Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2024 15:45

Şəhid Milli Qəhrəman Şövqiyar Abdullayevin doğum günü qeyd olundu

Azərbaycan Hərb Tarixi Muzeyində Birinci Qarabağ müharibəsinin şəhid tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin anadan olmasının 55 illiyinə həsr olunmuş anım tədbiri keçirildi.
Anım tədbirində Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, veteran tankçılar, tələbələr və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə anım tədbirində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Hərb Tarixi Muzeyinin rəisi istefada olan polkovnik Əzizağa Qənizadə "Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayevin həyatı və döyüş yolu" adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, XX əsrin sonlarında yenidən öz tarixi müstəqilliyini qazanan Azərbaycan həm də onun itirilməsi təhlükəsi ilə qarşılaşdı. "Xarici havadarlarının və daşnak tör-töküntülərinin gücünə arxalanan ermənilərin mənfurluğu və nankorluğu nəticəsində ölkəmiz bir-birinin ardınca ağır sınaqlar qarşısında qaldı. Azərbaycanın tarixi torpaqlarına Ermənistanın açıq ərazi iddiaları, etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Vətənimizə qarşı hərbi təcavüzlə nəticələndi. Həmin ağır sınaq illərində minlərlə oğul və qızlarımız torpaq uğrunda döyüşlərə atıldı. Qədim Basarkeçərdən Azərbaycana pənah gətirmiş 40 mindən çox qaçqından biri də Nərimanlı kəndindən olan ağsaqqal müəllim Cəmil Abdullayevin ailəsi idi. Bu ailənin oğul övladlarından biri olan Şövqiyar da, təbii ki, baş verən ağrı-acıya biganə qala bilmədi, ali təhsilini yarımçıq qoyub, Vətənin müdafiəsinə qalxdı. Xocalı faciəsi isə onun xain düşmənə olan nifrətini, qəzəbini birə-beş artırmışdı. İgid  tank komandiri ən qaynar döyüşlərin getdiyi Ağdam torpağında döyüşdü. Onun heyəti Ağdam rayonunun Abdal-Gülablı, Papravənd, Pircamal, Aranzəmin  kəndləri, Ağdərənin Drambon kəndi, Sərsəng su hövzəsi uğrunda gedən ağır döyüşlərdə əsl qəhrəmanlıq, fədakarlıq nümunələri göstərdi. 1992-ci il avqustun 23-də Şövqiyarın tank heyəti Abdal-Gülablı kəndi ətrafındakı mövqelərdən Ağdərəyə - Drambon kəndinin müdafiəsinə göndərildi. Sərsəng su hövzəsi yaxınlığındakı Drambon kəndi erməni yaraqlılarının əlində idi. Kəndin ətrafında mövqe tutmuş erməni yaraqlıları əsgərlərimizi güclü atəşə tutaraq, onların kəndə daxil olmasına imkan vermirdilər. 1992-ci il avqustun 27-də baş vermiş ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etməyi bacarsa da, özü qəhrəmancasına şəhid oldu. Qorxmaz tank komandiri Şövqiyar Abdullayevin cənazəsi Bakıda Şəhidlər xiyabanında böyük ehtiramla torpağa tapşırıldı".
Muzey rəisi çıxışının sonunda onu da qeyd etdi ki, Vətən üçün canından keçən Şövqiyar kimi mərd, qoxmaz oğulların xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaq. "Vətəninə, torpağına bağlı Şövqiyarın örnək ömür və döyüş yolu haqqında hələ çox danışılacaq, mərdliyi, qorxmazlığı dastanlara dönüb dillərdə dolaşacaq. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu həm də Şövqiyar Abdullayev kimi vətənpərvər şəhidlərimizin müqəddəs arzularını gerçəkləşdirdi, işğal edilmiş bütün torpaqlarımızı düşməndən azad edərək, işğalçı erməni qüvvələrini tarixi ərazilərimizdən qovdu".
Anım tədbiri Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdi.
Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov 44 günlük Vətən müharibəsində bütün şəhidlərimizin qisasının mənfur düşməndən alındığını dedi. Tank komandiri kimi ağır döyüşlərdə zirehli texnikanı məharətlə idarə etməsindən, düşmənə sarsıdıcı zərbələr endirməsindən, yüksək hazırlıqlı döyüşçü olaraq zabit və əsgərlər arasında dərin hörmət qazanmasından danışdı. "Şövqiyar Abdullayev yaşasaydı, bu gün 55 yaşı olardı, ancaq şəhidlik məqamına ucalanda qəhrəman 23 yaşındaydı. Allah Şövqiyar Abdullayevə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin".
Qarabağ Qazilər İctimai Birliyinin sədr müavini Ədalət Asifli-Məhərrəmov, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Güləmail Murad şəhidlərimizin canı bahasına qazanılan Böyük Zəfərdən, Ali Baş Komandanın qətiyyətli addımlarından, yüksək diplomatik bacarığından, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, ata-baba yurdlarına geri dönən soydaşlarımızın sevincindən danışdılar. Eyni zamanda, gənclərə örnək olan şəhidlərimizin  şərəfli həyat və döyüş yoluna həsr edilən belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.
Daha sonra Milli Qəhrəmanın qardaşı Şəmsi Abdullayev çıxış edərək, ailələrinə göstərilən yüksək diqqət və qayğıya, şəhid qardaşının adının daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Sonda tədbir iştirakçıları Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş mahnıları, vətənpərvərliyi tərənnüm edən musiqiləri maraqla dinlədilər.


Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"