Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2024 17:42

Ağır illərin fədakar bacıları

Bəşəriyyətin ən qanlı-qadalı müharibəsi sayılan İkinci Dünya müharibəsində keçmiş sovetlər birliyinə daxil olan bütün xalqlar kimi azərbaycanlılar da fəal iştirak ediblər. Sovet Sosialist Respublikaları İttifaqının hərb tarixinə Böyük Vətən müharibəsi kimi daxil edilən bu ağır müharibədə faşizm üzərində qələbənin qazanılmasında respublikamızın əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşub.
Doğma Azərbaycanımızın 700 minə yaxın mərd oğul və qızı 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbə qazanılmasında fəal iştirak edib. Onların 450 mini orden və medallarla təltif olunub. Azərbaycandan 130 nəfər "Sovet İttifaqı Qəhrəmanı" kimi yüksək ada layiq görülüb.
Keçmiş müttəfiq respublikalar içərisində ümumi əhalisinin nisbətinə, əsgər sayına və döyüşən əsgərlərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayandı. Müharibə illərində azərbaycanlılardan ibarət 416-cı "Taqanroq", 402-ci "Azərbaycan", 223-cü "Belqrad" və 77-ci "Simferopol" diviziyaları şərəfli döyüş yolu keçdi. Soydaşlarımızdan ibarət olan bu diviziyaların şəxsi heyətinin təxminən yarısı ağır döyüşlərdə qəhrəmanlıqla həlak oldu. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq, cəbhəyə yola salındı. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik və fədakarlıqlar göstərdilər. 416-cı diviziyanın Şimali Qafqazdan Berlinədək ağır və şanlı döyüş yolu keçməsi, diviziyanın əsgərlərinin Berlində qələbə bayrağı ucaldanların sırasında olması hər bir azərbaycanlını qürurlandırdı. Bu gün də biz o qürur tarixini yaşayaraq qeyd edirik...
1941-1945-ci illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçilirdilər. Onlar "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı ilə qüvvələri səfərbər edərək, gecə-gündüz çalışdılar. Qələbənin qazanılmasına töhfələr verməyə səy göstərdilər.
Böyük qələbənin əldə edilməsində Azərbaycan nefti xüsusi rol oynadı. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 80 faizi Azərbaycanda hasil edilirdi.
Azərbaycan Respublikasının sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı edirdi. Müharibə dövründə Azərbaycanda 130 növdə silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. 1941-1945-ci illərdə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətlərini, habelə arxa cəbhədəki fədakarlıqlarını heç vaxt unutmaq olmaz.
Arxa cəbhədə fədakarcasına çalışan Azərbaycanın mərd, qeyrətli, zəhmətkeş qızlarının sırasında Qəmzə və Sədəf Məmmədova bacıları da var idi.
Lənkəranın ən qədim yaşayış məskənlərindən biri, füsunkar təbiəti olan Seydəkəran kəndi indi inkişaf, çiçəklənmə dövrünü yaşayır. Hər tərəfdə bahar təranələri eşidilir. Bağ-bağçalar yaşıl libasını dəyişib. Yol boyu əkilmiş salxım söyüdlər, uca çinarlar, qollu-budaqlı palıd ağacları vüqarlı görkəmi ilə kəndə xüsusi gözəllik verir. Məqsədimiz Seydəkəran kəndində yaşayıb ərsəyə çatmış traktorçu bacılar - Qəmzə və Sədəf Seyidağa qızı Məmmədovalar haqqında məlumat əldə etmək idi.
Qəmzə Məmmədova 17 mart 1922-ci ildə anadan olub, 19 noyabr 2007-ci ildə vəfat edib. Sədəf Məmmədova 11 dekabr 1925-ci ildə həyata göz açıb, 20 yanvar 2009-cu ildə dünyasını dəyişib.
Traktorçu peşəsinə yiyələnən iki bacının vaxtilə birgə yaşadıqları evin həyət qapısını döydük. Qapını üzümüzə üç bacının yeganə qardaşı, yaşı 80-i haqlamış Kərbəlayi Qurban kişi açdı (artıq o, haqq dünyasına qovuşub). Səmimi söhbətdən sonra birbaşa mətləbə keçdik.
- Qurban kişi, necə oldu ki, bacılarınız Qəmzə və Sədəf müharibənin qanlı-qadalı illərində traktorçu peşəsinə yiyələndilər?
