yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşmaları üçün əlindən gələni əsirgəməyib.
Həm hərbçi, həm də həkim peşəsini bir yerdə daşımaqdan çox qürur duyan tibb xidməti mayoru Vətən müharibəsindən söz düşəndə dedi ki, həkimlik sənəti də igidlik, cəsarət, hünər tələb edir. Həkimin gücü ürəyindədir, inam isə ən güclü müalicə üsuludur. Vətən müharibəsində bura sonsuz sevinc və sevgi də əlavə olunmuşdu. Vətənimizin igid, mərd övladları illər idi ki, Ali Baş Komandanın bu əmrini gözləyirdilər. O gün yetişmişdi və hər bir kəs öz sahəsində döyüşlərə atılmışdı. Böyük Qələbə də bu döyüşçülərin sayəsində qazanıldı.
Çöhrəsində nur, mərhəmət, baxışlarında xeyirxahlıq və qayğıkeşlik işartıları, simasında sevincə qarışmış sevgi ilə baxışları uzaqlara dikilib... Elmir həkim Laçın rayonunun Qoşasu kəndindən altı yaşında "çıxmışdı". Əli silah tutan bütün qohumları döyüşürdü. Dayısı oğlu o günlərdə - Birinci Qarabağ müharibəsində şəhid olub... İllərdir doğma yurd-yuvalarının azad olunacağı günün xəyalı ilə yaşayıb. Artıq Elmir həkimin xəyalları reallığa qovuşub, əcdadlarının ruhu dolaşan doğma yurdu azaddır...
Avropa Hematoloji Assosiasiyasının, Amerika Hematoloji Cəmiyyətinin və Azərbaycan Hematoloji Mütəxəssislər İctimai Birliyinin üzvü olan Elmir həkim Milli Hematologiya və Transfuziologiya mərkəzində doktorantura təhsili alır. O, ölkəmizdə və xarici dövlətlərdə iştirak etdiyi konfransların onların peşə hazırlığının yüksəlməsinə, əlavə təcrübə qazanmasına zəmin yaratmasından, həkimlik sənətinin daim öyrənməyi, təkmilləşməyi və müasir üsullar axtarmağı tələb edən peşə olmasından danışdı.
Hər iki həkimlə söhbətimiz zamanı onlara müraciət edən xəstələrə mehriban, səmimi davranışları nəzərimdən qaçmadı. Düşünürəm ki, yaxşı bir həkim olmaq üçün elmli, bilikli olmaqdan başqa, həmçinin tibbi əxlaqi dəyərlərə sahib olmalısan. Çünki yüksək mənəvi dəyərlərə malik olmayan bir insan heç zaman yaxşı həkim ola bilməz. Bu yerdə Sokratın sözlərini yada salmaq istəyirəm. O deyirdi: "Yaxşı bir həkimdə dörd xüsusiyyət vardır: nəzakətlə dinləmək, ağıllı danışmaq, diqqətlə düşünmək və tərəfsiz qərar vermək". Qürurluyam ki, bu xüsusiyyətləri həmsöhbət olduğum hər iki həkimdə gördüm.
Bölmənin baş tibb bacısı baş çavuş Sara Əzizi-Meşkin Əziz Əliyev adına Tibb Kollecini bitirib. Hazırda Türkiyə Respublikasında Atatürk Universitetində "Tibbin idarə edilməsi" ixtisası üzrə distant təhsil alır. Baş tibb bacısı 8 ildir ki, bu tibb müəssisəsində çalışır. Xəstələrlə mehriban, səmimi davranışı, hər bir xəstəyə öz doğması kimi qulluq göstərməsi ötən illər ərzində ona böyük hörmət qazandırıb.
12 illik fəaliyyətinin altı ilini bu tibb müəssisəsində həyata keçirən bölmənin tibb bacısı Könül Əliyeva da təcrübəli tibb işçilərindəndir. Daim xəstələrlə mehriban, səmimi davranır, hər xəstəyə məsuliyyətlə qulluq göstərir. Könül xanımın atası həkim, anası tibb bacısıdır. Tibb bacısı deyir ki, insan hansı sahədə olmasından asılı olmayaraq, faydalı olmağa çalışmalı və bundan zövq almağı bacarmalıdır.
Bölmədə müalicə olunan əsgərlərə də baş çəkib, onların da fikirlərini öyrəndim. Müxtəlif hərbi hissələrdən gəlmiş əsgərlər Emil Nəsirli, Polad Mahmudlu, Rail Şahbazov, Emil Eldarov və başqaları onlar üçün yaradılan müasir şəraitə görə minnətdarlıqlarını bildirərək, həkimlərin, tibb bacılarının diqqət və qayğısından razılıq etdilər.
Burada olduğumuz qısa müddətdə bizdə də könül xoşluğu yaradan bölmənin gülərüz, mehriban kollektivindən xoş təəssüratlarla ayrıldıq.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"