Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2024 12:20

Azərbaycan-Türkiyə: Mənim Zəfərimdi sənin Zəfərin!..

Qardaşlıq qardaş olma deməkdi. Qardaş olma ruhun eyniliyidi, ruhların eyni kökdən rişələnməsidi. Eyni ağacın iki budağı kimi, eyni budağın iki yarpağı kimi, eyni millətin iki xalqı kimi. Yüz illərdi qardaşlıq eşqinə əli əl isidir, köz közə söykənir, söz sözə. Müəllifi tarix olan eyni "Divani"nin bir bəndi o xalqdı, bir bəndi bu xalq. Yunus Əmrə Türkiyədə də doğmadı, Azərbaycanda da, Nizami Gəncəvi Azərbaycanda da doğmadı, Türkiyədə də, Qarani, Nəsimi, Qaracaoğlan, Aşıq Ələsgər, ... orada da ustad kimi sevilib, burada da ustad kimi sevilir. Türkiyədə də torpaq qılınc-bilək, barmaq-tətik ünsiyyəti ilə qorunub, Azərbaycanda da. Yüz illərdi bəşəriyyət bu birliyə bağır basır. Azərbaycanda da "Azərbaycan-Türkiyə!" deyilib, deyilir, deyiləcək, Türkiyədə də!..
Ötən əsrin əvvəllərində:
Osmanlı Türkiyəsində istiqlal müharibəsi gedirdi. Hörmüzlüyün Əhriməniliyə qarşı döyüşlərinin ağırlığını sözlə ifadə edəndə həmişə onbaşı Seyid Əlini xatırlamışam, bir də "Hacer ana" türk filmini. Biri türkün döyüşçüsü olub, biri türk anası. İkisi də türkün döyüş ruhu - istiqlal ruhu. Onbaşı Seyid Əli döyüşdə, köylü Hacer ana döyüşdən uzaqda Vətənin bir zərrəsi idi - Seyid Əli gücü, təpəri ilə, Hacer ana düşüncəsi ilə...
Sarıqamışda donan minlərlə döyüşçünün sırasında Azərbaycandan getmiş yüzlərlə döyüşçü də vardı. Onlar da mehmetçik kimi üşüdülər - tərpənmədilər, mehmetçiklərlə nəfəs-nəfəsə dayandılar - tərpənmədilər, mehmetçiklərlə göz-gözə, baxış-baxışa dondular - tərpənmədilər. Bu da ruhun eyniliyinin, qardaşlığın dönməzliyinin təzahürü idi...
O döyüşlərdə Azərbaycan Türkiyənin yanındaydı. Minlərlə azərbaycanlı Türkiyənin istiqlal savaşının döyüşçüsü, Çanaqqala həm də Azərbaycanın Çanaqqalası idi. Azərbaycanlı döyüşçü türk mehmetçiyi ilə kürək-kürəyə döyüşürdü, yaralananda birinin qanı digərinin yaralarına sarğı olurdu, birinin nəfəsi digərinin son nəfəsinə örtük olurdu; istiqlal müharibəsi həm də Azərbaycanın müharibəsi idi.
İstiqlal müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfəri Azərbaycan da öz Zəfəri bildi, "Mənim Zəfərimdi sənin Zəfərin, Türkiyəmiz!" - dedi...
Azərbaycanda vəziyyət gərginləşəndə, bolşevik-daşnak qüvvələri Azərbaycanı Gülüstan müqaviləsindən də betər bölməyə həvəsiyəndə, bunun üçün dünyəvilikdən uzaq bütün imkanlarını hərəkətə gətirəndə, siyasi çalxantılar Azərbaycanın varlığını sıxanda Türkiyə Azərbaycanın yanında oldu. Mustafa Kamal Paşa "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", - dedi, Nuru Paşanın sərkərdəliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana göndərildi, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın sərkərdəliyi ilə Bakı bolşevik-daşnak qüvvələrindən azad edildi...
Rus imperiyası 1920-ci ilin 28 aprelində Azərbaycan Demokratik Respublikasını ilhaq etsə də, Azərbaycanla Türkiyənin arasına sərt sərhədlər salsa da, yüksək qadağa sistemi yaratsa da, ruhları ayıra bilmədi, ayıra bilməzdi. Sonralar böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərini "Bir millət, iki dövlət" düsturu ilə ifadə etdi...
