Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2024 17:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan xanlıqlar dövründə

Suallar:

1. Azərbaycan xanlıqlarının yaranması yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycan xanlıqları.

 

Azərbaycan xanlıqlarının yaranması yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət


XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, Səfəvilər dövlətində, Osmanlı (Türkiyə) və Rusiya imperiyalarında cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda qarşıdurmalar gücləndi. Tarixi hadisələrin gedişinə təsir edən mühüm amillərdən biri də Rusiya imperiyasının bu regiondakı siyasi və iqtisadi marağının artması idi. Rusiya imperiyası özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədilə Xəzəryanı vilayətlərə yiyələnməyə, Osmanlı İmperiyasının həmin ərazilərdəki nüfuzunun artmasına mane olmağa çalışırdı. Azərbaycan faktiki olaraq XVIII əsrin ortalarından başlayaraq əsrin sonuna kimi 3 dövlətin - Qacarlar (İran) dövlətinin, Osmanlı və Rusiya imperiyalarının mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi bu dövlətlərin arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt olunmuşdu. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. 1724-cü ildə çar Rusiyası ilə Osmanlı imperiyası arasında bağlanan İstanbul müqaviləsinə görə Cənubi Qafqaz ərazisi iki dövlətin arasında nüfuz dairəsinə bölündü. Əsrin 30-cu illərində Azərbaycan ərazisi Səfəvi-Osmanlı imperiyaları arasında gedən yeni mübarizələrin obyektinə çevrildi.
Nadir şahın hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi. Düzdür, o, Qarabağın məlikliklərini - Vərənd, Çilaberd, Gülüstan, Dizaq və Xaçın ərazilərini Gəncə bəylərbəyliyinə tabe etdi və sonra isə səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Vahid Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadirin qardaşı İbrahim oldu. XVIII əsrin II yarısında Qazaxda azərbaycanlıların sultanlığı yaranır, Nadirin öldürülməsindən sonra (1747) onun dövləti süquta uğradı və ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçlanma baş verdi. XVIII əsrin I yarısındakı dövr Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından aşağıdakı səciyyəvi cəhətlərə malikdir:
1. Səfəvilərin hakimiyyətinin sonuna (1736) kimi Azərbaycan ərazisi bəylərbəyliklərə (4 bəylərbəyliyə - Qarabağ, Şirvan, Çuxur-Səəd, Təbriz) bölünmüşdü;
2. Şirvan (Xəzəryanı sahələr istisna olmaqla) 1721-1735-ci illərdə əsarətdən azad olub müstəqilliyə nail olsa da, Osmanlı imperiyasının nominal asılılığında qalırdı;
3. Azərbaycanın Xəzəryanı əraziləri çar Rusiyasının tərkibinə daxil olmuşdu (1722-1735);
4. İstanbul müqaviləsinə əsasən (1724) Azərbaycan ərazisi Osmanlı imperiyası ilə çar Rusiyası arasında bölünmüşdü;
5. Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər çar Rusiyasının nüfuz dairəsindən Səfəvilər dövlətinin nüfuz dairəsinə keçmişdi;
6. 1736-cı ildə Səfəvilər dövründəki bəylərbəylik sistemi ləğv edilmiş və 4 bəylərbəylik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı;
7. Azərbaycanın Borçalı və Qazax əraziləri Nadir şah tərəfindən 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırdığından Kaxetiya çarı Teymuraza verilmişdir;
8. Nadirin ölümündən sonra ölkədə parçalanma prosesi şiddətlənmiş və Azərbaycan  30   (20 xanlıq, 5 sultanlıq və 5 məliklik) hissəyə ayrılmışdır.

 

Azərbaycan xanlıqları


XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrüdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən isə vahidliyini itirir və heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri - xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapır.
Azərbaycanın XVIII əsrin II yarısındakı ərazisi Səfəvilər dövründəki ərazisindən çox da fərqlənmir. Yeganə fərq şimali-qərb istiqamətdə Borçalı ərazisinin itirilməsi idi. Ölkənin sahəsi təxminən 380.000 kv.km. (səfəvilər dövrü təx. 400.000 kv. km) idi. XVIII əsrin 40-cı illəri - XIX əsrin I rübündə Azərbaycan ərazisində 20 xanlıq, 5 sultanlıq və 5 məliklik fəaliyyət göstərmişdir.

 

Azərbaycanın cənub xanlıqları.


