Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2024 12:18

Tarix yazan qardaşlar: İman və Bəhrəmin qəhrəmanlıq dastanı

Azərbaycanın zəfər dolu tarixində, Vətən müharibəsinin hər bir anında yaddaşlara həkk olunan qəhrəmanlıq dastanları var. Bu dastanlar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin adı ilə yaddaşımıza möhürlənib. Onların içində İman və Bəhrəm Məmmədzadə qardaşları da xüsusi yer tuturlar. İman və Bəhrəm doğma Vətənə olan sevgilərini, qəlblərində alovlanan azadlıq arzusunu və ən əsası qardaşlıqlarını döyüş meydanında birgə yaşatdılar. 22 yaşlı İman və 20 yaşlı Bəhrəm müharibənin ilk günlərində cəbhəyə birlikdə yollandılar, çiyin-çiyinə döyüşdülər və eyni gündə, eyni saatda şəhid oldular. Bu iki igid qardaşın igidliyi, vətənpərvərlik və fədakarlıqla dolu həyat hekayəsi hər zaman yaddaşlarımızda yaşayacaq, gələcək nəsillər üçün örnək olacaqdır.
Onların hekayəsi ailə bağlarının, dostluğun və qardaşlığın ən yüksək zirvəsini özündə təcəssüm etdirir. Şəhidlərimiz Vətən torpaqlarının azadlığı üçün canlarını fəda edərək, Azərbaycan bayrağını ucaltdılar və xalqımızın qəlbində əbədi iz buraxdılar. İman və Bəhrəm igidlikləri ilə yalnız ailələrinin deyil, bütün Azərbaycanın fəxri oldular. Onların adı tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə yazıldı. İman və Bəhrəmin həyatı vətənpərvərliyin, cəsarətin və qardaşlıq sevgisinin ən gözəl nümunəsidir.  Şəhidlərimiz İman və Bəhrəm Məmmədzadənin əziz xatirəsini anmaq üçün onların yaşadığı ünvana yollandıq. Qapının kandarında bizi qarşılayan şəhidlərimizin atası Elman Məmmədovun üzündəki dərin qırışlar keçmişin ağır izlərini daşıyırdı, lakin gözlərindəki işıq oğullarının göstərdiyi igidliyin sonsuz qürurunu əks etdirirdi. O, bizi sakit, eyni zamanda, cəsur bir tərzdə qarşıladı, sanki oğullarının əziz xatirələrini bizimlə paylaşmaq üçün can atırdı. Bu məğrur duruş bütün Azərbaycanın vətənpərvər ruhunu özündə təcəssüm etdirir, bizi şəhidlərimizin müqəddəs xatirəsini daha da dərindən anlamağa dəvət edirdi.
İlk öncə Elman Məmmədov bizə şəhidlərimizin həyat yolundan bəhs etdi. O bildirdi ki, İman Məmmədzadə 14 sentyabr 1998-ci ildə, Bəhrəm Məmmədzadə isə 18 aprel 2000-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olublar. Elman Məmmədovun sözlərinə görə, İman və Bəhrəm uşaqlıqdan təkcə qardaş kimi deyil, həm də dost kimi böyüyüblər. Məktəbə, idmana bir yerdə gediblər: "Onların bir-birindən sonra ən yaxın dostları anaları və mən idim. Onlar  tələbəlik illərini də xaricdə yaşayıblar. Heç kim onları bir-birindən ayrı görməzdi, ona görə də elə bilirdilər ki, əkizdilər. Tələbə adına sahib oldular, diplomlarını aldılar. Hər ikisi təhsilini davam etdirmək istəyirdi. Amma bir anda Azərbaycana qayıtmaq istədilər. Qardaşlar "Vətənə borcumuz var, onu ödəməliyik, təhsilə sonra davam edərik" deyəndə, mən etiraz etmədim. Onlar Azərbaycandan kənarda böyüsə də, hər zaman torpağına, xalqına bağlı olublar".
Şəhid atası əlavə etdi ki, uşaq vaxtlarından hər ikisi idmana həvəsli idi: "İstər fiziki, istərsə də mənəvi baxımdan zəngin və güclü uşaqlar idilər. Çağırış vaxtı gəldi və onları hərbi xidmətə yola saldım. Hər gün onlarla əlaqə saxlayırdım. Sentyabrda müharibə başlayanda artıq qardaşlar mənimlə gec-gec danışmağa başladılar. Hər gün onları ziyarət etmək istədiyimi bildirsəm də, buna etiraz edirdilər. Deyirdilər ki, gəlməyin. Oktyabrın 13-ü səhər saat səkkizdə özləri bizə zəng etdilər, yenə dedim ki, ana ilə gəlib sizi görmək istəyirik. Onlar dedilər ki, "Gəlmək istəyirsinizsə, bu gün mütləq gəlin"... Sən demə, həmin gün onların bizimlə son görüşü imiş, xəbərsiz olmuşuq".
