Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2024 12:18

Ordu quruculuğunun yeni mərhələsini Zəfər müəyyənləşdirdi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı - yenidən qurduğu və güclü döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinə çatdırdığı Azərbaycan Ordusu indi qüdrətin, qətiyyətin ordusudur. Bu ordu müstəqilliyimizin qürurla qiymətləndirilən bir simvoludur. Ordumuz dövlətimiz, dövlətçiliyimiz üçün tarixi bir missiyanı uğurla yerinə yetirdi - ərazi bütövlüyümüzü tam bərpa etdi.
XIX əsrin əvvəllərində işğallar dövründə min illik tarixə malik olan Azərbaycan dövlətçiliyi parçalanmışdı, xalq hələ təşkilatlanmasa da, dövlətçiliyimizin bərpa olunması uğrunda mübarizə aparırdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu, 23 aydan sonra imperiya onu ilhaq etsə də, xalqın milli-azadlıq mübarizəsini ilhaq etmək mümkün olmadı. Heç zaman mümkün olmayacaq bu ilhaqa qarşı genişlənən mübarizə  milli-azadlıq hərəkatına çevrildi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı qəbul edildi. Bu hüquqi sənəd tarixi öz axarına qaytardı.
Müstəqilliyin ilk illərində Azərbaycanda milli ordunun formalaşması ciddi sınaqlarla üzləşdi. Mərkəzləşdirilmiş idarəçiliyin, siyasi bacarığın, dövlətçilik təcrübəsinin olmaması ordu quruculuğuna da təsir göstərirdi. Təchizatın zəifliyi, səriştəsizlik, ordu rəhbərliyinə təcrübəsiz kadrların cəlb olunması, vahid dövlət siyasətinin olmaması ordunun təşkilatlanmasını xeyli çətinləşdirirdi.
Müstəqil Azərbaycanda yaradılan ordu nizami şəkildə qurulmamışdı, idarəçiliyində müəyyən çətinliklər də yaranmışdı. Hələ tam formalaşmayan ordu Ermənistan silahlı qüvvələri ilə döyüşə-döyüşə formalaşırdı. Yerli müdafiə batalyonları (taborları) arasında koordinasiya yox dərəcəsindəydi, ordu quruculuğu hərb elminin tələbləri əsasında aparılmırdı, peşəkar zabit kadrları ilə komplektləşdirilməyən orduda silahlanma son dərəcədə zəif idi. Bunlar özlüyündə ordu quruculuğunu hərbi tələblər əsasında aparmağa imkan vermirdi.
Xalqın ciddi tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan dövlətçiliyini labüd parçalanmadan xilas etdi, ordu quruculuğunda yeni bir dövr başladı: yerli müdafiə batalyonları ləğv edildi, vahid komandanlıq yaradıldı, silahla təchizat istiqamətində konkret tədbirlər görüldü, ordu nizami ordu kimi formalaşmağa başladı. Bunlar ordu quruculuğunun mahiyyətindən irəli gələn tələblər idi və yeni bir mərhələ kimi tarixləşdi.
Nizami ordunun silahlanması, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordu quruculuğunun elmi əsaslarla aparılması üçün Hərbi Akademiyanın yaradılması, xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin yeniləşdirilməsi, müasirləşdirilməsi, proqram materiallarının məzmun baxımından zənginləşdirilməsi, böyük dövlətlərin, bu sıradan Türkiyənin xüsusi təyinatlı təhsil müəssisələrinin təcrübəsinin Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinə inteqrasiyası ordu quruculuğuna yeni məzmun gətirdi. Bunlar ordu quruculuğunda Ulu Öndər Heydər Əliyev mərhələsinin davamı oldu...
Böyük tarixi şəxsiyyət müasir Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandırırdı. Bu baxımdan gənc müstəqil Azərbaycan dövlətinin ordusu Cümhuriyyət ordusunun varisi idi.
