Tarix heç nəyi unutmur...
Tarixdə heç nə unudulmur. Uzaq tarixlər də yaşadılır, yaxın tarixlər də. Yaxın tarixlər daha həssaslıqla xatırlanır. Ötən əsrin sonları təkcə tarixi sənədlərdə, kitablarda deyil, yaddaşlarda da yaşadılır. Bugünkü nəsillər oxuduqlarından da öyrənirlər, xatirələrdən də. 90-cı illərdə Azərbaycanda genişlənən milli-azadlıq hərəkatı da belədi, 1990-cı ilin 20 Yanvar faciəsi də, Qarakilsə kəndi üzərində vertolyotun vurulması da, Başlıbel, Qaradağlı, Ağdaban, Malıbəyli, Meşəli, ... faciələri də. Ermənilər müharibələr tarixində törədilməmiş vəhşiliklər törədirdilər. 1992-ci ilin fevralı, tarix olaraq 25-dən 26-na keçən gecə Ermənistan dövləti (bəli, Ermənistan dövləti! Xarici siyasəti işğal üzərində qurulmuş işğalçı Ermənistan! Ermənilik xarakteri ilə buqələmun dövlətçiliyini davam etdirən dövlət!) şəhərləşən Xocalıda dislokasiya yeri Xankəndi olan 366-cı alayın döyüş texnikalarının, erməni əsilli hərbi qulluqçularının iştirakı ilə soyqırımı həyata keçirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev XX əsrin bu faciəsi haqqında deyib: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır vəhşiliyin görünməmiş təzahürüdür"...
Xocalı faciəsi haqqında "N" hərbi hissəsində xidmət edən əsgərlər də ürək ağrısı ilə danışdılar. 32 il əvvəlin dəhşətləri ilə bağlı bildiklərini dilə gətirdilər. Səslərindəki qəhəri qürur əvəzləyirdi. 32 il əvvəl törədilmiş dəhşətlərdən də danışdılar, tarixi Zəfərin davamı olan döyüşlərdən də. Yadımıza düşür ki, İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə, səngərdə əsgərlərin biri demişdi: “Torpaqlarımızın işğaldan azad edilməsi, ermənilərin törətdiklərindən qisasın alınması ömrümüzün mənəvi mərhələsi olacaq”. Əsgərlər 32 il əvvəl törədilmişləri də xatırlatdılar, 5 ay əvvəl tarixi Zəfərin tarixi nəticəsini də: Əsgəranın, Ağdərənin, Xocalının, Xankəndinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsini də...
Leytenant Nihad Hüseynov:
- Mən Heydər Əliyev adına Hərbi Liseyi, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirmişəm. Hərbi liseydə oxuyanda ədəbiyyat müəllimimizin tapşırığı ilə Xocalı faciəsindən inşa yazmışdıq. Onda müxtəlif mənbələri oxumuşdum. İndi yadımda qalan bəzi məqamları xatırlayıram.
SSRİ hökuməti Böyük Vətən müharibəsində Xatın kəndində törədilən faciəyə görə on illərlə müxtəlif siyasi tədbirlərdə, təbliğat vasitələrində faşizmi qınadı, ideologiyası zor-xoş SSRİ-nin ideologiyası ilə düz gələn həmrəy dövlətləri də bu qınağa şərik olmağa çağırırdı. SSRİ dağıldı, onun sələfi olan dövlət Xocalı faciəsinə ciddi siyasi münasibət bildirmədi. Bu biganəliyə ittiham kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı faciəsini mənəvi haraya çevirdi: Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasına başlanıldı. Bu kampaniya bəşəri kampaniya kimi böyük təsirə malik oldu, Xocalı harayı dünyanın bir sıra ölkələrində eşidildi.
Kursant olanda məktəbimizdə Xocalıya həsr olunmuş bir tədbir keçirildi. Faciənin səbəblərindən danışılmışdı, faciədən danışılmışdı, qəddarlıqlardan danışılmışdı. Çıxış edənlərdən biri inamla kursantlara baxmışdı, inamla da demişdi: Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etdi, Əsgəranın, Ağdərənin, Xocalının, Xankəndinin azad edilməsi uğrunda döyüşlərdə siz də iştirak edəcəksiniz. Siz də qalib ordunun zabiti olmağınızla qürurlanacaqsınız. Hərbi And içəndə müəllimimizin dediklərini xatırladıq. Hərbi And içməyimizə sevinirdik, qoşunlarda xidmətə gedəcəyimizə sevinirdik. Bir də işğaldan tam qurtuluş döyüşlərinin iştirakçısı olacağımıza sevinirdik. 2023-cü il sentyabrın 20-də Əsgəran, Ağdərə, Xankəndi kimi, Xocalı da işğaldan azad edildi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu. Xocalı da işğaldan qurtardı, Xocalıda da Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Ordusunun zabiti olmağın qürurunu yaşayıram. Bir zabit olaraq əsgərlərə də bu qürurun dönməzliyindən söz açıram. Xidmətimlə qürurlandığım kimi, əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsindən də qürurlanıram. Asudə vaxtda əsgər Ayxan Mirəliyev xalq şairi Zəlimxan Yaqubun "Xocalı" şeirini dedi. Onu da dedi ki, kaş Xocalının işğaldan qurtuluşuna da belə bir duyğusal şeir yazılaydı. Yazılacaq, əminəm ki, həmin şeir yazılacaq...
Əsgər Nicat Yüzbəyov:
- Orta məktəbdə oxuyanda Xocalı faciəsi haqqında televiziyadan da izləmişdik, kitablardan da oxumuşduq, müəllimlərimizdən, valideynlərimizdən də eşitmişdik. Onda biz də qəhərlənirdik. Bilirdik ki, qisas qiyamətə qalmır. Azərbaycan Ordusunun güclü olduğunu bilirdik. Onun beynəlxalq təlimlərdə də iştirakını maraqla izləyirdik. Çağırış yaşına çatanda bu ordunun əsgəri olacaqdıq. Bir dəfə sinif yoldaşlarımdan biri tarix müəllimimizdən soruşdu ki, dünyada belə qəddar vəhşilik olubmu? Müəllimimiz Böyük Vətən müharibəsindən, Vyetnam müharibəsindən danışmışdı, Əfqanıstan müharibəsindən, İran-İraq müharibəsindən faktlar demişdi. Xocalıda törədilənlərin bütün faciələrdən qəddarlığı ilə seçildiyini bildirmişdi, bizə bir xarici jurnalda dərc olunmuş informasiyanı da xatırlatmışdı: "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz". Bəşəri dövlətlər bu vəhşiliyi pislədi, Ermənistanı törətdiklərinə görə bütün dövlətlərin qınamasını tələb etdilər. Ermənistan qınandı, ancaq bu qınaq ciddi qınaq olmadı.
Televiziya verilişlərindən birində Xocalı uğrunda gedən döyüşlər haqqında danışırdılar. Bu döyüşlər Azərbaycan əsgərinin, əli silah tutan xocalılıların müdafiə döyüşləri idi. Bu döyüşlər xocalılıların timsalında xalqın torpaq, Vətən sevgisinin döyüşləri idi. Hamısı qəhrəmanlıqla döyüşmüşdü.
Xocalı şəhərini tərk edən əhali pusquya salınıb və Naxçıvanik, Pircamal kəndləri yaxınlığında erməni hərbi postlarında atəşə tutularaq qətlə yetirilib, əsir götürülüb. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın yerlərə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd edib. Qadınlar, uşaqlar, yaşlılar dağlara üz tutub, güman ediblər ki, dağ yolları onları ölümün içindən çıxarda bilər. Belə olmayıb. Qaçanların çoxu çöldə-düzdə, dağlıqlarda yol gedəndə soyuqdan, şaxtadan donub.
Atam bir hadisə danışmışdı. Ata anasız yeniyetmə qızını bir tərəfə çıxardıb döyüşə qayıdacaqmış. Qarqar çayına çatanda ermənilərin yaxınlaşdığını görüb. Bir anlığa, tək bircə anlığa göy üzünə baxıb. Sonra qızını bağrına basıb. Dalbadal iki güllə atıb. Birini qızına, birini özünə. Qızının namusunu qoruyan ata özünü əsirliyin mənəvi və fiziki əzablarından bir güllə ilə xilas edib...
Bu gün o atanın da, o atanın qızının da ruhu narahatlıqdan qurtarıb. Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Xocalını işğaldan azad etdi. Tarixi Zəfər qazanılanda şagird idik, bu qələbə qazanılanda əsgər. Xocalının işğaldan azad edilməsi döyüşlərində iştirak edən əsgər yoldaşlarımızın döyüş təəssüratlarını maraqla, qürurla dinləyirik. Bir daha əmin oluruq ki, ordumuz güclüdür, qüdrətlidir. Belə bir ordunun əsgəri olmağımızla biz də qürurlanırıq.
Əsgər Elşad Ömərov:
- Xocalı faciəsindən 32 il keçir. Bu 32 ildə hər il Xocalı faciəsi haqqında danışılıb, faciə gecəsi törədilənlər xatırladılıb. Bu xatırlatmaları biz uşaqlığımızda da eşitmişik, yeniyetməliyimizdə də. Eşidirdik və çarəsizliklə yerə baxırdıq. Bu haqda müəllimimizə də demişdim: Əlimizdən heç nə gəlmir, müəllim, utanırıq. Onda müəllimimiz dedi ki, böyüyəcəksiniz, hərbi xidmətə çağırılacaqsınız, əsgər olacaqsınız və Xocalının qisasını alanlardan olacaqsınız. İndi əsgərik. Vətən müharibəsində qazanılan tarixi Zəfər bizim də qələbə ruhumuzu kükrətmişdi. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağına biz də inanırdıq. Bunun icraçısı olacaqdıq. 2023-cü ilin sentyabr döyüşləri başladı və bir günün içində başa çatdı. Bizim hərbi hissə iştirak etsə də, biz döyüşlərə cəlb olunmadıq. Əsgər yoldaşlarımızın da qələbə ilə bitən döyüşlərdə iştirakından biz də qürurlandıq. Döyüşlərdən sonra tərxis edilmiş əsgər yoldaşlarımızdan biri deyib: Qələbədən sonra Xocalıya daxil olanda bir anlığa ayaq saxladıq, 32 il əvvəl burada qətlə yetirilənləri xatırladıq. Bizə elə gəldi ki, hərbçi olaraq, əsgər olaraq, azərbaycanlı olaraq mənəvi borcumuzu yerinə yetirmişik. Bu qələbəni qazanmış ordumuzun bütün şəxsi heyətinə minnətdarlıqla göy üzünə baxdıq...
Həmin əsgərin dedikləri bizə böyük mənəvi qürur verdi, bizdən sonra xidmətə gələcək gənclərə də böyük mənəvi qürur verəcək.
Yaddaşımda qalıb ki, bu faciədə Ermənistan dövlətinin silahlı birləşmələrinin hərbi qulluqçuları 613 nəfəri qətlə yetirib, bunlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i yaşlı insan olub, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günədək naməlum qalıb. Şəhər tamamilə dağıdılıb. 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, boynu vurulub, gözləri çıxardılıb.
Biz bunları da xatırlayırıq, erməni separatçıları ilə birləşmiş Ermənistan silahlı qüvvələrinin dağılmış ordusunun müqavimət döyüşlərini də, saatlar çəkən döyüşlərdən sonra təslim olmalarını da, Əsgəranda, Ağdərədə, Xocalıda, Xankəndidə dalğalanan Azərbaycan bayraqlarını da. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağını dalğalandırdı. Bu, Xocalı nisgilini, Xocalı ağrı-acısını azaltdı. Xocalı yaralarını qaysaqlandırdı...
Əsgər Ayxan Mirzəbəyli:
- Xocalı faciəsindən 32 il keçir. O tarixi biz qəhərlə, acılarla xatırlayırıq. Xocalının işğaldan azad edilməsindən 5 ay keçir. Bu tarixi isə qürurla xatırlayırıq. Ona da qürurlanırıq ki, həmin döyüşlərin iştirakçısı olmuş əsgərlərlə nəfəs-nəfəsə xidmət edirik. Xocalı faciəsi haqqında məlumatlarımız vardı, verilişlərə baxmışdıq, kitablardan, qəzetlərdən oxumuşduq, müəllimlərimizdən eşitmişdik. Məktəbimizdə keçirilən anım tədbirində o faciəni görənlərin təəssüratlarını dinləmişdik. Bizim də yumruqlarımız düyünlənmişdi. Onda keçirdiyimiz hissləri duyan müəllimimiz demişdi: Böyüyəcəksiniz, əsgər olacaqsınız, Vətənə borcunuzu ödəyəcəksiniz, ordumuzun işğaldan azad etdiyi ərazilərdə xidmət edəcəksiniz. Onda hiss edəcəksiniz ki, torpaqlarımızın yaraları qaysaqlayır. Bu gün müəllimimizin dediklərini duyuram. Duyuram ki, Xocalıda da torpaqlarımızın yaraları qaysaqlayır. Xidmətim müddətində mənim iradəmdən asılı olmayacaq, ancaq tərxis edildikdən sonra Xocalıya da gedəcəm. Azərbaycan əsgərinin qəhrəmanlıqlarının şahidi olmuş dağlara bir təmas borcum var...
Xocalı faciəsi "Mən azərbaycanlıyam!" deyənlərin də, Azərbaycanı sevənlərin də ruhunu titrətmişdi. Bu səviyyədə faciə nə yaddaşlardan silinər, nə də tarixdən. Xatırlana-xatırlana yaşadılan hadisələr də tarixləşir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırımı da, bəşəri cinayət də.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsini XX əsrin ən böyük cinayətlərindən biri adlandıraraq demişdi: "Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir". Bu fikir İkinci Qarabağ müharibəsindən əvvəl deyilmişdi. O gün 2023-cü il sentyabrın 19-da əməliyyat tədbirlərində gəldi. Xocalı faciəsinin təşkilatçıları, icraçıları ittiham olunurlar.
Ədalətin bərpasına nail olan hakim isə Azərbaycan xalqıdır!..
Ceyhun CƏFƏRLİ, Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"