Milli istiqlal mücadiləsi tarixində özünəməxsus yer tutmuş Fətəli xan Xoyski Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olaraq xalqımızın sədaqət rəmzinə çevrilmişdir.
Fətəli xan Xoyski çətin, keşməkeşli mübarizələrlə dolu yol qət edərək, xalqına müstəqilliyi daddıran siyasi xadimlərdəndir. Məhz onun və əqidə dostlarının göstərdiyi mübarizə nəticəsində Şərqdə ilk demokratik dövlət yaradıldı. Fətəli xan Xoyski cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin tarixində birliyin, qorxmazlığın və mübarizliyin rəmzinə çevrildi.
Görkəmli siyasi xadim 1875-ci il dekabrın 7-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. Atası İsgəndər xan Xoyski, anası Şərəbanı xanımdır. Fətəli xan Xoyskinin atası İsgəndər xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Buradan Qafqaza, Azərbaycanın Nuxa qəzasına köçüb və Nuxada ailə həyatı qurub. İsgəndər xanın Cahangir, Hüseynqulu, Fətəli və Rüstəm adında dörd oğlu olub.
Çar Rusiyası dövründən bu nəsil Azərbaycanda Xoyski soyadı ilə məşhurlaşıb.
Fətəli xan Xoyski Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Tiflis Məhkəmə Palatası sədrinin əmrilə Gəncə Dairə Məhkəməsində çalışmağa başlayıb. O, hüquqşünas kimi fəaliyyət göstərdiyi dövrdə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanıb. Bu etimadın nəticəsi olaraq, Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilib və Dumanın müsəlman fraksiyasına daxil olub. 1908-ci ildən 1917-ci ilin əvvəllərinə kimi əvvəlcə Gəncə, sonra isə Bakı dairə məhkəmələrində müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmayıb və xalq arasında böyük nüfuz qazanıb.
Fətəli xan Xoyskinin həyatında 1917-1920-ci illər çox mühüm və önəmli yer tutur. Fevral inqilabından sonra aktiv siyasi fəaliyyətə başlayan Xoyski Milli Müsəlman Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Ümumqafqaz müsəlmanlarının qurultayında iştirak edib.
Məlum olduğu kimi, Çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaqafqaziya Seymi yaranıb. Həmin Seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan olub. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daim Qafqaz birliyinin tərəfdarı olub. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirən Xoyski belə deyib: "Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birilə sıx bağlıdır. Onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır".
Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaradır. Onların arasında Fərəli xan Xoyski də vardı. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edilib və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan Xoyski təyin olunub. Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olduğu illərdə ölkəni ləyaqət və şərəflə təmsil edib.
Şərqdə ilk demokratik əsaslar üzərində dövlət Azərbaycanda quruldu. Onun yaradılması və fəaliyyətində Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Haçinski, Nəsib bəy Yusifbəyov və Azərbaycanın digər görkəmli siyasi xadimləri ilə birlikdə Fətəli xan Xoyski də çox böyük işlər görüb. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli xan Xoyski çıxışında deyirdi: "Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi..." Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan artıq milli bayrağı, milli ordusu, milli dili olan müstəqil bir dövlətdir: "...Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti".
Fətəli xan Xoyski baş nazir olduğu ilk gündən Azərbaycan dövlətinin dünya ölkələri tərəfindən tanınması işinə var gücü ilə başlayıb. Azərbaycan Milli Şurası və Fətəli xan başda olmaqla milli hökumət öz fəaliyyətini daha geniş və hərtərəfli aparmaq üçün Gəncəyə köçüb. Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyini və bir dövlət kimi inkişafı uğrunda mübarizə aparmağı özünün əsas vəzifəsi olaraq bəyan edib. O, Gəncədə dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlik və idarələrin təşkili ilə məşğul olub. Nəticədə Fətəli xanın başçılıq etdiyi hökumət bir sıra tədbirləri həyata keçirib. O, 1918-ci il iyunun 17-də Azərbaycan xalqına müraciət edib. Bu müraciətdə göstərilirdi ki, hökumətin ən yaxın və önəmli vəzifəsi bütün dövlət müəssisələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsidir. İyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edilib. İyunun 24-də Azərbaycan dövlət bayrağı haqqında qərar verilib, 27-də isə Azərbaycan dili dövlət dili elan edilib.
Bu dövrdə Fətəli xan Xoyskinin başçılığı altında Azərbaycan hökumətinin ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olub. Bu komissiya Birinci Dünya müharibəsi illərində, Bakıda mart qırğını zamanı, bütövlükdə Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilən vəhşilikləri araşdırmaq, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmaq idi.
