Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2024 16:25

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu.
Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Xalqımız yadellilərlə mübarizə apararaq yurd yerlərini işğaldan qoruyub, həmişə də öz taleyinə sahib olmağa, özünün müstəqil dövlətini qurmağa can atıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti Azərbaycanın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Tarix boyu Azərbaycanın ərazisində müxtəlif dövlətlər qurulsa da, ayrı-ayrı səbəblər üzündən uzun müddət yaşaya bilməyib. Xalq Cümhuriyyətinin yaradılması, əslində, 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi.
Birinci Dünya müharibəsinin gedişində "xalqlar həbsxanası" olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi. 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssisələr Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyətdə çevriliş baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssisələr Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini - Zaqafqaziya Parlamentini yaratdılar. Seymdə Müsəlman fraksiyasının Müəssisələr Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya Müsəlman Şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi. 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin Azərbaycan nümayəndələrinin tələbi ilə Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri onların konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd - İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin  hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır.
Lakin, əfsuslar olsun ki, müstəqilliyə gedən yol heç də rəvan olmamış, cümhuriyyət yaranmamışdan öncə xalqımızın taleyində dəhşətli hadisələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində "Böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Azərbaycanın öz  müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu
1918-ci il mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni, Zaqafqaziya Müsəlman Şurasının üzvləri ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər.  Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində, Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlament respublikasının bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçmiş seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında qərar qəbul olundu və "İstiqlal Bəyannaməsi"nin mətni təsdiqləndi. Dövlət müstəqilliyinin Tiflis şəhərində elan edilməsinin əsas siyasi səbəbi ölkənin paytaxtı Bakı şəhərinin, başda Stepan Şaumyan olmaqla, cinayətkar bolşevik rejiminin əlində olması idi. Cənubi Qafqaz respublikaları ilə sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113.9 kv.km-ni əhatə etmiş, əhalisi isə 2.8 milyondan çox olmuşdur. Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar monarxiya rejiminin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, parlamentli respublika formasında dirçəldi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərinin yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanılmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. 1918-ci il noyabrın 1-də Nazirlər Şurasının qərarı ilə Hərbi Nazirlik yarandı. Fətəli xan Xoyski nazir, Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona həvalə olundu. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən ordu formalaşdırıldı. Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə, pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid komandanlıq altında birləşdirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı və ümumi qərargah (Qlavnıy ştab) yaradıldı.
 Mudros müqaviləsinin şərtlərinə görə, Bakıya gəlməli olan ingilis qüvvələri komandanı general Tomson hələ Azərbaycana qədəm qoymamışdan əvvəl tələb edirdi ki, türk qoşunları kimi, Azərbaycan qoşunları da 1918-ci il noyabrın 17-dək Bakı şəhərini tərk etsinlər. Çünki Tomson Bakı şəhərini istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi cəhətdən mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan qüvvələrə də etibar etmirdi. Bu səbəbdən 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncə şəhərinə köçdü. Hərbi Nazirliyin Gəncə şəhərinə köçürülməsi, şübhəsiz ki, hökumət orqanlarının əlaqələrində və bütövlükdə ordunun formalaşması prosesində çətinliklər yaradırdı.
Hərbi Nazirlik yaradılana qədər mövcud olan hissə və birləşmələr tarixi şəraitlə əlaqədar Gəncə şəhərində və Qarabağda yerləşdirilmişdir. 1918-ci ilin sonu 1919-cu ilin əvvəlində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Tam artilleriya generalı Səməd bəy  Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. Onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı. Orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirildi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan müstəqilliyi, milli orduda xidmətin bu və ya digər uyğun gəlməyən tələbləri ləğv edilirdi. Azərbaycan dili orduda dövlət dili elan edildi. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda kurslar yaradıldı. Azərbaycan döyüşçüsünün mənəvi dünyasının yaradılmasında mənsub olduğu xalqın tarixi keçmişinin öyrənilməsinə, onun qəhrəmanlıq nümunələri üzərində tərbiyələndirilməsinə böyük əhəmiyyət verildi. Hərbi Nazirliyin bərpasının ilk günlərindən hərbi qulluqçuların geyim formasının da milliləşdirilməsi və onun Azərbaycan Ordusuna uyğunlaşdırılması üçün zəruri tədbirlər görüldü.
Yeni dəyərlər üzərində qurulan ordunun milli kadrlarının hazırlanması da Hərbi Nazirliyin qarşısında duran əsas vəzifələrdən biri idi. Bu vəzifənin həllinə nail olmaq üçün hələ türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncə şəhərində fəaliyyət göstərən hərbi məktəbin fəaliyyəti yenidən quruldu və onun statusu artaraq, praporşiklər məktəbinə çevrildi. Praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi açıldı. Bundan başqa, Azərbaycan Ordusunun milli hərbi kadrlar hazırlayan istehkam və hərbi dəmiryolçular məktəbi, həmçinin feldşer məktəbi də açıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin Şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Rusiyanın cənubunda Denikinin qoşunlarına qalib gələn bolşeviklər Bakı neftinə sahib olmaq üçün öz qüvvələrini Azərbaycan Xalq Cümhuriyyətinin sərhədinə cəmləşdirərək işğala hazırlaşırdılar.
Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək üçün Qarabağ və Gəncəbasarda məskunlaşan erməni əhalisinin qiyamını təşkil etmək təklifini verdilər. 1920-ci ilin martında Qarabağda kütləvi erməni hücumlarının başlanması ilə əlaqədar Azərbaycan Ordusunun əsas qüvvələri bu bölgədə yerləşdirilmişdi. Şimal sərhədlərini qoruyan qüvvələrin böyük bir hissəsi də Qarabağa göndərilmişdi.  Erməni silahlı birləşmələri ilə döyüşlərdə Azərbaycan Ordusunun hissələri canlı qüvvə, silah-sursat və əmlak itkilərinə məruz qalmışdılar.  Aprelin 27-də parlamentin iclasında hərbi nazir Səməd bəy Mehmandarov ölkənin müdafiəsi barədə sorğuya cavab olaraq bildirdi ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərməyə qadir olsa da,  bolşeviklərin hücumunun qarşısını almaq üçün kifayət qədər qüvvəyə malik deyildir.
1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI Qırmızı Ordu Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Aprelin 26-dan 27-nə keçən gecə XI Qırmızı Ordunun hissələri Azərbaycan ərazisinə daxil olub, Bakıya doğru irəliləməyə başladılar və Azərbaycan parlamentinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. Aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Aprel işğalı nəticəsində Azərbaycanda bolşevik rejiminin ömrü 70 il çəkdi. Lakin bu illərdə xalq  özünün istiqlal arzularını unutmadı, nəsildən-nəslə ötürdü.
1918-ci il mayın 28-də Şərqdə ilk dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməsinin müstəsna halda zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
1991-ci ildə Azərbaycan  yenidən öz dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktında Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna belə qiymət verildi: "1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin".
Müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət quruculuğunda Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsindən istifadə xətti götürüldü. Həmin dövrün dövlət rəmzləri yenidən qəbul edildi. Lakin Azərbaycan Respublikasının yarandığı ilk günlərdən Ermənistan tərəfinin ərazi iddiaları, hakimiyyət uğrunda ölkədaxili çəkişmələr dövlət quruculuğunu ləngidir, müstəqilliyimizə təhlükə yaradırdı. 1991-1993-cü illərdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətin dövlətçiliyimizi təhlükə altında qoyduğunu dərk edən hakimiyyət xalqın təkidi ilə görkəmli dövlət xadimi, böyük dövləti idarəetmə təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Məhz  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun apardığı müdrik və uzaqgörən daxili və xarici siyasət  nəticəsində Azərbaycan Respublikasının dövlət quruculuğunda  və bu quruculuğun vacib sahələrindən biri olan ordu quruculuğunda əsaslı dönüş yarandı. Bu gün Azərbaycan nəinki öz müstəqilliyini qoruyub saxlaya bilmiş, hətta dünya dövlətləri arasında böyük nüfuza malik olan bir dövlət kimi öz layiqli yerini tutmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaradılması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi