Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2024 19:28

Zəngəzurluların izi ilə

Zəngəzur, zəngim haray
Döyüşüm, cəngim, haray.
Yurd həsrəti çəkəndən
Açılmır rəngim, haray.

Ordubad rayonunda bir kənd var: Qoruqlar. Bu kəndin təməlini zəngəzurlular qoyub. Kiçik kənddə iki qəbiristanlıq mövcuddur. Biri kəndin girişindədir. Hasara alınmış məzarlıqdakı lövhədə yazılıb: "Ey yoldan ötənlər! Bir anlıq ayaq saxlayın. Bu məzarlıqda yatanlar qaçqın düşən insanlardır. Zəngəzur mahalının Qafan bölgəsinin Oxçu, Şabadin, Buğacıq, Atqız, Pirdavdan kəndlərindəndirlər. 1918-ci ilin payızında Qapıcıqdan aşıb gəliblər. İndiki gənclər, qan yaddaşınıza yazın bunları".
İkinci bir qəbiristanlıq kəndin yuxarısında salınıb. Yurd həsrətlilərinin başdaşında belə yazılıb: Şirin Camalov 1884-1973. Qafan-Şabadin-Ordubad-Qoruqlar, Şamxal Bayramov 1909-1990. Qafan-Buğacıq-Ordubad-Qoruqlar. Əzizləri tarixi yaddaşı saxlamaq üçün məzar daşlarında doğulduqları yurd yerinin adını həkk ediblər.
Zəngəzurun başını illərdir qara buludlar alıb. Zəngəzur günümüzün ağrısı deyil ki, illərdir Ağrı dağı hündürlüyündə ürəyimizə dərd qalanıb - Vətən dərdi, yurd həsrəti. Zəngəzur silsiləsinin ən hündür zirvəsinə - Qapıcığa çıxmaq lazımdır ki, əsən səmum küləyi bəlkə bağrına ox sancılmış yurd yerindən xəbər verə… Xəbər verək ki, neçə qəbiristanlıqlarımız, neçə daş körpülərimiz, qalalarımız dağıdılıb, neçə-neçə yurd yerlərimiz viran qalıb. Zəngəzur o Zəngəzur deyil. İnsanlarının sığalı ilə torpaqları bərəkətlənən, barlı-bəhərli bağları, güllü-çiçəkli dağları ilə füsunkar təbiətli Zəngəzur deyil artıq. Doğma sakinləri, əzəli sakinləri qayıdana qədər Zəngəzur o Zəngəzur deyil…
Bizi o illərdən əsrlər ayırsa da, uzaq tarixi hadisələrin şahidləri olmasaq da, bəlli bir soyumuz, kökümüz, yazılan tariximiz, torpağın bağrına şəhadət kimi sancılan abidələrimiz var. Ən əsası tarixi faktlar, şahidlər var. O tarixi faktları və şahidləri qoruyan ocaqlardan biri də Naxçıvandır. Zəngəzurluların ən dar günündə onlara qucaq açan Naxçıvan.
Əzəli Azərbaycan torpağı olan Zəngəzur ərazisi Şimaldan Göyçə gölü hövzəsini və Azərbaycan Respublikasının cənub-qərb hissəsini əhatə edir. Qərbdən Zəngəzur, Şərqdən Qarabağ dağları ilə sərhədlənən ərazinin böyük bir hissəsi xanlıqlar dövründə Qarabağ, bir hissəsi Naxçıvan, qalan hissəsi İrəvan xanlıqlarının tərkibində idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (1940-cı ildən Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.
Tarixi mənbələrdən də məlum olduğu kimi, ermənilər bu ərazilərə sonradan köçürülüb. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı, bundan üç dəfə az erməni kəndi olub.