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının tərkib hissəsini Azərbaycanın ərazi bütövlüyü təşkil edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursuna sədaqət borcu kimi ordu quruculuğunu dövlət üçün prioritet səviyyəyə çatdırdı. Ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldildi, silahlanmada əsaslı dinamika yaradıldı, orduda müxtəlif planlı təlimlərin keçirilməsi optimallaşdı. Döyüş hazırlığı həm də beynəlxalq miqyaslı təlimlərlə gücləndirildi. Ordu quruculuğu müxtəlif qoşun növləri üzrə istər daxildə, istərsə də əməkdaş xarici dövlətlərdə keçirilən təlimlərlə daha da dönməzləşdi, şəxsi heyətin döyüş hazırlığı yüksəldi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda ordu quruculuğunu dövlət quruculuğu ilə dahiyanəliklə uzlaşdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu dövlət quruculuğunun, dövlət quruculuğunu ordu quruculuğunun inkişafına şərt səviyyəsinə yüksəltdi. Bu mərhələlərin hər ikisinin  ideoloji parametri azərbaycançılıq məfkurəsi idi. Yəni, Azərbaycanda ordu quruculuğunun əsasını həmişə azərbaycançılıq məfkurəsi təşkil edib. Bu dəyişməz mənəvi şərtlər əsasında ordu quruculuğunda hər mərhələ əvvəlki mərhələnin məntiqi (və hərbi, hərbi-elmi) davamı olduğuna görə zaman (vaxt) amili keçidlərə təsir göstərə bilmədi. Nəticə etibarilə Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi formalaşdı...
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı yüzlərlə növ məhsul istehsal olunur. Respublika daxilində istehsal olunan hərbi təyinatlı məhsulların sayı ilbəil artmaqdadır. Hazırda Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf etməkdədir. İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycan Ordusunun arsenalında ən müasir döyüş sistemləri var idi ki, bu da Azərbaycan Ordusunun döyüş və müdafiə imkanlarını yeni bir mərhələyə yüksəltmişdi. Bu istiqamətdə görülən davamlı işlər döyüşən ordunun gücünün möhkəmləndirilməsini təmin edirdi. Bu şərait ordu quruculuğunda əhəmiyyətli bir mərhələ oldu...
Ötən əsrin sonlarında, əsrimizin əvvəllərində gərgin siyasi və hərbi qarşıdurmalar Cənubi Qafqazda əmin-amanlığın, dinc yanaşı yaşamanın nizamını pozmuşdu. Xarici siyasəti işğalçılığa əsaslanan, ərazi iddiasına görə Azərbaycana qarşı elan etmədən ədalətsiz müharibəyə başlayan, Azərbaycanın ərazilərinin 20 faizini işğal edən Ermənistan beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmir, mövcud status-kvonu saxlamaqla yeni ərazilər işğal etmək, xarici siyasəti dünyəviliyə, bəşəriliyə, azərbaycançılığa söykənən Azərbaycan isə işğalı sonlandırmaq istəyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Vətənpərvərliyin işğalçılığa qarşı ədalətli müharibəsi labüd idi. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin həll edə bilmədiyi (həll etmək istəmədiyi) münaqişə ədalətsiz müharibə kimi davam etmişdi. Atəşkəs elan olunsa da, bu razılaşmaya əməl etməyən Ermənistanın 32 il apardığı ədalətsiz müharibəni Azərbaycan Ordusu ədalətli müharibə ilə sonlandırdı, 32 il münaqişə kimi tanıdılan ədalətsiz müharibə başa çatdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə etməklə işğal etdiyi ərazilərdən hücuma keçdi, yaşayış məntəqələrimizi, təmas xəttində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın müdafiə mövqelərini atəşə tutdu. Bu, işğalçı dövlətin təxribat formatlı növbəti hərbi əməliyyatı idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmri ilə bu təxribata cavab kimi əks-hücum əməliyyatı başladı. Dövlət başçımız xalqa müraciətində  bu müharibənin ədalətli müharibə olduğunu bildirdi: "Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz...".
Tarixi və hərbi şərait bu əməliyyatın strateji davamını, mahiyyətinin dövlətçiliyin tələblərinə uyğun dəyişdirilməsini, davam etdiriləcək əməliyyata daha çox hərbi qüvvələrin cəlb olunmasını zəruriləşdirmişdi. Bu amillər hərbi strategiyanın tələbləri səviyyəsində tətbiq edilməklə əks-hücum əməliyyatının müharibə (ədalətli müharibə) kimi davam etdirməyi tarixi (və bəşəri!) missiyaya çevirdi. Sentyabrın 30-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əks-hücum əmrinin döyüşlərini "Vətən uğrunda gedən döyüşlər" kimi səciyyələndirdi, oktyabrın 26-da xalqa müraciətində bu müharibəni "Vətən müharibəsi" adlandırdı - İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı. Bu adlandırma ordu quruculuğunun yeni mərhələsini müəyyənləşdirdi. Vətən müharibəsi ordunun döyüşə-döyüşə davam edən yeni inkişaf mərhələsi oldu...
