Xalqın ruhu mübarizələrdə formalaşır. Mübarizə var olmaq, tarixdə qalmaq, yaşamaq niyyətidi - xalqı xalq kimi mübarizələr yaşadır, tarixləşdirir. Tarixin qəlibi Azıxdan, Gəmiqayadan, Qobustandan, ... boy göstərən, min illərdi kimliyinin qılıncı olan bu ruha dar gəldi. "Varıq, var olacağıq!" qətiyyəti xalqın ruhunun qüdrəti kimi dünyanın münasibətlər buzunu əritdi, xalqın dağlarını dikəltdi, bulaqlarının suyunu durulaşdırdı, yellərini coşdurdu, dəryalarını daşdırdı və onun siyasi qüdrətinə döndü. Bu uca ruh, uluca ruh tarixin müxtəlif dönəmlərində müxtəlif siyasi çalxantılarla da üzləşdi, mübarizələrdən də keçdi, sıyrılı qılıncına qılınc çəkən yağılığın, baş qaldıran yağının boyunu da gödəltdi...
Dövlətlər yarandı...
Tarixdə zaman yüz illərlə ölçülür - neçə yüz illər keçdi, Səfəvilər dövləti yarandı, xanlıqlar yarandı. Yadların siyasi niyyətini ifadə edən Gülüstan müqaviləsi Azərbaycanı ikiyə bölsə də, xalqın ruhunun üstündən yel əsdirə bilmədi. Bir əli zaman anlamında dünənlərdə, bir əli zaman anlamında sabahlarda olan bu ruhun hər səhəri mübarizə üzünə açılırdı, bu mübarizə xalqın iradəsi idi.
Bu fikirlərin zəmanəti ilə "N" hərbi hissəsində əsgərlərlə söhbətləşəndə Dövlət Müstəqilliyi Günü haqqında danışmağı da qərara almışdım. Bu söhbətlə, müəyyən mənada, bu tarixi gün haqqında əsgərlərin bilgilərini genişləndirməyi, yeniləməyi, onların vətənpərvərlik duyğularını bir söhbətin imkanları qədərincə yüksəltməyi özümə mənəvi borc bilirdim. 1918-ci il mayın 28-də "İstiqlal Bəyannaməsi" ilə xalqımız "var imzamız imzalar içində" dedi, bu bəyannamə müstəqil Azərbaycanın dünyaya ilk rəsmi müraciəti oldu...
Azərbaycan Demokratik Respublikası şəraitə görə Tiflisdə elan olunmuşdu. Əvvəl Tiflisdə fəaliyyət göstərən hökumət, sonra Gəncəyə köçürüldü...
"İstiqlal Bəyannaməsi"ndə müstəqil Azərbaycan dövlətinin yarandığı bildirilmişdi, onun hakimiyyətinin əhatələdiyi ərazinin hüdudları müəyyənləşdirilmişdi, bu hüquqi və siyasi sənəddə dövlətin əsas prinsipləri göstərilmişdi, demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, xalqların və insanların milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq hamının azad yaşaması üçün şərait yaradıldığı, hakimiyyətin bölünməsi prinsiplərinin əsası olduğu, Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaradacağı bildirilirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqramla məlumat verildi...
Azərbaycan Demokratik Respublikasında bütün dövlət təsisatları yaradılmışdı. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilmişdi, ölkənin sərhədləri müəyyənləşdirilmişdi, dövlətin bayrağı, dövlətin himni, dövlətin gerbi yaradılmışdı, Azərbaycan dili dövlət dili elan edilmişdi, ordu yaradılmağa başlamışdı, ordu quruculuğu istiqamətində əhəmiyyətli tədbirlər görülməyə başlanmışdı, dövlət maarifin, təhsilin, mədəniyyətin inkişafına ciddi diqqət yetirirdi, Azərbaycanın ilk universiteti təsis edilmişdi. Bu, dövlətin dünyəvi dövlət olmasını gerçəkləşdirəcəkdi.
Azərbaycan bədxah dövlətlərin əhatəsində idi. Tarixi sənədlərdə qeyd olunur ki, siyasi baxışlara, siyasi təzyiqlərə, siyasi təhdidlərə görə 1918-ci ildə Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradılmasına razılıq verdi. İrəvanın yaradılan Ermənistan Demokratik Respublikasına verilməsinə etiraz edə bilmədi. Ərazisi azalan Azərbaycanın gizli siyasi gərginliyi artdı. Azərbaycanın XIX əsrin sonlarında, XX əsrdə yaşadığı siyasi acıların başlanğıcı "Gülüstan" müqaviləsi ilə qoyulmuşdu (ermənilər Azərbaycan ərazisinə köçürülmüşdülər), Azərbaycanın ərazisində erməni dövləti yaradılmaqla davam etdirilmişdi...
