Ermənistan işğalçı dövlət kimi Azərbaycanın ərazilərində ədalətsiz müharibə aparırdı. Yeni yaradılan, formalaşan ordumuz havadarlarının həm siyasi, həm də hərbi dəstəyindən bəhrələnən Ermənistan ordusu ilə qətiyyətlə döyüşürdü. Düşmənin həmlələrinin, hücumlarının qarşısını yerli müdafiə batalyonları, əhali, polis işçiləri alırdılar. Ədalətsiz müharibə müharibə qanunlarına uyğun aparılmadığına görə Azərbaycanın neçə kəndində faciələr törədilmişdi, Qarakənd kəndi üzərində sakinləri dövlət məmurları və yüksək vəzifəli xarici qonaq olan vertolyotu da vurmuşdu. Dünya dövlətləri də, beynəlxalq təşkilatlar da bunların heç birinə görə Ermənistanı ciddi şəkildə qınamadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu ciddi qətiyyət Ermənistanı da, onun havadarlarını da ciddi düşündürməli idi. Ancaq Ermənistan yeni təxribatlarla yeni ərazilər işğal etmək istəyirdi.
"Azərbaycan Ordusu" qəzeti müharibəyə qədər də, müharibədə də əsgərlərin döyüş əzminin, qələbə ruhunun söz qardaşı idi. Dərc edilən məqalələr, reportajlar bu niyyəti ifadə edirdi. Ön xətdə, səngərlərdə əsgərlərin düşüncələrində bir istək olardı: Ali Baş Komandan döyüş əmri versin. Qələbə qazanacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. Əsgərlər Qələbə sözünü Azərbaycana sevgi kimi, Hərbi Anda sədaqət kimi deyirdi. Onda duyurduq ki, əsgərləri həm də bu söz birləşdirir, bu söz müsəlləhləşdirib. Məqalələrimiz həm də duyduğumuz bu məqamın sözünə dönürdü. Səngərlərdə ən çox eşitdiyimiz üç söz olardı: Vətən, döyüş, Qələbə. Səngərdə əsgərlərdən eşitdiyim bir fikri onların mənəvi-psixoloji hazırlığının səviyyəsinin göstəricisi bilmişdim: Biz Qələbənin əsgəri olmaq istəyirik! Obrazlı şəkildə desək, Vətən müharibəsinə qədər səngərlərdə dan yeri Qələbə niyyəti ilə sökülürdü...
Gədəbəydə xidmət edən əsgərlərdən biri Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdi. İstedadlı rəssam olacaqdı. Xidməti başa çatanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq istədiyini bildirmişdi: Qələbəyə kimi xidmət etmək istəyirəm. Rəssamlıqla Qələbədən sonra məşğul olaram. Qələbə qazanmış əsgərlərimizin portretlərini çəkəcəm, Qələbəni necə qazandıqlarını çəkəcəm...
Əsgərin dedikləri səngərin göylərinə yayılmışdı...
"Qələbə" sözü 2020-ci ilin payızına kimi səngərlərdə, döyüş növbətçiliyində səslənirdi, 2020-ci il sentyabrın 27-də isə düşmənin hücumunu dəf edəndə, əks-hücuma keçəndə səslənirdi.
İkinci Qarabağ müharibəsi başlayanda "Azərbaycan Ordusu" qəzetinin əməkdaşlarının bir qrupu da döyüşlərə göndərildi. Döyüşə yox, döyüşənlərin döyüşlərini döyüşün içində tarixləşdirməyə. Üç istiqamət müəyyənləşdirilmişdi. Hər istiqamətdə bir döyüş vərəqəsi nəşr olunacaqdı. Mənə və hərbi xidmət yoldaşım baş leytenant Mahmud Möhbalıyevə "Qələbə uğrunda"nı hazırlamaq tapşırılmışdı. Buna döyüş vərəqi də demək olardı, ancaq biz onu döyüş qəzeti adlandırırdıq və bu adlanma səviyyəsində də hazırlayırdıq. Qəzetçiliyin bütün tələbləri nəzərə alınmaqla hazırlayır, nəşr edirdik - səhra mətbəəsi formatında. Operativlik də vardı, dəqiqlik də. Döyüşçü dünənki döyüş haqqında informasiyanı oxuyanda, döyüşün gərginliyini əks etdirən foto-şəkilləri də, döyüşçü yoldaşlarını görəndə necə sevinirdi! "Döyüş də sizin döyüşünüzdü, qəzet də sizin qəzetinizdi. Biz sizin qələbələrinizi sözlə ifadə edənlərik...", - deyirdik. Razılaşmırdılar, "Siz də bizim döyüşçü yoldaşlarımızsınız...", - deyirdilər. Onlar Qələbə üçün döyüşürdülər, biz Qələbə üçün yazırdıq. Mövqe qələbələri qazanıldıqca səyyar qəzet (buna səhra qəzeti də demək mümkündür) döyüşçülərlə daha üstün sevgilər əsasında doğmalaşırdı. Döyüş əmrini yerinə yetirmiş döyüşçülər döyüşlərarası fasilələrdə bizimlə söhbətləşməyə də vaxt tapırdı. Müharibədən əvvəlki illərdə olduğu kimi, yenə Vətəndən danışırdıq, o illərdə arzuladığımız döyüşlərdən danışırdıq, qəhrəmanlıqlardan, qəhrəmanlardan danışırdıq, Böyük Qələbə arzusuyla sağollaşırdıq. Bu sağollaşmanın müddəti bəzən saatlar çəkirdi...
Qələbədən danışa-danışa "Qələbə uğrunda"nın növbəti sayını hazırlayırdıq. Döyüşçülərdən biri soruşmuşdu ki, Qələbədən sonra "Qələbə uğrunda" nəşr olunacaqmı? Döyüşçüyə izah etdik ki, bu qəzet müharibəyə görə nəşr olunur. Müharibədən əvvəlki illərdə olduğu kimi, müharibədən sonra da onun yerinə yetirdiyi missiyanı "Azərbaycan Ordusu" qəzeti yerinə yetirəcək. Döyüşçü "Qələbə uğrunda"ya doğmalıqla baxmışdı, "Bizim qəzetimiz də döyüşür...", - demişdi. Döyüşçü bizim qələmimizə baxmışdı, biz döyüşçünün avtomatına. Bu baxışları bir amal ümumiləşdirirdi: Qələbə, Böyük Qələbəyə inam.
Şuşa işğaldan azad ediləndə Qələbə kəlməsi hamımızın bayrağımıza dönmüşdü. O sevinci ən gözəl sevinc, o qüruru ən gözəl qürur, qəzetimizin bu informasiyanı da əhatələyən sayını qəzetçilik tariximizin ən gözəl günü adlandırardım...
"Qələbə!" sözü, Vətən müharibəsi, "Qələbə uğrunda" mənim ömrümün göyqurşağıdı...
Ceyhun CƏFƏRLİ
"Azərbaycan Ordusu"