İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə əsgərlərlə söhbətləşəndə Vətəndən, torpaqdan, torpaqlarımızın işğaldan qurtuluşu üçün Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdən də danışardıq. Əsgərlərin baxışlarında qətiyyət görərdim, istək görərdim. Taixi Zəfərdən sonra da Vətəndən danışırıq, ərazi bütövlüyümüzün tam bərpa olunduğundan danışırıq, yaraları qaysaqlayan torpaqlarımızdan danışırıq, işğaldan azad edilmiş ərazilərimizdə gedən böyük quruculuq işlərindən danışırıq. Əsgər baxışları bizə onda da könül xoşluğu verirdi. İndi əsgər dostluğunu da, əsgər dostluğunu möhkəmləndirən söhbətləri də mənəvi dünyamıza işıq bilirik.
Hərbi hissədə, döyüş növbətçiliyindən sonra istirahət edən iki əsgərin söhbətləşməsinin cazibəsindəydik. Nədən danışırdılar, bilmədik. Amma səmimi söhbətləşdikləri duyulurdu. Əsgər dostluğunun mehrindəydik.
Cavidan Süleymanov Ağdaş rayonunun Aşağı Nemətabad kəndindəndir. 6 aydı hərbi xidmətdədi. Dağlıq ərazinin könülaçanlığından məmnun olduğunu dedi, belə bir mövqedə xidmət etdiyini, döyüş növbətçiliyi apardığından qürurlandığını bildirdi. Onu da dedi ki, burada xidmətə başlayanda komandirimizin tövsiyələrini diqqətlə dinləmişdim, ilk dəfə döyüş növbətçiliyinə çıxacaqdım. Bir qədər həyəcanlı idim. O anlarda Zeynal əlini çiynimə qoymuşdu, özünün ilk döyüş növbətçiliyindən danışmışdı, bu həyəcanın ötəri olduğunu demişdi. Demişdi ki, durbini götürüb qarşı tərəfə baxdığın anda sovuşacaq. Onda özünü Vətənin sipəri biləcəksən, Azərbaycan Ordusunun əsgəri olmağınla daha çox qürurlanacaqsan. Zeynalın kəlmələri mənə böyk ürək-dirək verdi. İlk döyüş növbətçiliyimdə mənə doğmalıq göstərən Zeynalın ürəyinin genişliyinə bələd oldum. Dostluğumuz əsgər dostluğudu.
Zeynal Əliyev İsmayıllı rayonunun Lahıc kəndindəndir. 9 aydı hərbi xidmətdədi. O da hərbi xidmətdə başlayan dostluğun möhmək olduğunu dedi:
- Atam indi də hərbi xidmətdə dostlaşdığı əsgər yoldaşları ilə müntəzəm əlaqə saxlayır. Deyir ki, bu dostluq səmimiyyətə əsaslanır, ürəyin istəyi ilə yaranmış dostluq insanla son nəfəsinə kimi yaşayır. Əsgər dostluğuna ömür dostluğu da deyirlər. Mən Cavidanın həyəcanını duyanda özümün keçirdiyim hissləri xatırlamışdım. Ona görə də mövqemizdə yeni xidmətə başlayan əsgər yoldaşıma məsləhətlərimi vermişdim. Duymuşdum ki, onun xarakteri ilə mənim xarakterim arasında oxşarlıqlar, eyniliklər var. Sonralar qət etdim ki, yanılmamışam. İndi Cavidan mənim dostumdur. İkimiz də bu dostluqdan qürur duyuruq. Cavidan hərdən gülümsünərək deyir ki, bizim dostluğumuzu döyüş hazırlığı yaradıb...
Cavidanla Zeynal asudə vaxtlarında olmuşlardan da danışırlar, yaşayacaqları illərdə yaşadacaqları dostluqdan da. Zeynal xəyalən Aşağı Nemətabadı, Cavidan xəyalən Lahıcı tanıyır. "Zeynal məndən əvvəl tərxis ediləcək. Mən tərxis olunanda kəndimizdə bir neçə gün qaldıqdan sonra Lahıca gedəcəm. Zeynalın əzizlərini də tanımağı özümə mənəvi borc bilirəm. Sonra birlikdə bizə dönəcəyik. Beləcə, iki əsgərin dostluğu iki ailənin, iki ailənin dostluğu iki kəndin doğmalaşmasına səbəb olacaq. Bu doğmalaşma əsgər dostluğunun qüdrəti olacaq..." - Cavidanın dediklərini milli mentalitetimizin zərrəsi bildim.
İkinci Qarabağ müharibəsindən əvvəl Cocuq Mərcanlıda iki əsgərlər könül söhbətində demişdim ki:
Ünsiyyət dünyanın göz muncuğudu,
Dünyaya salamdı hər od, hər ocaq.
Bu gündən sabaha düşən işıqdı,
Əsgər dostluğunun qüdrətinə bax!..
Bu misraları Cavidanla Zeynala da dedim...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"