Təkcə 1828-ci il ərzində Qacarlar dövləti ərazisindən Şimali Azərbaycan xanlıqları ərazilərinə 8249 nəfər erməni köçürülüb. Köçürülmələrin nəticəsində Qafqazda ermənilərin sayı 10 dəfədən artıq yüksəlib. 1831-ci ildə Cənubi Qafqaza köçürülən 125 min erməni 1828-31-ci illər Qacarlar dövləti və Osmanlı Türkiyəsindən köçürülənlər idi. Bütün faciələr də elə bundan sonra başladı. Köçürülənlər öz xislətlərinə uyğun aid olmadıqları torpaqlara soyqırımı, deportasiya gətirdilər, yurd yerlərini viran qoydular. İllər keçsə də, xislətləri heç dəyişmədi.
1905-07-ci il qırğınları və 1918-20-ci illər soyqırımı Zəngəzurdan da yan keçmədi. Xüsusən Qafan bölgəsinin Oxçu, Şabadin, Atqız, Buğacıq kəndlərində ermənilər xüsusi qəddarlıqla soyqırımı cinayətləri törətmişlər. Ordubad rayon Qoruqlar kənd sakini Məzahir Əliyev Qafan rayonunun Buğacıq kəndindən olan atası Kərim kişinin nəql etdiklərini yaddaşına köçürüb: "1918-ci ilin noyabrında ermənilər Şabadinə hücum edib oranı yerlə-yeksan edəndən sonra kəndin 2-3 kilometrliyində olan Oxçu kəndinə elçilərini göndərirlər ki, bəs, barışığa gələk. Erməninin ənənəvi hiyləsinə aldanan kənd camaatını bir binaya yığaraq od vurub yandırırlar".
Naxçıvan və Dərələyəzdə qanlı qırğınlar törədən Andronik Ərikli dağını aşaraq 1918-ci ilin yayında Qarakilsənin qərbində yerləşən azərbaycanlı kəndlərini - Comərdli, Ərəfsə, Murxus, Şıxlar, Dəstəgird, Şələk, Pulkənd, Şəki, Qarakilsə, Almalıq, Ağyol, Armudlu, Arıqlı, Sofulu, Qıvraq, Əlişar, Məliklər, Püsək və Şükarı dağıdıb yandırdı. Rəqəmlərə istinad edəndə törədilən faciənin miqyasını daha aydın görmək olur. 12 min azərbaycanlıdan 5 minə yaxını qətlə yetirilmiş, yaxud deportasiya zamanı aclıqdan, soyuqdan və yoluxucu xəstəliklərdən tələf olmuşdu. Bu qırğından canını salamat qurtaranlar Ərikli dağını aşıb Naxçıvana, Şahbuza, Culfaya, Ordubada pənah aparmışdılar.
Şahbuz rayon Kükü kənd sakini Aydın Tarışovun babası Binyət Fərzəliyev Pulkənddə anadan olub. 1918-ci ildə ermənilər Pulkənddə Binyət kişinin anası kimi onlarla yaşlı qadınları, uşaqları, bir sözlə, qabaqlarına çıxan hər kəsi qılıncdan keçiriblər. Binyət kişi atı ilə dağları aşaraq Qanlı göl yaylağına, oradan da Küküyə enib. Bibisinin yanına gəlib, elə o vaxtdan da bu kənddə məskunlaşıb.
Culfa rayon Şurud kəndindən olan Hüseyn Şəkərəliyevin babası Qafanın Kurud kəndindən köç edib. 1918-ci il hadisələri ilə bağlı babasından eşitdiklərini belə nəql edir: "Həmin dövrdə Gığı dərəsində 15-20-yə qədər kənd Azərbaycan kəndləri idi. Qafanın ətrafında bir-iki kənddə, bir də özündə ermənilər yaşayırdılar. Yaşlıların söhbətindən məlum olur ki, XIX əsrin əvvəllərində ermənilərin faizi çox aşağı olub. Sonrakı dönəmlərdə qırğınlar törədərək ən yaxşı ərazilərdə məskunlaşıblar. 1918-21-ci illərdə bizim kəndlərə çox ağır divan tutulub. Bütün kəndlər, Gığı dərəsi tamamilə boşaldılıb. O kəndlərdən çıxan əhali Naxçıvan tərəfə üz tutub. Culfanın Ərəfsə, Ləkətağ, Əbrəqunus, Kırna, o cümlədən Ordubadın kəndlərində məskunlaşıblar. 1921-ci ildən sonra ara sakitləşəndə bir qismi geri qayıdıb. Gedəndə görüblər ki, kəndlər viranə qalıb, evlər yandırılıb. Buna baxmayaraq, bizim insanlar torpağa bağlı olduqlarına görə məskunlaşmağı bir daha özlərinə rəva görüblər".
