Mövzu: 1941-1945-ci illərdə faşizmə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu
Suallar:
1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.
2. Azərbaycan İkinci Dünya müharibəsi illərində.
3. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları.
Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması
İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. Dünya ağalığı iddiasında olan alman faşizmi öz niyyətlərinə çatmaq məqsədilə 1939-cu il sentyabrın 1-də Polşaya hücum etməklə İkinci Dünya müharibəsinə başladı. 1941-ci ilin yayına qədər artıq alman faşistləri, demək olar ki, bütün Avropanı, Polşanı, Avstriyanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Yunanıstanı, bütövlükdə Avropanın bir neçə ölkəsini və Fransanın xeyli hissəsini zəbt etmişdilər. Onlar Avropanın təqribən 290 milyon nəfər əhali yaşayan 2 milyon kvadratkilometr ərazisini ələ keçirmişdilər. Almaniya 1940-cı ilin ikinci yarısında SSRİ-yə "Barbarossa" adlı hücum planı hazırlamış və məqsədi 1941-ci ilin payızına qədər SSRİ-ni diz çökdürmək olmuşdur.
Faşist Almaniyası 23 avqust 1939-cu ildə imzalanmış, on il müddətinə hücum etməmək, dostluq və əməkdaşlıq haqqında müqavilələrini pozaraq, 1941-ci il iyunun 22-də bütün sərhəd boyu SSRİ üzərinə hücuma keçdi. Bu, Rusiyanın sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. Düşmənin yaxşı silahlandırılmış və hərtərəfli təlim keçmiş 5,5 milyonluq canlı qüvvəsi, yüksək hərbi texnikaya malik 190 diviziyası Barens dənizindən cənuba doğru uzanan 5 min kilometrlik ərazidə: şimal, mərkəz və cənub istiqamətlərində geniş əməliyyata başladı. Müharibənin ilk dövründə alman faşistləri Moskvaya qədər irəliləyərək sovet ordusunun 1,5 milyon canlı qüvvəsini əsir aldı. Eyni zamanda, faşist Almaniyası İtaliya, Rumıniya, Macarıstan və Finlandiya da daxil olmaqla, işğal etdiyi bütün ölkələrin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirdi. Faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. SSRİ isə müharibəyə tam hazır deyildi. Ölkədə arxayınlıq hökm sürürdü, üstəlik, müharibə ərəfəsində keçirilən kütləvi-siyasi repressiyalar orduya böyük zərbə vurmuşdu. Sovet ordusunun komanda heyətindən 43 min nəfər repressiyaya məruz qalmışdı. Ordunun ali rütbəli heyətindən 1800 adam həbs olunmuşdu. 5 marşaldan 3-ü, 15 ordu komandirindən 13-ü, 57 korpus komandanından 50-si, 186 diviziya komandirindən 154-ü, 406 briqada komandirindən 220-si repressiyaya məruz qalmışdı. Məhz bunlara və digər səbəblərə görə faşistlər ilk vaxtlar böyük qələbələr qazandılar.
Müharibənin ilk mərhələsində antihitler koalisiyası formalaşdı. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında bir sıra müqavilələr imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. 1942-ci ilin 23 fevralında ABŞ və Böyük Britaniya arasında təcavüzkara qarşı mübarizəyə qarşılıqlı yardım prinsipləri barədə saziş imzalandı. Faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı və 50 dövlət birləşdi.
Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942-1943) və Oryol-Kursk ətrafında alman ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu olmuşdu. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt olunmuş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. 1944-cü il iyulun 6-da Fransanın şimalına (Normandiya) qoşun çıxarılması ilə ikinci cəbhə açıldı. 1945-ci il aprelin 16-da Berlin uğrunda döyüşlər başlandı. Aprelin 25-də Elbada müttəfiq qoşunları görüşdü. Berlinin mühasirəsi başa çatdı. Mayın 2-də Berlin alındı. Mayın 8-də Almaniya danışıqsız təslim aktını imzaladı.
Azərbaycan İkinci Dünya müharibəsi illərində
Zəngin sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsində də iri dövlətlərin marağında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.
Sovet Azərbaycanı isə SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızında müharibəyə cəlb olunmuş, 1941-ci ilin iyunundan isə alman faşizminə qarşı müharibədə iştirak etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: "İkinci Dünya müharibəsi, əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbəni təmin edə bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər".
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Müharibə illərində bütün Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. 1941-1945-ci illərdə Bakı ölkəyə (SSRİ) 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmiş, "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edir, burada "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və ehtiyat hissələri hazırlanırdı.
Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Məşhur kimyaçı alimlərimizin, o cümlədən Yusif Məmmədəliyevin və başqalarının birgə səyi və əməkdaşlığı nəticəsində ən yüksək oktanlı benzin və sürtkü yağları növləri alınmışdır. Kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişlər. SSRİ-nin ən məşhur kimyaçı alimləri içərisində layiqli yer tutan Yusif Məmmədəliyevin qələbədə xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, "Katyuşa" silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər ixtira etmişdi. Keçmiş SSRİ-nin sabiq müdafiə naziri, Sovet İttifaqı marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı K.Y.Jukov öz memuarında yazmışdı: "Bakı cəbhəni lazım olduğu qədər yanacaqla fasiləsiz olaraq təmin edirdi". Rus şairi S.Mixalkov isə bu münasibətlə yazırdı: "Bakı nefti olmasaydı, heç bir tank, heç bir təyyarə yerindən tərpənməzdi, ölkədə istehsal olunan külli miqdarda hərbi texnika dəmir yığnağı olardı və qələbə qazanılmazdı".
Müharibə dövründə respublikamızın sənaye müəssisələri qələbə naminə cəbhəni lazımi məhsullarla aramsız olaraq təmin edirdilər. Azərbaycanın yüngül sənayesi cəbhənin ehtiyacları üçün təxminən 30, yeyinti sənayesi 50, yerli sənayesi isə 200 növə qədər məhsul istehsal edirdi. Ümumilikdə, cəbhəyə respublikamızda 125 vaqon isti paltar yollanılmışdı. Eyni zamanda, ordu üçün respublikamızdan dava-dərman, tibb preparatları və lazımi başqa dərmanlar da göndərilmişdi. Azərbaycan vətəndaşları 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər.
Bir sözlə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan xalqı daha çox itkilərə və hədsiz məhrumiyyətlərə məruz qalmış, düşmən üzərində qələbə qazanılması üçün özünün var qüvvəsini əsirgəməmişdir. Azərbaycan xalqının misilsiz xidmətləri, qələbə naminə göstərdiyi fədakarlıq ermənipərəst İttifaq rəhbərliyi tərəfindən qiymətləndirilməmiş, hətta Azərbaycana qarşı ayrı-seçkilik, ikili standart tətbiq olunmuşdu. Bakı müharibə illərində cəbhəyə həm yanacaq verirdi, həm də hərbi texnika istehsal edirdi. Lakin bunun müqabilində Bakıya "qəhrəman şəhər" statusu verilmədi, keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra iri şəhər olan Bakıya II və III dərəcəli status verildi, Tiflis və Yerevan isə I dərəcəli şəhər kimi ən yüksək dərəcədə təmin edildi.
Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları
Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan "Böyük Vətən müharibəsi" kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 640 minə yaxın oğlan və qız göndərmişdi. Böyük Vətən müharibəsi illərində Azərbaycanda yaradılan altı milli diviziya - 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Müxtəlif cəbhələrdə göstərdikləri rəşadətə görə 416-cı diviziya "Taqanroq diviziyası" (Taqanroqu azad etdiyinə görə), döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya "Temryuk diviziyası" (Taman yarımadasını azad etdiyinə görə), 77-ci diviziya isə "Simferopol diviziyası" (Simferopolu azad etdiyinə görə) adını qazanmışdılar. Bu milli atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları haqqında Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir".
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül güllə yarası almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Qəniyevanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Görkəmli tarixçi alim, akademik Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər "Şöhrət" (onlardan 15 nəfəri azərbaycanlıdır) ordeninin hər üç dərəcəsinə layiq görülmüş, 170 mindən çox azərbaycanlı əsgər və zabit isə müharibədə göstərdikləri igidliklərə görə müxtəlif orden və medallarla təltif olunub. Təkcə SSRİ-nin deyil, digər ölkələrin də faşizm işğalından azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş əfsanəvi qəhrəman "Mixaylo" ləqəbli Mehdi Hüseynzadə kimi Azərbaycan övladları həm İtaliya, həm Yuqoslaviya, həm də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1418 gün davam edən Böyük Vətən müharibəsi sovet xalqının sıx birliyinin və vətənə məhəbbətinin nümayişinə çevrilmişdi. Böyük qələbə, milliyyətindən asılı olmayaraq, xalqların kütləvi qəhrəmanlığının məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra müharibə veteranlarının xidmətləri çox yüksək qiymətləndirilmiş, veteranlara dövlət qayğısı göstərmək haqda 1994-cü ildə fərman imzalamışdır. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Bunu cənab İlham Əliyevin 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında verilmiş fərmanı, Qələbə günü münasibətilə hər il müharibə veteranlarının təbrik edilməsi və onlara verilən birdəfəlik yardımlar haqqında sərəncamları və yubiley medalları ilə təltif edilməsi buna əyani sübutdur.
XX əsrdə bəşəriyyət alman faşizmi ilə, Azərbaycan xalqı isə dörd dəfə (1905-1911, 1918-1924, 1948-1954, 1988-1994) erməni faşizminin vəhşilikləri ilə üzləşmişdir. Erməni daşnaklarının törətdikləri vəhşiliklər öz miqyasına və qəddarlığına görə heç də Böyük Vətən müharibəsində faşistlərin törətdikləri vəhşiliklərdən geri qalmamışdır. 1988-1994-cü illərdə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünə göz dikən Ermənistan havadarları ilə öz istəyinə qismən nail olmuş, Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan inzibati əraziləri işğal etmişdir. 2020-ci ilin Vətən müharibəsinədək və ondan sonrakı dövrlərdə də təxribatlar törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və 2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri heç vaxt erməni işğalı ilə barışmayacağını, daim döyüşə hazır olduğunu göstərdi. Babalarımızın Böyük Vətən müharibəsində, atalarımızın Birinci Qarabağ savaşında göstərdikləri qəhrəmanlıqları özlərinə örnək götürən qəhrəman Azərbaycan xalqının övladları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa edərək əzəli və əbədi torpaqlarımızı erməni işğalından azad etdi. Azərbaycanın parlaq qələbəsi dövlətimizin regionda söz sahibi olduğunu tam açıqlığı ilə nümayiş etdirdi.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi