Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2023 13:05

“Yaşıl dünya naminə həmrəylik ili”

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz bu il Dubayda keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına COP28-də böyük nümayəndə heyəti ilə iştirak etdi. Azərbaycanın diplomatik uğuru nəticəsində həmin toplantıda COP29-un gələn il ölkəmizdə keçirilməsinə qərar verildi.
Azərbaycanın 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a ev sahibliyi etməsi böyük məsuliyyətdir. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi və ölkəmizə olan böyük inamın təzahürüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələrin sırasında olan Azərbaycan bərpaolunan enerji sektorunun yaradılması istiqamətində önəmli addımlar atıb. Dünyanın nəhəng şirkətləri ilə anlaşma memorandumları imzalanıb. Ölkəmiz bütün sahələrdə olduğu kimi, bu məsələdə də Cənubi Qafqazda birincidir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmizin hədəfi 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır.
İki il əvvəl təbiətdə baş  verən qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmiz 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 30 faizi-nin bərpa olunan enerji ilə əvəz olunması ilə bağlı könüllü öhdəlik götürüb. 2020-ci ildə dövlət başçımız işğaldan azad olunmuş əraziləri yaşıl zona adlandırması ilə əlaqədar, bu ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasını, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ ərazilərini yaşıl enerji zonası elan edib. İşğaldan azad olunmuş bölgələrə böyük qayıdış layihələrinə başlanılıb. Bərpa-quruculuq işləri çərçivəsində həyata keçirilən meqalayihələr yaşıl texnologiyalara əsaslanır. Azad olunmuş bölgələrdə ağıllı şəhərlər, kəndlər salınacaq, təmiz nəqliyyat infrastrukturu yaradılacaq. İri şəhərlərdə, xüsusən Bakıda, Sumqayıtda, Gəncədə elektromobillərdən, eləcə də velosiped və skuterlərdən istifadə edənlərin sayı artıb. Ümumiyyətlə, Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə öz töhfəsini verərək ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparır.
Bu baxımdan bərpaolunan enerji sahəsində təcrübəli, dünyanın aparıcı şirkətləri olan Aquapower və Masdarla sazişlər imzalanmış, günəş və külək enerjisi stansiyalarının tikilməsi ilə bağlı sənədlər təsdiq olunub. Bu il Masdar şirkətinin investisiyası ilə 230 meqavat gücündə Qaradağ günəş enerji stansiyası tikilərək istifadəyə verilib. Ümumiyyətlə, ölkəmizin bərpaolunan enerji potensialının 200 qiqavat olduğu dəyərləndilib. Azərbaycan dövləti bu potensialın realizə olunması istiqamətində ciddi addımlar atır və yaxın gələcəkdə bərpaolunan enerjinin, yaşıl hidrogenin Qara dənizin dibi vasitəsilə Avropaya ixrac olunmasını həyata keçirəcəkdir. Bu enerji istehsalında istifadə olunan qaza qənaət olunmasına yol açacaq, Avropaya ixrac imkanlarımızı genişləndirəcəkdir. Avropa Azərbaycandan daha çox təbii qaz aldıqca elektrik enerjisinin istehsalı üçün istifadə olunan kömürün yandırılmasını azaldacaq və atmosferə atılan istilik effektli qazların azalmasına töhfə verəcəkdir. Beləliklə, Azərbaycan karbohidrogen enerjilərinə malik dövlət olmasına baxmayaraq, yaşıl enerjiyə üstünlük verirsə, bu, ölkəmiz üçün təqdirolunandır.
Planetimiz ciddi ekoloji böhranla və su qıtlığı ilə qarşı-qarşıya olduğu bir vaxtda bizi mühüm vəzifələr gözləyir. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də yaşıllaşdırma işlərini davam etdirir. Cəmiyyət olaraq təmiz ekoloji mühitin qorunması, meşə və su resurslarının mühafizəsi, yaşıllıqların genişləndirilməsi naminə qüvvələrimizi səfərbər etməliyik. Azərbaycan ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə keçirərək yeniliklər gətirib. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə, iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə  çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirərək bir daha özünün dünya liderliyini təsdiq edəcəkdir.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"