Əsrin faciəsi Xocalı özümüzə qayıdış, kimliyimizin, heysiyyətimizin kükrəyişində, düşmənimizi daha yaxından tanımağımızda ağrılı hadisə oldu. İllərdir qaysaq bağlamayacaq qədər dərin olan bu yaranın qaysaqlanması uzun çəkdi - Xocalıya Azərbaycan əsgərinin nəfəsi dəyəndə qaysaqlayacaqdı.
32 ildir hər dəfə Xocalı deyəndə ürəyimiz uçunurdu. Zaman keçsə də, Xocalı faciəsinin tükürpədici dəhşətlərini unutmadıq, unutmayacağıq.
Xocalı soyqırımından nə qədər zaman keçsə də, bu qətliam hər birimizin yaddaşına əbədi həkk olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalı şəhərini yerlə-yeksan etdilər. Məkrli düşmənin qəddarlıqla həyata keçirdiyi bu amansız, qanlı cinayət həyata keçiriləndə xocalılılar son anadək vuruşaraq düşmən qarşısında əyilməmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: "Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür".
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağda yeganə hava limanı buradaydı. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda, hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatları ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eramızdan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdı.
Xocalının əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada Ermənistandan, Xankəndidən və Qarabağın digər yerlərindən qovulmuş Azərbaycan türkləri, həmçinin Özbəkistandan çıxarılmış məhsəti türkləri də məskunlaşmışdı.
Düşmənin Xocalını işğalı əvvəlcədən hazırlanmış plan əsasında aparılmışdı. Xocalı 1991-ci ilin oktyabrından blokada vəziyyətində idi. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevralında Malıbəyli və Quşçular kəndlərini işğal etdilər. Həmin kəndlərin işğalından bir neçə gün sonra Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin iştirakı ilə işğal olundu. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kənd-lərdə çox sayda raket qurğuları və zirehli texnikalar var idi. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerinə yetirildi. Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, çoxlu erməni hərbçilərinin xidmət etdiyi keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da Xocalı şəhərinə hücum etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişdi.
Düşmən Xocalıya hücum zamanı "yandırılmış torpaq" taktikasını yeritdi. Hücumdan əvvəl bir neçə saat ərzində qəsəbə toplardan, zirehli texnikalardan fasiləsiz atəşə tutuldu, xarabalığa çevrildi. Həmin dövrdə Ermənistanın prezidenti L.Ter-Petrosyan erməni ordusuna müraciətlə deyirdi: "Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir". Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi tapşırığın həyata keçirildiyini təsdiq edir. Mixail Qazaryan (Hadrut rayonunun sakini) bildirirdi: "Əlbəttə, mən müharibəyə getdiyimi başa düşürdüm, ancaq uşaqlara atəş açacağımı və hətta öldürəcəyimi ağlıma da gətirməzdim". Aşot Barxudaryan (Mehri rayonunun sakini) deyirdi: "Adamlar qışqırır, ağlayırdılar, bizim yaralıları çıxarırdılar, azərbaycanlılar isə yolun ortasında qalmışdılar, tanklar, zirehli texnika, yük maşınları onların üzərindən keçib gedirdi". Rantik Mirzoyan isə (İrəvan şəhərinin sakini) faciəni belə xatırlayırdı: "Və burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Meyitlərin iyi hər yanı bürümüşdü. Hər yerdə meyitlər tökülüb qalmışdı". Ermənistanın eks prezidentlərindən biri prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirirdi: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. Məhz bu baş verdi".
Jurnalistin minlərlə adamın öldürülməsindən təəssüf keçirdib-keçirmədiyi sualına Sarkisyan belə cavab vermişdi: "Mən heç bir təəssüf keçirmirəm, çünki hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir". Bir vaxtlar Ermənistanda ən yüksək siyasi və hərbi vəzifə tutan bir şəxsin bu cür sözləri azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərin əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirildiyini təsdiq edir.
Dünya birliyinin gözü qarşısında baş verən bu dəhşətli qətliam xüsusi qəddarlıqla həyata keçirilmişdi. Düşmən 7 min əhalisi olan Xocalı şəhərini yerlə-yeksan etdi, dinc əhalini qırdı, canlarını güclə qurtaranlar qışın soyuğunda, qarda, şaxtada dağlarda, meşələrdə gizləndi. Əksəriyyəti soyuqdan dondu. Xocalı soyqırımında 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Həmin gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, həm də bütün bəşəriyyətə qarşı cinayətdir.
Ermənilər Xocalı üzərinə hərbi əməliyyat keçirmək məqsədilə hücum etməmişdilər. Məqsədləri dinc əhaliyə divan tutmaq idi. Düşmən Xocalıda ciddi hərbi qüvvə olmamasından xəbərdar idi. Şəhərin azsaylı müdafiəçiləri XTM dəstəsinin bir bölüyü, yerli özünümüdafiə taboru və minamyot batareyasından ibarət idi. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı son damla qanına kimi döyüşdü, şəhid oldu.
Xocalının sağ qalmış sakinləri hadisələri xatırlamaqdan da dəhşətə gəlirlər. Sənubər Ələkbərova danışır: "Meyitlərdən böyük bir dağ əmələ gəlmişdi, anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər".
Səriyyə Talıbova isə daha dəhşətli hadisələrin şahidi olmuşdu: "Bizi erməni qəbiristanlığına gətirdilər... Burada erməni döyüşçünün qəbri üstündə 4 məshəti türkünün və 3 azərbaycanlının başını kəsdilər... Sonra valideynlərin gözləri qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər... Az sonra milli ordunun formasında 2 azərbaycanlını gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxartdılar". On bir yaşlı Ramil Həsənov xatırlayır: "Dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular".
Xocalı faciəsinə hüquqi-siyasi qiymət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. Yalnız bundan sonra, Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.
Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının da xüsusi xidmətləri vardır. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Azərbaycan həqiqətlərinin əsil mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Xocalı soyqırımı haqqında dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiyalar, ingilis dilində bukletlər göndərilir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər. Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il.
Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il.
Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. Tayms qəzeti (London), 4 mart 1992-ci il.
Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür. İzvestiya (Moskva), 4 mart 1992-ci il.
Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il.
Mayor Leonid Kravets: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”. İzvestiya (Moskva), 13 mart 1992-ci il.
Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur).
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, Azərbaycan əzəli torpaqlarımızın işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi üçün Vətən müharibəsi başladı.
Vətən müharibəsinin getdiyi o günlərdə də düşmən öz xislətini bir daha büruzə verdi. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhalinin məskunlaşdığı Gəncəni, Bərdəni, Naftalanı, Tərtəri, Mingəçeviri və digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə aldı.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan əsgəri günahsız xocalılıların qisasını aldı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Prezident cənab İlham Əliyevin dediyi kimi: "Biz onların cavabını döyüş meydanında verdik, bütün Şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu"...
Xocalı faciəsindən 32 il sonra düşmən Xocalıda da məğlub edildi - Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"