Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri İlqar Məmmədov adına 298 nömrəli tam orta məktəbdə şəhid İlqar Məmmədovun anadan olmasının 50 illik yubileyi qeyd olundu. Tədbirdə Binəqədi rayonunun İcra Hakimiyyətinin nümayəndələri, şəhidin anası, tələbə yoldaşları, silahdaşları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Məktəbin akt zalında masa üzərində şəhidə məxsus əşyalar; medallar, tələbə bileti, qeydləri olan kitabça, qarmon və s. vardı.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Aparıcı baş leytenant Elçin Salmanov bildirdi ki, məktəbin məzunu, Azərbaycan Tibb Universitetinin tələbəsi olmuş, Vətənin ağır günündə könüllü olaraq döyüşlərə yollanmış və bir neçə aydan sonra canından artıq sevdiyi Vətən yolunda şəhid olan İlqar Məmmədova həsr olunan bu tədbir "Şəhidlər ölməz, Vətən bölünməz!" devizi altında keçirilən silsilə tədbirlərin davamıdır. İlqar Məmmədovun qısa, şərəfli döyüş yolu haqqında məlumat verərək bildirdi ki, İlqar Məmmədov Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Tədbirdə çıxış edən 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva bildirdi ki, məktəbin əsas fəaliyyətlərindən biri də şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir. 1991-ci ilin məzunu olan İlqar orta məktəbi gümüş medalla bitirən vətənpərvər oğullardan olub. Azərbaycan Tibb Universitetinə qəbul olsa da, Vətənin ağır günündə tələbə həyatını döyüşçü həyatına dəyişdi. 18 yaşı yenicə tamam olmuş gənc silaha sarılaraq torpağımıza göz dikmiş erməni silahlı dəstələrinə qarşı vuruşdu. 1992-ci il avqustun 15-də Cəbrayıl rayonunda "Şişqaya" əməliyyatında qəhrəmanlıqla şəhid oldu. 5 aprel 1994-cü ildən oxuduğu orta məktəb İlqar Məmmədovun adını daşıyır. Məktəbdə hər il şəhidin anım günü ilə bağlı tədbirə anası Şərifə Sadova da dəvət olunur.
Döyüşçü yoldaşlarından tabor komandiri olmuş ehtiyatda olan polkovnik-leytenant Səxavət Mirzəyev üzünü zalda əyləşənlərə tutaraq dedi: "İlqar ilk gündən tabeliyimdə olub. Tibb Universitetinin tələbəsi olduğu üçün ona yaralılara ilkin tibbi yardım göstərməsini tapşırdım. Buna baxmayaraq, İlqar döyüş meydanına - ön cəbhəyə getməyə can atırdı. Həkim olsa da, əsgər kimi döyüşdü. Sonuncu döyüşü "Ağyol" adlanan ərazidə oldu. Onun şəhid olması bütün döyüşçü yoldaşlarına ağır təsir etdi".
Xəzər televiziyasının aparıcısı Lalə Azərtaş çıxışında bu yaxınlarda redaksiyaya şəhid anasının zəng etdiyini və onunla danışmaq istədiyini bildirdi. “Xəttin o başında Şərifə ana idi. Şəhid balası İlqarın bu günlərdə 50 yaşının tamam olacağını bildirdi. İlqarın 50 illiyində onun tələbə yoldaşlarını da görmək arzusunda idi. Bu işdə ona köməklik göstərilməsini istədi”. O, ananın arzusunu yerinə yetirdiyi üçün özündə bir rahatlıq tapdığını qeyd etdi.
Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Sevinc Süleymanova, tələbə yoldaşları adından Qabil Lələyev çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşdülər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında mahnılar, orta məktəb şagirdlərinin ifasında isə vətənpərvərlik şeirləri dinlənildi.
Sonda qonaqlar məktəbin həyətində ucaldılmış şəhid İlqar Məmmədovun büstü önünə gül dəstələri düzüb, xatirə şəkilləri çəkdirdilər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"