Mövzu: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır
Suallar:
1. Müstəqil Azərbaycan dövlətçiliyinin banisi.
2. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.
Müstəqil Azərbaycan dövlətçiliyinin banisi
Müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası da Azərbaycanın yeni tarixində məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız tarix boyu mənimsədiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Ulu Öndər epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ulu Öndər müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır.
Ulu Öndərə layiq olduğu qiyməti vermək, onun Vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edir. Çünki Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi və bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmuşdür.
Heydər Əliyevin ulu öndərə çevrilməsini təmin edən başlıca amillərdən biri onun istənilən siyasi şəraitdə xalqın, dövlətin problemlərinə biganə qalmamasıdır. SSRİ dövlət təhlükəsizlik sistemində sıravi işçidən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Ulu Öndər Heydər Əliyev sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən respublikamızda böyük iqtisadi, elmi yüksəlişlə yanaşı, ədəbi-mədəni inkişafa və müstəqil düşüncəyə yol açmışdır. Sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları, mədəni-mənəvi dəyərlərinin qorunması üçün mümkün olan bütün işləri görmüşdür. Heç nədən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqının tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənəsi və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdırmışdır. Milli rəmzlərə və atributlara həssas olan Ulu Öndər Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan dilinin bu ali sənəddə rəsmi dil kimi göstərilməsinə nail olmuşdur. Bu günün zirvəsindən baxdıqda, həmin illərdə Ulu Öndərin xalqının hüquqlarını qoruyan, haqqı nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq sezilir. Azərbaycan xalqı Ulu Öndərin rəhbərliyi sayəsində yüksək iradə göstərməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toplaya bilmişdir.
Xalqımızın dahi oğlunun sovet dövründə Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik bərpa ediləndən sonra ölkəmizin başlıca dayaqlarını təşkil etdi. Belə ki, ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin və bünövrə hazırlamışdır. Elə bir tarixi bünövrə yaradılmışdı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Tarixi gedişatın nəticəsi olaraq XX əsrin 90-cı illərində müstəqil Azərbaycanı yaratmaq missiyasını da Ulu Öndər layiqincə yerinə yetirdi. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra yaşamağa məhkum olduğu böhrandan və tənəzzüldən məhz Ulu Öndər Heydər Əliyevin dühası sayəsində xilas oldu.
Müstəqilliyimizin bərpasından sonrakı ilk dövrü - 1991-1993-cü illər tariximizə xaos, anarxiya, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin məhvolma ərəfəsində olduğu məşəqqətli dövr kimi həkk edilib. SSRİ-nin dağılması ilə elan edilən müstəqillik Azərbaycan xalqına azad ölkənin vətəndaşı olaraq qürur duymaq hissindən əvvəl keçmiş "Dağlıq Qarabağ" problemi kimi milli faciə və bu problemdən heç də geri qalmayan siyasi təlatümlər, hakimiyyət ambisiyaları nəticəsində meydana çıxan çaxnaşmalar, itkilər gətirmişdi. Kağız üzərində olan müstəqilliyi dövlətin mövcudluğu timsalında təsbit etmək, onu möhkəmləndirmək lazım idi, lakin o vaxt iqtidarda olanlar yalnız öz mövqelərini möhkəmləndirməklə məşğul idilər. Xalqın iqtisadi, sosial qayğılarını, ərazi itkisi nəticəsində əmələ gələn problemləri həll etmək əvəzinə, hələ kövrək olan dövləti yeni problemlər məngənəsinə salır, ordu qurmaq əvəzinə, qanunsuz silahlı quldur dəstələri təşkil edir, ictimai sabitlik yaratmaqdansa, bu sabitliyi təmin edəcək dövlət strukturlarını, daxili işlər orqanlarını kriminal elementlərə çevirir, iqtisadi islahatlar aparmaq əvəzinə, sovet dövründən qalmış müəssisələri talan edirdilər. Nəticədə xalqın güzəranı böhranın ən son həddinə qədəm qoymuş, dövlət etnik separatçılığın tüğyan etməsi nəticəsində "Dağlıq Qarabağ" bölgəsindən əlavə, faktiki olaraq şimal və cənub ərazilərinə nəzarəti də itirmişdi.
Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək Onu özünün layiqli rəhbəri seçdi. Azərbaycan xalqı məhz Ulu Öndərin adı ilə bağlı olan düzgün siyasi seçim əsasında xaosdan tərəqqiyə keçid mərhələsinin bünövrəsini qoydu. İlk növbədə qısa zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı və Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi.
Ulu Öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Ulu Öndər Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində sosial-iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Sosial islahatlar həyata keçirildi, səfalət həddində yaşayan vətəndaşlarımızın sosial güzəranı əsaslı şəkildə dəyişdi, onların həyat tərzi yüksəldi, əhalinin maaşlarının, təqaüdlərinin, müavinətlərinin mərhələli artımı davamlı hal aldı. Dövlətimiz dünya birliyində layiqli yerini tutdu. Müstəqil ölkəmizin beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması məhz Ulu Öndərin xidmətləri sayəsində mümkün olmuşdur. Yalnız yenidən siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirə bilmiş, ölkənin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Ulu Öndərin ciddi diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına üzv qəbul edildi və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdi. Azərbaycan Ordusunun formalaşdırılması, Azərbaycan Respublikasının nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycan dövlətinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən biri sayıla bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının Ümummilli Llideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır
Ulu Öndər 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü belə bildirdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Dövlət başçısı cənab İlham Əliyev isə öz gücünü məhz Ulu Öndər Heydər Əliyevdən aldığını etiraf edir. "Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik".
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan dövlətinin bugünkü reallıqlarıdır. 21 il əvvəl 2003-cü il 15 oktyabr tarixində Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndərimizin siyasi kursuna dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ulu Öndərə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Yeni əsrin yeni lideri cənab İlham Əliyev bu 21 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi.
Ulu Öndərin "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 21 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycan Respublikasının qazandığı nailiyyətlərinin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin və 2020-ci ildə TAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. Həmçinin "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları çəkilib. İşğaldan azad olunmuş Füzuli və Zəngilan şəhərlərində hava limanlarının inşası, Laçın rayonunda hazırda hava limanının tikintisinin davam etdirilməsi, Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhərin inşa olunması və məcburi köçkünlərin Böyük Qayıdışa hazırlığın görülməsi bunların bariz nümünəsidir.
Bu gün Azərbaycan dövləti həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz "Azerspase-1", 2014-cü ildə yer səthini müşahidə edən "Azersky" peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki "Azerspase-2" orbitə çıxarılıb.
Bu illər ərzində beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya Türk Şurası, MDB, ATƏT, İƏT və kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri də daxildir.
Milli məsələlərdə güzəştə getməyən dövlət başçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi gündən Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin sülh yolu ilə həllinə çalışdı. Ermənistana, onun havadarlarına qarşı qətiyyətlə mübarizə apararaq, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 günlük Vətən müharibəsi və bir gün antiterror əməliyyatı zamanı siyasi, hərbi lider kimi durmadan, yorulmadan həm siyasi arenada, həm də döyüş meydanında vuruşaraq Zəfər qazanan, 30 ilə yaxın davam edən Azərbaycan torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "güclü dövlət" konsepsiyasının əsasını üç mühüm güc - iqtisadi-siyasi, hərbi güc və onların vəhdəti təşkil edir.
1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri ordu quruculuğu dövlət başçısı cənab İlham Əliyevin güclü dövlət konsepsiyasinin tərkib hissəsi oldu. Peşəkar hərbi qulluqçuların hazırlanması ordunun maddi-texniki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı. İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalarla daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında iştirakı təmin edildi. Bununla yanaşı, dövlət başçısı cənab İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, Azərbaycan Silahlı Qüvvələrini lazımi müasir silah və hərbi texnika ilə təmin etmək baxımından çox mühüm önəmə malik addım idi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün Ulu Öndər Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi