Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2024 14:15

“Biz SÖZün əsgəriyik”

Bənövşənin yanından milyonlarla insan ötüb-keçib. Bu qənirsiz çiçəyin rayihəsi milyonları məftun eləmişdi. Ancaq heç kim onun intizar yaşadığını, ayrılıq çəkdiyini, ayrılıq çəkdiyinə görə boynunun əyildiyini duymamışdı. Dirili Qurbani duymuşdu, görmüşdü, bu duruşu sözə - şeirə çevirmişdi; görünməzlər şeirlə görünür...

Şairlərin Vətənə sevgisi də bənzərsiz olur. Bu bənzərsizlik onun şeirlərində duyulur, hiss olunur. Sevdiyi torpağı da, dağı-daşı da, kəhrizi-bulağı da vətənləşdirən şair üçün bir gerçəklik var: "Vətən, səndən ayrı ömrü neynirəm!". Bu poetik fikir Rəşid Hüseynovundur. İllərini bu niyyətlə yaşayan şair həm də qürurla yazıb ki, "Əyrilər arasında düzdü mənim millətim!"...

Rəşid Hüseynov (Faxralı) ehtiyatda olan mayordur, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, İkinci qrup əlildir. Şairdir, publisistdir. "Goranboy əməliyyatı" (Mehman Süleymanovla birlikdə), "Ömür düsturu", "Müharibə nə vaxt qurtaracaq?", "Ərgünəşə qar yağırdı", "Səngərdən əbədiyyətə", "Ömrün üfüqləri". ... kimi kitabları müharibə publisistikasıdır. Zəngilan işğal ediləndə yazdığı "Arazı mən də keçdim ürəyimdə dərd yükü", "Torpağın göz yaşları", "Yarpız dərdim Murovdan", "Göyləri çiynində saxlayır Şuşam" məqalələri də, Vətən müharibəsindən əvvəl ön xətdən, səngərlərdən yazdığı reportajlar da, düşüncələr də çağdaş publisistikamız üçün gözəl nümunə sayıla bilər. Rəşid Faxralının məqalələri də, reportajları da, esseləri də jurnalist andı kimi oxunur. Bu səbəbdən onlar Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun formalaşmasında həmişə mətbu vasitə olub. "Səngərləri sərhədlərə köçürəcəyik!", "Səngər müvəqqəti dayanacaqdı Böyük Qələbənin yolları üstə!", "Əsgər ürəyindən başlayır Vətən", "Səngərdən Qələbəyə gedən yol da Vətəndi", "Səngər, Ay işığı və Şuşanın dağları", ... jurnalist SÖZü kimi Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığında mətbu vasitələrdən olmuşdu...

Vətən müharibəsində tarixi Zəfər qazandıq. Rəşid Faxralının Zəfərin birinci illiyinə həsr etdiyi "Əsgər nəfəsi" kitabına daxil edilmiş məqalələrə, düşüncələrə, reportajlara, esselərə qələbə ruhumuzun SÖZlə bayraqlaşması demək mümkündür...

Bakı Dövlət Universitetində "İnformatika və sənəd menecmenti" fakültəsinin təşkilatçılığı ilə şair, publisist, əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Hüseynovla (Faxralı) görüş keçirildi. Universitetin "Zəfər tarixi" lektoriyasında keçirilən tədbirin moderatoru, "Redaksiya-nəşriyyat işi" kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı şair Knyaz Aslan Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik qüdrətindən, Azərbaycan Ordusunun qətiyyətindən, qəhrəmanlığından, işğalı başa çatdıran tarixi döyüşlərdən, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından danışaraq bildirdi ki, bugünkü tədbir mahiyyət baxımından tarixi Zəfərlə səsləşən vətənpərvərlik tədbiridir.

Knyaz Aslan Rəşid Faxralının hərbi jurnalist kimi fəaliyyəti və ədəbi-bədii yaradıcılığı (poeziya, publisistika) haqqında iştirakçılara geniş məlumat verdi: "Rəşid Faxralı ilə görüşün onun məzunu olduğu BDU-da, eyni zamanda, "Zəfər tarixi" lektoriyasında keçirilməsi heç də təsadüfi deyil. Rəşid Faxralı şair, publisist, hərbi jurnalist kimi çoxsaylı maraqlı əsərləri, oxunaqlı kitabları ilə öz imzasını təsdiqləmiş ziyalıdır. O, qalib Vətənimizin qalib zabiti, eyni zamanda, Universitetimizin şöhrətini ucaldan məzunumuzdur. Rəşid Faxralı 1990-cı illərin əvvəllərindən cəbhə bölgələrini qarış-qarış gəzib, əsgər və zabitlərimizin barıt qoxulu döyüş yolu barədə reportajlar, məqalələr, oçerklər hazırlayıb, şeirlər, poemalar yazıb. Onun yaradıcılığı gənc nəsil üçün vətənpərvərlik örnəyi, cəngavərlik dərsliyi, mübarizə kitabıdır. Əminəm ki, onun ədəbi-bədii irsi gələcəkdə elmi araşdırmaların obyektinə çevriləcək".

Milli Məclisin deputatı Səbinə Xasayeva belə tədbirlərin gənclərin ideoloji, mənəvi duyğularının daha həssaslıqla formalaşmasında əhəmiyyətini vurğuladı, Rəşid Faxralının yaradıcılığını vətənpərvərlik hesabatı adlandırdı.

Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədəov Rəşid Faxralının hərbi publisistikamızı formalaşdıran jurnalistlərdən biri olduğunu bildirdi, onun 1993-cü ildə nəşr edilmiş "Müharibə nə vaxt qurtaracaq?" kitabını hərbi publisistikamızın ilklərindən olduğunu xatırlatdı, Zəngilan işğal olunanda döyüşlərin şahidi və iştirakçısı kimi yazdığı məqalələrin mənəvi mahiyyətinin tarixiliyindən söz açdı...

Birinci Qarabağ müharibəsi iştirakçısı ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Bəxtiyar Əliyev çıxışında hərbi jurnalistikanın  əsgərlərin mənəvi-psixoloji hazırlıq prosesindəki rolundan söz açdı, Rəşid Faxralının bu prosesdə iştirak etdiyini qeyd etdi.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov belə tədbirlərin tələbələrin dünyaduyumunun daha həssaslıqla formalaşmasında, onların ədəbiyyatımıza sevgisinin yüksəlişində əhəmiyyətli olduğunu dedi.

"İnformasiya və sənəd menecmenti" fakültəsinin tələbələri Rəşid Faxralının şeirlərini səsləndirdilər. Tədbirdə vətənpərvərlik ovqatlı musiqilər ifa olundu.

Sonda çıxış edən Rəşid Faxralı dedi:  "Mən ehtiyatda olan mayor olsam da, bu görüşə Müzəffər sərkərdəmizin söz əsgəri kimi gəlmişəm. Tarixi Zəfəri məzunu olduğum, ruhumun universiteti bildiyim Bakı Dövlət Universitetinin müəllimləri, tələbələri ilə nəfəs-nəfəsə yenidən yaşamağı taleyimə qazanc bilirəm...". Rəşid Faxralı tədbirin təşkilinə görə BDU-nun rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirdi, şeir, poema və publisistik yazılarının toplandığı "Əsgər nəfəsi" adlı yeni kitabını BDU-ya hədiyyə etdi...

 

Mahmud MÖHBALIYEV

"Azərbaycan Ordusu"