Azərbaycan Türkiyəyə xitabən "Mənim Zəfərimdi sənin Zəfərin!" - dedi...
Azərbaycanla Türkiyəni ancaq sərhədlər ayırır. Bu sərhədlər ayrılıq sərhədləri deyil, bir-birinə bağlılığın dünyəviliyə, dövlətçiliyə görə fərqləndirilməsidi.
İkinci Qarabağ müharibəsində:
Çanaqqala döyüşləri Türkiyədə qurtuluş müharibəsinin başlanğıcı olmuşdu, Aprel döyüşləri Azərbaycanda Vətən müharibəsinin başlanğıcı oldu.
Ermənistan Azərbaycana qarşı ədalətsiz müharibəyə başladı, xarici havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnməklə Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Azərbaycanda ikinci erməni dövlətinin yaradılmasının mümkünsüzlüyünü dərk etsə də, sülh danışıqlarından yayınır, regionda mövcud status-kvonu saxlamağa çalışır, Azərbaycana qarşı təxribatlarını davam etdirirdi.
Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə genişmiqyaslı hücuma keçdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı - İkinci Qarabağ müharibəsi başladı...
Hələ müharibədən əvvəl Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar demişdi ki, Türkiyə Azərbaycanın yanındadır. Xalq bunu torpaqlarımızın işğaldan azad ediləcəyinə inam, Ali Baş Komandanın döyüş əmri ilə başlayacaq ədalətli müharibədə böyük mənəvi dəstək bildi. Bu mənəvi dəstək ruhun kükrəyişi, döyüş əzmi, qələbə ruhu oldu. Türkiyənin əlini kürəyində hiss edən Azərbaycanın yüksək döyüş hazırlığına malik Ordusu Ali Baş Komandanın döyüş əmrini Qələbə ilə tamamlamağa hazır idi. Türkçülüyün ruhunda azərbaycançılıq, azərbaycançılığın ruhunda türkçülük vardı. Türkiyənin istiqlal savaşında mehmetçik necə vuruşmuşdusa, Vətən müharibəsində Azərbaycan əsgəri də elə vuruşacaqdı. Dünya 1915-ci ildə Çanaqqala döyüşlərində Qələbə qazanan türk mehmetçiyinin döyüş əzminə, qələbə ruhuna, qəhrəmanlığına necə heyrətlənmişdisə, 105 ildən sonra Azərbaycanın ədalətli müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığına da elə heyrətlənəcəkdi; o qardaşın döyüş ruhu ilə bu qardaşın döyüş ruhunun eyni olduğuna kimsə şübhə etmirdi. Ərəfədə hər əsgər Vətənə xitabən deyirdi ki, bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!
Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirinə Üzeyir Hacıbəylinin bəstələdiyi mahnı Qafqaz İslam Ordusuna, Nuru Paşaya ithaf edilmişdi. Bu da qardaşlığa mənəvi xeyir-dua idi: "Fırtınalar dursun yana, Yol ver türkün bayrağına!" çağırışı Bakıda səslənsə də, Türkiyənin də göylərinin səyyarəsinə dönmüşdü. Bu da ruhun eyniliyinə görə qardaşlığın şərtlərindəndi.
2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başlayanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır", - demişdi.
İkinci Qarabağ müharibəsi - mahiyyəti etibarilə Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun hissələri düşmənin işğal müddətində yaratdığı, yarada-yarada möhkəmləndirdiyi, möhkəmləndirə-möhkəmləndirə təkmilləşdirdiyi sədlərini dağıdıb keçirdi, ilk qələbələr qazanırdı. Hər qələbə sonrakı döyüşlərin başlanğıcı olurdu. Döyüşlərə pilotsuz uçuş aparatları da cəlb edilirdi...
Türkiyə Azərbaycandan siyasi dəstəyini əsirgəmirdi, Türkiyə mənən - ruhən də və siyasi dəstəyi ilə də Azərbaycanın yanındaydı. Türkiyənin PUA-ları, "Bayraktar"ları düşmənin komanda və dayaq məntəqələrini dağıdırdı, döyüş maşınlarını, hava hücumundan müdafiə sistemini, canlı qüvvəsini məhv edirdi. "Bayraktar"lar düşmən ordusunun nizamını həm də azərbaycanlı mütəxəssislərin peşəkarlığı ilə darmadağın edirdi...
Şuşa noyabrın 8-də işğaldan qurtardı.
Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı.
Türkiyənin həmişə Azərbaycanla nəfəs-nəfəsə olması indi də dünyanın bəşəri dövlətləri üçün sevgidi, bəşəriliyə yad dövlətlər üçün heyrətdi (buna siyasi qısqanclıq da demək mümkündür)...
Bu dövlətlər eyni kökdən rişələnib, ortaq dilə, ortaq mədəniyyətə, ortaq mentalitetə malik olan iki qardaş dövlətdi. Mustafa Kamal Paşa da, Heydər Əliyev də bu qardaşlığın əbədi olacağını qürurla bildirmişdi.
1920-ci ildə sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırdı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsildi. Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başlayanda Naxçıvanı da ilhaq etmək istəyirdi. Birinci Qarabağ müharibəsində Ermənistan Naxçıvanda da müharibə aparırdı, Naxçıvanda da şiddətli döyüşlər gedirdi. Ulu Öndər Heydər Əliyevin qüdrəti ilə bu döyüşlər böyümədi. Naxçıvan Türkiyənin nəfəsi ilə isinirdi -  Ermənistan geri çəkildi...
Türkiyə Azərbaycana xitabən "Mənim Zəfərimdi sənin Zəfərin!" - dedi...
İkinci Qarabağ müharibəsindən sonra Bakıda Zəfər paradı keçirildi. Bu möhtəşəm coşquda iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kəlmələr də ruhun eyniliyinin ifadəsi idi: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. "Qarabağ şikəstəsi"ni oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır".
Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan ikitərəfli bəyannamə, "Şuşa Bəyannaməsi" kimi tanındı. Bu da "Bir millət, iki dövlət" fəlsəfi dərkinin başqa formatda ifadəsi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi "Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir", "Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir" kəlamları da bu iki dövləti bir-birinə eyni ruhun bağladığının təsdiqidi.
"Şuşa Bəyannaməsi" həm də bəşəri birliyin simvolu kimi tarixləşdi: Azərbaycanda da"Şuşa Bəyannaməsi - qardaşlığın təntənəsi!" deyilir, Türkiyədə də.
Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq bütün istiqamətlər üzrə uğurla davam etdirilir: hərbi yönümlü sərgilər, müxtəlif təyinatlı və miqyaslı təlimlər Azərbaycan Ordusunun Türkiyə modeli əsasında təkmilləşdirilməsi, kadr hazırlığı və s.
İkinci Qarabağ müharibəsindən sonra:
Ordu quruculuğunun tərkib hissələrindən olan təlimlər ordunun döyüş hazırlığını yüksəldib. Beynəlxalq təlimlər həm də ordular arasında döyüş məharətinin inteqrasiya vasitəsi olur. İkinci Qarabağ müharibəsindən sonra 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamədə - hərbi əməkdaşlıq haqqında ikitərəfli razılaşma da bu inteqrasiyaya yaradılan zəminin təzahürüdür. Azərbaycanla Türkiyə arasında münasibətlər həm də hərbi əməkdaşlıq müstəvisində daha şəbəkəli davam etdirilir.
Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş "Mustafa Kamal Atatürk-2023" birgə təlimi əhatə etdiyi ərazi baxımından miqyaslı, əksər qoşun növlərini əhatə etmə baxımından geniş təlim kimi tarixləşmişdi. Türkiyəyə və Azərbaycana rəğbəti, ehtiramı olan dövlətlər bu təlimlərə görə də bu qardaşlığı həmişə səmimiyyətlə dəstəkləyib, xarici siyasəti bəşərilikdən uzaq dövlətlər bu münasibəti qısqanıb, qısqananlar indi də var. Bu məqamla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur". Bu narahatlıq Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsindən narahat olmadır...
Təlim döyüş hazırlığı deməkdi, döyüş hazırlığı - ordunun gücü, ordunun gücü - dövlətin gücü. Güclü dövlətlərin qardaşlığı möhtəşəm olur; "Keçirilən və keçiriləcək birgə təlimlər həm də azərbaycançılıqla türkçülüyün, türkçülüklə azərbaycançılığın vəhdətinin - ayrılmazlığının qüdrəti kimi tarixləşəcək...
Türkiyədə Azərbaycana, Azərbaycanda Türkiyəyə xitabən deyilib, deyilir, deyiləcək ki, mənim Zəfərimdi sənin Zəfərin!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"