XX əsrin əvvəllərində 1918-ci ilin mart-arrel aylarında ermənilərin törətdiyi qırğınlar xalqımızın yaddaşından silinməyən qanlı tarixdir. Bu qırğınlar Azərbaycan ərazisində coğrafiyasının genişliyi ilə xüsusi diqqət çəkərək, ölkənin müsəlman əhalisinə qarşı törədilmiş ən dəhşətli soyqırımı aktıdır. İllərlə o qanlı tarixi yaddaşlardan silməyə çalışsalar da, hadisələrin şahidi olan insanlar acı xatirələrini nəsildən-nəslə ötürməyi bacarıblar. Ötən əsrin sonlarından çox da uzaqda olmayan qanlı tarix, ermənilər tərəfindən törədilmiş dəhşətli faciələr, kütləvi qırğınlar xalqdan gizlədilirdi. Bu soyqırımı haqqında açıq-aşkar danışılmırdı. Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sayəsində tariximizin gizli saxlanılan bu qaranlıq səhifələri açılmağa başladı. 80 il sonra 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" tarixi Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verildi və 31 Mart - "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi.
2007-ci ilin aprelində Quba şəhərində aşkarlanan soyqırımı məzarlığı 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak qüvvələrinin törətdikləri soyqırımı aktının coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olmasından xəbər verirdi. Soyqırımı məzarlığında aşkara çıxarılan danılmaz faktlar bir daha deyilənləri təsdiq edirdi. Onu da qeyd edək ki, 106 il bundan əvvəl Qubada baş verən qətliamlar haqqında yerli camaat çox məlumatlıdı. 1918-ci ilin mart-aprel aylarında Qubada erməni millətçilərinin törətdikləri vəhşiliklər barədə yaşlı nəslin nümayəndələri dəhşətli faktlar söyləyirmişlər. Qubada aşkarlanan kütləvi məzarlıq 106 ildir ki, qubalıların yaddaşından silinməyən qanlı tarixin qanlı izləridir. Bu tarix getdikcə daha da dərindən öyrənilir, hər bir Quba sakini ata-babalarının üzləşdiyi o dəhşətli faciələrdən xəbərdar olur.
Quba rayonunda Digah kənd sakinlərindən 1918-ci ilin mart-aprel qətliamları haqqında vaxtilə ata-babalarının, yaxın qohumlarının yaşadığı faciələrdən danışmağı xahiş etdik. Onlar qanlı günlərin şahidi olan yerli sakinlərin və həm də doğmalarının yaddaşlarına köçürdükləri xatirələrdən söhbət açdılar.
Sakinlərin söylədiyinə görə, erməni-daşnak qüvvələrinə qarşı müdafiə və hücum mövqeyində dayanan Digah kəndinin qəhrəman oğulları Dərin dərə (Hazırda Qanlı dərə adlanır) deyilən yerdə hücumun qarşısını bir neçə dəfə ala bilmişdilər. Həmsöhbətlərimizlə Digah kəndindəki Qanlı dərənin ərazisində dayanmışıq. Əvvəlcə 106 il öncə burada erməni quldurlarına qarşı döyüşərək şəhid olan, canlarını doğma torpaqları uğrunda qurban verən qəhrəman qubalıların əziz xatirəsini yad etdik.
