Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi potensialının daima güclənməsi sayəsində ordumuz da böyük inkişaf yolu keçdi. Məhz Ali Baş Komandanın diqqəti və qayğısı ilə Azərbaycan Ordusunun təchizatı gündən-günə müasirləşdi və genişləndi. Azərbaycan dövləti öz ordusunun daha da qüdrətlənməsi üçün lazım olan bütün tədbirləri həyata keçirdi və bu gün də həyata keçirməkdədir. Başlıcası isə odur ki, Cənubi Qafqazın ən güclü ordusuna çevrilən ordumuzda öz Vətənini sevən və onun yolunda fədakarlığa hazır olan peşəkar hərbi qulluqçular yetişdilər. Ordumuzun daha da gücləndirilməsi və döyüş potensialının artırılması taleyüklü bir məqsədə - işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməyə yönəlmişdi.
Azərbaycan Ordusu təminat və təchizatını müasir tələblər səviyyəsində qurduğunu, dövlət qayğısı ilə əhatə olunduğunu, sözün əsl mənasında, güc və potensialını artırdığını əyani şəkildə döyüş meydanında - 44 günlük Vətən müharibəsində, əməliyyat tədbirlərində uğurla nümayiş etdirdi. Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş tarixi torpaqlarımız azadlığına qovuşdu. Bu gün Vətən oğulları tarixi Zəfərdən ruhlanıb erməni təcavüzkarlarından azad edilmiş ərazilərimizdə müxtəlif qoşun növlərində xidmət edərək döyüş hazırlıqlarını artırırlar. Gecə-gündüz bölmələrimizin sayıqlığı ilə döyüş növbətçiliyi təşkil edilir. Bu sırada istehkamçılarımızın müharibədən sonra gördükləri genişmiqyaslı işlər, doğrudan da, təqdirəlayiqdir. Onlar 3 ildən artıqdır ki, işğaldan azad olunmuş ərazilərimizdə düşmənin qoyub getdiyi "tələ"lərin - minaların, partlamamış döyüş sursatlarının aşkarlanmasında məsuliyyətlə, olduqca ciddi şəkildə çalışırlar.
Mühəndis-istehkam hərbi hissəsinin bölmələrindən birində şəxsi heyətə çöl məşğələsi keçirilirdi. Təbiətin qış fəsli, kiçik çillə olmasına baxmayaraq, hava günəşli idi. Havanın xoş, sakit olmasından yararlanan istehkamçılarımız döyüş hazırlıqlarını artırmaq məqsədilə təlim nöqtəsinə çıxmışdılar. Çünki istehkamçılarımız çöl məşqlərinə həmişə xüsusi diqqət yetirirlər. Onlar öyrəndikləri nəzəri bilikləri çöl məşğələlərində təcrübədə tətbiq edirlər. Şəxsi heyət taktiki sahəyə hazırlıqlı gəlmişdi: zəruri mühəndis ləvazimatları, mühəndis-kəşfiyyat dəsti, ağ-qara lentlər, qırmızı bayraqlar, istehkam qarmaqları və əlbəttə ki, minaaxtaranlarla birgə.
Bölmənin peşəkar fəaliyyətini izlədikcə belə nəticəyə gəlmək olardı ki, komandir heyəti öz təcrübəsini tabeliyindəkilərə böyük həvəslə aşılayıb. Biz yaxşı bilirik ki, peşələrinin özəllikləri istehkamçılara xüsusi xidmət tərzi diqtə edir. Öyrənirik ki, hərbi hissənin bütün bölmələrində xidmət edən istehkamçılar birbaşa ixtisas hazırlığıyla bağlı fəaliyyətlərlə yanaşı, məsələnin psixoloji tərəfinə də ciddi diqqət yetirirlər. Onlar öz peşələrinə elə bağlanıblar ki, vəzifə tələblərinə tam cavab verirlər. Şəxsi heyətdə peşə maraqları çox güclüdür. Bütün bunlar görülən işlərin, nəzərdə tutulan planların yüksək səviyyədə həyata keçirilməsində böyük rol oynayır.
Leytenant Mütəllim Əlirzayev bizimlə söhbətində dedi ki, bugünkü məşğələnin mövzusu "Ərazi sahələrinin minalardan tam təmizlənməsi" adlanır. Bu gün aktuallığı ilə seçilən mövzu barədə geniş danışan gənc zabit şəxsi heyətə bildirdi ki, minalardan tam təmizlənmə üçün taqıma, manqaya nəzərdə tutulmuş ölçüdə ərazi sahəsi təyin olunur. Sahələrin sərhədi kəşfiyyat zamanı açılmış keçidləri nəzərə almaqla təyin edilir. Manqanın sahəsi cəbhə boyu 50-60 metr və dərinliyi 150-180 metr ölçüdə zolaqlara bölünür.
Budur, istehkamçılarımız nəzəriyyədə öyrəndiklərini təcrübədə tətbiq edirlər. Onlar təyin olunmuş sahələrin sərhədlərini və zolağı daha aydın görünən işarələrlə - bayraqcıqlarla, qarmaqlarla işarələyirlər. Bu zaman minaları və partlamamış döyüş sursatını axtarmaq, eyni zamanda, işarələməklə verilən tapşırığı yerinə yetirib, hər zolağın minadan təmizlənməsinə bir heyət nəfəri təyin edilir. Heyət nəfərləri öz zolağının sol (sağ) küncündə zolaqların nömrələrini göstərməklə, şəxsi lövhələrini quraşdırırlar. Manqa sahəsini taqım komandirinə təhvil verənə qədər göstəricilər öz yerlərində qorunub saxlanılır.