Culfanın Qazançı kəndindən olan Bahar Hüseynova özü o faciənin şahidi olmasa da, anasının danışdıqları indiyə kimi yadındadır: "Qarakilsədən gələnlər əsasən Qazançı kəndində məskunlaşıblar. Anam Sofulu kəndindən olub. O dövrü xatırlayanda həmişə ağlayırdı. Anası, nənəsi, xalaları yığışıb təndirdə çörək bişirirmişlər. Ermənilər qəfildən kəndi mühasirəyə alıblar. Uzun və əziyyətli yol qət edib Naxçıvan tərəfə adlayıblar. Həmin vaxt vəba xəstəliyi tüğyan edirmiş. Aclıq, susuzluq və xəstəlik səbəbindən adamların çoxu Qazançı ilə Milax arasında həlak olub".
Rəsmi sənədlərə əsasən, Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılıbmış. Bütün qəza üzrə 10068 nəfər müsəlman öldürülmüş və şikəst edilmişdi.
Erməni silahlı qüvvələrinə daha çox müqavimət göstərən Ağdü və Vağudi kənd camaatının aqibəti son dərəcə faciəli olmuşdu. 1918-ci ilin avqustunda ermənilər bir neçə günlük mühasirədən sonra top atəşlərinin gücü ilə əvvəl Ağdü kəndinə, sonra isə Vağudiyə daxil olmuşlar. AXC-nin Fövqəladə istintaq komissiyasının üzvü Mixaylovun 1919-cu ildə tərtib etdiyi məruzəsində göstərilir ki, Andronikin quldur dəstələri Vağudi kəndində 400 müsəlmanı məscidə doldurmuş, binaya od vuraraq insanları diri-diri yandırmışdı.
Şahbuzun Nursu kəndindən olan 79 yaşlı Mürşüd Umudovun valideynləri Qarakilsənin Ağdü kəndindəndirlər: "Atam Ərrəhman, dayılarım İnfil kişi - Məmməd Arazın atası və əmisi Əliyar İbrahimov yaxşı atıcılar olub. 1918-ci ildə ermənilər kəndə hücum edəndə ailələrini Nursu kəndinə qoyub, öz yurdlarını erməni quldurlarından təmizləmək və orada qalanlara kömək məqsədilə geri dönüblər. Biçənək aşırımını keçəndən sonra Ərikli kəndinin üstündə Karvansaray olub. Burada Andronikin qoşunu ilə rastlaşıblar. Qoşundan arxada qalan topçunu ələ keçiriblər. Şəki kəndindən aşağıda Əngələvid kəndi olub. Dayımın göstərişi ilə erməni Andronikin qoşununu vurub. Bundan sonra həmin ermənini söz verdikləri kimi sağ buraxıblar".
Bu dövrdə Comərdli kəndindən köçkün düşən əhali Naxçıvan şəhərində və Naxçıvan bölgəsinin 16 kəndində, əsasən, Kültəpə, Yarımca, Ərəfsə, Xanəgah, Zeynəddin, Noraşen (indiki Göydərə), Tumbul, Saltaq, Üstüpü, Teyvaz, Milax Qazançı, Əbrəqunus kəndlərində məskunlaşıblar. Gal kəndində yaşayan Nəriman Həsənovun atası Kərim kişi Qarakilsənin Comərdli kəndində anadan olub. 1905-ci il hadisələri zamanı Naxçıvana gəlib. Ara sakitləşəndən sonra yenidən öz yurduna qayıdıb: "Ana babam Əlimərdan kişi kənd əhalisini quldur ermənilərin basqınından qorumaq üçün iki bürc tikdirib. Cavanları başına yığıb təlim keçib. 1918-ci ildə ermənilərin hücumu zamanı gecəylə qadınları, uşaqları, qocaları kənddən çıxarıb, kəndin müdafiəsində dayanıblar. Silah çatışmazlığı və ətraf kəndlərin boşalması comərdliləri yenidən öz yurdunu tərk etməyə məcbur buraxıb".