1918-ci il avqustun 30-da hökumət 1806-cı ildə çar Rusiyası tərəfindən ləğv edilən Gəncə şəhərinin adını bərpa edib. Gəncə şəhəri 1935-ci ilə kimi öz tarixi adını daşıyıb.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildi. Sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan hökuməti Bakıya köçdü. Bakıda əmin-amanlıq yaratmağa başladı. Bu elə bir dönəm idi ki, Bakı əhalisi soyğunçuluqdan, özbaşınalıqdan, qanunsuzluqdan, milli zəmində adam öldürülməsindən böyük əziyyət çəkmiş və öz şəhərində qaçqın vəziyyətinə düşmüşdü. Fətəli xan hökuməti belə bir vəziyyəti aradan qaldırmaq və əhalini əmin-amanlığa çağırmaq məqsədilə şəhər zəhmətkeşlərinə məlumatla müraciət edib. 1918-ci il sentyabrın 18-də Fətəli xan Xoyskinin imzası ilə "Azərbaycan Respublikası hökumətinin məlumatı" elan edilib. Məlumatda deyilirdi: "Respublikanın mərkəzi Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcək. Soyğunçular, adam öldürənlər və ümumiyyətlə, belə şəxslər hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü belə veriləcəkdir".
Fətəli xan sonralar Azərbaycan parlamentində etdiyi çıxışlarının birində bu barədə belə deyirdi: "Şəhər alınarkən nalayiq hərəkətlər olub. Hökumət bunu gizlətmir. Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəza verilib. Fəqət mümkün idimi ki, hökumət bunun qarşısını alsın? Azərbaycan deyil, heç bir hökumət bunun qarşını almağı bacarmazdı. Burada müsəlmanlar qırılmış, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyarı qoparılmış, üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmişdi... Hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşdusa da, hökumət gəldikdən sonra bu işlər dayandırıldı".
Azərbaycan hökuməti Bakıya köçdükdən sonra Bakı Xalq Komissarları Sovetinin qəbul etdiyi bütün dekret və qanunları ləğv etdi, özünün sosial islahatlarını həyata keçirməyə və Azərbaycanın bütün ərazisində hakimiyyətini bərpa etməyə başladı. Fəqət Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq şəraitlə üzləşməli oldu. Fətəli xan Xoyski hökumətinin dəvəti ilə Azərbaycana gələn və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-daşnak qüvvələrindən azad edən türk hərbi hissələri Mondros sazişinə görə ölkədən çıxmalı oldu. Onları ingilislər əvəz etdi. Bu zaman Bakının general-qubernatoru olan, daşnakların təsiri altına düşən general Tomson Azərbaycan hökumətini tanımaq istəmirdi. Fətəli xan Xoyskinin Tomsonla apardığı diplomatik danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişdi. Fətəli xanın başçılıq etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi.
O zaman Azərbaycanın müstəqilliyinə əsas təhlükə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhd edirdi. 1919-cu il dekabrın 5-də Rusiya Xarici İşlər Xalq Komissarlığına belə bir məzmunda nota göndərir: "Azərbaycan hökuməti rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacib və arzuolunan olduğunu nəzərə alaraq hesab edir ki, bu və ya digər məsələlərlə bağlı aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərtilə baş tuta bilər". Bu nota Fətəli xan Xoyskinin ən çətin anlarda belə milli ləyaqət hissini uca tutduğunu göstərir. Həmin notadan bir neçə ay sonra, 1920-ci il aprelin 28-də Qırmızı Ordu hissələri Azərbaycanın suverenliyini pozaraq, ölkəmizə hücum edir. Fətəli xan Vətənini tərk edərək, Gürcüstana getməyə məcbur olur. Amma ölümdən qurtula bilmir. Heç iki ay keçməmiş - 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçuları - Aram Erkayan və Misoq Qriqoryan tərəfindən öldürülür. O, yalnız Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də şəhid baş naziri kimi tarixə adını qızıl hərflərlə yazıb. Fətəli xan Xoyski qısa ömür yaşasa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi.
Sonralar yaxın dostu, müstəqil Azərbaycan üçün birgə mübarizə apardığı məsləkdaşı Məhəmməd Əmin Rəsulzadə onun haqqında yazırdı: "Fətəli xan Azərbaycanın tarixi təfəkküründə mühüm rol oynamış simalardandır. Fətəli xan həyat səhnəsində Azərbaycan istiqlalının banilərindən biri kimi könüllərdə bir iz buraxmışdır".
Fətəli xan Xoyski həyatının son anına qədər Vətəninə və xalqına sədaqətlə xidmət etmiş, dövlətçilik tariximizdə öz yeri, dəsti-xətti olmuş görkəmli ictimai-siyasi xadimdir. Onun xidmətləri, istiqlal mücadiləsi Azərbaycan tarixinin şanlı səhifələrində əbədi yaşayacaqdır.
Nuray NƏZƏROVA
Bakı şəhəri