Ordu quruculuğuna İkinci Qarabağ müharibəsi ərəfəsində müharibəaparma baxımından ən yeni hərbi biliklər, hərbi-texnoloji yeniliklər yüksək səviyyədə tətbiq edilirdi. Ordu quruculuğunda aparılan geniş miqyaslı islahatlar, ordunun ən müasir silahlarla, texnoloji baxımdan  yeni döyüş texnikaları və uçuş aparatları ilə təchiz edilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığını milli-mənəvi dəyərlər əsasında daha yüksək səviyyədə formalaşdırdı. Ordu quruculuğunun dinamikası müharibəyə qədərki dövrün ordu quruculuğunun hərbi, hərbi-siyasi mahiyyətinin uğurlu davamı oldu. "İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabında Vətən müharibəsinin xarakterik xüsusiyyətləri hərbi baxımdan təhlil edilib, hərbi-siyasi mahiyyəti müəyyənləşdirilib. İkinci Qarabağ müharibəsi gerçəkliyin müharibəsi kimi, bu müharibədə qazanılan tarixi Zəfər isə Ermənistanın elan etmədən başladığı işğalçılıq müharibəsi ilə Azərbaycanın apardığı və tarixi Zəfərlə tamamladığı ədalətli müharibənin antoqonizmini həll edən nəticə kimi tarixləşdi. Vətən müharibəsində qazanılan tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Tarixi Zəfər ordu quruculuğunun növbəti mərhələsini müəyyənləşdirdi.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi mahiyyəti etibarilə hərbi əməkdaşlıq sənədidir. Bəyannamə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərini də əhatə edir ki, bu da tarixi baxımdan qardaşlığın ruhunu müəyyənləşdirir. Bəyannamə həm də sabahların hərbi əməkdaşlıq sənədidir. Sənəd Azərbaycanla Türkiyənin bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəyinin zəmanətidir. Bəyannamədə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblər əsasında yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsini təmin edəcək tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması, müasir elmi-texniki yeniliklər və texnologiyalar əsasında hazırlanan silahların idarə olunmasının xüsusiyyətlərinin istismarının qarşılıqlı fəaliyyət prosesində mənimsənilməsi üzrə əməkdaşlığın, səlahiyyətli strukturların və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi də nəzərdə tutulub. Buna görə Şuşa Bəyannaməsi Azərbaycanda ordu quruculuğunun yeni mərhələsini zənginləşdirir. Belə ki, Qars müqaviləsində qeyd edilib ki, Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazidir. Bu maddə Naxçıvana toxunulmazlıq hüququ vermişdi. Şuşa Bəyannaməsi bütövlükdə Azərbaycanın ərazilərinin toxunulmazlığına zəmanət sənədi olduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "... Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi..." fikrinə əsaslanıb onu Azərbaycanda ordu quruculuğu istiqamətində yeni tələblər müəyyənləşdirmiş dövr - mərhələ kimi xarakterizə etmək olar.
Tarixi Zəfərdən sonra Azərbaycan Ordusu Türkiyə Ordusu formatında tormalaşma, hərbi təhsillə həyata keçirilən islahatlarla başladı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda Milli Müdafiə Universiteti yaradıldı, Hərbi Akademiya fəaliyyətini Hərbi İdarəetmə İnstitutu və Hərbi Elmi-Tədqiqat İnstitutu kimi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, yeni yaradılan 3 hərbi kollecdə  Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərəcək. Bu mərhələ ordu quruculuğunda hərbi təhsil sistemində elmi müddəalar, elmi tezislər, elmi nəzəriyyələr əsasında həyata keçirilən islahatlar mərhələsidir.
Ordu quruculuğunun bu mərhələsində hərbi təhsildə də müvafiq islahatlar aparıldı. Milli Müdafiə Universiteti indi yeni elmi-pedaqoji yeniliklər əsasında fəaliyyət göstərir ki, bu da hərbi təhsildə, nəticə etibarilə ordu quruculuğunda yeni nailiyyətlər deməkdir.
Azərbaycan Ordusunda həyata keçirilən son islahatların mahiyyəti də ordunun döyüş hazırlığının yüksəldilməsinə, onun dünya orduları səviyyəsində tam formalaşmasına, qüdrətinin artırılmasına yönəldilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təəbirincə desək, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır"...
Tarixi Zəfərin müəyyənləşdirdiyi ordu qurucluğunun yeni mərhələsi də uğurla başa çatdırılacaqdır...
 
Heydər PİRİYEV

Milli Müdafiə Universiteti,

ehtiyatda olan general-leytenant