Minalardan ərazinin tam təmizlənmə işinə cəlb edilən şəxsi heyət sahənin ön sərhədində düzülür, heyət nəfərləri öz lövhələrinin yanında yerlərini tutaraq çıxış vəziyyətini alırlar. Manqa komandirinin "Tapşırığı yerinə yetirməyə - başla!" komandası ilə təyin edilmiş öz zolaqlarının sağ (sol) sərhədi boyu hərəkət edib 1,5-2 metr enində keçidlər açırlar. İstehkamçılar minaaxtaranlarla axtarış apararkən diqqətlə əraziyə baxır və yoxlayırlar.
Mövzunu ətraflı izah edən leytenant M.Əlirzayev şəxsi heyətin diqqətinə onu da çatdırdı ki, mina axtaran alətə səs gələn yerlərdə şübhəli ərazilər xüsusi avadanlıq vasitəsilə şişlərlə yoxlanılmalı, tapılmış minalar və partlamayan döyüş sursatı qırmızı bayraqcıqlarla işarələnməlidir.
Manqa müəyyən olunmuş sahənin arxa sərhədinə çıxdıqdan sonra hazırda yoxlanılmış zolaqla, vizual və minaaxtaranlarla təkrar axtarış aparıb ön sərhədə qayıdır. Növbəti qonşu keçidi açan zaman heyət nəfərləri əvvəllər işarələnmiş sərhədlərdən ağ bayraqları çıxarır və onları yenisinə basdırırlar. Verilmiş zolağın bütün sahələrində axtarış qurtarana qədər qalan keçidlər də eynilə açılır. Manqalar öz sahələrini yoxladıqdan sonra aşkar olunmuş bütün mina və partlamayan döyüş sursatını şərti olaraq yerində məhv edirlər. Minaların və partlamayan döyüş sursatlarının şərti olaraq məhv edilməsi gənc zabitin rəhbərliyi altında xüsusi təyin edilmiş partlayış komandası tərəfindən yerinə yetirilir.
Leytenant M.Əlirzayev ümumən məşğələnin nəticələrindən razı qaldı, istehkamçılarımızın döyüş hazırlığında böyük irəliləyişin olduğunu dedi. "Məşğələnin mahiyyətində müəyyən yarış elementlərini görməmək olmazdı, hər əsgər başqasından, hər bölmə o birindən üstün olmağa çalışırdı. Əlbəttə, şəxsi heyət minalardan təmizləməyi öyrənməklə yanaşı, o cümlədən digər mövzuları da mənimsəyiblər. Növbəti praktiki təlimlərdə mina sahələrində keçidlərin açılması mövzusunun, eyni zamanda, ordumuzun silahlanmasına yeni daxil olan "Ozan" tipli minaaxtarma vasitəsinin taktiki-texniki xüsusiyyətlərinin öyrənilməsini nəzərdə tutmuşuq. Qarabağımız, Şərqi Zəngəzurumuz erməni təcavüzkarlarından azad edilmişdir. İstehkamçıların qüvvə və bacarığına hələ çox ehtiyacımız olacaq. Düşmən o əraziləri bizə abad, təhlükəsiz qoyub getməyib. Biz istehkamçılar üçün müharibə bitdikdən sonra da davam edir. Görün, 3 ildən artıq bir müddətdə nə qədər dinc sakinimiz düşmənin "tələ"lərinin qurbanı olub. Biz biliklərimizi daha da təkmilləşdirməliyik ki, qısa müddətdə müqəddəs torpaqlarımızı erməni işğalının sonuncu nişanələrindən də təmizləyək".
Öyrənirik ki, ordumuzun gənc istehkamçı zabiti M.Əlirzayev 21 oktyabr 2000-ci ildə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində anadan olub. 2018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) sənədlərini təqdim edib, kursant adını qazanıb. 2022-ci ildə ali hərbi təhsilini mühəndis-istehkam ixtisası üzrə başa vuran Mütəllim elə həmin ildə "Komando başlanğıc kursu"nu bitirib. O, 2023-cü ildə ilk xidmət yerinə - "N" hərbi hissəsinə mühəndis-istehkam ixtisaslı zabit olaraq təyinat alıb. Ötən il ordumuzun keçirdiyi əməliyyat tədbirləri zamanı Xocavənd və Qırmızı Bazar istiqamətində ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərinin yerinə yetirilməsində fəal iştirak edib. Əməliyyat tədbirləri uğurla başa çatdıqdan sonra Əlirzayev Mütəllim Famil oğlu döyüşdə fərqləndiyinə görə komandanlığın fəxri fərmanına layiq görülüb.
Əminik ki, ordumuzun Mütəllim kimi bacarıqlı, peşəkar zabitlərinin, cəsarətli istehkamçılarımızın sayəsində düşmənin son nişanələri də tamamilə məhv edilib, bərpa-quruculuq işlərinə əvəzolunmaz töhfələr veriləcək.
Lalə HÜSEYNOVA,
fotolar
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"