Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2024 17:00

Vətənə sevgi ilə ali təhsil aldılar, bu sevgi ilə hərbi xidmət edirlər

Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazisinin 20 faizi işğal olunmuşdu. Ermənistan danışıqlardan yayınır, regionda mövcud status-kvonu saxlamaq, işğalçılıq siyasətini davam etdirmək istəyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə demişdi: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz". Bu qətiyyəti dünyəvi dövlətlər bəşərilik manifesti bilmişdi. Xislətində işğalçılıq, işğalçıya yarınma olan dövlətlər bu qətiyyətin mahiyyətini dərk etmədi, yoxsa dərk etmək istəmədi? - Ermənistan  yeni ərazilər işğal etmək niyyəti ilə işğal etdiyi ərazilərdən hücumlar edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri Ermənistan silahlı qüvvələrinin növbəti hücumunun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Mahiyyəti etibarilə Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsi başladı...
Bu müharibə xalqın müharibəsi idi; xalqın qələbə ruhu əsgərləşmişdi. Azərbaycandan uzaqda olanlar da Vətənə can atırdılar. Xaricdə ali təhsil alan tələbələr də Azərbaycana gəlmək, döyüşənlərin sırasında olmaq istəyirdilər. Onlara birmənalı şəkildə deyilmişdi ki, buna zərurət yoxdu, siz təhsilinizi davam etdirin. Döyüşənlərimiz müharibəni qələbə ilə başa çatdıracaq, sizin təhsiliniz bu qələbənin davamı olacaq...
 Rüfət Vəliyev Xarkovda təhsil illərinin üç məqamını unutmur: Vətən müharibəsinin başladığı gün. Ukraynada ali təhsil alırdı. İkinci Qarabağ müharibəsi başlayanda Xarkov Universitetinin üçüncü kurs tələbəsi idi. Həmin gün evlərinə zəng etmişdi, "Müharibə başladı, ay oğul!.." - anasının səsində çırpınan qəhər onun düşüncələrini didişdirmişdi. Xəbəri Azərbaycandan olan, bu universitetdə təhsil alan tələbələr də eşidibmiş. Səhərisi təhsillərini dondurub Azərbaycana qayıtmaq, döyüşənlərin sırasına getmək, döyüşmək məqsədi ilə universitetin rektorluğuna müraciət etdilər. Rektorluq buna icazə vermədi. Evlərinə zəng etdilər ki, gərək olan sənəd göndərsinlər, bu sənədlə təhsil möhləti ala bilərdilər. Ailələrinə deyilmişdi ki, tələbələr döyüşlərə aparılmayacaq, təhsillərini davam etdirsinlər. Müharibəni 44 gün uzaq Xarkovdan izlədilər:
- Müharibənin ilk günü Qaraxanbəylinin işğaldan azad edilməsini eşidəndə sevincdən qəhərləndik. Ukraynalı tələbələr sevincimizi öz sevinci bildilər. Hər axşamı cəbhə xəbərləri ilə qarşılayırdıq. Nə danım, o günlərdə oxumaq həvəsimiz bir qədər səngimişdi. Bunu hiss edən professor sözarası demişdi ki, döyüşçülərinizin qələbələrini təhsil uğurlarınızla tamamlayın. Belə də etdik. Noyabrın 9-da professor bizi daha doğmalıqla salamladı..., - əsgər Əli Əliyev 38 ay əvvəlin bir payız səhərini belə xatırladı.  
İkinci məqam. Xudayar Yusifzadənin oxuması:
- Xudayarın oxumasını hamı könül oxuması kimi dinləyirdi. Rüfət də, Rüfətin tələbə yoldaşları da belə dinləyiblər. Onlar da əmin olublar ki, dinləyənin könül mülkünün üfüqləri ruhun üfüqlərinə sarılır...
Şuşanın işğaldan azad edildiyi gün onların da ruhuna gözaydınlığı günü olub:
- Noyabrın 8-də döyüşçülərimiz Şuşanı işğaldan azad etdilər. Bu qələbə ilə Vətən müharibəsi başa çatdı. 9 noyabr səhəri Azərbaycan üçün, azərbaycanlılar üçün, Azərbaycanı sevənlər üçün ən gözəl səhər oldu. 8 noyabr gecəsi Azərbaycanda da, Azərbaycandan uzaqlarda da Zəfər ovqatı ilə yaşanıldı.
Üçüncü məqam. "Maşınımız vardı. Azərbaycanlı tələbələr Azərbaycan bayrağı ilə şəhəri dolaşdıq. Neçə-neçə belə maşın gördük. Saatlar keçdikcə maşınların sayı artırdı. Bakı ilə görüntülü zənglərimiz bizim ruhumuzun işığını artırırdı. Azərbaycanımızı illərlə belə görmək istəmişdik. Nə gizlədim, həmin gün hamımız Bakıda olmaq istəyirdik. Onda tələbə yoldaşlarımdan biri qalib Azərbaycan əsgərinə xitabən dedi: "Gözüm gözünüzdən uzaq olsa da, Könüldən könülə yollar görünür...". Təhsilimizi başa çatdırdıq"...
Bakıya qayıdanda birlikdə Şəhidlər xiyabanına gediblər. Tanımadıqları şəhidlərin ruhuna sədaqət borcu kimi səssiz kəlmələşiblər. "Qəhrəmansınız..." - deyiblər. "Qəhrəman olmaq üçün döyüşmürdük, xalqın adından döyüşürdük, qəhrəmanlıqla döyüşürdük...." - eşidiblər. "Sizin döyüş yolunuzu biz davam etdirəcəyik..." - deyiblər, "Qalib ordunun əsgəri olmaq da qürurludur..." - eşidiblər...
O da, tələbə yoldaşları da Vətəndə hərbi xidmətə çağırılacağı günə tələsiblər. Azərbaycanda müharibə başlayanda fəlsəfə müəllimlərinin dediklərini də unutmamışdılar: Vətənə dönərsiniz, hərbi xid-mətə gedərsiniz, yaxşı xidmət edərsiniz. Onda bu gün yaşadığınız təəssüfü unudacaqsınız.
Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləndən sonra Azərbaycanı sevən müəllimlərinə zəng ediblər, Azərbaycanda işğalın başa çatdığı sevincini onlara da bildiriblər; müəllimləri belə xahiş edibmiş...
Azərbaycandan uzaqda yaşadıqları təəssüfü, həyəcanları unudublar. Əli də, tələbə yoldaşları da artıq hərbi xidmətdədirlər. Rüfət də nümunəvi xidmət edir...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"