Sonra Digah kənd orta məktəbinin direktoru Mənsur Hacıyev Quba qırğınları haqqında doğmalarından eşitdiklərini bizə danışdı. Onun nənəsi, babası (atası o zaman 3 aylıq körpə olub) həmin faciəli günlərin şahidləri olublar. Mənsur müəllim söylədi ki, 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri qətliamlar, talanlar barədə yaşadıqları kəndə də əvvəlcədən xəbər gəlib çatıbmış. "Babam deyirdi ki, kəndimizə hücum olacağı hər dəqiqə gözlənilirdi. Ona görə də ağsaqqalların məsləhətilə əvvəlcədən qadınlar, qocalar, uşaqlar kənddən çıxarılmışdı. Onları qonşu Kürkün, Susay və Gəray kəndlərindəki meşəliklərə yerləşdirmişdilər ki, ermənilərin kənd sakinlərinə əli çatmasın. Deyilənlərə görə, yerli ermənilər onlara bələdçilik edirlərmiş. O zaman bu vəhşi ermənilər kəndimizi od vurub yandırmışdılar. O cümlədən, bizim evə də - ata-baba evimizə də od vurmuşdular. Ümumilikdə, erməni quldur dəstələri kəndimizdə 70 ev yandırıb talan etmişdilər. Kəndimizin özünümüdafiə dəstələri və qonşu kəndlərdən də köməyə gələn silahlı dəstələr bu Qanlı dərə deyilən yerdə ermənilərin qarşısını kəsərək, onları öldürmüşdülər. Deyilənlərə görə, bu kənddən bir nəfər də olsun erməni sağ geri dönə bilməyib. Bizim camaatda silah az olub. Lakin ermənilər topla, tüfənglə gəliblərmiş. Onlar bizim bu yerlərin dağlarına, qayalarına bələd olmadıqlarına görə də çaşıb qalıblar. Silahlarını atıb qaçmaq istəyəndə hamısını kəndin cavanları məhv ediblər. Qanlı dərədə erməni quldurlarının irəliyə doğru hərəkətinin qarşısı belə alınmışdı. Ata babam Nadirəli Məlikov, qardaşı Oruc Məlikov kəndimizin özünümüdafiə dəstələrində döyüşüblər. Nənəm danışardı ki, kəndimizdə yaşayan yüz yaşlı Ərzi nənə camaat kəndi tərk edəndə deyib ki, qız-gəlinləri çıxardın, yaşlı adamam, məni öldürməzlər. Qayıdıb gələndə görüblər ki, ermənilər onun bədənini süngü ilə deşik-deşik edib öldürüblər. Bizə illərlə sovet ideologiyasının sərt rejimində bu faciələrimizi danışmağı qadağan ediblər, unutdurmağa çalışıblar. Ermənilər bu gün də mənfur siyasətlərindən əl çəkmək istəmirlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz erməni silahlı birləşmələrinin son tör-töküntülərini də məhv etdilər. Respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu".
Mənsur müəllim onu da qeyd etdi ki, hər il martın 31-də məktəblilərlə birlikdə qubalıların qan yaddaşı olan Qanlı dərəyə gəlib soyqırımı qurbanlarını yad edirlər. "Bizim yerli əhali o zaman da erməniyə sübut etməyə çalışmışdı ki, bu torpaq onların doğma diyarıdır, biz buradan heç bir yerə gedəsi deyilik. Ölsək də, torpaq uğrunda döyüşəcəyik. Bütün bunlar gənc nəslə çatdırılır. Biz heç vaxt tariximizdə baş verən hadisələri unutmayacağıq".
Öyrənirik ki, Mənsur müəllimin nənəsi Qızyetər Məlikova 1984-cü ildə 88 yaşında dünyasını dəyişib. Hadisələr vaxtı cavan gəlin olub. Həmin günləri xatırlayanda göz yaşlarını saxlaya bilmirmiş. Qız-gəlinlərin başına gətirilən müsibətlərdən danışarmış. Evləri 1979-cu ildə sökülsə də, yanmış yerlərin izləri qalırmış. Ermənilər Quba qəzasında insanlara qarşı görünməmiş vəhşiliklər törədiblər.
Ötən il dünyasını dəyişən Digah kənd sakini Gülnisə Ağakişiyeva 45 il Digah kənd tam orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləmişdi. İşlədiyi uzun illər ərzində Qubada baş verən qırğınların şahidi olan yaxın qohumlarından eşitdiklərini şagirdlərinə danışarmış. Gülnisə müəllim xatirələrində danışarmış ki, "atasının əmisi Şıxbaba Ağakişioğlu Quba qətliamlarının şahidi olub. Bu faciələr baş verəndə atasının üç yaşı var imiş. Gülnisə müəllimin babası Mirzə Ağakişioğlu 24 yaşında hadisələr başlamazdan öncə 1917-ci ildə Qusardan gələndə ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirilmişdi". Döyüşlərdən qabaq ermənilərin haralarda gizləndiyini Digah camaatı bilməyib. Onlar Xaçmaz tərəfdən gizli şəkildə gələrək kəndlərimizdə özlərinə mövqe tutublar. Atamın böyük əmisi Seyid kişi kəndin sayılıb seçilən adamlarından biri olub. O, yerli sakinlərdən bir neçəsini yanına çağırıb deyib ki, Qubadan yaxşı xəbərlər gəlmir. Gedin, görün orada nə baş verir. Seyid kişi gecə ilə Qubaya adamlar göndərir. Onlar görürlər ki, Quba şəhərinin küçələrində qan su yerinə axır. Bəzi evlərdə meyitlər üst-üstə qalaqlanıb. Uşaqlar, hamilə qadınlar, qoca insanlar vəhşicəsinə öldürülüblər. Şəhərin müsəlman əhalisinə divan tutulub. Beləliklə, hadisələrdən xəbər tutandan sonra kəndimizin qız-gəlinlərini, uşaq və qocalarını, yaxın kəndlərin meşəliklərində gizlədirlər. Əli silah tutan kişilər isə kənddə qalıb ermənilərə qarşı döyüşürlər. Zizikli Əhməd bəy öz dəstəsi ilə, Cagarlı Hatəm ağa 300 nəfərlə, Kuzunlu Möhübəli Əfəndi döyüşən digahlılara köməyə gəlirlər. Onlar mal-heyvanlarını qonşu Dağıstan ərazisində silaha dəyişib kəndin müdafiəsini gücləndirirlər. Qanlı dərədə meşə istiqamətində müdafiə xətti yaradaraq erməni-quldur dəstələrini darmadağın edirlər. Atamın əmisi Şıxbaba Ağakişioğlu danışırdı ki, əgər Zizikli Əhməd bəy, Cagarlı Hatəm ağa, Kuzunlu Möhübəli Əfəndi öz dəstələri ilə köməyə gəlməsəydilər, faciələrimiz daha çox olarmış. Ən əsası da Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşa Azərbaycana gəlməsəydi, qırğınlar günlərlə, aylarla davam edəcəkdi. Qanlı dərə döyüşləri bizim qələbəmizlə başa çatdı. Ermənilər geri çəkilməyə məcbur oldular. Digah camaatının nisbətən sağ-salamat qurtarmasının əsas səbəblərindən biri də baş verən qanlı hadisələrdən vaxtında xəbər tutmaları olub. Kəndin ərazisində şum işləri apararkən insan sümüklərinə tez-tez rast gəlirmişlər".
Onu da qeyd edim ki, Quba soyqırımı haqqında "Quba faciəsi və Qanlı dərə" adlı kitabın müəllifi yaxınları, doğmaları bu faciələrdən əziyyət çəkmiş Rafik Mirzəyevdir. O da ötən il haqq dünyasına qovuşub.
Allah sizə rəhmət eləsin Gülnisə ana, Rafik müəllim. Quba soyqırımı haqqında eşitdiyimiz xatirələr nəsillərin yaddaşından heç zaman silinməyəcək.
Fərzalı Mirzəxanovun əmiləri, dayısı İsabala, nənəsi Saat Əhmədova da Quba qırğınlarının canlı şahidi olublar. Qonşu kənddə gəlin olan Saat nənə hadisələr zamanı 18 yaşında imiş. 1918-ci ilin mart soyqırımlarının sonuncu canlı şahidi Saat nənə 2013-cü ildə dünyasını dəyişib. O, ermənilərin Qubada törətdiyi vəhşiliklərdən, qız-gəlinlərin necə işgəncələrlə qətlə yetirilməsindən ürək ağrısı ilə danışarmış.
Ötən əsrin əvvəllərində və sonlarında erməni vəhşiliklərinin qurbanı olan, soyqırıma məruz qalan azərbaycanlıların haqq səsini dünyaya çatdırmalı, törədilən qırğınlara, qətliamlara, bəşəri cinayət aktına siyasi, hüquqi qiymət verilməlidir.
Lalə HÜSEYNOVA,
fotolar
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"