Təbriz xanlığı (XVIII əsrin ortaları-1780) Xoy, Ərdəbil, Sərab, Qaradağ, Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Əsası əfşar tayfasından Əmiraslan xan qoymuş mərkəzi Təbriz şəhəri idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyularaq ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
Ərdəbil xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) Talış, Qaradağ, Təbriz, Marağa, Sərab xanlıqları və Gilan vilayəti ilə həmsərhəd idi. Əsası Bədir xan tətəfindən qoyulmuş, mərkəzi Ərdəbil şəhəri idi. Əsrin əvvəllərində şahsevənlər 4 qola ayrılırlar və Ərdəbil, Mişkin, Talış və Qaradağda ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayırlar. XVIII əsrin sonu Ərdəbil xanlığı Qacarlar dövlətinidən asılı vəziyyətə düşdü və fəaliyyətinə son qoyuldu.
Marağa xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdən Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə həmsərhəd idi. Əsası müqəddəm (Qarabağın Cavanşir elinin bir qolu) tayfasının başçısı Əliqulu xan tərəfindən qoyulmuş və mərkəzi Marağa şəhəri idi. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdir.  
Maku xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) Maku Səfəvilər dövründə Çuxur-Səəd bəylərbəyliyinin tərkibinə daxil idi. Maku xanlığı bayat tayfası tərəfindən idarə olunmuş və XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdir.  
Qaradağ xanlığı (XVIII əsrin ortaları-1782) Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Əsası Kazım xan tətəfindən qoyulmuş və mərkəzi Əhər şəhəri olmuşdur. 1782-ci ildə Qarabağ və Xoy xanlıqları arasında bölüşdürülərək öz müstəqilliyini itirmişdir.
Sarab xanlığı (XVIII əsrin ortaları-1786) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdir.  
Xoy xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd idi. Əsası Şahbaz xan tətəfindən qoyulmuş və mərkəzi Xoy şəhəri idi. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdir.  
Urmiya xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdir.

 

Azərbaycanın şimal xanlıqları.