- Doğrusu, elə bu mənim üçün də maraqlı və qəribə idi, - deyə Qurban kişi sözünə davam etdi. "Atam müharibə illərində uzun müddət yataq xəstəsi oldu. Ağır xəstəlikdən sonra o dünyasını dəyişdi. Ailənin ağırlığı anam Xırdanın zərif çiyinləri üzərinə düşdü. Biz dörd uşaq idik. Mən, bacılarım Qəmzə, Sədəf və Kəsirə. Atam öləndə mən on yaşında idim. Anamız Xırda onu tanıyanların qəlbində zəhmətkeş insan, qayğıkeş ana, cəfakeş qadın kimi qalıb. Evdə anamın üzünü görmürdük. Səhər açılıb işə gedəndə biz yuxuda olardıq. İşdən gün batanda qayıdanda biz yenə də yuxuda olardıq. Anam dəhşətli müharibə illərini belə xatırlayırdı: "Müharibə təzə başlamışdı. Ayağımızda çarıq işə gedirdik. Gecələr biçin biçir, kişiləri əvəz edirdik. Gündüzlər xırman döyür, taxıl hazırlayıb dövlətə təhvil verirdik. Təsərrüfatı biz qadınlar idarə edirdik. Dolanışıq çətin, ağır idi. Dərsi buraxıb, hamı kimi, mən də kolxoza işləməyə getdim. O zamanlar hər bir iş əl ilə görülürdü. Maşın yox idi. Mən gah kotan sürür, gah çəltik əkir, gah da tərəvəz və yem daşıyırdım". Anam balalarının rahat yaşayışı üçün özünü oda, közə vurub. Gecəni gündüzə qatıb elə hey işləyib. O, çətin günləri xatırladıqca kövrəlir, gözlərinin yaşını silib, gah mənə, gah da bacılarıma baxıb dərindən ah çəkirdi. Anamın yaşı 57-ni ötmüşdü. Çox qoca görünürdü. Başındakı qara kəlağayı ağarmış saçlarını tam gizlədə bilməmişdi. Ağ tüklər  üz-gözündəki qırışlar, qollarındakı şişmiş damarlar ovqatını təlx etmişdi. Seyrək dişləri cavanlığını çovğuna bürümüş ahıllıqla yarışa girmişdi. Müharibə illərində bütün analar kimi, mənim anam da öz işində həmişə fədakar olub. Anamın timsalında bütün analar qəhrəmandırlar. Onlar dağ misallı, səbirli və dözümlü, mətin və əzmlidirlər. Analar hər cür qayğıya, ehtirama layiqdirlər. O danışardı ki, kolxozun idarə binası Hacıməmməd kişinin mülkündə yerləşirdi. "Rayondan, o cümlədən MTS-dən (Maşın Traktor Stansiyası) tez-tez kolxoza nümayəndələr gələrdi. Onların əksəriyyəti bizdə qonaq olurdular. MTS-in siyasi şöbəsinin rəisi Musarza Səfərov atamla yaxın dost idi. Bir gün MTS-in direktoru ilə Musarza Səfərov yenə bizə gəlmişdilər. Musarza ətirli çayı mələş armudu ilə içdi və məni o ki var təriflədi. Novruz bayramı olduğuna görə məndən bu meyvələrin necə saxlanması ilə maraqlandılar. Anam dedi ki, mən hər il alma, armudu ağacdan dərib, səliqə ilə sandığa yığıb, ta Novruza qədər saxlayıram. MTS-in direktoru üzünü atama tutub dedi ki, Seyidağa kişi, müharibə gedir, vəziyyət ağırdır, dolanmaq çətindir. Bu qədər ailənin ağırlığı tək sənin çiynindədir. Bilirəm ki, evində vəziyyət heç də ürəkaçan deyil. MTS-in nəzdində traktorçu kursu açmışıq. Maşallah, qızların da çox zirək qızlardır. İcazə versən, Qəmzə və Sədəfi traktorçu kursuna yazdırarıq... Beləcə bacılarım - Qəmzə və Sədəfin ağır illəri başladı"...
Qəmzə 1942-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən məktəbdə mexanizator ixtisasına yiyələnir. Əmək fəaliyyətinə Veravul kəndindəki təsərrüfatda başlayır. Sonralar rayonun Vilvan, Havzava, Osaküçə, Sinovli, Ləj və Şağlaküçə kəndlərində torpaq işləri ilə məşğul olur. Çay sahələrini əkinə hazırlayır. 1946-cı ildə traktorçular briqadasının başçısı seçilir. İki çağırış rayon Sovetinin deputatı olur. Sədəf bacısı Qəmzənin yanında traktorçu köməkçisi işləyir. Şağlaser, Veravul, Ləj, Haftoni, Vilvan və digər kəndlərdə tərəvəz və çay sahələrinin salınmasında iştirak edir.
Sədəf xanım 1943-cü ildə Veravulda müəllim işləyən Hüseynağa ilə ailə həyatı qurur. Hüseynağa müharibədə qəhrəmancasına həlak olur. Sehranə və Bəxticamal adlı övladları Vətənə əmanət qalır. Sehranə müəllimə, Bəxticamal isə traktorçu peşəsinə sahiblənirlər.
Hər iki bacı gözəl oğul-uşaq sahibi, öz sənətlərinin mahir vurğunu, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idilər.
Hər bir gənc illəri səmərəli, ayları faydalı, günləri mənalı keçirməlidir. Ömrü hədər getməyən illər hər kəsə şöhrət gətirir, adını dillər əzbəri edir. El-obasına şərəfli əməkləri ilə şöhrət gətirən Qəmzə və Sədəf bacıları kimi...

Ehtiyatda olan polkovnik
Əvəz GƏNCİYEV
Bakı şəhəri