Ordubadın Parağa kəndinin ən yaşlı sakinlərindən olan Müxəstə xanım deportasiya və soyqırımı tarixinin şahidi olub. Doğulduğu Dərələyəz mahalının Gömür kəndində 1988-ci ildə mənfur ermənilərin təzyiqi ilə üzləşən Müxəstə xanımın ailəsinin köçü Füzuli rayonundan və Şuşa şəhərindən keçib. Son sığındıqları Xocalı olub. Azğın düşmənin soyqırımı ilə üz-üzə qalan ailə oradan da didərgin düşüb. Danışmaqda çətinlik çəkir. Yurd itkisi, üstəgəl Xocalı dəhşətini yaşamış Müxəstə xanımın aldığı mənəvi zərbəni təsəvvür etmək çətin deyil. Xocalı soyqırımının şahidi olan Müxəstə xanımın ailəsi kimi, neçə-neçə ailə didərgin taleyi yaşadı. Kimisinin uşaqlığı, kimisinin gəncliyi, kimisinin də arzusu qışın sazağında, qarlı dağlarda donub qaldı...
Xocalı faciəsindən bizi 32 illik zaman ayırır. Üzərindən hələ neçə-neçə illər keçəcək. Lakin nə biz, nə bizdən sonra gələn nəsillər insanlıq əleyhinə törədilmiş bu faciəni unutmayacağıq. Oxuyacağıq, xatırlayacağıq və yazacağıq ki, 1992-ci ilin 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdular. 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bunlar hamısı tarixi faktlardır.
Bu faciə xocalılılara böyük zərbə vurdu. Nəinki Xocalı sakinlərinin, hər bir azərbaycanlının yaddaşına yazıldı. Məhz Xocalının intiqamını almaq, Azərbaycanın bu ərazisini düşmən tapdağından xilas etmək üçün hərb peşəsini seçən oğullar oldu. Xocalının qisasını almaq üçün neçə gənc yolunu hərbi məktəblərdən saldı. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən start verilən "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası bu soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılmasının artırılmasına, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına xidmət etdi.
2022-ci il XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən yürüşdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edildi. Artıq düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı".
2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə parlaq qələbəyə imza atdı. Əzəli ata-baba torpaqlarımızı düşmənin murdar ayaq izlərindən təmizlədi, xalqın 30 ilə yaxın həsrətinə, nisgilinə son qoydu. Sevinc bəxş etdi, ümidlərini doğrultdu. Ərazi bütövlüyümüz təmin olundu. Azərbaycanın üçrəngli Dövlət Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda - Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada, Əsgəranda, Ağdərədə, Xocavənddə, Xankəndidə dalğalandı. Haqq-ədalət gec də olsa, öz yerini tapdı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də keçirilən əməliyyat tədbirləri nəticəsində Ermənistan silahlı birləşmələrindən və separatçıların nəzarətində olan qeyri-qanuni silahlı dəstələrdən təmizləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bundan böyük qürur, iftixar hissi olardımı?!
Artıq Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edirik. Və daha neçə illər ötəcək, əsrlər keçəcək, xalqımız 1992-ci il 25-26 fevral tarixində baş vermiş o dəhşətli faciəni heç vaxt unutmayacaq. Hər il faciə qurbanlarını yad edəcək, Xocalını və digər işğal altında olan torpaqlarımızı azad edərək öz canlarından keçən Vətən oğullarını ehtiramla anacaq, gənc nəsillərə örnək göstərəcək.
Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru