Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2023 12:49

“Biz də azərbaycanlı olmağımızla qürurlanırıq!”

Xalqımızın tarixi neçə-neçə min illərlə səsləşir. Dünyanın Azıx möcüzəsi var, Tağlar möcüzəsi var, Gəmiqaya möcüzəsi var, Quruçay möcüzəsi var, daha neçə-neçə qədim insan məskənləri dünya sivilizasiyasının ünvanlarının Azərbaycanla bağlılığının təsdiqi kimi tarixləşib. Qədim tarixə malik olan xalqın milli-mənəvi dəyərləri də mükəmməl olur, geniş olur, dünyəvi, bəşəri olur. 2 fevral 1987-ci ildə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində iyirmi səkkiz nəfəri daşan seldə ölümdən 19 yaşlı əsgər Rahib Məmmədov qurtarmışdı; azərbaycançılıq həm də insana, insanlara sevgidi. İkinci Qarabağ müharibəsində neçə-neçə döyüşçü yaralı döyüşçünü xilas etmək istəyəndə özü şəhid oldu, neçəsi şəhid döyüşçünü bir tərəfə çıxartmaq istəyəndə gülləyə tuş gəldi...
Dünya azərbaycanlıların qəhrəmanlığına da yaxşı bələddi. Bu bələdliyin tarixi min illərlə ölçülür. Dünya ona da bələddi ki, bu xalq dünya bina olandan bəri düz ürəklə gələnləri duz-çörəklə, bəd niyyətlə gələnləri siyirmə qılıncla qarşılayıb. Bu xalq torpağını sevib, torpağını Vətənləşdirib...
Hərbi hissədə əsgərlərlə Vətəndən, İkinci Qarabağ müharibəsindən və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından danışmışıq. Bunları ümumiləşdirən dünyəvi, bəşəri, dönməz bir amaldan danışırıq. Bu amal azərbaycançılıqdır, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşkilatlandırdığı azərbaycançılığın həmrəyliyidir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Sərəncam verdi. Bu tarix dünya azərbaycanlılarının hər il milli-xəlqi ruhun işığında qeyd etdiyi milli bayrama çevrildi; dekabrın 31-i hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilən tarixi gündür.
Əsgərlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün necə tarixləşdiyini yaxşı bilir.
Əsgər Rəşad Səlimov deyir ki, bu günün tarixi gün kimi qeyd olunması Azərbaycanda milli-azadlıq hərəkatı ilə bağlıdır. Hələ 1989-cu ilin noyabrında Naxçıvan Milli Məclisi xalqın tribunası olmuşdu, xalqın istəyini ifadə edərək o tay-bu tay Azərbaycan arasında bütün mənəvi bağları bərpa etmək üçün sovetlər dönəmindən qalan sərhədlərin aradan qaldırılması, mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdi.
Onun fikirlərini əsgər Hacıbala Abbasov tamamlayır:
- Hələ orta məktəbdə oxuyanda öyrənmişdim ki, Naxçıvanda xalqın ruhunun tələbi kimi "Sərhəd hərəkatı" adı ilə müəyyən aksiyalar həyata keçirilib. 1989-cu ilin dekabrın axırlarında Arazın bu tayı ilə Arazın o tayı arasında sərhəd dağıdılıb, sərhəd dirəkləri sökülüb. On illərdi nəfəs-nəfəsə, ruh-ruha həsrət qalmışdı. Nəfəs nəfəsə qovuşdu, ruh ruha sarıldı. 1990-cı ilin 31 dekabrı Naxçıvanda azərbaycançılıq bayramı kimi qeyd olundu.
Əsgərlərin sözünə qüvvət kimi baş leytenant Kənan Rzayev deyir ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi, bu günün dövlət səviyyəsində bayram elan olunması üçün Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırmışdı.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram kimi qeyd edilir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlılara müraciəti də digər kəlamları kimi qeydlər dəftərimdədi. Həmin qeydi əsgərlərə də xatırladıram: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir". Xatırlatmam əsgərləri mövzuya daha həssaslıqla səfərbər edir. Deyirəm ki, həmrəylik eyni fikirlilikdir. Vətənini, dövlətini, dövlətçiliyini sevənlərin hamısı eyni fikirli insanlardır. Eyni fikirlilər üçün bir amal olur: Vətən, ömrü Vətən üçün yaşama. Ordu eyni fikirlilərin Hərbi And və vətəndaşlıq borcu əsasında birliyidir. Ona görə dövlətin güc strukturu kimi, dövlətin, dövlətçiliyin qarantı kimi möhtəşəmdir, qüdrətlidir. Yəni azərbaycançılıq ideologiyası ordu quruculuğunda da dönməzliklə həyata keçirilir. Deməli, 31 Dekabr hərbi qulluqçuların da əziz bayramıdır.
Çavuş Elməddin Əliyev deyir ki, Vətən müharibəsində  qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin, ruhən birliyin nümunəsidir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə ordumuz işğalı sonlandırdı. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. Bu qələbə ordunun döyüş və mənəvi hazırlığının, xalqla ordunun birliyinin, sərkərdəlik qüdrətinin, azərbaycançılığın qələbəsi idi. Dünya ictimaiyyəti etiraf edir ki, bu qələbə həm də dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların qələbəsi oldu. Onlar da ruhən döyüşənlərin sırasında idi; bu tarixi Zəfərin Azərbaycan  Ordusunun gücü, sərkərdəlik qüdrəti, ordu ilə xalqın birliyi, azərbaycançılığa əsaslanan mənəvi birlik ilə qazanıldı.
Əsgər Rəşad Səlimov deyir ki, həmrəylik birlik deməkdir. Əsgər İlham Əliyev bu fikri bir atalar sözü ilə tamamlayır: "Birlik harada, dirilik orada".
Hər iki əsgərin bu bayramın mahiyyəti ilə səsləşən deyimləri əsgərlərin düşüncələrində incə bir tərpəniş yaradır. Əsgər Bayram Qafarov əsgər yoldaşlarının fikirlərini tamam fərqli formatda - Xalq şairi Məmməd Arazın misraları ilə davam etdirir:

Azərbaycan - qayalarda bitən bir çiçək,

Azərbaycan - çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan adının qüdrətidi, Azərbaycana sevginin qüdrətidi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bayraqlaşdırmağın qüdrətidi ki, əsgər Nihat Abbasov şeirin sonluğunu fikrin davamı kimi deyir:

Azərbaycan mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.

"Azərbaycan!" deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Əsgər Fuad Həsənovun dedikləri də həm maraqla, həm də duyğusallıqla dinlənilir:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il dekabrın 31-də xalqa müraciətində demişdi: "Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimi tanınır. Onu da bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi". Dövlət başçımızın dediyi bu sözləri onda gözəl bayram ovqatı bilmişdik, Bayramı gözəl ovqatla qarşılamışdıq. Bu il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü əsgər yoldaşlarımla, komandirlərimizlə birlikdə qarşılayacağıq. Bizə elə gəlir ki, bu ilki ovqat daha möhtəşəm olacaq.
Əsgər Yediyar Hacıyev hamımızın qüruruna dönən bir fikir deyir:
- Əlbəttə, möhtəşəm olacaq. Üç il əvvələ kimi torpaqlarımız işğalda idi, bu ilin sentyabrında ərazi bütövlüyümüz tam bərpa edildi. Bu il torpaqlarımızın hər yerində bayram ovqatı yaşanılacaq. Biz bu ovqatı daha gözəl yaşayacağıq.
Əsgər Vüqar Bədəlov bu gözəl fikirləri gözəl davam etdirir:
- Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizim hərbi xidmət dostluğumuzu da möhkəmləndirəcək, dostluq ən gözəl həmrəylikdir...
"Bu bayram hamımızın bayramıdır, hamı üçün duyğu bayramıdır. Belə bir bayramın hansı kəlamla qarşılanmasını istərdiniz?", - soruşuram. Sorğum maraq sorğusudur, əsgər cavabı olduğuna görə cavabların hamısı könlümüzə yatacaqdı. Hər halda, fəlsəfi mahiyyəti ilə seçiləcək cavab düşüncələrimizi daha dolğunluqla işıqlandıracaqdı. Araya çökən sükutun sovuşacağı ana tələsirik. Əsgər Qurban Süleymanovun səsləndirdiyi fikir hamımıza xoş gəlir: Bu bayram azərbaycançılığın bayramıdır. Ona görə istərdim ki, 31 Dekabrı Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamının qüruru ilə qarşılayaq.
Əsgərlər onun təklifini bəyənir, zabit bu təklifə görə əsgərə təşəkkür edir. Həm disputda fəal iştirakına görə, həm gərəkli sualı cavablandırdığına görə, həm də böyük tarixi şəxsiyyətin yaşarı kəlamlarına bələdliyinə görə. Elə bu cavablandırma da təsdiqləyir ki, Azərbaycan əsgəri böyük tarixi şəxsiyyət Heydər Əliyevin irsini ehtiramla öyrənir...
Bugünkü disputda iştirak edən hərbi qulluqçuların timsalında Azərbaycan Ordusunun şəxsi heyətini "Azərbaycan Ordusu" qəzeti adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm, hamısına xidməti uğurlar, can sağlığı arzulayıram. Əmin olduğumu bildirirəm ki, onlar ərazi bütövlüyü tam bərpa edilmiş Azərbaycanımızın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin daha möhtəşəmliklə genişlənməsinin sıravi əsgərlərinə də mənəvi həmrəyliyini bildirəcəklər...
Disput başa çatır. Əsgərlərdən gözəl ovqatla ayrılırıq...

Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"