"İstiqlal Bəyannaməsi" dünya dövlətlərinə xalqın mübarizələrinin nəticəsi kimi Azərbaycan dövlətçiliyinin bərpa olunduğunu bəyan edirdi.
Əsgərlərə xatırladıram ki, 1918-ci il mayın 28-də Tbilisidə qəbul olunan "İstiqlal Bəyannaməsi" müstəqil dövlət elan edilməsi haqqında Azərbaycan Milli Şurasının qərarı idi. Bəyannaməni Əhməd bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Nəriman bəy Nərimanov və başqaları imzalamışdılar. Dövlət idarəçiliyi üçün xalq cümhuriyyəti forması müəyyənləşdirilmişdi.
Azərbaycan Demokratik Respublikası milli-xəlqi mübarizələrlə yaradılmışdı, tarixin inadını xalqın dönməz ruhunun qüdrəti ilə sındırmışdı, "Gülüstan" müqaviləsini tarixin urvatsızlıq qutusuna atmışdı.
Dövlətin ən çox diqqət yetirdiyi təhsil, mədəniyyət, incəsənət milli-mənəvi dəyərlərin yeni dövlətçilik sistemi əsasında formalaşacağının siyasi zəmanəti idi.
Tarixi sənədlər təsdiqləyir ki, yaranan dövlət təkcə qonşu dövlətlərlə deyil, digər dövlətlərlə də siyasi, iqtisadi, mədəni əlaqələr qururdu. Dünyanın siyasi müstəvisində boy göstərən gənc Azərbaycan dövləti - Azərbaycan Demokratik Respublikası dünya dövlətləri ilə diplomatik münasibətlər yaratdı, kimisi ilə səfirlik, kimisi ilə nümayəndəlik səviyyəsində yaradılan bu münasibətlər ikitərəfli siyasi əlaqələrin rəsmiləşdirilməsi idi. Müxtəlif dövlətlərlə ikitərəfli, çoxtərəfli müqavilələr bağlanmışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması üçün mühüm tədbirlər həyata keçirmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə böyük əhəmiyyətini, XX əsrin sonunda mənəvi və siyasi rolunu dövlətçiliyin şərtləri əsasında dəyərləndirən böyük tarixi şəxsiyyət Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuq, buna görə Xalq Cümhuriyyətinə borcluyuq. XX əsrin əvvəlləri ilə sonu arasında mənəvi-ruhi, xəlqi-milli bağlılıq olduğunu bildirən böyük tarixi şəxsiyyət demişdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".
Tarix deyir ki, Azərbaycan Demokratik Cümhuriyyəti həmişə xatırlanıb, qəlbitəmizlər bu süqutu təəssüflənməklə, digərləri qərəzliklə, gözügötürməzliklə xatırlayıblar. Tarix onu da deyir ki, Şərqin ilk demokratik cümhuriyyətini süquta yetirən imperiyanın başçısı Məmməd Əmin Rəsulzadədən soruşub ki, "Bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?". Cavab olaraq qürurla, bir qədər də təəssüflə səslənən kəlmələr sonralar Azərbaycanın timsalında milli-azadlıq hərəkatının nə olduğunu aydınlaşdıran dövlətçilik tezisi kimi tarixləşib: "Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz".
İmperiyanın ciddi siyasi qadağaları xalqın mübarizə əzmini qıra bilməmişdi. Milli-azadlıq hərəkatı Azərbaycan dövlətçiliyinin ideoloji carçısı idi... 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli "İstiqlal Bəyannaməsi"nə istinad edilmişdi, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilirdi. Bu hüquqi sənəddə qeyd edilib ki, "Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır". Yeni Konstitusiya bəşəri, tolerant dövlətin Konstitusiyası kimi hazırlandı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, 100 illik yubileyləri ilə bağlı imzaladığı Sərəncamlar dövlətçilik tariximizə ehtiramın təzahürü kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində demişdi ki, bu il - 2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib: "Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir”. Bu kəlamlar İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin də ideoloji başlanğıcının Azərbaycan Demokratik Cümhuriyyəti olduğunun tarixi ifadəsidir.
"Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qürurla dediyi bu fikirlər Azərbaycan əsgərinin hərbi xidmətinin mənəvi davamıdır. Bu qürur qurucusu Heydər Əliyev olan müasir Azərbaycanın varisi olduğu Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı qüruru da yaşadır...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"