Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2024 14:28

Narkomaniya bəşəriyyətin bəlasına çevrilib

Müasir dövrdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmaqdadır. Təəssüflə qeyd etməliyik ki, "ağ ölüm" adlandırılan bu bəlanın qurbanları durmadan artır. Bu öldürücü maddələrin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması mütəmadi olaraq davam etdirilir. Bu gün narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən böyük və əsas qüvvədir.
"Ağ ölüm" adlandırılan narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğur. Narkomaniya yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sualın mənəvi sıxıntısını yaşayır.
Narkomaniya bizə keçmiş sovet dövründən miras qalıb. O vaxt dövlət narkomaniyanın cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etdiyindən, narkotiklərlə bağlı cinayətlər barədə rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxlayırdı, bu da özlüyündə müalicəsi çox çətin olan bu xəstəliyin getdikcə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız imperiya əsarətindən azad olub, öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanları və ictimai təşkilatlar birgə fəaliyyət göstərməyə başladı.
Mütəxəssislərin fikrincə, narkotik ticarəti neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə "narkomaniyanın vətəni" adlanan Əfqanıstanda onun ilbəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın yayılmasının qarşısını vaxtında ala bilməsə, o, yaxın gələcəkdə daha böyük ictimai faciələrə gətirib çıxara bilər.
Bəs narkotik nədir? Əhali, xüsusilə Vətənimizin gələcək qurucuları olan gənc nəsil onun törədə biləcəyi faciələri daha dərindən dərk etməlidir. Narkotik insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki getdikcə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyinin fəaliyyəti son dərəcədə zəifləyir və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayır. Narkotik maddələr qəbul edən insanlar özləri də bilmədən həmin orqanları  zədələdiklərindən yoluxucu xəstəliklər onların iç dünyasına asanlıqla daxil olur. Narkotik maddələrin ən çox yayılmış növləri xaşxaş, kokain, nəşə, metazoan, tiryək, marixuana, heroindir. Bu narkotik maddələri bir və ya iki dəfə qəbul etdikdən sonra insanlarda yavaş-yavaş asılılıq yaradır. Hətta bəziləri narkotik maddə tapa bilmədiyindən ağrıya dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim insanlardan qaçıb uzaqlaşmağa çalışırlar. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Narkotik maddənin satışı ilə məşğul olan insanlar "ölüm kabusları"dır. Böyük fransız təbibi Fransua Moriakın dediyi kimi, "narkomaniya insanın öz ölümündən həzz almasıdır". Narkomanlar özlərini bilə-bilə ölüm adlı kabusun qoynuna atanlar zümrəsidir.
Narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinirdi. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını  azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaşdan alınan cirə, yəni, tiryək tibbi məqsədlər üçün istifadə edilirdi. Tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları aradan qaldırmaq, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu.
Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq, həmin xalqın ənənələri ilə bağlayırdılar. Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir: "Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir". Dahi rus yazıçısı Lev Tolstoy deyirdi: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır".
Narkotik asılılığın elmi anlayışı barədə ilk dəfə məlumat XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda narkomaniya ümumbəşəri bəlaya çevrilərək, müxtəlif xalqların genefonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrildi. Eyni zamanda, narkotik maddələrin qanunsuz dövriyyəsi qazanc əldə etmək üçün başlıca vasitə oldu.
Araşdırmalardan aydın olur ki, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranmağa başlayır və istifadəçilər bu aldadıcı təsirin, yəni, sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayırlar. Bu qənaətin yanlış olduğunu deməyə heç ehtiyac yoxdur. Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardılar. Narkotik aludəçisi olanlarla  aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlər də var.
Cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Təəssüf ki, elə bədbəxtliklər də buradan başlayır...
Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq haqqında" Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkomanlıqla, narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üzərində dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən müdrik şəxsiyyət 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" imzaladığı Fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlandı. Bu bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradıldı. Azərbaycan 1998-ci ildə BMT-nin "Narkotik vasitələr haqqında" 1961-ci il və "Psixotrop maddələr haqqında" 1971-ci il konvensiyalarına da qoşuldu. Milli Məclisin 1999-cu il iyunun 18-də qəbul etdiyi Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edildi. Ulu Öndərin 15 iyun 2000-ci il tarixli Fərmanı ilə 2000-2006-cı illərdə narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edildi. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005 və 2007-ci illərdə imzaladığı tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlardan idi. Dövlət başçısı cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2019-cu il 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"ı Azərbaycan Ordusunda rəhbər tutularaq, bu istiqamətdə illik fəaliyyət planı hazırlandı, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi məqsədilə birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində, müəssisə və təşkilatlarda bir sıra tədbirlər həyata keçirildi, bu gün də keçirilməkdədir.
Azərbaycan Ordusunda xidmət edən gənclərimizə sağlam həyat tərzinin təbliğ edilməsi, narkomaniyanın törətdiyi fəsadlar barədə maarifləndirilməsi, mütəmadi olaraq dolğun, düzgün məlumatların çatdırılması məqsədilə "Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya", "Narkomaniya nədir?", "Narkomanın aqibəti", "Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur!", "Narkomaniyaya yox deyək", "Gənclər sağlam həyat tərzi seçir!", "Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir" mövzularında təlim metodiki məşğələlər, tərbiyəvi iş saatları, konfranslar, "dəyirmi masa"lar və seminarlar təşkil olunur.
Qeyd edim ki, bu günlərdə Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin 2-ci Hərbi Polis bölməsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin "Dostluq" Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində "Ağ ölümə yox deyək!" adlı maarifləndirici tədbir keçirildi.
"N" hərbi hissəsinin hərbi qulluqçuları, 2-ci hərbi polis bölməsinin zabiti kapitan Qasım Hacıyev, müharibə veteranları, əlilləri, Sumqayıt şəhər Narkoloji Dispanserin şöbə müdiri həkim narkoloq Vüsal Cabbarov, Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili Ruslan Mustafazadə, Sumqayıt şəhər Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova, psixoloq Samirə İsmayılova, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli və "Dostluq" Mədəniyyət evinin direktoru Gülnar Məmmədovanın iştirakı ilə keçirilən tədbirdə bu gün bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın cəmiyyətdə ağrılı, faciəli sonluqlara yol açmasından geniş danışıldı. Onlar mütəmadi olaraq, "Zərərli vərdişlər və onların insan orqanizminə zərərli təsirləri" mövzusunda hərbi qulluqçular, gənclər və yeniyetmələr arasında maarifləndirici söhbətlərin aparıldığını, "Dəyirmi masa"ların, disput və diskussiyaların təşkil edildiyini diqqətə çatdırdılar.
Mədəniyyət ocaqlarında, elm-təhsil müəssisələrində belə tədbirlərin daimi olaraq keçirilməsinin, əyani vəsaitlərdən istifadə etməklə foto-sərgilərin təşkil olunmasının vacibliyini vurğuladılar.
Kapitan Qasım Hacıyev çıxış edərək bildirdi ki, ordu gənclərinin mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə hərbi hissələr, bölmələr və xüsusi təyinatlı təhsil müəssisələri arasında futbol, mini futbol, voleybol, boks, güləş, ağırlıqqaldırma, armvrestlinq (qol güləşi), kəndir dartma, şahmat, dama, estafet qaçışları, ərazidə səmti müəyyənetmə, bilik yarışmaları və intellektual oyunlar keçirilir. "Bu gün gənclər və yeniyetmələr arasında maarifləndirmə  və tərbiyə işinin aparılması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Eyni zamanda, bu məsuliyyətin mühüm bir hissəsi bütövlüklə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, mətbuatın, internet resurslarının, sosial şəbəkələrin, mədəni-maarif müəssisələrinin üzərinə düşür".
Tədbirdə iştirak edən mütəxəssislər narkotik vasitə istifadəçilərinə hüquqi və psixoloji yardım metodlarından, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan bu bəlanın fəsadlarından söhbət açaraq ətraflı məlumatlar verdilər. Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı, müzakirələr aparıldı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində, uğurlu əməliyyat tədbirlərində düşmən üzərində parlaq qələbələri şəxsi heyətin sağlam ruhda, əzmli və iradəli olmasının, yüksək döyüş və mənəvi-psixoloji təminatının bir daha təsdiqidir.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"