Xatirə yada düşdükcə, danışıldıqca, yaşadılan tarixdi - dilə gələn xatirələr olmuşları yenidən yaşatmadı. Qürurla, bir qədər kövrəkliklə, bəzən qəhərlə. El-obaya, xalqa, dövlətə, dövlətçiliyə aid olan xatirələr tarixə ehtiram da olur, narazılıq da, hiddət də olur, üsyan da. Hiddət də, üsyan da xalqa, dövlətə, dövlətçiliyə görə kükrəyən heysiyyətdi.
2020-ci ilin 8 noyabrı da, 10 noyabrı da, 2023-cü ilin 20 sentyabrı da tarixləşdi. Dövlətə, dövlətçiliyə sədaqət kimi, xalqa məhəbbət kimi, dünyaya heyrət kimi...
Döyüşlərdə şəhid olanların azyaşlı uşaqlarının "Atam nə vaxt qayıdacaq?" sualına nə ana, nə də nənə-baba dürüst söz deyə bilmirlər. Uşaq böyüyür, yoxluğun mahiyyətini dərk edir, gözləri yollardan yığılmasa da, kövrəkliklə "Atam şəhid olub..." deyən uşağın yaralı kəlmələri evdə ananın, nənə-babanın, məktəbdə müəllimlərin gözlərindən yaş dərir. Atalı xatirələr xatırlana-xatırlana yaşadılır, yaşadıla-yaşadıla xatırlanır.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunmuş "Yaralı xatirələr" adlı inşa müsabiqəsi (kiçik həcmli hekayə, esse, oçerk, novella) tarixi qürurla yaşatma niyyəti idi, hərbi qulluqçuların yaradıcı təxəyyülü də Zəfərə ehtiram bildirəcəkdi. Duyğusallığına görə, düşündürücülüyünə görə, fəlsəfi mahiyyətinə görə gərəkli tədbir kimi tarixləşəcəkdi.
Müsabiqəni giriş sözü ilə baş leytenant Günel Məmmədova açaraq bildirdi ki, 2020-ci il noyabrın 10-dan "könüllərdə və dillərdə qərarlaşan" Zəfər Azərbaycan tarixinin qüdrət mərhələsi kimi tarixləşdi. Ordunun şəxsi heyətinin döyüş əzmi, qələbə ruhu xalq-ordu birliyi, sərkərdəlik qüdrəti on illərlə davam edən işğalı sonlandırdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün Mərkəzin əməkdaşı Gülxar Məmmədovanın təşəbbüsü ilə keçirilən inşa müsabiqəsi bu Zəfərə ehtiramın, dövlətə, dövlətçiliyə sədaqətin ifadəsi kimi tarixləşəcək. Hər iştirakçının yaddaşında yaşayan yaralı xatırələr bəlkə də ilk dəfə kağıza burada köçürüləcək...
Gülxar Məmmədova çıxışında Vətən müharibəsinin ilk günlərini xatırlatdı, xalqın ədalətli müharibəyə münasibətini qələbəyə çağırış kimi mənalandırdı, bu münasibətin xalqın müharibəsi olduğunu bildirdi.
Yadıma düşdü ki, oktyabrın ilk günündə döyüş bölgəsinə ezam olunmuşduq. Yol boyu camaatın döyüşə gedənlərimizi necə uğurladığını görmüşdüm, uşaqların, yeniyetmələrin əllərinin necə bayraqlaşdığını görmüşdüm, anaların göz yaşlarını kəlağayısıyla necə sildiyini görmüşdüm. Gülxar Məmmədovanın çıxışı mənə bu anları da xatırlatdı. O günün xatirələri yaralı xatirələr deyildi, müsabiqədə iştirak etsəydim, başlanğıcı bu xatirələr olan sonrakı xatirələrdən yazardım: baş leytenant Elvin Şükürlünün qəhrəmanlığını, şəhidliyini xatırlayardım, yazardım. Dayaq məntəqəsində yaralı döyüşçülər görmüşdüm, yaralarından qan sızanlarımızı görmüşdüm, yaralı əli ilə yeni gətirilən yaralıya yardım etməyə cəhd edənlərimizi görmüşdüm, onlardan yazardım.
Gülxar Məmmədova müsabiqənin qaydalarını, şərtlərini izah etdi, yaradıcılıq müsabiqəsini şərtləndirən amilləri xatırlatdı, iştirakçıların janr seçimində sərbəst olduğunu bildirdi. Onu da əlavə etdi ki, bu inşa bədii təxəyyülə söykənməklə tarixi gerçəklikləri əks etdirməlidir. İştirakçılar inşanı 3 akademik saat müddətində tamamlamalıdır.
Müsabiqə başladı. İştirakçıların düşüncəli baxışlarında bir istək sezilirdi - xatirələrə ehtiram kimi onları daha duyğusallıqla ifadə etmək. Baxışlarda bir qədər narahatlıq da vardı - xatirələri hansı janrda yazmaq...
Müsabiqənin mahiyyətində qürur vardı - Zəfər, müqəddəsliyə ehtiram vardı - Vətən, Vətənə sədaqət, şəhidlikdən keçən döyüşlər. İştirakçıların nə yazacağını güman edirdim, necə yazdıqları münsiflərin yoxlamasından sonra bilinəcəkdi.
Münsiflər inşaları oxuyublar, hər birinin dil-üslub, mövzu, ideya çalarlarını nəzərə almaqla inşaları (təbii ki, həm də bədii ifadə vasitələrindən istifadə) qiymətləndiriblər.
Müsabiqədə iştirak edənlərin nəticələri maraqla, həyəcanla gözlədiyi sezilirdi.
Baş leytenant Rəşid Məmmədov birinci, kursant Faiq Ağayev ikinci, baş leytenant Süleyman Muradov üçüncü yerə layiq görüldülər. Bütün iştirakçılara fəxri fərmanlar təqdim olundu.
"Yaralı xatirələr" inşa müsabiqəsi tarixi Zəfərə ehtiramın ifadəsi olmaqla, hərbi qulluqçuların yaradıcılıq qabiliyyətinin aşkarlanmasında da əhəmiyətli tədbir kimi tarixləşdi.
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"