Hərbi xidmətə ön xətdə başlamışdım. Əsgərlərlə hər söhbətimizdə təkcə hərbi xidmətdən danışmırdıq, həm də hərbi xidmətin tərkib hissəsi olan milli-mənəvi dəyərlərimizdən, Vətəndən, vətənpərvərlikdən, qəhrəmanlardan, qəhrəmanlıqlardan danışırdıq. Bir də torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi döyüş əmrindən. Onda əsgərlərin döyüş əzmini də duyurdum, qələbə ruhunu da. 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə əsgərlərin qələbə inamını daha da yüksəltmişdi. Əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi "Aprel döyüşləri dərsliklərə salınmalıdır" fikri hamısını müsəlləhləşdirmişdi.
Xidmətə gələn gənc əsgərlərdən biri ilə ilkin söhbətimizdə məni də, qərargah rəisini də duyğulandıran bir məqam olmuşdu. "Qardaşım hərbi xidmətini düşmənlə təmas xəttində keçmişdi. Tərxis edildikdən sonra xidmət yoldaşlarından da danışırdı, döyüş növbətçiliyindən də. Deyirdi ki, hər dəfə döyüş növbətçiliyinə gedəndə hamımız oradan birbaşa döyüşə getməyi arzulayırdıq. Tərxis ediləndə döyüşəcək əsgərlərin sırasında olmadığımıza çox təəssüfləndik. Kaş ki, biz qardaşımın və onun xidmət yoldaşlarının yaşadığı təəssüfü yaşamayaq, döyüşlərin və qələbənin əsgəri olaq". Həmin əsgər bölüyün ən nümunəvi əsgəri oldu; Vətən naminə gözəl düşüncələr, gözəl arzular, gözəl niyyətlər Hərbi Andın mənəvi və məntiqi davamı olur...
Dağlıq ərazidə xidmət edirdim. Relyef bir qədər çətin şərait olsa da, hərbi xidmətin mahiyyətinə, hərbi xidmətə qətiyyən təsir edə bilməz. Əsgərlərin asudə vaxtında bu haqda söhbətləşirdik. Vətənin qayalığı da, daşlığı da, düzənliyi də, çəməni, çəmənzarı, yaylağı, oylağı da Vətəndi. Dağlıq ərazi də qorunmalıdır. Əsgər qorumalıdır. O əsgər qətiyyəti, dövlətə, dövlətçiliyə, Hərbi Anda sədaqəti ilə təsdiqləyirdi ki, Məmməd Aslan demişkən, "Vətən gözdü, biz - kirpik, Gözümüzün keşiyini çəkirik". Bu fikirlər əsgərlərimizin düşüncələrinin nizamına dönmüşdü. Əsgərlərdən biri Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş babasından eşitdiklərini xatırlatmışdı: "Taborumuz döyüş növbətçiliyini Murovdağ dağ silsiləsinin ən hündür yerinə aparırdı. Qışda hər gün ora çıxıb-düşmək çox çətin idi. "Güzgü" deyilən yerdən ora yayda quraşdırılmış kanatdan tuta-tuta çıxırdıq. 30-35 dərəcə şaxtada, qar qalağını yara-yara. İkinci Kəlbəcər əməliyyatına da oradan başlamışdıq. Əsgərlərimizin hamısı dözümlü idi. Vətən naminə hər çətinliyə dözürdük...". Əsgərin xatırlaması xoş ovqat, bir də gözəl bir qürur yaratmışdı. Əsgərlər qətiyyətlə demişdilər ki, hərbi xidmət üçün "çətinlik" ifadəsi olmamalıdır. Əsgər nizamnamələrin tələblərini yerinə yetirirsə, günün nizam qaydalarına məsuliyyətlə əməl edirsə, fiziki hazırlığı yüksəkdirsə, heç bir şərait ona çətinlik törədə bilməz. Əsgər fiziki hazırlığını məşqlərlə yüksəldə bilər, nizamnamələri öyrənə bilər, özü özünə məsuliyyətli olmağı təlqin edə bilər - əsgər formalaşmış əsgər olmaq üçün öz üzərində çalışmalıdır. Onda əsgərlər bu tövsiyəni diqqətlə dinləmişdilər. Qısa müddətdən sonra bölüyün taqımlarında əsaslı dəyişiklik müşahidə olunmuşdu. Komandir ictimai-siyasi dərslərdən əlavə asudə vaxtlarda söhbətləri təəssüratlar, xatirələr formatında da təşkil etməyi məsləhət görmüşdü...
İkinci Qarabağ müharibəsi başladı. Ordumuz əks-hücuma keçdi. Bütün sərhəd boyu döyüşlər başladı. Düşmənin sədləri dağıdıldı, Azərbaycan ordusu Füzuli rayonunda ilk mövqe qələbəsi qazandı, Qaraxanbəyli kəndi düşməndən azad edildi. İlk qələbə sonrakı qələbələrin döyüş əzmini yüksəltdi, sonrakı döyüşlərdə qazanılacaq qələbələrin başlanğıcı oldu. Vətən müharibəsində mən də döyüşən ordunun sıralarında idim. Qələbə qazanılanda döyüşlərdə iştirak edənlərin də, onların hücumuna artilleriya dəstəyi verənlərin də, nisbətən arxada olan bölüklərin şəxsi heyətinin də yaşadığı ovqatı görürdüm, duyurdum, yaşayırdım. Onda bir həqiqət mənim də mənəvi dünyamın işığına dönmüşdü: Bu müharibə xalqın müharibəsi idi, xalqın ruhu döyüşür. Ali Baş Komandanın xalqa müraciətləri xalqın orduya inamını yüksəldirdi, döyüşçülərin döyüş əzmini, qələbə ruhunu. Döyüşdə yaralanmış döyüşçüyə yardım göstərilmişdi. Həkimlər onun qısa müddətdə də olsa, döyüşlərdə iştirakına icazə vermirdilər. Onda yaralı döyüşçü ciddi xahiş etmişdi, yaralı qolunu göstərib, "Bu yara ciddi yara deyil, həkim, barmaqlarım hərəkət edir, qolumu yerə basa bilirəm, ayaqlarım salamatdı, döyüşdə yerimi dəyişə-dəyişə atışa bilərəm, gözlərim salamatdı, düşmənlərimizi görərəm, məni döyüşçü yoldaşlarımdan ayırmayın, xahiş edirəm, ayırmayın...", - demişdi. Onu bir də müayinə etmişdilər, döyüşə getməsinə icazə vermişdilər. Səmimiyyətimə inanın, onun sevinci kimi sevinc görməmişdim. Sevincindən hərbi həkimi bağrına basmışdı, yanağı boyunca iki damla göz yaşı süzülmüşdü...
Yaralı döyüşçünün döyüş əzmi hərbi hissənin döyüş ruhunun bayrağına dönmüşdü...
Vətən müharibəsindən az sonra Ağdamın işğaldan azad edilmiş Güllücə kəndinə ezamiyyətə getmişdim. Mayor Ruslan Novruzov yol boyu müharibənin bəzi gerçəkliklərindən danışmışdı. "Müharibələrdə döyüş texnikaları da gərəkli olur, artilleriya da, aviasiya da. Ancaq qələbəni əsgər qazanır. Vətən müharibəsində təsdiq edildi ki, Azərbaycan Ordusunun döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlığı, bu sıradan Şuşa uğrunda döyüşlər dünyanın əksər hərbi ekspertlərini heyrətləndirdi. Bu heyrət Vətən sevgisinə görə yaranmış heyrət idi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər sərkərdəlik hünəri ilə bir sırada Azərbaycan əsgərinin vətənpərvərliyinin nəticəsi oldu...". Güllücəni keçib əsgərlərimizin yanına çatanda müşahidələrimizi mayor Ruslan Novruzovun qənaətinin gerçəkliyi bildik. Əsgərlərin baxışlarında döyüş əzmi vardı. Bu əzm 2023-cü ilin sentyabrında səngərlərini aşdı. Bu da vətənpərvərlik idi...
Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Tarixi Zəfəri qazananların, sonrakı əməliyyatların iştirakçılarının davamçıları üçün hərbi xidmət Hərbi And deməkdir, dövlət deməkdir, dövlətçilik deməkdir, bunları ümumiləşdirən vətənpərvərlik deməkdir...
Vətən müharibəsində tarixi Zəfər mənəvi-psixoloji hazırlıq əsasında formalaşan vətənpərvərliklə qazanıldı...
Ceyhun CƏFƏRLİ
"Azərbaycan Ordusu"