Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin başladığı günə qədər erməni silahlı birləşmələrinin işğalında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olaraq bəyan etdi. Belə sülhsevər siyasətə rəğmən həm də hər il müdafiə xərclərinin artırılmasına, Azərbaycan Ordusunun müasir modern texnika ilə təchiz edilməsinə də xüsusi diqqət yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında bu gün Azərbaycan regionun aparıcı siyasi-iqtisadi nüfuz və güc sahibi olmaqla yanaşı, hərbi müstəvidə də söz sahibidir. Belə bir deyim var: "Ordun varsa, yurdun var". Qürur hissi ilə deyə bilərik ki, həm ordumuzun gücü, qüdrəti, həm də mənəvi-psixoloji hazırlığı sayəsində 30 ilə yaxın müddətdə erməni hərbi birləşmələrinin işğalında olan tarixi ərazilərimiz azad olundu. Respublikamızın suverenliyi, ərazi bütövlüyü tam təmin edildi. Azərbaycan dövləti Cənubi Qafqazda sülhün, sabitliyin təminatçısına çevrilib. Neçə onilliklər mənfur qonşularımızın torpaq, ərazi iddialarından əziyyət çəkən xalqımız tarixdə hər zaman sülhsevər xalq kimi tanınıb. Bu gün bəşəriyyətə, insanlığa ən müasir silahlarla qənim kəsilən qüvvələr var ki, yeni-yeni müharibə ocaqları yaratmaqda maraqlıdır. Dünyamızın bəzəyi, süd qoxulu körpələr, gələcəyimiz olan gənclərimiz dəhşətli, sonu görünməyən müharibələrin qurbanlarına çevrilirlər.
Neçə illər öncə bir xarici qadın jurnalistin müharibə haqqında xatirələrini oxumuşdum. Müxbir yazırdı: "Əfqanıstana ezam olunmuşdum. Bir qəsəbədə uçub dağılmış daxmanın qarşısında çomağına söykənib oturmuş qocaya yaxınlaşdım, oradan-buradan danışdıq. Soruşdum ki, müharibə sənin üçün nə deməkdir? Cavab verdi ki, sülh zamanı oğullar atalarını dəfn edir, müharibədə isə atalar oğullarını. Cavab məni qane etmədi, elə bu qədərmi? - dedim. Yaşlı adam çuxura düşmüş gözlərini mənə zillədi. Gözlərinin olduğunu o an fərq etdim. - Sənə daha nə lazımdı, - dedi. Müharibənin nə demək olduğunu o an anladım sanki. Çomağa söykənmiş son nəfəs kimiydi, çomaq azca tərpənsəydi, yıxılacaqdı qoca. Burada niyə oturmusan, - soruşdum. - Məndən başqa qətlə yetirilməmiş bir nəvəm, bir də inəyim qalıb. Nəvəmi inəyin dalınca göndərmişəm, tapıb gətirsə, sağıb südün içəcəyik, - dedi. "Sülh zamanı oğullar atalarını, müharibədə isə atalar oğullarını dəfn edir", bu ifadə müharibənin dəhşətli, faciəvi görüntüsünü göz önünə sərir.
44 günlük Vətən müharibəsi zamanı zərif çiyinlərində oğullarının, həyat yoldaşlarının tabutunu aparan neçə-neçə qadınlarımızı gördük. Analarımız Vətənimizin bütövlüyü naminə şəhidlik zirvəsinə yüksələn əziz övladlarını son mənzilə yola salırdılar. Budur, müharibənin acı mənzərəsi... Heç kim müharibə arzulamır, analar isə heç istəmir... Bəli, budur, müharibənin acı nəticələri. Biz hələ onun gətirdiyi fəlakətlərin bircə anını gözlərimiz önündə canlandırıb yaşaya bildik. Azadlıq, bərabərlik, ədalət adlandırdığımız dəyərlərdən ən çox arzu ediləni sülhdür. Maraqlısı odur kı, görəsən, bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi? Sabit şəraitdə yaşamalı olan bəşər övladı, çox təəssüflər ki, bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin günahsız qurbanı olur. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır. Ən kiçik ailəvi, məhəlli regional münaqişələrdən tutmuş yüzillik müharibələrədək hər hansı qarşıdurmanın sonluğu yalnız sülhlə bitib. Sülh qalib gəlib. Buna görə də sülh bütün vasitələrin fövqündə dayanan ən güclü amildir. Təbii ki, sülhə nail olmaq tərəflərin həqiqətləri doğru, düzgün qiymətləndirməsi deməkdir.
Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, hər sahədə inkişaf, bir sözlə, bəşəriyyətin var olması deməkdir. Dünyada sülhün carçıları gələcəyimiz olan uşaqlardır. Uşaqlar hər zaman açıq səma altında azad, dinc, əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Sülh rəmzi olan göyərçinlərin uşaqlar tərəfindən sevilməsi də elə buradan irəli gəlir. Lakin zaman-zaman dünyamıza dinclik arzulasaq da, hələ də münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, hər gün dinc insanlar, günahsız körpələr odsaçan silahların qurbanlarına çevrilməkdədirlər.
Sülh bəşəri rəmzə çevrilərək, insanların arzuladığı və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental yeganə məfhumdur. BMT Baş katibinin dünya xalqlarına müraciəti olur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 60-cı ildönümü münasibətilə BMT-nin Baş katibi Pan Gi Munun müraciətində qeyd olunduğu kimi, hələ də dünyada bir çox insanların hüquqları xüsusilə silahlı münaqişələr zamanı və atəşkəs dövründə pozulmaqda davam edir: "Məhz buna görə də biz çalışmalıyıq ki, bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin".
Danılmaz faktdır ki, sülh dünyada ehtiyac duyulan ən qiymətli vasitə olmaqla yanaşı, həm də BMT-nin ali vəzifəsidir. Adı çəkilən bəyannamədə qeyd olunur: "O, danışıqlarımızın aparıcı qüvvəsidir. O, həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın gücləndirilməsinə qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məhfumdur".
44 günlük Vətən müharibəsində, döyüş əməliyyatlarında və antiterror əməliyyatında Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni silahlı dəstələrinin darmadağın edilməsindən sonra yaranan günümüzün əsas reallığı sülh sazişinin imzalanması olsa da, aparılan sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır.
Dünyanın bütün sülsevər xalqları kimi, Azərbaycan xalqı da tarix boyu sülhün, əmin-amanlığın, dinc şəraitdə və yanaşı yaşamağın tərəfdarı olub. Əsrlərdir ölkəmizdə yaşayan digər xalqların nümayəndələri ilə tarix boyu birgə yaşayış təmin olunub, multikultural dəyərlər qorunub saxlanılıb. Lakin mənfur qonşularımız olan ermənilər illərlə torpaqlarımıza qarşı iddia qaldıraraq bu sakitliyi pozdu. Sonda xalqımız Haqq işi uğrunda mübarizəyə qalxaraq Böyük Zəfər qazandı.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"