Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2024 15:35

Mənəvi-psixoloji hazırlıqda tədbirlərin əhəmiyyəti

Ordunun gücü müasir döyüş texnikaları və silahlarla bir sırada, həm də şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığının səviyyəsi ilə də müəyyənləşdirilir. Vətən müharibəsindən əvvəl də belə idi, Vətən müharibəsindən sonra da belədi. Döyüş hazırlığı təlimlərlə, mənəvi-psixoloji hazırlıq söhbətləri ilə, tədbirlərlə, diskussiyalarla tənzimlənir, möhkəmləndirilir, yüksəldilir. Tədbirlər həm Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, həm də göstəriş və tövsiyələr əsasında aparılır. Hərbi hissələrdə əlavə olaraq müəyyən tədbirlər də keçirilir...
Bayram günlərinə, tarixi günlərə həsr olunmuş tədbirlər söhbət formatında da təşkil olunur, viktorina, yaxud diskussiya formatında da. Viktorina da, diskussiya da şəxsi heyətin mövzuya bələdliyi ilə, mövzuya aid daha çox məlumata malik olması ilə bağlı tədbirlərdəndir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən disputda əsgərlərin fəallığı onların tariximizə bələdliyinin təsdiqi idi. Əsgərlər zamanında oxuduqlarını xatırlatmaqla erməniliyin təzahürlərinin soyqırımlarla, faciələrlə, təxribatlarla əsaslandırırdılar. Onlardan biri 1992-ci ildə Kəlbəcərin Başlıbel kəndində törədilmiş faciə ilə 1918-ci ildə Qubanın Alpan kəndində törədilmiş faciə arasında vəhşiliyin eyni olduğunu bildirdi - onlarla sakin qətlə yetirilmişdi. Onu da xatırladı ki, dünya ictimaiyyəti erməniliyi ötən əsrin əvvəllərində Quba faciəsinə görə, sonunda Xocalı faciəsinə görə daha əhatəli tanıdı. Ancaq Ermənistan heç birində ciddi suçlanmadı, beynəlxalq məhkəmələrə verilmədi. Ermənistan ayrılıqda Meşəli faciəsinə görə də beynəlxalq məhkəmədə cavab verməli idi, Bağanıs-Ayrıma görə də, Qaradağlıya görə də, Xocalıya görə də. Belə tədbirlər həm tarixi yaşadır, həm də onların düşüncələrini vətənpərvərliklə dolğunlaşdırır.
Azərbaycan Ordusunun yaranması Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra - 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul olunduqdan sonra yaranan ordumuz Ermənistanın Azərbaycandan ərazi iddiasına görə başladığı ədalətsiz müharibədə döyüşə-döyüşə formalaşırdı. Ancaq yerli müdafiə batalyonlarının vahid komandanlıqdan idarə olunmaması, ambisiyalar, orduda ciddi intizamın olmaması onun formalaşmasına imkan vermirdi. Xalqın ciddi tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev ordumuzu nizami ordu kimi formalaşdırdı.
Ermənistan sülh danışıqlarından yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı, yeni ərazilər işğal etmək niyyəti ilə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın əks-hücum əmri ilə Vətən müharibəsinin - Azərbaycanın ədalətli müharibəsinin başlanğıcı oldu. Ordumuz düşmən sədlərini dağıda-dağıda irəliləyir, mövqe qələbələri qazanırdı. Noyabrın 8-də Şuşanı işğaldan azad etdi, noyabrın 10-da üctərəfli Bəyanat imzalandı - tarixi Zəfər qazanıldı. Əsgərlərlə söhbətlərdə Zəfər tariximizi əhatələyən mövzulardan da ətraflı danışılır. Əsgərlərin Vətən müharibəsi haqqında bildikləri bu söhbətlər vasitəsi ilə ümumiləşdirilir. Onlar Zəfəri şərtləndirən amilləri həm ayrılıqda, həm də vəhdətdə mənimsəyirlər. Ordunun gücü ilə, ordu-xalq birliyi ilə, şəxsi heyətin döyüş əzmi ilə, qələbə ruhu ilə, Ali Baş Komandanın sərkərdəlik məharəti ilə bir daha qürurlanırlar ki, bu qürur da özlüyündə mənəvi-psixoloji hazırlığın səviyyəsinin göstəricisi kimi təzahür edir. Vətən müharibəsi iştirakçılarının döyüş təəssüratlarını maraqla dinləyən əsgərlər bir daha əmin olurlar ki, Azərbaycan Ordusu güclüdür, torpaqlarımızı müdafiə etməyə qadirdir. Bu əminlik də mənəvi-psixoloji hazırlıqda əhəmiyyətli olur...
Azərbaycan Ordusunun şəxsi heyəti ordumuzun formalaşma mərhələlərini əhatə edən məruzələri də maraqla dinləyir, söhbətləri də. Bu maraq, əslində, orduya, deməli, Vətənə sevgi deməkdir. Xalq şairi Zəlimxan Yaqubun "Ordum varsa, yurdum var" şeiri əsasında təşkil edilən söhbət şəxsi heyətin orduya inamını, sevgisini daha da artırma baxımından qiymətləndirilməlidir. Yurdum, yəni, Vətənim. Ordum Vətənimi qoruyur. Şeir vətənpərvərlik şeiridir, vətənpərvərlik şeiri əsasında təşkil edilən tədbir vətənpərvərlik tədbiri kimi tarixləşir...
2023-cü ilin sentyabrında keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bu, tarixi Zəfərin davamı kimi tarixləşdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağını Xankəndidə də dalğalandırdı. Bu, ictimaiyyətin dönməz qüruru oldu. Xankəndidə keçirilən paradı ordumuzun şəxsi heyəti də maraqla izlədi. Bu parad qətiyyətin, qüdrətin paradı kimi tarixləşdi, hərbi qulluçular da onu 2020-ci ildə keçirilən hərbi paradın məntiqi davamı bildilər. Bu da mənəvi-psixoloji hazırlıqda əhəmiyyətli oldu...
Ümumiyyətlə, mənəvi-psixoloji hazırlığın səviyyəsinin yüksəldilməsində tədbirlər olduqca əhəmiyyətlidir...

Elmar ZEYNALABDİNOV

"N" hərbi hissəsi