Bu əməliyyatlar zamanı Qafanın Oxçu, Pirdavdan, Şabadin və Atqız kəndinin 1200 nəfər əhalisindən cəmi 216 nəfəri dağları aşaraq Ordubada gəlmiş və orada məskunlaşmışlar. Kənd əhalisinin 167 nəfəri Ordubada çatanadək dağlarda soyuqdan donaraq ölmüş və itkin düşmüş, qalanları isə ermənilər tərəfindən qətlə yetirilmişdi.
1920-ci ilin yanvarın sonuna qədər ermənilər Zəngəzurun daha 50 kəndindən azərbaycanlıları sıxışdırıb çıxarıblar. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəlil bəy Sultanov 1920-ci il yanvarın 21-də parlament sədrinə göndərdiyi teleqramda bildirirdi: "Dördüncü gündür ki, Zəngəzur qəzasında nizami qoşunlarla birlikdə erməni quldur dəstələri artilleriya və pulemyot atəşindən istifadə etməklə hücumdadırlar. Cəbhə Qubadlının Xocahan kəndinə qədər 50 verst məsafəni əhatə edir. Qurbanlar hədsiz çoxdur. Əhali vahimə içərisində qaçır və əbəs yerə yardım xahiş edir. Təcili tədbirlər görülməsini hədsiz dərəcədə xahiş edirəm. Bədbəxt qəza əhalisinin adından yalvarıram, kağız üzərində etirazlardan fəal hərəkətlərə keçməyi və Azərbaycanın gözəl guşəsini tamamilə xilas etməyi xahiş edirəm. Zəngəzurdan sonra növbə Qarabağındır. Bunları itirməklə türk xalqının və Azərbaycanın qarşısında məsuliyyət daşıyacaqsınız".
Bu müraciətdə bir yanğı, bir həqiqət var idi. Çox təəssüf ki, köməksiz qalan Zəngəzurun ardınca sıra Qarabağa çatacaqdı...
Zəngəzura növbəti ağır zərbəni sovet hakimiyyəti vurdu. 1920-ci il noyabrın 30-da qəbul olunmuş bəyanata əsasən, Zəngəzur hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılaraq, Ermənistan SSR-nin tərkibinə verildi. Beləliklə, Zəngəzurun qərb hissəsinin Ermənistan SSR-ə bağışlanması ilə Azərbaycanın ərazi bütövlüyü pozuldu, Naxçıvan kimi mühüm strateji əhəmiyyətə malik olan bir bölgə respublikadan aralı düşdü. Bu proses 1929-cu ilə kimi davam etdi. Zəngəzurun digər torpaqları kimi, Mehri rayonunun indiki ərazisinin çox hissəsi, o cümlədən Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verildi. 1930-cu ildə Zəngəzur mahalında Qarakilsə, Gorus, Qafan və Mehri rayonları yaradıldı.
1950-ci ilin ortalarından başlayaraq Zəngəzurda azərbaycanlılara qarşı deportasiya və mənəvi genosid siyasətinin növbəti dalğası başladı. Kolxozların birləşdirilməsi nəticəsində Qafan rayonunun dağ kəndləri daha çox itkiyə məruz qaldı. Bir sıra azərbaycanlı kəndləri bir sovxozda birləşdirilmək adı altında ləğv edilərək sıradan çıxarıldı. Zəngəzurda yaşayan azərbaycanlılara qarşı aparılan repressiyalar, xüsusilə, 1965-ci ildən daha fəal, ardıcıl plana uyğun bir şəkil aldı. Mənbələrdə o da qeyd olunur ki, 1948-53-cü illər deportasiyası zamanı Zəngəzurun Şəki kəndinin əhalisi Naxçıvana köçmək istəyini bildirir. Lakin planda əhalinin Kür-Araz ovalığına köçürülməsi bəndini əsas gətirərək bu istək rədd edilir. Dağ kəndinin adamları üçün Kür-Araz ovalığı soyqırımın "səssiz" versiyası idi...
1988-ci ildə başlayan məlum hadisələr "türksüz Zəngəzur" uzunmüddətli planını gerçəkləşdirdi. Qərbi Azərbaycandan ilk qaçqın dalğaları fevral ayının sonları, mart ayı ərzində Zəngəzurdan başlandı. Qafanda, Mehridə, Gorusda, Sisianda müxtəlif vaxtlarda azərbaycanlılara hücumlar edildi. Sayı onsuz da kifayət qədər azalan azərbaycanlılar son nəfərinədək öz doğma ata-baba torpaqlarından deportasiya olundular.
Culfanın Gal kəndində yaşayan Nəsibə Seyidova 1968-ci ildə Qarakilsənin Comərdli kəndində anadan olub. Uşaqlığı, gəncliyi bu kənddə keçib: "1988-ci ildə münaqişə qızışanda atama demişdilər ki, Gorusdan, Qafandan ermənilər gəlir, qabağını ala bilmirik. Buradan təcili çıxın, yoxsa kəndi qıracaqlar. Bizim kəndin bir tərəfi Naxçıvana söykənirdi. Dekabrın 4-də qarlı-şaxtalı bir gecədə comərdli camaatı Salvartı yurdundan Şahbuzun Gömür kəndinə pənah gətirdi".
Şahbuz rayon Gömür kənd sakini Əsəd Seyidov o günləri belə xatırlayır: "Həmin vaxt 60-65 santimetr qalınlıqda qar var idi. Xəbər gəldi ki, Gömür obası, Gəlinqayası tərəfdən Ərəfsə və Comərdlidən qaçqınlar gəlirlər. Hamılıqla köməyə getdik. Neçəsinin ayağını soyuq almışdı. Qocaları, uşaqları traktorlara yığıb elə gətirdik. Biz Dərələyəzdən qaçqın düşənlər Zəngəzurdan gələn qaçqınlara qapılarımızı açıb onlara əlimizdən gələn köməkliyi etdik".
1988-ci ilə qədər davam edən proseslərdə öz yurdlarından didərgin düşən zəngəzurluların ən çox sığındığı, pənah gətirdiyi ocaq Naxçıvan torpaqları idi. Sonrakı illərdə onların böyük bir qismi Azərbaycanın müxtəlif rayonlarına köç etsələr də, bu gün də Naxçıvanda yaşayanlar az deyil. Naxçıvanın əsasən, Şahbuz, Culfa, Ordubad bölgəsində məskunlaşan zəngəzurlular və onların törəmələri üçün bu yurd yeri ikinci Vətən sayılır. Onlar burada yaşayır, dövlətə, Vətənə layiqincə xidmət göstərirlər. Lakin cismən burada olsalar da, ruhən o torpaqlardadırlar. Babalarının narahat ruhlarının dolaşdığı torpaqlarda. Uşaqlıq, gənclik xatirələrinin yaşadığı dağlarda, daşlarda. Mağar qurub toy etdikləri o məhəllələrdə, arzu tutub, xəyal qurduqları yurd yerlərində. Səhənglə su götürdükləri bulaqlarda, axşam olunca yığışıb xalça toxuduqları qonşu evlərində.
Əslən Qafanın Kurudundan olan Səttarxan İmaməliyev yaşadığı Şurud kəndindən üzü Qapıcığa baxaraq həsrətini bu cür ifadə edir:

Qapıcıqdan bir baxaydım o yana
Bağrım başı al qanlara boyana
Lənət bu nifaqın himin qoyana.
O üzlərə həsrət hamı qalıbdır,
Dağların kimi var kimi qalıbdır.

Tarixin müəyyən bir dövrü işğal oluna bilər, lakin tarixi tamamilə silmək, məhv etmək olmaz, üzərindən illər keçər, lakin insanların ürəyindəki yurd sevgisi keçməz. Haqqımız olan, bizim olan, babalarımızın bina saldığı o yurd yerlərinə qayıdacağıq. Əlbəttə, qayıdacağıq. Biz Zəngəzura qayıdacağıq!
 
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının
baş redaktoru