Qarabağ xanlığı (XVIII əsrin ortaları-1822) Kür və Araz çayları arasında mövcud olmuş, mərkəzi Şuşa şəhəri idi. Sərhədləri Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. Pənahəli xan Cavanşir tərəfindən təsis olunmuşdur. Onun dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Əsgəran qalası möhkəmləndirilmiş, Şuşa (Pənahabad) şəhərinin əsası qoyulmuşdur. Əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli, ziyadoğlu, baharlı tük tayfaları təşkil edirdilər. Xanlıq 1805-ci ildə Kürəkçay müqaviləsinə əsasən çar Rusiyasına ilhaq edilmiş və 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir.
Şəki xanlığı (XVIII əsrin ortaları-1819) İlisu sultanlığı, Şamaxı, Qarabağ, Gəncə, Quba xanlıqları ilə həmsərhəd olmuş, mərkəzi Nuxa şəhəri idi. Təsisçisi Hacı Çələbi xan olmuşdur. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş və onun ərazisi 8 mahala bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Xanlıq 1805-ci ildə ikinci Kürəkçay müqaviləsinə əsasən çar Rusiyasına ilhaq edilmiş, 1819-cu ildə isə çar fərmanına əsasən ləğv olunb.
Quba xanlığı (1726-1806) Azərbaycanın şimali-şərqində mövcud olmuşdur. 1724-cü ildə çar Rusiyasının tərkibinə daxil edilmiş və Hüseynəli xan xanlığın hakimi təyin olunmuşdu. Əyalətin paytaxtı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşdur. Xanlıq Xəzər dənizi, Dərbənd xanlığı və Tabasaran əraziləri, Şəki Şamaxı, Bakı xanlıqları ilə həmsərhəd idi. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdur. Quba xanlığı 1806-cı ildə çar Rusiyasına ilhaq edilmişdir.Bakı xanlığı (XVIII əsrin ortaları-1806) Nadir şahın ölümündən sonra yerli feodallardan biri olan Mirzə Məhəmməd xan tərəfindən əsası qoyulmuşdur. Xanlığın ərazisi Abşeron yarımadası və Bakı şəhərini əhatə edirdi. Paytaxtı Bakı şəhəri olmuş, Şamaxı və Quba xanlıqları ilə həmsərhəd idi. 1806-cı ildə Azərbaycanın şimalı və Bakı xanlığı çar Rusiyasına ilhaq olundu.Dərbənd xanlığı (XVIII əsrin ortaları-1806) əsası Məhəmməd Hüseyn xan tərəfindən qoyulmuş və Azərbaycanın şimali-şərqində fəaliyyət göstərmişdir. Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə həmsərhəd idi. Paytaxtı Dərbənd şəhəri olmuşdur. Xanlıq 40 il Quba xanlığından asılı olmuşdur. Xanlığın fəaliyyətinə 1806-cı ildə son qoyulmuş və çar Rusiyasının əyalətinə çevrilmişdir.Gəncə xanlığı (XVIII əsrin ortaları-1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Xanlığın əsasını qacar tayfasının ziyadoğlular nəslindən olan Şahverdi xan qoymuşdur. Xanlıq Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax, Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdur. 1786-cı ildə hakimiyyətə gələn Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi çar Rusiyasına ilhaq olundu.Irəvan xanlığı (XVIII əsrin ortaları-1828) Ağrı vadisi Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. Naxçıvan, Qarabağ, Maku xanlıqları, Osmanlı imperiyası, Kartil-Kaxetiya çarlığı və Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olmuşdur. Xanlığın əsasını Mir Mehdi xan Əfşar qoymuş, mərkəzi İrəvan şəhəri idi. Gülüstan (1813) müqaviləsinə görə Qacarlar dövlətinin, Türkmənçay (1828) müqaviləsinə əsasən isə çar Rusiyasına birləşdirilmişdir.
Lənkəran (Talış) xanlığı (XVIII əsrin ortaları-1826) Talış dağları, Xəzər dənizi və Muğan düzü arasındakı torpaqlar, Gilan, Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları həmsərhəd idi. Xanlığın əsasını səfəvi nəslindən olan Cəmalləddin Mirzə bəy (Qara xan) qoymuşdur. Mərkəzi qızılağaclı Musanın dövründə Astara, ərdəbilli seyid Abbasin dövründə isə Lənkəran şəhəri olmuşdur. Xanlıq 1800-cü ildə çar Rusiyasının nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdir.Naxçıvan xanlığı (XVIII əsrin ortaları-1827) Zəngəzur dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdir. Mərkəzi Naxçıvan şəhəri olan xanlıq İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd olmuşdur. 1797-ci ildə xanlıq Qacarlar dövlətindən asılı vəziyyətə düşmüş, 1828-ci ildən isə Türkmənçay müqaviləsinə əsasən çar Rusiyasına birləşdirilmişdir.  
Salyan xanlığı son vaxtlara qədər "Salyan sultanlığı" kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq Xəzər dənizi, Şamaxı, Cavad vəTalış xanlıqları ilə həmsərhəd idi.Cavad xanlığı (XVIII əsrin ortaları-1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdur. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə həmsərhəd idi. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoymuş, mərkəzi Cavad qalası olmuşdur. 1768-ci ildən Quba xanlığından asılı olmuş və onun tərkibində çar Rusiyasına birləşdirilmişdir.Şamaxı (Şirvan) xanlığı (1748-1820) Bakı, Quba, Şəki Qarabağ xanlıqları və Kür çayı ilə həmsərhəd idi. Əsası Hacı Məhəmmədəli bəy, Məhəmməd Səid bəy və Ağası qardaşları tərəfindən qoyulmuş, paytaxtı bir müddət Ağsu və sonra Şamaxı şəhəri olmuşdur. Xanlıq 1805-ci ildə çar Rusiyasının əsarətinə düşmüş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir.
Azərbaycan ərazisində xanlıqlarla yanaşı sultanlıqlar və məlikliklər də mövcud olmuşdur. Sultanlıq-sultanın başçılıq etdiyi monarxiya dövləti idi. Məliklik isə məliklər tərəfindən idarə olunan kiçik feodal hakimliyindən ibarət idi. Məliklik "xəmsə" (beşlik) də adlanırdı. Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri məliklik olmuş və 5 feodal hakimliyini (Qarabağ xanlığının tərkibində) - Vərəndə, Dizaq, Xaçın, Gülüstan və Çilabert hakimliklərini birləşdirmişdi. Azərbaycanda Qazax, Şəmşəddil, Ərəş, Ilisu, Qəbələ sultanlıqların və Car-Balakən camaatlığının adına təsadüf edilir.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində, özünün dövlətçilik ənənələrini qoruyub saxlaya bilmiş, hətta Şərq və Qərb dünyasında özünəməxsusluğu ilə seçilən qüdrətli imperiyalar yaratmışdır. Bu həm Manna, Atropatena, Albaniya kimi qədim, həm də Şirvanşahlar, İldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi qüdrətli orta əsr dövlətlərinin, həmçinin ərazi cəhətdən kiçik olsa da, xanlıqlar kimi siyasi müstəqilliyə malik son orta əsr dövlətlərimizin timsalında özünü göstərmişdir.
Bugünkü inkişafımızın təməlini təşkil edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları, XX yüzilliyin sonu Azərbaycan xalqının dövlətçilik uğrunda apardığı mübarizəsi və qan yaddaşımızda əbədi yaşayacaq hadisələrin içərisində müstəqilliyimizin ilk otuz illik dövrünün keşməkeşləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsinin, antiterror tədbirinin heç vaxt silinməyəcək izləri əsrlər boyunca gələcək nəsillərimizin fikir və düşüncələrinə hakim kəsiləcək, şanlı tariximizə qızıl hərflərlə qeyd ediləcəkdir. Bu gün hər birimiz əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə onun ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.

 

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi