"Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir. Fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət yetirilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu kəlamları məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsini də əhatələyir. Bu baxımdan "Şahin" hərbi-idman oyunları da əhəmiyyətlidir.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Şahin" hərbi-idman oyunlarının növbəti mərhələsi keçirildi. Yasamal rayonunun 20 məktəbinin komandaları arasında keçirilmiş yarışı Nizami rayonunun 22 məktəbinin komandaları davam etdirdi.
Yarışı polkovnik Müslüm Nəsirov açaraq qeyd etdi ki, bu yarış pedaqoji prosesin tərkib hissələrindəndir. Tədbirlərlə, söhbətlərlə aşılananlar belə yarışlarla genişləndirilir; Vətəni sevənlər həm də güclü olmalıdır - bu yarışda onların fiziki hazırlığı sınanır, vətənpərvər həm də savadlı olmalıdır, bu yarışda onun savadı, intellektual səviyyəsi də sınanır. Bu tədbir şagirdlərin özünəinam hissini də formalaşdırır. Yasamal rayonunun komandaları da yarışda məsuliyyətlə iştirak etdi, bu yarışlar Naxçıvanda da, C.Naxçıvanski adına Hərbi Liseydə də uğurla davam etdirilir. "Şahin" hərbi-idman oyunları yeniyetmələrin xarakterini formalaşdırmaqla, onların hərbi xidmətə marağını da artırır, onları bu xidmətə də hazırlayır. Sağlam rəqabət inkişaf deməkdir. Bu tədbirdə komandalar rəqiblərinin qabiliyyətlərini, bacarıqlarını görür, nələrisə mənimsəyirlər. Bu, inkişaf deməkdir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə sədaqət deməkdir. "Şahin" hərbi-idman oyunlarının təşkilində və keçirilməsində iştirakçı olmaqla biz də gənc nəslin formalaşma prosesinin iştirarkçısı oluruq...
Polkovnik Müslüm Nəsirov Nəsimi rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələrini salamladı, komandalara uğurlar arzuladı. Bildirdi ki, yarışın hər mərhələsi münsiflər heyəti tərəfindən ayrılıqda qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxışında gənclərin, yeniyetmələrin, bu sıradan məktəblilərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında "Şahin" hərbi-idman oyunlarının böyük əhəmiyyəti olduğunu qeyd etdi, bildirdi ki, rayon İcra Hakimiyyəti bu kimi tədbirlərin keçirilməsinə həmişə böyük məsuliyyətlə, böyük istəklərlə yanaşır. Əminəm ki, rayonumuzun şagirdləri Azərbaycanımızı sevdikləri səviyyədə qoruyacaq da. Bu tədbir həmin əminliyin başlanğıcıdır.
İdman sektorunun müdiri Yusif Babanlı belə tədbirlərin mahiyyət baxımından dövlətin gənclər siyasətinin tərkib hissəsi olduğunu bildirdi və onların hərbi vətənpərvərlik xarakterini hərbi xidmətə hazırlıq mərhələsi adlandırdı. Bildirdi ki, gənc nəslin fiziki hazırlığı ilə bir sırada ilkin hərbi bilik və vərdişləri də öyrənmələri hərbi xidmətdə gərəkli olacaqdır. Bu tədbirin təşkilinə və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təmsil etdiyi qurum adından təşəkkürünü bildirdi, iştirakçılara uğurlar arzuladı...
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi...
Tədbir başlama ərəfəsində məktəblilərin həyəcanlandığı da sezilirdi. Bu həyəcan belə tədbirlərdə ilk dəfə iştirakın da həyəcanı idi, iştirakın məsuliyyətinin də, qalib gəlmə istəyinin də. 159 saylı məktəbin şagirdi Aydan Behbudovanın yoldaşlarına dedikləri xatırlatma olsa da, onu tədbirə ehtiramın, məktəbin adına şöhrət gətirmə istəyinin ifadəsi bildim: Təmsil etdiyimiz məktəbə şöhrət gətirməliyik!...
46 saylı orta məktəbin komandasının "şahinlər"i hərbi hazırlıq müəllimi ehtiyatda olan baş leytenant Vaqif Abbasovun məsləhətlərini diqqətlə dinləyirdilər. Bu dinləmə yarış ərəfəsində yarışa hazırlığın sonuncu tövsiyələri idi.
Tədbir başladı. Orkestrin müşayiəti ilə komandalar sıra yerişi ilə tribuna önündən keçdikcə münsiflər onların, geyiminə, təmrinlərin səlisliyinə, sinxronluğuna diqqət yetirir, ümumilikdə bu mərhələni qiymətləndirirdi. Şagirdlərin baxışlarında çırpınan istəyi addımların ahəngdarlığı ifadə edirdi. Bu addımlar məktəbin "şahin"lərini təmsil edən oğlanların yaxın gələcəkdə hərbi xidmətdə sıra hazırlığının ilk addımlarının sədası idi sanki; sıra qıvraqlığı gözə də xoş gəlirdi, könülə də. Addımlarda ritm də vardı, ahəng də vardı, temp də...
Mahnı ifa etməklə sıra keçidi də maraqla izlənildi. Komandalar mahnı seçimində sərbəst olduğu üçün bəzi mahnılar təkrarlanırdı. Bu, nöqsan deyildi. Hər komanda mahnını özünəməxsusluqla ifa etdi. İfada sevgi vardı. Bu sevgi təkcə mahnıya sevgi deyildi, "şahin"lərin eyni məqsəd üçün toplaşdığı sıra meydanına ehtiramı idi, bu ehtiramın timsalında gələcək hərbi xidmətə sevgi idi. "İgid əsgər, möhkəm dayan!" da xoş ovqat yaratdı. Bu mahnıları digər məktəblərin komandalarının üzvləri də maraqla, sevgilərlə dinləyirdilər...
Hərbi idman oyunları yarışdır. Bu yarışma təntənəli keçidlərlə bir sırada müxtəlif sahələri də əhatə edir. Buna görə komanda yaradılanda hər amil nəzərə alınıb.
Komandalar üzrə müxtəlif sıra təmrinləri (dağılma-yığılma, bir cərgədən iki cərgə, iki cərgədən bir cərgə olma, yerində hərəkətlər, dönmələr) yerinə yetirilir. Şagirdlərin əmrləri yerinə yetirmə istəyi hiss ediləndir. Bu mərhələdən sonra 8 saylı orta məktəbin şagirdi Fatimə İbrahimzadə dedi ki, biz müəllimimizin rəhbərliyi ilə bu hərəkətləri dönə-dönə məşq etmişik. Hər birimiz ayrılıqda öyrəndiklərimizi sonra iki-iki, qrupla yerinə yetirməyi öyrənmişik. Ona görə də yarışda çaşmadıq. Əmrləri təntimədən, səlisliklə icra etdik. Ümid edirik ki, münsiflər bizə yaxşı bal verəcəklər.
"Şahin"lərin fiziki hazırlığı da sınandı. Turnikdə dartınma və qaçış. Qaçış iki istiqamətdə aparıldı - 200 metr məsafəni qızlar bayraqla, 50 metr məsafəni oğlanlar çox da ağır olmayan qum kisəsi ilə. İştirakçılar daha böyük yarışda iştirak edirmiş kimi iştirak edirdi, məsafəni hamıdan tez qət etmək istəyirdilər. Bu istək təkcə qaçışın qalibi olma istəyi deyildi, "Şahin" hərbi-idman oyunlarının final mərhələsinə keçidin istəyi idi. Oğlanlar da bu niyyətlə yarışırdılar. Buna idmanda mübarizlik deyirlər; "şahinlər" mübarizliyi ilə rəğbət qazanır - bu mübarizlik bütün iştirakçıların diqqətindəydi...
Qaçışı uğurla yerinə yetirdikdən sonar 211 saylı orta məktəbin şagirdi Jalə Hüseynova bu mərhələnin onlara uğur gətirəcəyinə inandığını bildirərək dedi ki, hər mərhələ vacibdir. Belə yarışlarda hərbi vərdişlərə bələdlik, onların rəvan yerinə yetirilməsi də əsasdır. Oğlanların qaçışı bir qədər çətin olsa da fərqlənəcəyik.
"Şahinlər" hərbi-idman oyunları iştirakçıların həm fiziki, həm də mənəvi hazırlığını artırır, onların xarakterində mətinlik yaradır, malik olduğu mətinliyi daha yüksək səviyyədə formalaşdırır. Bu oyunları hərbi xidmətə hazırlığın pedaqoji əsaslarla təlimi adlandıra bilərik...
Yarışın ən maraqlı mərhələlərindən biri də intellektual müsabiqə oldu. Buna biliklərin yarışı da deyə bilərik. Hər komandadan bir nəfər yarışırdı. Belə yarışlarda dərsliklərdən öyrənilənlər azlıq edir, əlavə ədəbiyyatlardan, internet məlumatlarından əldə olunan bilik də gərəkli olur. İştirakçının biliklər sistemi yarışın gedişində əsaslı dəyişiklik yaradır, komandaya uğur gətirir. İştirakçılar həvəsli idilər.
9 saylı orta məktəbin şagirdi Xəlil Xəlilov mərhələdən əvvəl demişdi ki, biz bu yarışa həm idman müəllimimizin, həm hərbi hazırlıq müəllimimizin, həm də digər fənn müəllimlərimizin rəhbərliyi ilə hazırlaşmışıq. Bu mərhələdə qalib gəlmək üçün geniş erudisiyaya malik olmalısan.
"Şahin" hərbi-idman oyunlarında Nizami rayonunun məktəbliləri də uğurla iştirak etdilər. Vətənpərvərlik Vətəni sevmək, Vətəni sevdirmək olduğu üçün klassik idman tədbirlərində deyildiyi kimi, başlıca məqsəd iştirakdır...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"