O gün 4 saat valideynləri ilə vaxt keçirən şəhid qardaşların müharibə bölgəsindən gəldiklərini ataları belə hiss etməyib. Elman Məmmədov deyir ki, övladlarını qucaqlayan zaman Bəhrəm qolunu bir az əzdiyi üçün atasından yavaş tutmağı xahiş edib: "Həmin vaxt anlamamışdım. Düşünmüşdüm ki, uşaqdır, yəqin ki, idman edəndə əzib. Onlarla vidalaşdıq. Bizdən sonra yenidən müharibə bölgəsinə qayıdıblar. İlk döyüşləri Füzulidən başlayıb. Bəhrəm elə orada qolundan yaralanıb. Onu tibb maşınına qoyub aparmaq istəyəndə qapını açıb və qaçaraq geri dönüb ki, qardaşını tək qoymasın. Daha sonra Cəbrayıl istiqamətində döyüşlərə qoşulublar. İmanla Bəhrəm Hadrutda, Xocavənddə birlikdə çiyin-çiyinə döyüşüblər. Bütün hərbi heyət onların birliyinə heyrət edib. Fürsət olduqca bizimlə əlaqə yaradırdılar, salamat olduqlarını deyirdilər. Üç gün onlardan xəbər ala bilmədik, artıq mən narahat idim. Noyabrın 1-də səhər saatlarında zəng gəldi. Anaları narahat olmasın deyə evdən uzaqlaşdım. Əsgər dedi ki, əmi, əkizlər şəhid oldular...".
Ataları deyir ki, Xocəvənddə, Qırmızı Bazar istiqamətində 14 nəfərlik heyət düşmənin pusqusuna düşür. İman və Bəhrəmin də olduğu 14 nəfərlik heyətdən 11 nəfər şəhidlik zirvəsinə ucalıb: "Mənə dedilər ki, qardaşlar Füzulidədir. Amma mən Beyləqanda şəhidlərin yanına gedəndə, Bəhrəmi gördüm. İmanı isə tapmadım. Onlar düşünüblər ki, ikisini də eyni anda o vəziyyətdə görməyə ürəyim dözməz. Dedim ki, mən oğullarımı heç vaxt bir-birindən ayırmamışam. İndi də onları bağrıma ayrı-ayrı basmayacam. İmanı mənə gətirin... Əsgər yoldaşları dedi ki, birinci İman vuruldu ayağından. Amma güllədən gizlənmədi. Bəhrəm tez "jqutu" çıxarıb İmanın ayağını bağlayıb. Sonra İman o biri ayağından yaralanıb. Bəhrəm görüb ki, İman artıq can verir, tez özünü qardaşının qabağına atıb. Snayper gülləsi kürəyindən girib ürəyindən çıxıb. Onlar uşaqlıqdan heç  vaxt bir-birindən ayrı olmadılar. Müharibədə də birlikdə döyüşüb, bir yerdə şəhid oldular. Onları Allah belə ayırmadı...".
Şəhidlərimizin anası Hicran Məmmədova isə bildirdi ki, hələ uşaqlıqdan onlar Vətən sevgisi ilə böyüyüblər. Hər ad günlərində istədikləri yeganə hədiyyə tüfəng olub: "Bir dəfə yanlarına gedəndə dedim ki, "baxın görün, nə qədər silahınız var". Dedilər ki, "ana, bu silahı atam almayıb bizə, özümüz qazanmışıq".
Şəhid anasının sözlərinə görə, hər iki oğlu sonuncu dəfə boynuna elə möhkəm sarılıblar ki, vidalaşdıqlarını sonralar başa düşüb: "İman  son görüşümüzdə boynuma möhkəm sarıldı və dedi ki, dostlarımız şəhid olub. Ana birdən mən də şəhid olsam, çalışın heç vaxt imkan verməyin şəhidlər unudulsunlar. Daha sonra hər ikisi alnımdan öpüb getdilər. O gedişdən sonra onları bir daha görmədim. Şəhid olduqlarını da ən sonda mənə dedilər. İmanla Bəhrəmi, digər şəhid övladlarımızı heç vaxt unutmayacağıq. Biz bu gün varıq, sabah yox. İstərdim ki, onları hər zaman yada salsınlar".
Qeyd edək ki, İman və Bəhrəm Məmmədov qardaşları Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif ediliblər.
İman və Bəhrəmin hekayəsi, vətənpərvərliyin ən yüksək zirvəsini, qardaşlığın əbədi dəyərini və mübarizənin müqəddəsliyini bizə daima xatırladacaq. İman və Bəhrəmin adı tariximizin ən parlaq səhifələrində yaşayacaqdır. Onların əziz xatirəsi hər birimizin qəlbində bir məşəl kimi yanacaq, bizi Vətənə olan sevgimizi daha da gücləndirməyə, torpaqlarımızın bütövlüyünü əbədiyyətədək qorumağa səsləyəcək.

Eltun MƏMMƏDOV,

fotolar Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"