Müqəddəsliyə sədaqət mənəvi zənginlikdi, mənəvi zənginlik xalqa, dövlətə, dövlətçiliyə sədaqətin başlanğıcıdı, şəhidliyə, şəhidlərə ehtiram andıdı. Olanlar, olmuşlar şəhid ömürlərin yaddaşlarda yaşadılan davamıdı; şəhidlərin ömürlərinin sonu olmur. Olmuşlarda kövrəklik də var, kövrəklikdən boy göstərən qürur da, qəhər də var, qəhəri üstələyən sevinc də. Bu duyğular Samuxun Lək kəndində şəhid mayor Sənan Qasımovun anım tədbirində də bir qədər kövrəkliklə yaşanıldı. 8 yaşlı Kənanın, 6 yaşlı Nərimanın, 1 yaşlı Rəvanın baxışlarının səssiz pıçıltıları da, Fərman kişinin təmkinində gördüyüm azərbaycançılığı da ordu ilə xalqın birliyinin zərrəsi bildim...
Sənan Qasımov 1991-ci il martın 7-də Samux rayonunun Lək kəndində anadan olub. Atası xatırlayır: Onuncu sinifdə oxuyurdu. Fevralın 26-sıydı. Həmin gün oğlumuzu qəhərli gördük. Nə özü bir söz dedi, nə də biz nəsə soruşduq. Həyətə çıxdı, tez də qayıtdı. Asta yerişlə mənə yaxınlaşdı. "Ata", - dedi. "Mən də hərbçi olmaq istəyirəm. Mən də Xocalıda qətlə yetirilənlərin ruh qardaşı olacam...". Köksümə sığındı. Qürurlandım oğlumla. Göz yaşlarını o məndən gizlətdi, mən də ondan. Bu səssizlik oğlumun niyyətinə xeyir-duam oldu...".
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) oxuyurdu. Ata ocağından, ata ocağının isti bucağından aralı düşsə də, ruhu öyüd-nəsihətlərindən aralı olmamışdı: Sən necə oğul olduğunu kamilliyinlə tamamlayacaqsan, oğul. Oxu, kamilləş ki, adın adlar sırasında qürurla çəkilsin.
Sənan oxumuşdu, öyrənmişdi, öyrəndikləri təlimlərdə təkmilləşmişdi. Qoşunlarda xidmətə gedəndə kursant yoldaşlarına (həmin gün onlara "leytenant" hərbi rütbəsi verilmişdi) "Hərbi təhsilin sonu niyyətimizin başlanğıcıdır. Biz kursant olanda döyüş əmri verilmədi, düşmənlə zabit kimi döyüşəcəyik!..", - demişdi. Məhəmməd əlini Sənanın çiyninə qoymuşdu, kəlmələri dost alğışı kimi, əminliklə səslənmişdi: "Bayrağımız tətikdə titrəməyəcək!.."...
2020-ci il sentyabrın 27-nə kimi hərbi qulluqçuların döyüş əzmi səngərlər aşırdı, hamı Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Bu əmr işğaldan qurtuluşun başlanğıcı olacaqdı. Döyüşlər başlanğıcdan sona - qazanılacaq Qələbənin sonuncu gülləsinə aparacaqdı. Bu müharibə xalqın müharibəsi olacaqdı. Mayor Sənan Qasımov da belə düşünürdü. Atası Ağdamdan olan əsgərin dediklərini unuda bilmirdi: Müharibə başlayanda mən də döyüşəcəm. Ancaq Ağdam istiqamətində döyüşmək istərdim. Atam qazanılacaq qələbəyə görə də sevinər, bu qələbədə oğlunun iştirakına da. Həmin döyüş mənim ağdamlılıq sənədim olar. Onda mayor Sənan Qasımov demişdi ki, qazanacağımız qələbə hamımızın vətəndaşlıq sənədimiz olacaq. Sənan əsgərin kövrəkliklə dediklərinə qətiyyətlə yüksək vətənsevərlik demişdi...
Leytenant Sənan Qasımov artilleriyaçı idi. Müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdi...
2016-cı il Aprel döyüşləri başlayanda kapitan Sənan Qasımovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olunmuşdu. Döyüşlər başlayanda komandanlıq düşmənin komanda məntəqələrinin, qruplaşmalarının mövqelərinin koordinatlarını vermişdi. Artilleriya atışları düşmənin müqavimətini qıracaqdı. Batareya komandiri kapitan Sənan Qasımov ilk mərmilər atılanda tuşlayıcının yanındaydı. Atışdan az sonra ehmallıqla tuşlayıcının əlini sıxmışdı - atış dəqiq olmuşdu. Düşmənə daha üç mərmi atmışdı və o, daha üç mərminin tələfatının ağrılarına düçar oldu - düşmənin komanda məntəqəsi dağıdılmışdı…
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısı qətiyyətlə alınmışdı, Ali Baş Komandan əks-hücum əmri vermişdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu.
Batareya komandiri kapitan Sənan Qasımov ilk mərmilər atılanda tuşlayıcının yanındaydı. Məsuliyyətiydimi? Həyəcanıydımı? - bunları Vətən müharibəsinin ilk döyüşlərinin döyüş əzmi, qələbə ruhu tamamlayırdı. Komanda məntəqəsindən məlumat alanda tuşlayıcının əlini sıxmışdı - atış dəqiq olmuşdu.
1992-ci ildən üzü bu yana Kəlbəcərə aparan yol da, bəzi strateji yüksəkliklər də düşmənin nəzarətində idi. Vətən müharibəsində Azərbaycan Ordusu bütün istiqamətlərdə döyüşürdü, artilleriyaçılarımız döyüşənlərimizə bütün istiqamətlərdə dəstək verirdilər. Kapitan Sənan Qasımovun xidmət etdiyi hərbi hissə Murovdağ istiqamətində qətiyyətlə döyüşürdü...
Sentyabrın 28-i mövqe qələbəsi ilə açıldı...
Müharibədə hər döyüş əvvəlki döyüşün davamıdı. Sentyabrın 29-da da, sonrakı günlərdə də düşmənin mövqelərinə komandanlığın müəyyənləşdirdiyi qədər mərmi atmışdılar, döyüşə-döyüşə irəliləyənlərimizə gərəkli atəş dəstəyi verirdilər...
Kapitan Sənan Qasımov yaralanmışdı. Onu döyüşün içindən çıxardıb təxliyə etmək istədilər, getmədi, sevgilərlə batareyanın şəxsi heyətinə, nifrətlə düşmən olan səmtə baxdı...
Vətən müharibəsi Zəfərlə başa çatdı. Üçtərəfli Bəyanat imzalandı.
"Sənan intizamlı kursant idi, tapşırıqları vaxtında məsuliyyətlə yerinə yetirirdi. Sevdiyi bir kəlam vardı: Hərbi Andla bir sırada məsuliyyət də hərbi xidmətin başlanğıcıdı...", - kursant yoldaşı olmuş mayor Məhəmməd Nəsirli belə deyir. "Hərbi hissələrdə də belə mayor xidmət edirdi...", - kursant yoldaşı olmuş Bəhruz Hacıyev belə deyir. "Öyrəndiklərini mükəmməl öyrənmək istəyirdi. Belə öyrənmək istəyi seçilmiş peşəyə sevgi deməkdir. Sənan Qasımov belə hərbçi idi...", - Sənanın müəllimi polkovnik Telman Şahbazov belə deyir...
...Kapitan Sənan Qasımovun xidmət etdiyi hərbi hissəyə ayrıca döyüş əmri verilmişdi. Mövqelərini, sədlərini illərlə möhkəmləndirən, təkmilləşdirən düşmən qətiyyətlə müqavimət göstərirdi. Düşmənin dayaq məntəqələri dağıdılmalı idi ki, sədlərini aşmaq, hücumu davam etdirmək, döyüşü mövqe qələbələri ilə tamamlamaq mümkün olsun; batareyanın atışlarının dəqiqliyi mövqe qələbələrini mərmi-mərmi yaxınlaşdıracaqdı...
...Azərbaycan Ordusu mövqe qələbələri qazanırdı. Bu qələbələr ordumuzu - Vətənimizi Böyük Qələbəyə yaxınlaşdırırdı... "Dağlardan atılan Zəfər topları" düşmənin müqavimət əzmini çilikləyirdi. Mayor Sənan Qasımovun xidmət etdiyi divizionun şəxsi heyəti də əzmlə döyüşürdü.
Komandanlığın əmri ilə birinci bölmə, müəyyən vaxtdan sonra isə ikinci bölmə mövqeyini dəyişmişdi. Onda komandanlıq mayor Sənan Qasımova da onlarla getməyi tapşırmışdı. "Mən əraziyə yaxşı bələdəm, komandir, yeni mövqedə tapşırıqları dəqiq yerinə yetirməyimiz üçün vaxt lazım gələcək. İcazə verin qalım...", - demişdi. Qalmışdı...
Əmri yerinə yetirmişdilər. Planlı hədəflərə atəşlər açmışdılar. Komanda məntəqəsindən atışların dəqiq olduğu bildirilmişdi: Düşmənin iki atəş mövqeyi sıradan çıxarılmışdı. Növbəti əmr hələ verilməmişdi. Mayor Sənan Qasımov üzü düşmən tərəfə dayanmışdı. Nələr düşünürdü o anlarda? - qələbə qazanılacaq, dövlət bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanacaq, bu batareyanın da şəxsi heyəti evlərinə müharibədən qaliblər kimi qayıdacaq, nəfəs nəfəsə sarılacaq...
Komanda məntəqəsindən gələn çağırışa cavab verirdi. Qəflətən düşmənin atdığı mərmi səngərin qənşərinə düşdü. Həmin anlarda baş leytenant Şəmistan Yusifli əsgərlərlə kəlmələşirdi...
Mayor Sənan Qasımov da, baş leytenant Şəmistan Yusifli də şəhid oldu...
Mayor Sənan Qasımovun son döyüşü ruhun dünyaya vidası oldu. Bizim, bizdən sonra yaşayacaq nəsillərin şəhidlərə ehtiramının sonu - vidası olmayacaq...
Şəhid mayor Sənan Qasımov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
...Sənan şəhidliyindən bir gün əvvəl gecənin səssizliyində, inamın işığında vaxt tapıb əzizlərinə deyə bilmədyi kəlmələri yazdığı kağız o gündən bəri közə dönüb əzizlərinin əllərini qarsıyır. Göz yaşı da düşüb o kağıza...
...Şəhidliyindən bir gün əvvəl kursant yoldaşı olmuş mayor Məhəmməd Nəsirli ilə zəngləşmişdilər, Vətəndən, torpaqdan, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağından danışmışdılar. Görüşməyə vədələşmişdilər. Sənan şəhid oldu...
Həmin kəlmələr yazılanda səhərə az qalırdı. Səhərdən o yanda əbədiyyət başlayacaqdı:
Kənan, Nəriman, Rəvan qəhərlə, qəhər qarışıq qürurla atalarının qəbrini ziyarət edir. Baxışlarında ovunmaz həsrət olur, bir də dönməz inam; Biz də Vətəni sənin kimi sevəcəyik, ata!..
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"