Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2024 09:53

Biz hərb istəmirik, hərbə hazırıq!..

Hərbi hissələrdə təşkil edilən söhbətlər, diskussiyalar, disputlar mahiyyət baxımından ictimai-siyasi dərslərin davamı olur. Seçilən mövzular haqqında kifayət qədər geniş məlumata malik olan əsgərlər belə tədbirlərdə fəal iştirak edir, maraqlı fikir mübadiləsi onların düşüncələrini dərinləşdirir, nitqini səlisləşdirir, mahiyyətlər arasında uyğunluq yaratma qabiliyyətini formalaşdırır. Söhbətlər də, diskussiyalar da, disputlar da dövlətçiliklə, xalqla bağlı məsələləri əhatələdiyinə görə hər belə tədbir pedaqoji proses hesab edilə bilər...
Əsgərlər orta məktəbdə oxuyanda ermənilərin Azərbaycanda necə məskunlaşdığını, niyə məskunlaşdırıldığını, kimin məskunlaşdırdığını öyrənirlər. Ermənilərin Azərbaycanda törətdiyi soyqırımlar haqqında da məlumatları olub. Bu məlumatların daha əhatəli çatdırılması onların vətənpərvərliyini daha üstün əsaslarla formalaşdırır.
31 Mart - Azərbaycanlıların Soyqırım Günü tarixin olmuşlarını yada salma, xatırlama, xatırlatma, anma günüdür. Əsgərlər 31 Mart haqqında məlumatlıdırlar. Onların məlumatlarını sistemləşdirmək, tarixi mahiyyətini daha geniş şərh etmək üçün belə tədbirlərin əhəmiyyəti böyük olur...
Hərbi qulluqçularımızla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında söhbətləşəndə onlar sonralar soyqırımı kimi törədilmiş faciələrdən də danışdılar. Bu, Vətənə sevgidi...
Tanınmış alim, professor Xudu Məmmədov deyirdi ki, siz uşaqlara Vətəni tanıdın, Vətəni özləri sevəcəklər. Əsgərlərimiz tanıdıqları Vətənin müqəddəsliyini dərk edirlər və sevirlər.
Mayor Səhman Cəfərzadə:
- Ermənilər Azərbaycanda XIX əsrdən məskunlaşdırılırdılar. Bu məskunlaşma siyasət idi. Çar Rusiyası erməniləri Azərbaycanda yerləşdirməklə özünün gələcək nüfuzunu təmin etmək istəyirdi. Folklorumuzda bir deyim var: "Ayağıma yer eləyim, gör bir sənə nə edərəm". Vəzifə üçün, güzəran üçün, hər cür alçaqlığa razılaşan bu millət satqınlığı həmişə ömürdən üstün tutur.
Böyük rus şairi Puşkinin ermənilər haqqında dediklərini ədəbiyyat müəllimimizdən eşitmişdim: "Sən qulsan, sən qorxaqsan, sən oğrusan, çünki sən ermənisən". Belə bir millət Azərbaycanda sığınacaq tapandan sonra azərbaycanlılara düşmən kəsildi. Paytaxtda da, əyalətlərdə də soyqırımlar törədirdi. Biz də bilirik ki, ermənilər 1905-1907-cı illərdə, 1914-1916-cı illərdə, 1918-1920-ci illərdə Azərbaycanda kütləvi qırğınlar törədiblər.
Kiçik çavuş Elnur İsmayılov:
- 1918-ci il martın 30-dan aprelin 3-nə kimi ermənilər Bakıda, eləcə də Şamaxıda, Qubada, Naxçıvanda, Salyanda, Hacıqabulda, Lənkəranda, Xaçmazda, Zəngəzurda minlərlə azərbaycanlını qəddarlıqla qətlə yetirmişdilər. Azərbaycan Demokratik Cümhuriyyəti bu qanlı faciələrə - ermənilərin törətdiyi qırğınlara görə 1919-cu ilin və 1920-ci ilin martın 31-ni matəm günü kimi qeyd etmişdi. Bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətini devirəndən sonra bu da unutduruldu. Tarix müəllimimiz deyirdi ki, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə təsis edilib. Bu günün niyə qeyd olunduğunu kitablardan oxumuşduq, öyrənmişdik.
Əsgər Rizabəy Vəlizadə:
- Mən tarix fənnini çox sevirdim. Müəllimimizin məsləhəti ilə tariximizə aid məqalələri, kitabları da oxuyurdum. Onuncu sinifdə bizə Quba kütləvi qəbiristanlığı haqqında danışmışdı. İnternetdən soyqırımı haqqında məlumatları da oxumuşdum. Öyrənmişdim ki, ermənilər Qubada 70-ə yaxın kəndi dağıdıb, 37 minə yaxın insanı qətlə yetirib. Bu qətlləri tarixdən gizlətmək üçün kütləvi məzarlıqlar yaradıblar. Belə məzarlıqlardan biri də 2007-ci ildə Qudyalçayın kənarında tapıldı.
Harada oxuduğumu unutmuşam. Quba qırğınlarında erməni dəstəbaşının əmri ilə iki qardaşı meydana çəkiblər. Hərəsinə bir tüfəng veriblər. Tələb edirlər ki, əmr veriləndə atəş açsınlar, sağ qalan buraxılacaq, qətlə yetirilməyəcək. Qardaşlar eyni vaxtda tüfəngi silahlı ermənilərə çeviriblər. Özləri öldürülsə də, hərəsi iki ermənini öldürüb. Ermənilər bu hadisədən sonra Qubada qətliamları gizlin davam etdiriblər.  
Gizir Elmir Cəfərov:
- Məzarlığın sahəsi 500 kvadrat metrdən çoxdur. Məzarlıqda 400-dən çox insanın qalıqları var. Ermənilər qadınları da, uşaqları da qətlə yetirib həmin məzarlığa atıblar.
Mayor Səhman Cəfərzadə:
- Birinci Qarabağ müharibəsində törədilmiş qətllərin də məzarlıqları var. Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcər rayonunun Başlıbel kəndində belə məzarlıqların olduğu güman edilir.
Kiçik çavuş Elnur İsmayılov:
- Ermənilər sovetlər birliyində də azərbaycanlılara qarşı soyqırımlar törədirdilər. 1945-1947-ci illərdə onlar yüzlərlə kəndi odlara qalamışdılar, minlərlə azərbaycanlını qətlə yetirmişdilər. Digərlərini imperiyanın əli ilə, siyasi yolla Ermənistanda sürgün etdirmişdilər. Bu da soyqırımın başqa bir forması olub.
Dünya ictimaiyyəti Xocalı faciəsinə görə Ermənistanı ciddi qınamadı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kompaniyası bu soyqırımı dünyaya daha əhatəli şəkildə tanıdır. Tanıtma bəşəri niyyətdir, tanıyıb cinayətkarı qınamaq, suçlamaq, haqq-ədalət baxımından nəticə çıxarmaq bəşəriyyətin missiyasıdır. Tarixdən heç nəyi gizlətmək mümkün deyil. Hər şey gec-tez açılır. Dünyanın bəşəri dövlətləri Ermənistanın başlanğıcdan bu yana xarici siyasətinin işğala söykəndiyini, bəzən bu işğalın gizlin aparıldığını, yarınmalara söykəndiyini bilir. Bu yarınmaları gələcək siyasətinə qılıq boğçası bilən dövlətlərin də haqqa tapınacağına az qalıb. Bir el məsəlini biz unutmayacağıq, qoy varlığını yarınmalarla saxlayanlar da unutmasınlar, yarınmalara həvəsiyənlər də: Kələklə gələn küləklə gedər...
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Unudulmayan bütün soyqırımlar martın 31-də bir daha xatırlanır. Xatırlanan faciələr tarixdir, xalqın sabahkı tarixlərinin hansı dolaylardan keçdiyini, hansı düşmənçilikləri dəf etdiyini, necə dəf etdiyini yaşadan tarix. Əsgərlərin ötən əsrin əvvəllərində, əsrin ortalarında, əsrin sonlarında ermənilərin törətdiyi vəhşiliklər, terrorlar, soyqırımlar haqqında bildikləri unudulmayan, unudulmayacaq heysiyyətdir, xalq sevgi deməkdir. Bu faciələrdə diri-diri yandırılanların naləsi hər il martın 31-də daha yanıqlı eşidilir. Bəşəri dövlətlər azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ədalət divanı qurulacağı günü tələb etməyincə, dünyanın nizamı düzəlməyəcək. Cəzasızlığın yeni cinayətlər yaratdığını bilənlər, Azərbaycan əsgərinin haqq səsini eşidirsinizmi? Unutmayın ki, dahilik təkcə insana şamil edilmir, dövlətə də şamil edilir. Martın 31-i günü əlinizi ürəyinizin üstünə qoyub bir daha düşünün:
Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü!..
Azərbaycan bu qədər faciələr görüb, soyqırımlar görüb, bəşəri dövlət olaraq deyir ki, Yer üzünü qan tökülməkdən xilas edin! Biz hərb istəmirik. Hərbə hazırıq!..
Məhəmməd NƏSİRLİ

"Azərbaycan Ordusu"